senetaz

Həsən Əliyev 80 D

12 Fevral 2024 2073

Xəlil Rza Ulutürk - Rövşən Xasayoğlunun yazısı

Xəlil Rza Ulutürk - Rövşən Xasayoğlunun yazısı

Şairlik, sadəcə, şeir yazmaqla olmur. Şairlik yazdığı şeirlərdə xalqının sevinci ilə sevinmək, kədəri ilə kədərlənməklə olur. Yəni yazdığın şeirlərdə xalqını düşünürsənsə, şair olursan. Xəlil Rza Ulutürk belə şairlərdən idi.

Bu il Xəlil Rza Ulutürkün aramızdan ayrılmasının 30 ili tamam olur. 1994-cü ildən Azərbaycan sənin həsrətini çəkir unudulmaz şairimiz. Sahilində boya-başa çatdığın Kür neçə ildir boynubükük yolunu gözləyir. Bəlkə də suyunun azalması həsrətinin nəticəsidir. Çünki sahilində böyümüşdün Kürün. Anan kimi sənə beşikdə layla çalmışdı. Sonra Kürdə üzməyi, dalğalarla çarpışmağı öyrəndin. Gənclik çağında Türkiyəyə gedə bilməsən də, Kür sənə Türkiyənin ab-havasını gətirdi. Allahuəkbər dağının zirvəsindən suyunu alan Kür doğulduğun rayonda Xəzərə qovuşaraq dəryaya dönüşür. Sən də Kürdən gücünü, qüdrətini alaraq Turanlaşdın, Ulutürk oldun. Türk milləti yaşadıqca sənin adın dillərdən düşməyəcək. Çünki sənin kimi mərd şairlər nadir doğulur. Əlinə qələm aldığın gündən bütöv və azad Azərbaycan uğrunda mübarizəni durdurmadın. Həm təbrizli, həm də bakılı oldun. Mübarizə əzmin, ruhun heç azalmadı zindanlara atılsan da. Biz gənclər keçən əsrin 70-80-ci illərində səndən ana dilimizə, vətənə sevgini öyrəndik. Məmməd Arazın və sənin Cənub şeirlərində təbrizli qardaşlarımızla tanışdıq. Azərbaycanda Türk dilinin keşiyində duranlardan biri də sən idin. Bu yolda bir kimsədən qorxmadın, çəkinmədin. Qorxanlara da "Qorxa-qorxa yaşadıq ki, bu günə qaldı məmləkət" dedin. Bu mübarizədə ən böyük dəstəkçin həyat yoldaşın Firəngiz müəlliməm oldu. Firəngiz müəllimə 1980-ci ildə Azərbaycan Neft ve Kimya Universitetində "Elmi Kommunizm" fənnindən bizə dərs deyirdi. Hər birimizin sevgisini qazanmışdı Firəngiz müəllimə.

Xəlil Rza ömrü dağ başından başlayan bir çaya bənzəyir. Bu dağ çayı dərya deyib gecə-gündüz yol gedir. Yolun sonunda dəryaya qovuşaraq ümmanlaşır. Neftçalanın Pirəbbə kəndində doğulsa da, Turan vətənin oldu. Bu gün sadəcə yolunu boynubükük Kür gözləmir, Turanın gözləri yolda. Səndən ayrılsaq da, fikirlərin Günəş kimi yolumuzu nurlandırır. Uğrunda məhbəsdə yatdığın Qarabağ igid əsgərlərimizin rəşadəti sayəsində düşmən işğalından azad edildi. İndi sıra bütöv Azərbaycan yaratmaqda. Bütöv Azərbaycan bizi Turana götürəcək, illərdir həsrətində olduğumuz Turana.

Rahat uyu ulu şairimiz. Bu dünyadan köçsən də, ürəklərimizdə yaşayırsan. Bu kiçik yazımı əziz xatirənə ithaf etdiyim şeirlə bitirmək istədim.

Hürr yaşadın

Azadlığı istəmədin qətrə-qətrə, damla-damla,
İstədiyin ölçülməyən dəryalardı, asimandı.
Gənc yaşından çox çarpışdın
çatmaq üçün bu amala,
Qazandığın azadlıqdır, itirdiyin şirin candı.
Azadlığı istəmədin bir həb kimi, dərman kimi,
Mübarizən qənimiydi köləliyin, əsarətin.
Qırıb atdın zəncirləri, kükrəyən bir aslan kimi,
Dedin: "Türklər rəmzi olub
azaldığın, hürriyyətin".

Vətən üçün ölmək belə şirin gəldi əziz candan,
Əzəl gündən bu dünyada uca gördün hürriyyəti.
Libasını kəfən bildin bu savaşın ilk anından,
Tək ümüdün haqq Yaradan,
güvənc yerin Türk milləti.

Azad olmuş vətənində əcəl gəldi ayağına,
İki Təbriz həsrətiylə köç eylədin bu dünyadan.
Tabutunu sarıdılar üçrəngli hürr bayrağına,
Turan gəldi matəminə, şəhidlərə cənnətməkan.

Ulutürküm, rahat uyu, bitməyibdir mübarizə,
Quzeydəki hürriyyətim güneyimə verəcək can.
Üçrəngli şanlı bayrağım işıq saçacaq Təbrizə,
Xəritədə cızılacaq bütöv, azad Azərbaycan.

Rövşən XASAYOĞLU
Ərdahan Universitetinin Mühəndislik fakültəsinin dekan müavini
Edebiyyatqazeti.az