senetaz

Həsən Əliyev 80 D

02 Aprel 2026 3748

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi

Senet.az-da "Bir rəsmin tarixçəsi"rubrikası davam edir.
Bu rubrikada dünya və Azərbaycan rəssamlığının məşhur tabloları seçilərək onların yaranma prosesi, gizli detallar, tarixi kontekst, rəssamın həyatındakı yeri və əsərin sənət dünyasına təsiri haqqında maraqlı hekayələr təqdim olunacaq. Hər yazı bir rəsmin arxasındakı insanı, dövrü və hadisələri canlandıraraq oxucuya əsəri yeni gözlə görmək imkanı yaradacaq. Layihənin məqsədi sənət əsərlərinin dərinliklərinə enərək rəsmlərin yaddaşını, tarixçəsini və hikmətini günümüzə daşımaqdır.

Şair, yazıçı və rəssam V.Bleyk 1757-ci ildə Londonda anadan olub. Romantizmin parlaq nümayəndələrindən biridir. Bleyk dünyanın əksər dillərinə tərcümə olunmuş «Cənnətlə Cəhənnəmin evliliyi», «Günahsızlıq və Təcrübə» kitablarıyla daha məşhurdur.

"Böyük memar"  (The Ancient of Days) əsəri 1794-cü ildə nəşr olunan Europe a Prophecy kitabının ön səhifə illüstrasiyası idi. Bu kitabda xristianlıq cəmiyyət üzərində basqıcı bir qüvvə kimi təsvir olunur və Fransada baş verən hadisələr tənqid edilir. Əsər  əl ilə əlavə akvarel tətbiq edilmiş 17 rəngli relyef qravürdən biri idi. Bu günə qədər gəlib çatan doqquz nüsxənin hər biri bu səbəbdən bir qədər fərqlidir. Həmçinin bu əsərin Bleykin ən sevdiyi təsvirlərdən biri olduğu deyilir: o, ölümündən əvvəlki günlərdə bu əsərin bir nüsxəsini rəngləyirdi.

Təsvir saqqallı, ağ saçlı bir kişinin qırmızı dairə içində diz çökmüş halda göstərir; o, alovvari işıq və buludlarla əhatə olunub. Əlində pergel tutaraq qaranlığa doğru uzanır. Əsərin adı Əhdi-Ətiqdə Tanrıya verilən adlardan birindən götürülmüşdür, lakin bu, nə Yaradılışın, nə də xristian Tanrısının sadə bir təsviri deyil. Burada təsvir olunan fiqur Urizen-dir-Bleykin mürəkkəb fəlsəfəsindən doğan tanrıya bənzər, lakin qüsurlu bir varlıq.

Bleyk üçün Urizen ağıl və qanunla əlaqələndirilirdi: o, kainatı yaratmış, lakin sonra onu təxəyyülü məhdudlaşdıran qanunlarla tələyə salmışdır. Burada Urizen qəhrəman kimi təqdim olunur; klassik tanrını xatırladan bədən quruluşuna malikdir və saçları dramatik şəkildə yana doğru sovrulur. Güclü əzələ quruluşu və qısaldılmış (foreshortening) dramatik poza Bletk Mikelancoya olan heyranlığını göstərir. Lakin digər təsvirlərdə Urizen qocalmış və yorğun halda, kitablar üzərində əyilmiş və ya insanları rasional qanunlarla əsarət altına almaq üçün tor tutan bir fiqur kimi təqdim olunur.

Urizenin bu müsbət təsviri belə müəyyən qədər ikimənalıdır. Pergel sanki onun barmaqlarından çıxırmış kimi görünür — bu da onun insaniliyini itirdiyini düşündürür. Fiqurun pozası narahat, demək olar ki, ağrılı və içəqapanıqdır. Oturduğu mükəmməl dairə isə tamamlanmamışdır; bir hissəsi çıxarılmışdır ki, bu da Urizenin təxəyyül olmadan natamam olduğunu göstərir. Təxəyyül həm də zəngin, çoxqatlı rənglərlə ifadə olunur. Lakin fiqur bu rənglərin istiliyinə və dinamizminə arxa çevirərək qaranlığa yönəlmişdir — o qədər irəli əyilmişdir ki, sanki ora düşəcək kimi görünür.

Burada Urizen qoca və müdrik görkəmdə, insanlığı rasional qanunlarla tələyə saldığı “ağıl torunu” sıx tutmuş halda təsvir olunur. Bu təsvir həm də Bleykin poeziya ilə vizual sənəti necə birləşdirdiyini göstərir.