İmmanuel Kant 22 aprel 1724-cü ildə Baltik dənizinin cənub-şərq sahillərinə yaxın ərazidə yerləşən Königsberq şəhərində anadan olub. Bu gün Königsberq Kalininqrad adlanır və Rusiyanın tərkibinə daxildir. Lakin Kantın yaşadığı dövrdə Königsberq Şərqi Prussiyanın paytaxtı idi və burada əsas dil alman dili idi. Coğrafi baxımdan Prussiyanın digər hissələrindən və alman şəhərlərindən uzaqda yerləşməsinə baxmayaraq, Königsberq o dövrdə böyük ticarət mərkəzi, mühüm hərbi liman və kifayət qədər kosmopolit bir universitet şəhəri sayılırdı.
Kant orta səviyyəli maddi imkana malik sənətkar ailəsində dünyaya gəlmişdi. Atası qoşqu ustası idi, anası isə başqa bir qoşqu ustasının qızı olmuş, öz sosial təbəqəsindəki qadınların əksəriyyətindən daha yaxşı təhsil almışdı. Kantın ailəsi heç vaxt ifrat yoxsulluq içində yaşamasa da, onun uşaqlıq və gənclik illərində atasının sənəti tənəzzülə uğramış, valideynləri bəzən maddi dəstək üçün qohumlara müraciət etmək məcburiyyətində qalmışdılar.
Kantın valideynləri pietist idilər və o, səkkiz yaşından on beş yaşına qədər pietist təmayüllü Collegium Fridericianum məktəbində təhsil almışdı. Pietizm ilahi lütfə güvənməni, dini hisslərin təcrübəsini, Müqəddəs Kitabın mütəmadi oxunmasını, dua və daxili özünütəhlili ön plana çəkən evangelik lüteran hərəkatı idi. Kant bu məktəbdə ona məcbur edilən “ruhi özünüsorğuya” kəskin etiraz edirdi və bu səbəbdən məktəbin əsas tədris hissəsini təşkil edən latın klassiklərinə sığınırdı. Sonralar Kantın yetkin fəlsəfəsində hiss və asılılıqdan çox ağıl və muxtariyyətə verdiyi üstünlük, qismən gənclikdə pietizmə qarşı reaksiyasının nəticəsi kimi qiymətləndirilə bilər. Bununla belə, Kant valideynlərinə, xüsusilə də “heç də fanatik olmayan səmimi dindarlığını” yüksək qiymətləndirdiyi anasına dərin hörmət və məhəbbət bəsləyirdi. Bioqrafı Manfred Kühnün qeyd etdiyinə görə, Kantın valideynləri ona pietizm vasitəsilə deyil, daha çox öz nümunələri ilə aşıladıqları “zəhmətkeşlik, dürüstlük, təmizlik və müstəqillik” kimi sənətkar dəyərləri vasitəsilə təsir göstərmişdilər.
Kant ali təhsilini Albertina adı ilə tanınan Königsberq Universitetində almışdır. Burada klassik ədəbiyyata olan ilkin marağı tezliklə fəlsəfəyə yol açdı. Birinci kurs tələbələri üçün fəlsəfə məcburi fənn idi və riyaziyyat, fizika, məntiq, metafizika, etika və təbii hüququ əhatə edirdi. Kantın müəllimləri onu Qotfrid Vilhelm Leybnitsin fəlsəfəsini sistemləşdirən və alman universitetlərində böyük təsirə malik olan Kristian Volfun ideyaları ilə tanış etdilər. Bununla yanaşı, Kant Volfun alman və britaniyalı tənqidçilərinin əsərləri, eləcə də Aristotelçilik və pietizm təsirləri ilə də qarşılaşdı. Onun ən sevdiyi müəllimi Volf və Con Lokkun ideyalarından təsirlənmiş pietist Martin Knutzen idi. Knutzen Kantı İsaak Nyutonun elmi irsi ilə tanış etdi və bu təsir Kantın ilk çap işi olan “Canlı qüvvələrin həqiqi qiymətləndirilməsi haqqında düşüncələr” (1747) əsərində açıq şəkildə görünür.
