senetaz

Həsən Əliyev 80 D

12 Fevral 2024 12447

Ağrı – Orxan Fərəclinin hekayəsi

Ağrı – Orxan Fərəclinin hekayəsi

Hər iki süd vəzinə də təsir edən ağrılar iyirmi bir yaşlı Ayşəni və ailəsini iki ildir, təngə gətirmişdi. Aylarla davam edən müxtəlif həkim müayinələri və analizlərdə bu ağrıya səbəb olacaq ciddi problem aşkarlanmamışdı. Səhhətindəki sıxıntılar ilk gün olduğu kimi davam edirdi və bəzən şiddəti o qədər artırdı ki, Ayşən universitetə belə gedə bilmirdi.

Vəziyyətin idarəolunmaz həddə çatdığını görən ailəsi başqa bir ölkəyə müayinəyə getməklə bağlı planlar qurmağa başlamışdı. Elə bu günlərdə hansısa yaxın qohumlardan biri problemin psixoloji ola biləcəyini deyib. Beləcə son çarə olaraq psixiatr qəbuluna getməyə qərar veriblər.

Bir həftə sonra üçün verilən müayinə tarixi gənc tələbə üçün sanki bir il imiş kimi gəlirdi. Bütün müayinələrinə getdiyi həkimlərin əvvəlcədən “İnstagram” səhifəsini araşdırmağı adət etmişdi. Bu dəfə də adətindən geri qalmadı. Psixiatrın səhifəsindəki paylaşımlarından biri xüsusi ilə onun diqqəti cəlb etmiş və ağrıların doğurdan da psixoloji ola biləcəyinə ümidləri daha da artmışdı.

Həkimin otağına ilk dəfə daxil olanda gözü filmlərdə gördüyü məşhur divanı axtarsa da onu görməyəndə yaratdığı təəssüf hissi, həkimin onu ata-anası ilə birlikdə müayinə edəcəyini hiss edəndə daha da artdı. Ümumi tanışlıqdan sonra ata-anadan otağı tərk etməyi xahiş edəndə, onun üzündəki yanılmanın da verdiyi qəribə sevinc qarışmış xəfif gülümsəmə həkimin gözündən qaçmadı.

Aran rayonlarının birində doğulan, maddi vəziyyəti ortabab ailənin ilk qızı Ayşən birinci övlad olmaqla bərabər hər iki tərəf nənə-baba üçün də yeni təcrübə idi. Səndən asılı olmayan tez doğulma “uğurundan” geninə- boluna istifadə edən qızcığaz , böyüdükcə yerli mentaliletinin paslı məngənəsində sıxılmağa başlayırdı. Xüsusən anası öz qızının qatı qoruyucusuna çevrilsə də, atası daima qızına güvənərək daha rahat böyüməsini istəyirdi. Bu məsələyə görə ata və anası arasında tez- tez baş verən mübahisələrin mövzusu qızın Bakıda oxuması ilə bağlı idi. Anası qətiyyətlə qonşu rayondakı orta ixtisas kollecində oxumasını istəsə də atası onun məhz Bakıda ali təhsil almasını istəyirdi. Universitet hazırlıqlarının başlanması ilə bərabər ata , fənn müəllimləri qədər qızına ona ola güvəni ilə bağlı çoxlu dərslər verməyə başladı.

İki il davam edən hazırlıq prosesinin ardından gözləniləndən bir az daha çox bal toplamaqla Bakıda yerləşən universitetlərdən birinə daxil olanda , onun ailəsində yenidən paytaxda tək, həmyaşıdı qızlarla birlikdə yaşaması məsələsi gündəmə gəldi. Anasının israrlı getməmək təkidlərinə baxmayaraq atası sonuna qədər bu məsələdə ona dəstək olacağını bildirərək məsələyə son nöqtə qoydu. Atasının bu qədər çox güvənməsi, gənc tələbədə “atamın üzünü mütləq ağ etməliyəm” kimi bir narahat edici bir düşüncənin təməlini yaratdı.

