“Ustad”ın Zəfər sayı

26 Baxış

ustad-fevral

“Hədəf Nəşrləri”nin ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 2022-ci il üçün ilk, ümumilikdə isə 36-cı sayı işıq üzü görüb.

Dərginin redaksiyasından senet.az-a verilən məlumata görə, jurnalın bu sayı Zəfər Gününə həsr olunub. Müharibə mövzulu materiallarla zəngin olan nömrənin əlavəsi kimi Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun “Ustadmən” posteri, eləcə də “Kitabını göstər” fotoalbomu yer alır.

Jurnal ənənəvi olaraq filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin yazısı ilə başlayır. “Baş redaktordan” rubrikası altında gedən materialda 44 günlük müharibə barədə “Zəfər xatirələri” yer alıb.

“Ustadyana” rubrikasında jurnalın redaktoru Cavid Qədir məşhur fotoqraf Rza Diqqət ilə söhbətləşir. Ustad fotoqraf müsahibədə öz təcrübəsini, eləcə də hər iki Qarabağ müharibəsi, 20 Yanvar və Xocalı faciələri ilə bağlı xatirələrini bölüşür.

Kinotənqidçi Hacı Səfərov “Bir il, bir kino” başlığı altında “Gələcəkdən müjdə verən filmlər”dən söz açır, 2014-cü ilin kinematoqrafik xəritəsini cızır.
Yazıçı Ceylan Mumoğlu “Psixotrap”da “Ədəbiyyatın üç əsgəri” barədə araşdırmasını təqdim edir, daha çox müharibə ilə bağlı əsərləri ilə məşhurlaşmış üç ədibin psixoloji portretini yaradır.

“Qırmızı pəncərə”dən boylanan yazıçı Ayxan Ayvaz “Müharibədən sonra söylənən nəğmə” köşəsində Qarabağın dilindən vətənə müraciət ünvanlayır. Bundan başqa, o, “Silahlı şeir” rubrikası altında şair, baş leytenant Emin Pirinin müharibə şeirlərini və müharibə ilə bağlı lətifələri təqdim edir.

Şair, yazıçı, kinoşünas Sevinc Elsevər “Bu kino ki var…” rubrikasında “Savaşan kino”dan danışır, müharibə ilə bağlı ən təsirli filmləri bir daha xatırladır. O, həmçinin “Gəl, uşaq olaq!” rubrikasında azyaşlı müəlliflərin ədəbi mətnlərini təqdim edir.

“Yad sətirlər”də şair Ümid Nəccarinin tərcüməsində türk şair Arif Nihat Asiyanın yaradıcılığından nümunələr gətirilir.

“Azroman”da “Şəmil Sadiqin “OdƏrlər”i postmodern kontekstdə” təhlil olunur, yazının müəllifi filoloq, yazıçı Nargis əsərlə bağlı müəyyən paraleləşdirmələr aparır.

Yazıçı Əlabbas “Hədəfdəkilər”də “Əlyazmalarını yandıran yazıçının hekayə ustalığı”ndan danışır, Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına işıq tutur.

“Poeziya” rubrikasında şair Səfər Abdullayevin vətənpərvərlik ruhunda qələmə alınmış bir şeiri ilə tanış olmaq mümkündür.

Yazıçı Xəyalə Murad “İkibaşlı” rubrikasında “O “xar”, yoxsa bu “xar”?” yazısı ilə xarıbülbül ilə bağlı əfsanələrə, eləcə də “İrəvanda xal qalmadı” mahnısının tarixçəsinə nəzər salır.

Yazıçı, jurnalist Nuranə Abbasova “Sevgi oyunu fonunda mühacirət mövzusu: Kasablanka” yazısı ilə sözügedən filmin “Kinopasport”unu təqdim edir.

Jurnalist Xavər Zahir “KainART” rubrikasında “Güllələr danışanda ilham pəriləri susur”mu?” araşdırması ilə çıxış edir.

“Yerli hekayə”də yazıçı Günel Rəcəbin “Zevsin çiçəyi” hekayəsi yer alır. Hekayədə Vətən müharibəsi mövzusu, şəhid və qazilərə ehtiram məsələsi işlənib.

“Sərhədsiz incəsənət”də yazıçı Cəmilə Məmmədlinin təqdimatında “Sənətdən sənətkara” uzanan yoldan danışılır, həmçinin rəssam Cavid Həsənli ilə kiçik müsahibə yer alır.

Müəllim Humay Hüseynlinin təqdimatında böyük dövlət xadimləri və ordu generalları ilə bağlı maraqlı məlumatlar jurnalı bəzəyir.

Yunus Əmrə İnstitutunun Bakı ofisinin rəhbəri Səlcuq Qaraqılınc Nargislə söhbətində Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrindən bəhs edir.

Bundan başqa məşhur Avstriya yazıçısı Stefan Sveyqin “Cenevrə gölü sahilindəki hadisə” hekayəsi tərcüməçi Rumiyə Məmmədovanın təqdimatında ixtisarla təqdim olunur.

Rəssam Vasif Səftərov “ŞƏKİLçi” rubrikası altında “Bir tank vardı” silsiləsini təqdim edir. Müharibənin eybəcərliyini fırçanın gücü ilə çatdırmağa çalışır.

Mirzə Bartlbi “Sözbaz” rubrikası altında bu dəfə jurnalist Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabından danışır, araşdırmalar əsasında ərsəyə gəlmiş, tarixi faktlara söykənən kitabın zəif və güclü tərəflərini göstərir.

Qeyd edək ki, dərginin qiyməti 7 manatdır.

Bölmə : Ədəbiyyat