Universiteti bitirdikdən sonra Kant altı il Königsberqdən kənarda ev müəllimi kimi çalışdı. Bu dövrdə hər iki valideyni vəfat etmişdi və onun maddi vəziyyəti akademik karyera üçün hələ kifayət etmirdi. Nəhayət, 1754-cü ildə Königsberqə qayıtdı və növbəti ildən Albertinada dərs deməyə başladı. O, 1796-cı ildə, 72 yaşında təqaüdə çıxana qədər, təxminən qırx il burada fəlsəfə dərsləri keçdi.
Kantın elmi fəaliyyətində ilk məhsuldar dövr ev müəllimliyindən qayıtdıqdan sonrakı illərə təsadüf edir. 1754–1755-ci illərdə o, üç elmi əsər nəşr etdirdi. Onlardan biri – “Ümumi təbii tarix və səmanın nəzəriyyəsi” (1755) – Günəş sisteminin yaranmasını izah edən sonradan “dumanlı hipotez” adlandırılan nəzəriyyənin ilkin forması ilə diqqət çəkirdi. Lakin nəşriyyatın müflis olması səbəbindən bu əsər dövründə geniş rezonans doğurmadı. Universitetdə dərs demək hüququ qazanmaq üçün Kant latın dilində iki dissertasiya yazdı: “Od haqqında bəzi mülahizələrin qısa şərhi” (1755) ona magistr dərəcəsi verdi, “Metafizik idrakın ilkin prinsiplərinin yeni izahı” (1755) isə maaşsız müəllim kimi dərs deməyə imkan yaratdı.
Kant 1796-cı ildə pedaqoji fəaliyyətini dayandırdı. Təxminən iyirmi il ərzində o, əsas diqqətini fəlsəfi sisteminin tamamlanmasına yönəltmiş ciddi və nizamlı həyat sürmüşdü. Təqaüddən sonra o, təbiət elmlərinin metafizik əsasları ilə fizika arasında boşluq olduğunu düşünərək bu boşluğu doldurmaq üçün efir və istilik maddəsi haqqında qeydlər aparmağa başladı. “Opus Postumum” adı ilə tanınan bu qeydlər Kantın sağlığında nə tamamlandı, nə də nəşr olundu. Alimlər bu qeydlərin əhəmiyyəti barədə hələ də müxtəlif fikirlər irəli sürürlər. Bununla belə, Kantın zehni sağlamlığının 1800-cü illər ətrafında sürətlə zəiflədiyi açıq şəkildə görünür. O, 12 fevral 1804-cü ildə, səksən yaşına bir neçə ay qalmış vəfat etdi.
“Saf ağlın tənqidi”ni daha yaxşı anlamaq üçün onun yazıldığı tarixi və intellektual kontekstə nəzər salaq. Kant bu əsəri Maarifçilik dövrünün sonlarına yaxın, artıq böhran mərhələsinə qədəm qoyduğu bir vaxtda qələmə almışdı. Bu gün geriyə baxaraq deyə bilirik ki, 1780-ci illər mədəni tarazlığın Maarifçilikdən Romantizmə doğru qəti şəkildə dəyişdiyi keçid onilliyi idi. Lakin Kantın belə bir retrospektiv baxış imkanı yox idi.
Maarifçilik XVI–XVII əsrlərdə müasir elmin yüksəlişi və uğurlarına verilən cavab idi. Xüsusilə Nyutonun möhtəşəm nailiyyətləri insan ağlının təbiəti idarə etmək və insan həyatını yaxşılaşdırmaq gücünə dair geniş yayılmış inam və nikbinlik yaratmışdı. Ağla olan bu yeni inamın nəticələrindən biri ənənəvi avtoritetlərin getdikcə daha çox sorğulanması idi. Əgər hər birimiz həyatımızı necə yaşamalı olduğumuzu və nəyə inanmalı olduğumuzu öz ağlımızla müəyyən edə bilirikdirsə, niyə siyasi və ya dini hakimiyyətlərə ehtiyac duyaq? Kant Maarifçiliyin ağlın suverenliyinə olan bu bağlılığını “Saf ağlın tənqidi” əsərində belə ifadə edir:“Bizim dövrümüz tənqid dövrüdür və hər şey bu tənqidə tabe olmalıdır. Din öz müqəddəsliyi, qanunvericilik isə öz əzəməti ilə adətən bundan azad olmaq istəyir. Lakin bu yolla onlar özlərinə qarşı haqlı şübhə oyadır və ağlın yalnız sərbəst və açıq yoxlamaya tab gətirə bilənlərə göstərdiyi səmimi hörmətə iddia edə bilmirlər.”
