Senet.az xalq şairi Səməd Vurğunun “Ədəbiyyat qəzeti” 1937-ci il 16 iyun № 326 (111) sayında Hüseyn Cavidi nəzərdə tutaraq yazdığı “Səadət düşmənlərinə” başlıqlı şeirini təqdim edir:
Bizim yerdə bəzənmiş günəş yüzlü bir bahar
Səadətin bu yerdə yaşamağa haqqı var.
Ayılmış insan oğlu, səfalət yuxusundan
Onun böyük gücünə baş əymişdir asiman.
Ağ atını sürərək gözdən itdi qara qış…
Bizdə könül hicranı, çörək dərdi qalmamış.
Budur: mən seyr edirəm bu dağları, düzləri
Şəfəq saçmış yurduma qurtuluş gündüzləri.
Asta-asta göz yaşı tökən şamlar qaralmış
Elektrik lampalar gün kibi şölə salmış.
Qüdrətimiz yuxudan səhraları oyadır.
Burda insan xiyalı çinar kibi boy atır.
“Ağlaram ağlar kibi
Dərdim var dağlar kibi
Xəzəl olub töküldüyüm
Virana dağlar kibi”
Söyləməyir analar indi beşik başında,
Şair ölüm duymayır onların göz yaşında.
Bu dil deyib ağlayan bayatını bu gün mən,
Elin sirfarişi ilə dəyişirəm kökündən:
Ağlaram ağlar kibi.
Gücüm var dağlar kibi.
Gündə min gül yetirirəm
Bülbüllü bağlar kibi.
***
Gül açmışdır bağların sarı solğun xəzəli
Çadrasını yırtaraq Azərbaycan gözəli
Ağ bulutlar qoynuna sürür təyyarəsini,
Mən sevirəm yurdumun qalib çıxan səsini.
Ay belə göy üzündə xumar-xumar axanda,
Yerdəki təntənəyə bir dost kibi baxanda,
Açıram pəncərəmi günəş doğana qədər,
Mənimlə qardaş kibi qucaqlaşır bu səhər.
***
Sən ey böyük günlərin adına böhtan atan
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?
Adına millətçilər dedi “Böyük sənətkar”
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən gecələr “Hamidi” vurub çilməyə getdin
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
“Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın.
Utanmadan Vaqifin, Füzulinin yüzündən
Utanmadın Sabirin “Ay satıram” sözündən
O murdar arzuların torpaqlara gömüldü.
Sənin yaratdıqların özündən əvvəl öldü.
***
Könlüm ilham alır Leninin bayrağından,
Bu qardaş dünyasında nə ölüm var, nə də qan.
Ölüm sizin əməldir, həyat bizim əməldir.
Bizim böyük nəğməmiz, böyük beynəlmiləldir.
Qəbirdən baş qaldırıb oynamasın ölülər,
Bu bir məşhur məsəldir: “İt hürər karvan keçər”
Hər günümüz bir böyük gələcəkdir dünyada,
Qarşıya od da çıxsa, atılaraq biz oda
Cəsarət var bu yurdun torpağında, daşında
Patlayacaq bombamız faşistlərin başında
Əmr olsa paytaxtımız o qızıl Moskvadan,
Düşmənimin başına od yağacaq havadan
O gün mənim də şeirim bir əsgər paltarında,
Özünün hər zamankı bolşeviq vüqarında
Çapacaqdır atını döyüşlər meydanında,
Üzümüz ağ çıxacaq Stalinin yanında.
Ölsün bizim zəfərə inanmayan alçaqlar.
Səadətin bu yerdə yaşamağa haqqı var!
11.VI.1937-ci il
Təqdim etdi: Rəşad Sahil
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq