Şah babamızın xatirəsinə ehtiramla - ANIM
Biz əzəldən ta əbəd, meydana gəlmişlərdənik!
Bu gün Şah babamızın anım günüdür — türk dünyasının böyük qurucu liderinin, türkdilli poeziyanın ustadının, türk fikir tarixinin öncüllərindən olan dahi şəxsiyyətimizin!
Şah babamız dövlət qurdu!
Şah babamız türkcə yazıb-yaratdı!
Türk babamız Qızılbaşlıq ideyasını zirvəyə ucaltdı!
Şah babamız törə yolunu yol bildi, ondan dönmədi!
Bəziləri — bir qisim dinçi çevrələr — Şah babamızı sevməz. Bəziləri isə onu fanatikcəsinə müdafiə edər. Lakin mənə görə, Şah babamızın dini kimliyindən daha öncə, onu bir türk qəhrəmanı kimi tanımalı, sevməli, ucaldanlardan olmalıyıq. Bu bizim borcumuzdur.
İranda “şah” sözünü deməyə çəkindikləri kimi, bu böyük türk oğlunun zamanında İran adlanan məmləkəti idarə etdiyini etiraf etməyə cəsarət etmirlər. Qardaş Türkiyədə də Osmanlı düşüncəsi onu rəqib kimi gördüyü üçün çox zaman ehtiyatla yanaşılır. Halbuki, Şah babamızla Sultan II Bəyazid ata-oğul münasibətinə bənzər bir yaxınlıqda idilər. Təəssüf ki, Yavuz Sultan Səlim bu qardaşlığı düşmənçiliyə çevirdi və tarixdən bixəbərlər bu münasibəti hələ də qarşı-qarşıya qoymaq istəyirlər.
Biz isə bu təxribatlara uymamalı, öz tariximizə sahib çıxmalı, Şah babamızı yalnız buraxmamalıyıq!
Unutmayaq ki, zəfərdən sonra Cıdır düzündə səhnələşdirilən və razılıqla qarşılanan o böyük ssenari bu fikrin simvolik davamı idi — birlik, yaddaş və tarix mesajı idi!
…Və indi…
Cıdır düzündə bir bayraq dalğalanır…
Qılıncın səsi, sazın nəfəsi, atların nəriltisi eşidilir sanki…
Səmanın mavi rəngində bir qurd ulayır — törədən gələn səsdir bu!
O səslə deyirik:
Ruhun şad olsun, Şah babamız!
Biz buradayıq… meydandayıq…
Şəmil SADİQ