Tələbəlik illərinin başlamasına az qalmış valideynləri ona universitetin yaxınlığında, öz hazırlıq yoldaşları ilə bərabər qalacağı 2 otaqlı mənzili kirayələdilər. Bakı kimi şəhərdə tək başına yaşamaq Onda qəribə bir həyəcan yaratmışdır. Tez – tez ailəsi üçün darıxmaqdan əlavə valideynlərini ölüm xəbərini eşidəcəyi qorxusu da hakim kəsilmişdi. Bu düşüncələr beyninə gəldiyi an ürək döyüntüləri xeyli artır və öyümə hiss gəlirdi. Heç cür şəhər mühitinə uyğunlaşa bilməyən qız dəfələrlə anası ilə görüntülü danışırdı. Anasının verdiyi təsəllilər gedərək öz müsbət təsirini göstərirdi. Qorxu, həyəcan və kefsizlik kimi şikayətlər əhəmiyyətli dərəcədə azalsa da içində onu narahat etməyən , amma daimi közərən bir təşviş hissi qalmışdı.

İlk semestrini uğurlu sayıla biləcək qiymətlərlə başa vurub qış tətili üçün rayona getmək ona çox yaxşı təsir etmişdi. Amma ikinci semestr üçün Bakıya qayıtmaq onda həyəcan hissini yenidən artırmışdı. Bu dəfə anası ilə edilən video zənglər belə həyəcanını azaltmırdı. Həyəcanla yaşamağa sanki öyrəşdiyi vaxtlarda həyatında baş verən hadisə onu tamamilə müsbətə doğru dəyişə bildi. Eyni fakültədən , özündən iki kurs yuxarı oxuyan Cavidin ona diqqətlə baxmağı, universitetin koridorlarında göz-gözə gələrkən fərqli davranmağı təkcə özünün yox həm də qrup yoldaşlarının da diqqətindən qaçmamışdı. Amma Cavidin heç vaxt ona yaxınlaşmaması, hisslərini etiraf etməməsi onda əlavə hisslərin yaranmasına imkan vermirdi. Son vaxtlarda isə oğlanın fakultənin rəsmi “İnstagram” səhifəsində paylaşılan şəkilləri bəyənənlər arasından onun səhifəsini tapıb izləmə təklifi göndərməsi və bir anda iki il əvvəlki şəkillərinə qədər “like” etməsi ona özünü son aylarda heç vaxt olmadığı qədər əla hiss etdirmişdi. Gedərək biraz daha cəsarətini artıran oğlanın ondan xoşlandığını da artıq etiraf etdiyi andan etibarən qızın hissləri, məntiqi, beyni və bədəni arasında daxili bir çaxnaşmanın başlanğıcı qoyuldu. Özünün də ondan xoşlandığını, sevdiyini hiss edirdi. Əvvəlcə yazışmadığı günlərdə darıxsa da sonradan bu darıxmağın şiddəti daha da artıb yazışmadığı saatlara qədər çatmışdı. Hər saat yazışmadan qala bilməmək hissi artıq hər gün görmədən qala bilməmək hissinə çevrilirdi. Sevgi və bağlılıq hissi artdıqca onun daxili təlatümləri də artırdı. İllərdir ona verilən tərbiyə qəliblərinin alt-üst olması asan deyildi. Atasının üstüörtülü, anasının isə üstü açıq dediyi qadağalarla üzləşmək vaxtı çatmışdı. İlk sevgi yazışmalarının başladığı vaxtlarda şüuraltısı ona qadağaları pozduğunu “tərbiyəsiz” qız mesajını verməyə başlayanda, o bir növ özünü qoruma mexanizmi kimi, onsuz da “görüşmürəm ki, yazışmaqla heç nə olmaz” düşüncəsini formalaşdıraraq bu dövrü daxili çaxnaşmasını az da olsa azalda bilmişdi. Oğlan isə təkcə yazışmaqla kifayətlənmirdi, tez–tez onu görmək istədiyini, görüşlərdən imtina etdikcə isə bunu onu sevməməsi ilə əlaqələndirirdi. Qız isə sevgisinin isbatı naminə ümumi məkanlarda görüşlərə razılıq verməyə başladı. Bu andan etibarən “atasının güvənin qıran tərbiyəsiz qız” avtomatik düşünəcəsi qabararaq həyəcanını artırıb və ürəkdöyüntü və bulanma kimi əlamətlər yaratmağa başladı. 18 yaşlı birinci kurs tələbəsi əslində olub bitənin fərqində idi, “tərbiyəsiz qız” imicindən çıxmaq üçün beyini yenidən bir özünü müdafiə düşüncəsi formalaşdırdı “görüşsəm də artıq şey etmirəm ki”. Bu “artıq şeylər” etməməsi onun həyəcanını azaltması üçün tək sığınacağ idi. Ətrafındakı qızlar üçün bəlkə də olduqca adi sayıla biləcək bu məişət hadisəsi onu içindən yandırırdı, rəfiqələrinin gülüş hədəfi olmaqdan qorxması isə bu qorxuları onlarla da paylaşmaqdan çəkindirirdi.

