Senet.az oxucularına tanınmış şairə Təranə Arifqızının yeni şeirlərini təqdim edir.
Ay bu şəhərin sənsiz adamı..
Sabahın, axşamın xeyirmi görən?
Səndən deyib, səndə susanlar-
Kimsən, kimliyini deyirmi görən?
Bəlkə günahını daşdan asırlar,
Ya da.. günahsızsan, başdan asırlar…
Tapırlar sənin olmayan nəfəsini.
Ya da, yavaş-yavaş kəsirlər səsini…
Şəhərin küçələrində azmış külək misalı
Itirmisən özünü yorğun düşüncələrində…
Bu şəhərin qar yağmayan havasında
Qara bürünmüş ağac kimisən.
Ay yerin –göyün dumansız, çənsiz adamı..
Səni səndən oğurladı zaman,
alnındakı əyri-üyrü yollarda ağırladı yaman…
Qəhqəhələrin dodaq ucunda donan
sirli təbəssümə çevrildi…
Baxışların qəfil qəzaya uğradı,
Sənin içindən devrildi…
Ay öz məzarının kəfənsiz adamı…
Beləcə yıxıb-sürüyürlər sənsiz adamı…
Alıb səni hardan hara gətirmişəm,..
Asmışam kipriyinin ucundakı
Acı təbəssümlü niğarançılıqdan..
Gözlərindən ürəyinə gedən yolun ayaqları altındayam..
Bilmirəm, sənin neçənci qatındayam?
Bağışla məni, ürəyimin mənsiz adamı…
Ay bu şəhərin sən dolu sənsiz adamı…
***
Əgər yaşadımsa, bu ömür hanı?
Kimə girov qoydum, kimə xərc verdim?
Asıldım Tanrının ayaqlarından,
Bu gün yaşamağa dünən borc verdim.
Keçdim külək kimi bulud tozundan,
Yağışın ömrünü torpağa yazdım
Gövdənin, budağın qanından çəkib,
Qısa, yaşıl ömrü yarpağa yazdım.
Titrədim, içimdən töküldü ahlar,
Amanın ətəyinə tutub sürüdüm.
Bütün savab günlər, bütün günahlar
Çəkdi məni arxasınca, yeridim. .
Misra-misra qan doğuldum, qan öldüm,
Ətimi, canımı şişə çəkdi söz.
Bəzən hamar yola bir əsa oldum,
Əlimi ağzımda dişə çəkdi söz.
Bir sabah, yazılan yazım gəlməmiş
Haqqın yanan üzün haqdan götürdüm.
Sarılb taleyin saydıqlarına
Ömrün baş tacını taxtdan götürdüm…
10.02.2021
***
Ağlımı qəfəsə salmışam…
Gözümdə eynək…
Dodağımda yoluq təbəssüm,
Bəbəyimdə sahibi olmadığım
xoşbəxtliyin son qığılcımları…
Zülüm xoşbəxtliyi..
Bir az da ölüm xöşbəxtliyi.
Az şadlıq, az yadlıq axrarıram…
Azadlıq axtarıram…
Sonsuzluğun özünü satın almışam..
Boz şüşələrin arxasında
rəngli həyat rəsmləri can üstədir..
Dəbdən düşmüş paltar kimi
Qolları yan üstədir..
Cəsarətim inamın ayağına bağlı…
Sol yanımda bir sirr saxlı..
Gizlədir məni məndən..
Su çəkib quru sözlər gözümdəki nəmdən…
Arzularımın qatili…!!
asılmısan ayaqlarımdan…
Siləcəyəm səni sənə gələn yollardan,
Ruhumdan, qanımdan, adımdan, ağlımdan….
Canım qurtaracaq özümdən də, səndən də…
Səslə gəlib, səssiz gedənlərdən də…
***
Ölümü öldürmüşəm
sən dirimi gəzirəm..
özüm özümdə bölük
çıxan biri gəzirəm…
məni mənə vurmuşam
toplanan bizdən uca…
ismi göylərə çatır,
könlü sözdən olunca…
sabahın gülü qönçə…
açar dil yaxasında…
körükçü, zindan, körük
dəmir mil yuxusunda…
içimdəki Tanrını
Tanrıya göndərmişəm.
sabahın yüz şehindən
bircə damcı dərmişəm…
aç dəftəri, qapansın
yolçunun yol kirəsi,
odu adından böyük
göylərin yer kürəsi…