Uca sözün işığında yazılan kitab

439 Baxış

Semender MemmedovZəlimxan Yaqub haqdan gələn haraydı. Heç vaxt görə bilməzsən ki, Zəlimxan Yaqub öz fikrini ifadə etmək üçün söz tapmaqda çətinlik çəksin. Çünki söz ona haqdan gəlib. Mərhum alimimiz, iki çağırış Milli Məclisin deputatı olmuş Şamil Qurbanov yazılarının birində qeyd edir ki, Zəlimxan Yaqub qeyri-adi, fövqəladə istedad sahibi idi.

Zəlimxan Yaqubdan yazan çoxdur. Bu da faktdır ki, Zəlimxan Yaqubdan kim yazırsa, hamısı ürəkdən yazır, kim onun haqqında söz deyirsə, ürəkdən deyir. Onlardan biri də bizim folklorşünas ziyalımız, tədqiqatçımız Musa Nəbioğludur. Çox zəhmətkeş ziyalı olan Musa müəllim Borçalı və borçalılar haqqında külli miqdarda yazıların müəllifidi. Zəlimxan Yaqubun şəxsi arxivində çalışan, onun kitablarının tərtibçisi, əsərlərinin hamısını bir ələkdən keçirən dəyərli tədqiqatçıdı Musa Nəbioğlu. Eyni zamanda Zəlimxan Yaqubun sədrlik etdiyi Azərbaycan Aşıqlar Birliyinin katibidi, “Ozan dünyası” jurnalının baş redaktorudur Musa Nəbioğlu. Zəlimxan Yaqubun necə fanatı olmağını, Zəlimxan Yaqubu sözün həqiqi mənasında necə sevdiyini müəllifi olduğu, bu günlərdə işıq üzü görən “Sözün Zəlimxan zirvəsi” adlı monoqrafiyasında bir daha deyib Musa Nəbioğlu. Monoqrafiyada boğazdan yuxarı söz yoxdur, birnəfəsə oxunur. Monoqrafiyanı oxunaqlı eləyən bir səbəb də Musa Nəbioğlunun seçdiyi tədqiqat istiqamətləri üzrə böldüyü fəsilləri məhz Zəlimxan Yaqubun öz sözləri ilə adlandırması, Zəlimxan Yaqub yaradıcılığına məhz onun öz poeziya çırağı ilə işıq salmasıdır: “Zaman səni dana bilməz”, “Sözdü bu dünyada hər şeydən şirin”, “Haqdan gəlib haqqa gedən yorulmaz”, “Mən elə Türkün ruhuyan”, “Qarabağ ən çətin sualdı, qardaş”, “Mən dünyanı durultmağa can atdım”, “Sarıldığım sazdı mənim”, “Böyüklərin qədrini ancaq böyüklər bilər”, “Şair bu dünyanı boşuna gəzməz”, “Təbiət Allahın şah əsəridi”, “Allahın sözünü sevənlər yazır”, “Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam”, “Bu dünya əbədi dirilərindi”…

Musa Nəbioğlu zəmanəmizin görkəmli elm, ədəbiyyat və incəsənət adamlarının, ictimai-siyasi xadimlərin Zəlimxan Yaqub barədə söylədikləri yüksək fikirlərdən də yeri gəldikcə sitat gətirir ki, bu da onun şair haqqında indiyədək yazılanları da səbir və ustalıqla izləməsini göstərməklə yanaşı, monoqrafiyanın dəyərini daha da artırır. Oxucu, müəllifin qənaəti ilə yanaşı,  Xalq şairi haqqında deyilmiş çox qiymətli digər fikirlərlə də tanış olmaq inkanı əldə edir. Bu qəbildən aşıağıda göstərdiyimiz bir neçə nümunə Zəlimxan Yaqub şəxsiyyətinin böyüklüyünü, onun çoxşaxəli yaradıcılığının zənginliyini sübut etməklə, həm də tədqiqatçı M.Nəbioğlunun gərgin zəhmətindən, yorulmaz axtarışlarından xəbər verir:  “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur” (X.R.Ulutürk); “Zəlimxan Yaqub Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan – bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır” (akademik İ.Həbibbəyli); “Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı!..” (akademik N.Cəfərov); “Zəlimxan Yaqub poeziyamıza qaynar təbi, ənənəyə, ədəbi meyarlara yüksək bağlılığı və öz taleyi, bənzərsiz dəsti-xətti ilə gələn şairdir” (professor Q.Paşayev); “Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının işığında gedir” (professor N.Şəmsizadə); “İlham aləmi, gerçək şair olanların həmişə, şair təbiətli adamların arabir, qalanlarının isə bu haqda elə-belə təsəvvürü olan yerdir. Zəlimxan həmişə bu aləmdədir: hər yerdə, bütün vəziyyətlərdə. Onun elə bir sözü yoxdur ki, özü demiş, “mayalı, özüllü” ilhamdan gəlməsin” (akademik X.Məmmədov) və s.

Qürur duyuram ki, Musa Nəbioğlu böyük söz fatehi haqda yazdığı kitabda məndən də sitat gətirir:

“Elə buradaca şair, publisist, bacarıqlı maarif təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səməndər Məmmədovun Zəlimxan Yaquba sevgisindən doğan şeirdən bir bəndi xatırlatmaq istərdim:

 

Söz mülkündə alnıaçıq, üzüağ,

Həm ürəkdi, həm qələmdi, həm varaq.

İlhamıyla uca dağdı, uca dağ,

Ucalıqdan heç enmədi Zəlimxan,

Aləm bilir, möcüzədi Zəlimxan”.

 

Zəlimxan Yaqubun müasiri olmağı bəxtə yazılmış xoş qismət hesab eləyən Musa müəllim şairin şeirinin sirrini belə açıqlayır: “Zəlimxan Yaqub şeirinin sirri ondadır ki, o, sözünü Tanrının yerdə, insanların isə Tanrı yanında elçisi kimi deyir. Onun sözləri ilahidən güc aldığından oxucu qəlbinə nur çiləyir…”

Bəli, haqdan gəlib, haqqa doğru gedir yorulmadan Zəlimxan Yaqub. Özü demişkən:cild1

 

Sözdü bu dünyada hər şeydən şirin,

Haqdan gəlib haqqa gedən yorulmaz.

 

Bir bənzətmə var, deyir ki, “filankəs elə bir zirvədir, ona baxanda adamın papağı düşür. Mənim də tanıdığım bir zirvə var – o da Zəlimxan Yaqub zirvəsidir. Birmənalı demək olar, uca zirvələr səltənətidi yeri Zəlimxan Yaqubun. O, həm də bu dünyanın əbədi dirilərindəndi. Şeirlərinin birində haqlı olaraq deyir:

 

Baxmağa güzgüsü – aynası yoxdu,

Yüz il yaşasa da, mənası yoxdu.

Diri ölülərin dünyası yoxdu,

Bu dünya əbədi dirilərindi.

 

Canını, ruhunu verir sözə Zəlimxan Yaqub. Bu dünyanı boşuna gəzmədi. Hara getdisə, ordan bir çələng götürdü. “Allahın şah əsəridi” deyib vəsf elədiyi təbiətin gülü, çiçəyi də Zəlimxan Yaqub poeziyasında daha da ətirləndi, təravətləndi, daha da gözəlləşdi.

Allahın sözünü yazıb Zəlimxan Yaqub həmişə. Allahın sözünü də sevənlər yazar. Sevməyi bacarmayan adam isə sevilə bilməz. Zəlimxan Yaqub həm sevməyi bacarıb, həm də birmənalı şəkildə xalqı, milləti tərəfindən sevilib.

“Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam”. Vallah, bilmirəm, vətənpərvərliyi bundan daha təsirli ifadə etmək olar, ya yox! Təpədən-dırnağadək Azərbaycandı, Azərbaycan torpağıdı Zəlimxan. Və Azərbaycan durduqca Zəlimxan Yaqub yaşayacaq, Zəlimxan Yaqub poeziyası, əbədi diri qalacaq. Zəlimxan Yaquba məxsus bütün bu və sadalamadığım digər fəzil xüsusiyyətləri hörmətli ziyalımız, sözün həqiqi mənasında dostum Musa Nəbioğlu o qədər gözəl, o qədər incəliklə qələmə alıb ki!.. Təsəvvür edin, Zəlimxan Yaqub yaradıcılığı üzərində Musa Nəbioğlu elə səbrlə, elə təmkinlə işləyib ki, sanki aşığın barmaqları sazın pərdələri üzərində zildən-bəmə, bəmdən-zilə yeriyibmiş kimi.