Yaşadığı saf sevginin yaratdığı iztirabın zaman keçdikcə nisbətən azaldığı bir dövrdə oğlanın bu münasibətdən gözləntiləri bir az daha fərqli formaya keçməyə başladı. Artıq adi görüşlərdən sıxılmağa başlayan gənc oğlan sevgilisindən, daha fərqli məkanlara dəvət etməyə başlamışdı hər dəfə bu təkliflər üçün yox cavabı aldıqca qızın hisslərinin dərinliyinə təsir etmək üçün gah onu “yəqin məni sevmirsən, ona görə gəlmirsən”, gah da “mənim də tələbatlarım var, bunları ödəməyə kömək etməlisən” kimi manevrlər edirdi. Əvvəlcə hotel, sonra isə evlərinə dəvətdən imtina edən qız, gedərək sevgilisinin ondan soyuduğunu hiss edirdi. Ayrılmamaq üçün risk edib bu görüşlərə razılaşmaq, onun mənəvi sonu ola bilərdi. Nəsə etmək olardı əslində, vicdanının rahatlamaq üçün və onu itirməmək naminə əvvəlcə intim yazışmalara, sonra isə oğlanın istədiyi formada bədənin şəkillərini göndərməyə başladı. Adi tanışlıq yazışmalarının belə bir qıza “tərbiyəsiz qız” yarlığının yapışdırıldığı bir regionda böyüyən qız üçün bunlar etmək mənəvi intihar kimi bir şey idi. Özünü yenə də “bu etdiklərim düz deyil bilirəm, amma mənə real toxunmayıb ki” özünümüdafiə düşüncəsi ilə rahatlaşdırmağa çalışsa da, bu artıq işə yaramırdı. Özünü daxilən çirkli və murdar hiss edirdi. Həyəcan və gərginliyi idarə olunmaz hala çatmışdı. Hər gün ürək döyüntüsü artır, qusma, tərləmə və halsızlıq kimi əlamətlər başlayırdı. Bunlar azmış kimi ata və anasının da üzünə baxa bilmirdi. Videozənglər və vatsap yazışmalarından imtina edir, günlük baxımını etmir və rəfiqələrindən uzaqlaşaraq yaşadığı depressiyaya gedən ağırlaşdırıcı yolu daha da qısaldırdı.

İkinci yarım il final imtahanlarını bir təhər yekunlaşdırıb rayona qayıtmaq vaxtı yaxınlaşdıqca proses daha da ağırlaşırdı. Artıq oğlanın də heç bir mesajına cavab vermirdi. Çirklənmiş qızcığazın rayona necə qayıtması, ona güvənən atasına layiqli övlad olmadığı fikirləri gedərək artırdı. Daha da qəribəsi sanki etdiyi əməllərdən, göndərdiyi şəkillərdən hər kəsin xəbəri var. Ona elə gəlirdi ki, ətrafında kimsə pıçıltı və istehza ilə danışanda sanki onun bu etdiyi məsələdən danışırlar. Problemlərin pik həddində prosesə hər iki süd vəzisindəki ağrılar da əlavə olunması ailəsinin də diqqətini çəkməsinə yardımçı oldu. O rayona tam solmuş vəziyyətdə gəldi. Olub bitənləri ata, yoxsa anaya danışmaq barədə qərarı çətin verdi. Onun Bakıya getməsinə qarşı gələn və sanki bu proseslərinin ola biləcəyini fəhmi ilə duyan anasına danışmaq qərarı sonradan onu peşman etmədi.