“Maarifçilik nədir?” məqaləsinə görə, Maarifçilik başqalarının yerinə düşünməsinə imkan vermək deyil, insanın özü üçün düşünməsidir. Bu essedə Kant həmçinin tərəqqinin qaçılmazlığına olan maarifçi inamı ifadə edir: bir neçə müstəqil düşünən şəxs tədricən daha geniş mədəni hərəkatı ilhamlandıracaq və nəticədə daha böyük fəaliyyət azadlığına və dövlət islahatlarına gətirib çıxaracaq. Əgər “ağlın bütün məsələlərdə açıq şəkildə istifadəsinə azadlıq” varsa, maarifçi mədəniyyət “demək olar ki, qaçılmazdır”
Problem ondadır ki, bəzi düşünürlər üçün ağlın ənənəvi avtoritetlər üzərində tam hökmranlığının həqiqətən tərəqqiyə aparacağı aydın deyildi. Əksinə, sərbəst ağıl yürütmənin materializmə, fatalizmə, ateizmə, skeptisizmə, hətta libertinizm və avtoritarizmə yol aça biləcəyindən ehtiyat edilirdi. Maarifçiliyin ağlın suverenliyinə sədaqəti onun bu cür nəticələrə aparmayacağına, əksinə, ənənənin həmişə təsdiqlədiyi əsas inancları dəstəkləyəcəyinə dair gözləntilə bağlı idi. Buraya, xüsusilə, Tanrıya, ruha, azadlığa inam, elmlə əxlaq və dinin uyğunluğu daxil idi. Bir neçə intellektual bu inancların bəzilərini və ya hamısını rədd etsə də, Maarifçiliyin ümumi ruhu – xüsusən almandilli Avropada – bu qədər radikal deyildi. Maarifçilik ənənəvi hakimiyyətləri fərdi ağlın hakimiyyəti ilə əvəzləməyi hədəfləyirdi, lakin ənənəvi əxlaqi və dini inancları alt-üst etməyi yox.
Bununla belə, Maarifçiliyin ilkin ilham mənbəyi mexanist xarakterli yeni fizika idi. Əgər təbiət tamamilə mexaniki, səbəb-nəticə qanunları ilə idarə olunursa, onda azadlıq, ruh və ya hərəkətdə olan maddədən başqa nəyəsə yer qalırmı? Bu, əxlaqın azadlıq tələb etdiyi ənənəvi baxışı təhlükə altına salırdı. Doğru ilə yanlış arasında seçim edə bilməyimiz üçün azad olmalıyıq; əks halda məsuliyyət daşıya bilmərik. Bu, həmçinin ölümdən sonra yaşaya bilən və ya axirətdə dirilə bilən ruh haqqında dini inancı da sarsıdırdı. Beləliklə, Maarifçiliyin qüruru olan müasir elm – insan ağlının gücünə dair nikbinliyin mənbəyi – azad düşüncənin dəstəkləməli olduğu ənənəvi əxlaqi və dini inancları sarsıtmaq təhlükəsi yaradırdı. Maarifçiliyin əsas intellektual böhranı məhz bu idi.
“Saf ağlın tənqidi” Kantın bu böhrana cavabıdır. Əsərin əsas mövzusu metafizikadır, çünki Kant üçün metafizika ağlın sahəsidir – “saf ağıl vasitəsilə malik olduqlarımızın sistemli şəkildə tərtib edilmiş inventarıdır”– və məhz ağlın avtoriteti sual altına alınmışdı. Kantın əsas məqsədi göstərmək idi ki, ağlın öz-özünü, ənənəvi avtoritetlərdən asılı olmadan və onları məhdudlaşdırmadan tənqid etməsi həm Nyuton elmini, həm də ənənəvi əxlaq və dini möhkəm və tutarlı əsas üzərində qurur. Başqa sözlə, sərbəst rasional araşdırma bu əsas insan maraqlarının hamısını yetərincə dəstəkləyir və onların bir-biri ilə ziddiyyət təşkil etmədiyini göstərir. Buna görə də ağıl Maarifçiliyin ona verdiyi suverenliyə layiqdir.
