senetaz

Həsən Əliyev 80 D

01 May 2025 55791

Xalq rəssamı Rafiz İsmayılov vəfat edib

Xalq rəssamı Rafiz İsmayılov vəfat edib

Aprelin 30-da görkəmli kino xadimi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov vəfat edib.

525.az xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.

Rafiz Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb.

1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət başlayan R.İsmayılov eyni zamanda Azərbaycan Dövlət Akademik Dram Teatrında, Opera və Balet Teatrında bir sıra tamaşaların quruluşçu rəssamı olub.

Ömrünü kino rəssamlığına həsr edən sənətkar müxtəlif illərdə lentə alınmış “Oxuyur Müslüm Maqomayev” (film-konsert), “1001-ci qastrol”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Mezozoy əhvalatı”, “Dantenin yubileyi”, “Evin kişisi”, “Qəribə adam”, “Qara gölün cəngavərləri”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Fəryad”, “Təhminə”, “Küçələrə su səpmişəm”, “Cavad xan”, “Sübhün səfiri” və s. filmlərə bədii tərtibat verib. O, həmçinin bir neçə animasiya filminin də quruluşçu rəssamıdır.

Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 1982-ci ildə “Əməkdar rəssam”, 2000-ci ildə “Xalq rəssamı” fəxri adlarına, “Sevinc buxtası” filminə görə isə Dövlət mükafatına (1978) layiq görülüb.