Söz yox, Zəlimxan Yaqub yaradıcılığına Musa Nəbioğlundan sonra da müraciət edənlər olacaq. Birmənalı demək olar ki, kim buna cəhd edəcək, bəhrəsini görəcək. Həm öyrənəcək, görüb-götürəcək, həm də alqışlanacaq.

Ürəklə görülən hər iş, ürəklə yayılan hər yazı bəyəniləndi, alqışa layiqdi. Monoqrafiyanın redaktoru, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev kitaba “ön söz”ü elə ürəklə yazıb ki, tədqiqatın obyekti də, tədqiqatın səviyyəsi də, ona verilən bu dəyər də bir növ uyğunluq təşkil edir. Qəzənfər müəllimin yazısından həm Zəlimxan Yaquba, həm də Musa Nəbioğluna bəslədiyi məhəbbət açıq-aydın sezilir. Və elə Musa müəllimin özünü də eşq ilə yaşayıb-yaradan kəs hesab edirəm. M.Nəbioğlu bu monoqrafiyada hər bir sözün üzərində nanə yarpağı kimi əsib və nə yazıbsa, ürəknən yazıb.

Azərbaycan ədəbiyyatına, ədəbiyyatşünaslığına, Zəlimxansevərlərə 2015-ci ilin ilk böyük hədiyyəsi, sevinc töhfəsi olan bu kitabın işıq üzü görməsi münasibətilə təbrikə ünvan olanlar sırasında əlbəttə ki, Musa Nəbioğlu ilə Qəzənfər müəllimin də adı yanaşıdır. Ona görə də zəng edib hörmətli professorumuza xüsusi təşəkkürümü bildirdim.

Q.Paşayev Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” monoqrafiyasını çox yüksək dəyərləndirir: “Zəlimxan xoşbəxt şairdir. O, bu dünyada o dünyalığını qazanıb. Sevərək yaşayan, ümumxalq məhəbbəti qazanan, sevilən şair əbədilik qazanıb. Və nəhayət onu da deyim ki, Musa Nəbioğlu bütün əsər boyu şairin poeziyasından dərin məhəbbətlə söz açmış, ortaya şairə layiq bir əsər qoymuşdur. Bizə qalırsa, tədqiqatçının “Sözün Zəlimxan zirvəsi” əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir”.

Qəzənfər müəllim çox düzgün müşahidə edib ki, Musa Nəbioğlunun ürəyi, qələmi, bütün vücudu Zəlimxan Yaqub yaradıcılığı üstündə köklənib: “Tədqiqatçı sinonimlərdən, antonimlərdən, xalq deyimlərindən Zəlimxan necə istifadə edibsə, öz əsərində eləcə istifadə edib. Bəzən adama elə gəlir ki, tədqiqatçının monoqrafiyasını deyil, Zəlimxan Yaqubun poeziyasını oxuyursan, şairin özünü dinləyirsən”.

Musa Nəbioğlu kitabın sonuncu – “nəticə” bölümündə çox yerində qeyd edir ki, Z.Yaqubun zəngin və çoxşaxəli yaradıcılığını tam tədqiqata cəlb etmək üçün cild-cild kitablar yazılmalıdır. Monoqrafiyasının ərsəyə gəlməsinə səbəb olan amilləri sadalayarkən M.Nəbioğlu qeyd edir ki, son illərdə Zəlimxan Yaqubun şəxsi arxivi ilə tanışlığı, onun şeirləri ilə yanaşı, məqalələri, müsahibələri və çıxışlarından ibarət kitablarını, eləcə də son illərdə şairin yaradıcılığında mühüm hadisəyə çevrilən 13 cildlik əsərləri külliyyatını nəşrə hazırlamağı bu böyük söz ustadının yaradıcılığı ilə daha yaxından tanış olmağına imkan verib. Özünün qeyd etdiyi kimi, Z.Yaqubla mütəmadi görüşləri, söhbətləri, bir şair və şəxsiyyət kimi keçdiyi ömür yoluna yaxından bələdliyi də bu işdə Musa Nəbioğluna əlavə stimul verib. Musa Nəbioğlu etiraf edir ki, Zəlimxan Yaqubu yetişdirən mühiti, onun keçdiyi həyat və yaradıcılıq yolunu yaxından bilmədən onun poeziyasına baş vurmaq çətindir. Ona görə də monoqrafiyanın “Zaman səni dana bilməz” adlı ilk bölümündə xalq şairini şöhrətin zirvəsinə gətirən yola nəzər salan M.Nəbioğlu bu qənaətə gəlir ki, şairin şöhrətin bugünkü zirvəsinə gəlib çatmasının səbəbi Allahın verdiyi istedadla yanaşı, onun böyüdüyü mühit, ünsiyyətdə olduğu görkəmli saz və söz adamları və bir də gərgin zəhmət, yaradıcılıq prinsiplərinə sədaqət və ardıcıllıqdır. Monoqrafiyada Zəlimxan Yaqubun yaradıcılığına bir neçə aspektdən yanaşan tədqiqatçı müraciət etdiyi şeirlərdə şairin SÖZə qarşı məsuliyyətinin, həssaslığının, ucuz söz dalınca qaçmadığının şahidi olmuşdur.

Zəlimxan Yaqubu aşıq sənətinə bələd olduğu qədər də bu sənətin təbliğatçısı, təşviqatçısı və bu gün həm də təşkilatçısı kimi təqdim edən Musa Nəbioğlu şairin aşıq sənəti ilə bağlı poema, şeir və məqalələrinin geniş oxucu kütləsinin rəğbətini qazandığını qeyd etməklə yanaşı, folklorşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.

Zəlimxan Yaqubun şairlikdən əlavə, həm də fəal ictimai xadim kimi fəaliyyətini xatırladan M.Nəbioğlu millət vəkili Zəlimxan Yaqubun ünsiyyətdə olduğu məşhurlara, Azərbaycanın dövlətçilik, ictimai-siyasi fikir tarixində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında böyük xidmətləri olmuş şəxsiyyətlərin barəsində yazdığı əsərləri qədirşünaslıq nümunəsi adlandırır.

Musa Nəbioğlu öz tədqiqatında Zəlimxan Yaqubun poeziyası ilə həyat hekayətlərini, iştirakçısı olduğu olayları ələqaləndirir. Bu sıradan Zəlimxan Yaqubun məşhur “Çin qızı, Çin gözəli” şeiri ilə bağlı maraqlı tarixçəni qeyd etmək olar: “Çin qızı, Çin gözəli” şeirini söylədiyi məclisdə bir gözəl qızın, belə bir gözəl şeirin niyə Azərbaycan gözəlinə yox, Çin qızına yazıldığına etiraz edərək bayıra çıxmasına cavab olaraq yazdığı bir şeirdə şair üzünü həmin gözələ tutaraq, küsmə məndən, gözəl mələk, gözəlləri Allah mənim kimi qulları üçün şah yaradır, – deyir:

 

Bircə gözəl yaradıbsa, bütün Çinə qurban olum,

Hansı dindən olur-olsun, mən o dinə qurban olum.

Yaradanın eşq adlanan hikmətinə qurban olum,

Yeri-göyü sevmək üçün insanda tamah yaradır!

(“Küsmə məndən”)

 

Zəlimxan Yaqubun “Mənim bircə dinim var, dinimin adı sevgi” şeirində də sevginin bəşəriliyinin önə çəkildiyini nəzərə çatdıran Musa Nəbioğlunun sözünə qüvvət olaraq, Ulu Peyğəmbərimizin “elm öyrənmək üçün Çinə də get” nəsihətini xatırlatmağı vacib bilirəm. Doğrudan da, Musa Nəbioğlunun dürüst tədqiq etdiyi kimi, “Çin qızı, Çin gözəli” şeiri Çin qızının timsalında harada yaşamasından, hansı dinə mənsub olmasından asılı olmayaraq, şairin gözələ və gözəlliyə verdiyi qiymətdir.

