senetaz

Həsən Əliyev 80 D

29 Yanvar 2026 2532

"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi

"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi

Senet.az-da "Bir rəsmin tarixçəsi"rubrikası davam edir.
Bu rubrikada dünya və Azərbaycan rəssamlığının məşhur tabloları seçilərək onların yaranma prosesi, gizli detallar, tarixi kontekst, rəssamın həyatındakı yeri və əsərin sənət dünyasına təsiri haqqında maraqlı hekayələr təqdim olunacaq. Hər yazı bir rəsmin arxasındakı insanı, dövrü və hadisələri canlandıraraq oxucuya əsəri yeni gözlə görmək imkanı yaradacaq. Layihənin məqsədi sənət əsərlərinin dərinliklərinə enərək rəsmlərin yaddaşını, tarixçəsini və hikmətini günümüzə daşımaqdır.
Bu tablo Leonardo da Vinçinin fırçasına aid olan dörd məşhur qadın portretindən biridir. Onun olduqca maraqlı bir tarixi və Renessans dahisinin əksər əsərlərinə xas olan çoxqatlı simvolizmi var. Leonardo da Vinçinin müxtəlif gizli cəmiyyətlərə mənsub olması ilə bağlı çoxsaylı nəzəriyyələrə dərindən varmadan belə, əsərin özü assosiasiyalar və söz oyunu ilə zəngin çoxlu işarələr təqdim edir.
Bu əsər saysız-hesabsız bərpa və təmir işləri nəticəsində xeyli zərər görmüşdür. Müasir tədqiqat metodları ilə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, hazırda gördüyümüz təsvirin altında Leonardonun özünə məxsus daha bir neçə variant mövcuddur. Onlardan birində ümumiyyətlə heyvan təsviri yoxdur, digərində isə qadının qucağında daha kiçik, boz rəngli bir heyvan yer alır. Həmçinin faktlar göstərir ki, tablonun ilkin fonu mavi rəngdə olmuş, qadın fiqurunun sol çiyni arxasında isə qapı və ya pəncərə təsviri mövcud imiş, sonradan bu element yox edilmişdir.
Ehtimallara görə, portretdə Sforza hersoqunun sevgililərindən biri olan Çeçiliya Qallerani təsvir edilib, lakin bu barədə dəqiq sənədli sübutlar yoxdur. Dolayı arqument kimi heyvanın adı ilə portretdəki qadının soyadı arasındakı söz oyunu, eləcə də Sforzaların gerbindəki heraldik simvolun qadının qucağındakı heyvanla üst-üstə düşməsi göstərilir. Bununla belə, təsvir olunan heyvanın həqiqətən də gornostay olduğu qəti şəkildə sübut olunmayıb; bu, həmçinin sansar, ağ ev gəlini (furo) və ya hətta sahibəsini həşəratlardan qorumaq üçün istifadə edilən “bit xəzindən” hazırlanmış bir doldurma da ola bilər.
Bu tablo ən gözəl qadın portretləri sırasında yer alır. Leonardoya xas olan başın üçdəbir dönmüş vəziyyətdə təsviri tamaşaçıya qadının üzünün müstəsna gözəlliyini seyr etməyə imkan verir. O, dövrün dəbinə uyğun geyinmişdir: alnından şəffaf parçadan hazırlanmış çəpər (çepets) xüsusi bəzək — ferroniyer ilə tutulmuş, tünd saçlar çənənin altından keçirilərək səliqə ilə daralanmış və zərif üz üçün özünəməxsus bir çərçivə yaratmışdır. Qadının üzərində geniş kvadrat dekolteli, çoxqatlı və yarıq qollu dəbli libas var. Boynunu və çiyinlərinin zərif, axıcı xəttini ikiqat qara mirvari boyunbağı bəzəyir.
Portretin mühüm xüsusiyyətlərindən biri də əllərin təsviridir. Əllərin çəkilməsi rəssamlar üçün həmişə çətin hesab olunub, lakin anatomiya sahəsində dərin biliyə malik olan Leonardo bu vəzifənin öhdəsindən ustalıqla gəlmişdir. Çeçiliyanın əlləri öz incəliyi və zərifliyi ilə heyran edir. Onun heyvanın xəzini oxşadığı jest son dərəcə incə və qeyri-adi dərəcədə duyğuludur. Sahibəsinin toxunuşundan zövq alan heyvan ev pişiyi kimi pəncələrini tərpədir və iti caynaqlarını çıxarır.
Tablonun kompozisiyası da qeyri-adidir. Həm qadının, həm də heyvanın başının dönməsi və baxış istiqaməti, tablonun çəkildiyi anda onların diqqətinin kənarda yerləşən hansısa bir obyektə yönəldiyini təsəvvür etməyə imkan verir. Bu üsul anın dəqiq, demək olar ki, fotoqrafik şəkildə əbədiləşdirilməsi illüziyası yaradır.
Leonardonun əsərlərinə xas olduğu kimi, tablonun kolorit həlli zəngin, eyni zamanda nəcib və ölçülüdür. Lakin çoxsaylı sonradan aparılmış müdaxilələr rəssamın ilkin yaradıcı niyyətini tam şəkildə dərk etməyə imkan vermir.