Anası gözlədiyindən daha məntiqli davranaraq ona dəstək oldu. Heç bir qınayıcı, alçaldıcı sözlər demədən onu səbrlə dinləyib bir-bir problemləri həll etməyə çalışdılar. İlk verdiyi qərarlardan onu çətin vəziyyətə salan oğlandan uzaqlaşmaq olan gənc tələbənin ruhi stabilliyi gedərək bərpa olurdu. Əhval ruhiyyəsi düzəlir və həyəcan simptomları azalaraq davam etsə də süd vəzisindəki ağrılar artıq dözülməz həddə çatmışdı. Bunun psixoloji ola bilməyəcəyini düşünən anası, atası birlikdə əvvəlcə rayondakı ultrasəsə müayinəsinə həkiminə, bir problem tapılmayınca şəhərin tanınmış mamaloq həkiminə müraciət etdilər. Problem hələ də davam edirdi, qəbul etdiyi ağrıkəsicilər, hormonal preparatların da heç bir işə yaramaması məsələni daha da qəlizşlədirirdi. Əlləri hər yerdən üzülən ailə hətta bitkilərlə müalicə edən və qara gəndalaş qətranından istifadə etməklə ağrıları azalda biləcəyini iddia edən loğmana da müraciət etmişdilər.

Seansın əvvəlindən bu yana qarşısındakını səbirlə dinləyən psixiatr, pasiyentin özünün də xəbəri olmadan söhbəti özünə lazım olacaq məcraya çevirib müayinə xarakterli digər suallarını verməyə başladı. Təxminən 50 dəqiqə davam edən bu müddət ərzində bütün müayinə kağızlarına və analizlərinə baxıb, öz qeyd vərəqinin diaqnoz hissəsinə “Somatizasiya pozuntusu” yazaraq, pasiyentlə birlikdə ona təyin olunacaq müalicə sxemi haqqında müzakirələrə başladılar. Nəticədə bədən ağrıları gedən belə psixoloji problemlərdə çox effektiv olan bir dərman seçilərək, paralel aktiv psixoterapiya seansları ilə birlikdə müalicəyə başlanıldı.

Həkimin qeydlərində gördüyü “Somatizasiya pozuntusu” diaqnozunu internetdə araşdıranda qarşısına çıxan ilk türkdilli məqalədə oxuduqları həkimin səhifəsində paylaşdığı və özündə daha çox ola biləcəyini düşündüyü ilə oxşarlıq təşkil edirdi. Səhifədəki postda elə belə də yazılmışdı “Somatizasiya pozuntusu heç bir müayinə və analizlə səbəbi tapılmayan, şəxsin gündəlik həyat fəaliyyətinə təsir edən müxtəlif bədən simptomların mövcud olduğu psixatrik bir xəstəlikdir”.

Dərmanların öz müsbət təsirini bir ay əzrzində başlandığını nəzərə almaq lazım idi. Bu müddət ərzində həkim öz pasiyentini daha yaxından tanımaq və yaxşılaşma prosesini sürətləndirmək üçün seanslara dəvət etdi. Bir neçə müddətdən sonra süd vəzisindəki ağırlar artıq azalmağa başlamışdı. Ayın sonunda ağırlıq şiddəti olaraq yox sayıla biləcək səviyyəsinə enmişdi. Buna baxmayaraq dərman müalicəsinin uzun müddət davam edəcəyi, psixoterapevtik seansların da ondan bir az davam edəcəyi xəbəri Ayşən və ailəsini “birdən dərman asılılıq verər qorxusu” ilə narahat edici suallar yağdırmağa başladılar. Heç bir asılılıq və yan təsirlərin minimal olduğuna əmin olduqdan sonra xeyli rahatlaşdılar.

Ağrının niyə məhz süd vəzində olduğunu isə deyəsən psixoterapevtik söhbətlərdə tapmışdılar. Sinəsi onun ən məhrəmi idi. Yeniyetməliyə qədəm qoyduğu andan etibarən anasının ona ən çox irad tutduğu yer idi. “Yaxanı-başını açıq qoyma, əyiləndə köynəyini tut, yeriyəndə dik yeriyib sinəni qabağa vermə” kimi deyilən sözlər qızın gənc beynində sinəsini bəlkə də ən çox qorunmalı yeri halına gətirmişdi. Uşaqlıqda bu yana hər dəfə əyiləndə əli ilə paltarını tutub həssaslıqla qoruduğu sinəsini, öz əlləri ilə tutmadan, əyilmədən qorumasız qoymuşdu. Psixologiyası onu bağışlamırdı, cəzasını bədəninə ağrı formasında ödədirdi. O, Cavidə ən çox sinəsinin şəkillərini göndərmişdi...

Orxan FƏRƏCLİ