Monoqrafiya müəllifin çox geniş elmi dünyagörüşə, mütaliəyə, dünya ədəbiyyatı nəhənglərinin bəşər mədəniyyətinə bəxş etdikləri incilərə bələd olduğunu üzə çıxarır. M.Nəbioğlu təkcə Zəlimxan Yaqub barədə söz deyən müqtədir fikir sahiblərindən deyil, başqa zamanlarda, başqa ölkələrdə yaşamış, başqa xalqların nümayəndələri olan mütəfəkkir və mütəkəllimlərdən iqtibaslar gətirir. Polşa şairi V.Vorskanın fikirlərini xatırladır: “Fəlsəfə elmləri doktoru – çox təmtəraqlı səslənir. Amma poeziya elmləri doktoru yoxdur axı. Əgər belə olsaydı, şairlik peşəsi xüsusi təhsil tələb edərdi”. L.Tolstoyun sözlərini yada salır: “Hər kəs həqiqətə, gerçəkliyin idrakına öz xüsusi yolu ilə gedir. Mən də yazı ilə”. Latın Amerikası yazıçısı Varqas Lyosanın sözünü təqdim edir: “Ədəbiyyat gerçək həyatdan daxilən narazı olmağın məhsuludur” və s. Və gəlin razılaşaq ki, M.Nəbioğlunun bunlarla müqayisə müstəvisinə gətirmək məqsədi olmasa da, Zəlimxan Yaqubdan gətirdiyi sitatlar daha tutarlı, daha dərin görünür: “Zəlimxan Yaqub da deyir ki, şair hər gün şair olmur, gündə bir kitab yarada. Şairin ilhama, Tanrıya bağlı anları, saatları var. “Allah! Allah!” deyib yazmağa başlayan şairin əsərin son nöqtəsini qoyanda Haqqa hesabat verməyi də var. Hər yazdığından sonra Haqqa hesabat verənlər isə Yaradana yaxın olur.

 

Uca şeiri yaradanlar

       yeri göyə bağladılar.

Yaradana yaxın olan

       imzaları, adları var”.

Monoqrafiya müəllifi yaradıcılığını tədqiq etdiyi Zəlimxan Yaqubun heç vaxt birinci olmağın məsuliyyətindən qorxmadığının altını cızmış; yad sözlərə və özgə düşüncələrə yönəlməməsini təqdir etmiş; çağdaş dövrümüzdə poeziyada klassik ənənənin, poetik dilin şirinliyinin və özünəməxsusluğunun qorunub saxlanmasında Zəlimxan Yaqubun müstəsna xidmətlərini vurğulamış; onun istər şair, istərsə də bir insan kimi həmişə xalqın yanında olmasını alqışlamış; cəmiyyətdəki naqisliklərə, eybəcərliklərə, ağsaqqal sözünün eşidilməməsinə dözə bilməyən şair-vətəndaş kimi etiraz səsini ucaltmasına xüsusi diqqət yetirmişdir.

M.Nəbioğlu çox doğru olaraq qeyd edir ki, Zəlimxan Yaqub kimi zəngin yaradıcılığa malik olan bir şairin bütövlükdə yaradıcılığına ayna tutmaq, ona tədqiqat prizmasından yanaşmaq üçün bir monoqrafiya olduqca azdır. Musa müəllim haqlı olaraq hesab edir ki, toxunduğu mövzuların hər biri ayrılıqda bir monoqrafiyanın, bir dissertasiyanın mövzusudur. Zaman-zaman bu mövzuların daha əhatəli şəkildə tədqiq olunacağına şübhə etməyən M.Nəbioğlunun bu sözləri Z.Yaqub yaradıcılığının hüdudsuzluğunu, əhatə genişliyini əks etdirsə də, müəyyən mənada monoqrafiya müəllifinin təvazökarlığını da ortaya qoyur.  Və mən hər şeyə rəğmən tədqiqatçının Zəlimxanın poeziya aləminə bu səyahətinin çox uğurlu alındığını təkrar-təkrar təsdiqləməyi vacib bilirəm. Uğur həm də ondan bəllidir ki, monoqrafiyanı oxuduqca Z.Yaqubun şeirlərini də təkrar-təkrar oxumaq istəyi, mənəvi ehtiyacı yaranır adamda.

Bir daha müəllifi, monoqrafiyanın ərsəyə gəlməsində əməyi keçən hər kəsi və əlbəttə ki, tədqiqatın canlı obyekti olan Xalq şairi Zəlimxan Yaqubu təbrik edirəm. Arzu eləyirəm, Allah Zəlimxan Yaquba can sağlığı, uzun ömür versin ki, onun yaradıcılığına baş vuran səyyahlara özü bələdçilik eləsin.

 

Səməndər MƏMMƏDOV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Qızıl Qələm” və “Araz” ali

ədəbi mükafatları laureatı