Kantın “Saf ağlın tənqidi” əsərində bu məqsədə necə çatmağa çalışdığını anlamaq üçün onun İnauqural dissertasiyada müdafiə etdiyi platonçuluğu niyə rədd etdiyini xatırlamaq faydalıdır. İnauqural dissertasiya da müəyyən mənada Nyuton elmini ənənəvi əxlaq və dinlə uzlaşdırmağa çalışırdı, lakin onun strategiyası fərqli idi. Həmin dissertasiyaya görə, Nyuton elmi hissi dünyaya aiddir və biz bu dünyaya duyarlıq vasitəsilə çıxış əldə edirik; anlayış isə ilahi və əxlaqi kamillik prinsiplərini ayrıca bir idrak edilən (intelligible) dünyada qavrayır və bu prinsiplər hissi dünyadakı hər şeyi ölçmək üçün meyar rolunu oynayır. Bu baxışa görə, idrak edilən dünya haqqında biliyimiz aprioridir, çünki o, duyarlıqdan asılı deyil və bu apriori bilik hissi dünyanı mühakimə etmək üçün prinsiplər təqdim edir.
Lakin İnauqural dissertasiyanı yazdıqdan qısa müddət sonra Kant bu baxışdan şübhələnməyə başladı. O, 21 fevral 1772-ci ildə dostu və keçmiş tələbəsi Markus Hersə yazdığı məktubda bunu belə izah edir: “Dissertasiyamda mən intellektual təsəvvürlərin mahiyyətini yalnız mənfi şəkildə izah etməklə kifayətlənmişdim; yəni onların obyekt tərəfindən ruhda yaradılan dəyişikliklər olmadığını demişdim. Lakin səssizcə daha bir sualı ötüb keçmişdim: obyekt tərəfindən heç bir şəkildə təsirlənmədən ona istinad edən bir təsəvvür necə mümkün ola bilər?Əgər bu (intellektual təsəvvürlər) bizə onların bizi necə təsirləndirməsi yolu ilə verilmirsə, onda onlar bizə hansı vasitə ilə verilir? Mənim anlayışımın şeylər haqqında tamamilə apriori anlayışlar formalaşdırması və bu anlayışlarla şeylərin mütləq uyğun gəlməsi, həmçinin təcrübədən asılı olmayan, lakin təcrübənin tam uyğunluq göstərməli olduğu real prinsiplər irəli sürməsi – anlayışın bu uyğunluğu necə təmin etdiyi hələ də qaranlıq qalır".
Burada Kant idrak edilən dünya haqqında apriori bilginin necə mümkün ola biləcəyinə dair şübhələrini ifadə edir. İnauqural dissertasiyanın mövqeyi ondan ibarət idi ki, idrak edilən dünya insan anlayışından və hissi dünyadan asılı deyil və hər ikisi bu dünyaya uyğunlaşır. Lakin idrak edilən dünya anlayışımızdan asılı deyilsə, onda biz onu yalnız passiv şəkildə təsirlənmə yolu ilə qavraya bilərik. Kant üçün isə passiv qəbul qabiliyyəti duyarlıqdır. Bu isə idrak edilən dünya haqqında bilginin apriori ola bilməyəcəyi anlamına gəlir.
Məhz bu nöqtədə Kant “Saf ağlın tənqidi”ndə inqilabi mövqeyini formalaşdırır: biz idrak edilən dünya haqqında deyil, hissi dünyanın ümumi quruluşu haqqında apriori biliyə malik ola bilərik, çünki hissi dünya insan zehnindən tamamilə müstəqil deyil. Hissi dünya insan zehninin passiv şəkildə qəbul etdiyi duyusal materialla idrak qabiliyyətlərimizin verdiyi apriori formaların birləşməsi nəticəsində qurulur. Kantın məşhur ifadəsi ilə desək: “Biz şeylər haqqında apriori yalnız özümüzün onlara qoyduğumuzu dərk edə bilərik”
Stenford Fəlsəfə Ensiklopediyası
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib