Mediada gender bərabərliyinin durumuna dair təqdim olunan statistikaya görə, Azərbaycanın media sahəsində çalışanların 43 faizi qadınlar, 57 faizi kişilərdir. Faiz etibarilə qadınlar geri qalsalar da, ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Çünki aradakı fərq o qədər də böyük deyil. Düzü, bu rəqəmlər bir qadın olaraq məni sevindirir. Bu, həm də cəmiyyətimizdə qadının rolundan xəbər verir. Ancaq məsələnin iki tərəfi var. Bir tərəfi təqdir edəndə, gərək ikinci tərəfin də haqqını verək.
Bu gün mediada qadınların sayının çox olması həm qırılan, həm də qırılmayan stereotiplərin göstəricisidir. Sözü çox uzatmadan daha bir statistikaya istinad etmək istəyirəm.
Statistika jurnalistlərin 18 faizinin aylıq gəlirləri 300-500, 27 faizinin 500-700, 49 faizinin 700-1000, 6 faizinin isə 1000 manatdan yüksək olduğunu deyir. Bu, son dövrlərin statistikadır. Etiraf edək ki, 700 manat maaş yaxşı yaşamaq üçün kifayət eləmir. Əgər sən yalnız öz rifahının qeydinə qalırsansa, bu pul sənə bəs edə bilər. Ancaq el dilində desək, “ailə saxlayırsansa”, 700 manatla dolanmaq müşkül məsələdir.
Azərbaycanın ailə institutunda sözügedən vəzifəni əsasən kişilər icra edir. Məlum məsələdir ki, bu rəqəm onlar üçün motivasiya ola bilməz.
Statistikanı bir kənara qoysaq, müəyyən yaşı keçən kişi həmkarlarımın peşəsini dəyişdiyini, yaxud da müxtəlif qurumlara mətbuat katibi getdiyini çox görürəm. Jurnalist karyerasının ən aktiv dövründə işini dəyişən həmkarlarımı əvvəllər anlamasam da, indi çox gözəl başa düşürəm. Axı həyat təkcə redaksiyadan ibarət deyil.
Təbii ki, məlum statistikanı yalnız maddi yöndən şərh edə bilmərik. Bir çox məsələdə olduğu kimi, burada da mental səbəblər öz sözünü deyir. Bir kanalın, barmaq sayı qədər qəzetin olduğu dövrlə indiki dövrün təqdim etdiyi imkanlar xeyli fərqlənir. Onlayn medianın inkişafı ümumi prosesə öz töhfəsini verir. Saytların fəaliyyəti qadınlar üçün iş imkanlarını artırır. Üstəlik, texnologiyanın inkişafı ofisdən çıxmadan da informasiya istehsalına şərait yaradır. Beləcə qadın jurnalistikamız da xanım-xatınlaşır. Bu da cəmiyyətin təməl prinsiplərinə zidd olmadığı üçün qadınların işini rahatlaşdırır.
Təəssüf ki, mövcud stereotiplər bir yerdə köməyimizə çatırsa, başqa bir yerdə maneəyə çevrilir.
Mediamızda gender bərabərliyinə dair başqa bir araşdırmada deyilir: “Tədqiqat nəticəsində müəyyən edilib ki, media subyektlərində idarəçi/qərarverici şəxslərin yalnız 21 faizi qadınlardır. 79 faizi isə kişilərdən ibarətdir. Media təşkilatları sahəsində də bənzər vəziyyət mövcuddur.
Burada rəhbər/qərarverici şəxslərin 20 faizi qadınlardır. Digər 80 faiz isə kişilərdən ibarətdir”.
Sözügedən statistikanın səbəbləri isə belə şərh olunur: “Qadın jurnalistlər adlarının hansısa skandallı informasiyalarda hallanmasından ehtiyat edirlər.
“Ailəm icazə vermir” kultu cəmiyyətin əksər sferaları üçün hələ də keçərlidir. Bu cür hallarla qarşılaşmamaq üçün qadınlar KİV idarəçiliyi və rəhbərlikdə təmsil olunmaqdan yayınır, incə mövzulardan, məsələn, “incəsənətdən yazan jurnalist” kimi qalmağa üstünlük verirlər”.
Təəssüf ki, bu fikirlər vergülünə qədər doğrudur. Xüsusilə də, sonuncu cümlə mənim lap qanımı qaraldır. Nədənsə bizdə həmişə mədəniyyətdən yazanlara qeyri-ciddi yanaşılır. Çoxları elə bilir ki, biz ancaq güldən-çiçəkdən yazırıq. Halbuki belə deyil. Mədəniyyət kifayət qədər intellekt və zəhmət tələb edən bir sahədir.
Məncə, qadın jurnalistlərimiz nəinki mədəniyyətdə, istəsələr, siyasi, iqtisadi, hərbi, hətta kriminal sahədə də uğur qazana bilərlər. Bunu mən demirəm, beynəlxalq təcrübə deyir. Əgər dünyanın o biri başında Rebekka bunu bacara bilirsə, deməli, məsələnin cinsiyyətlə əlaqəsi yoxdur, problem yaşadığımız cəmiyyətin stereotiplərindədir.
Və ən əsası hər şeyi mühitin üzərinə də atmaq olmaz. Özümüz də nələrisə dəyişməyə cəhd etməliyik. Hərdən mənə elə gəlir ki, bizim xanımlarımız “zərif məxluq” tezisinin arxasında gizlənir. Üç-dörd saat artıq ayaq üstə dayananda, çətin şəraitdə işləyəndə, yaxud da uzaq ezamiyyətlərə gedəndə dünya dağılmır. Çünki müasir dövrün tələbləri bunu diktə edir. Nəticədə bizdən mamont parçalamaq tələb olunmur.
Aytac SAHƏD
525.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub