senetaz

Həsən Əliyev 80 D

29 Dekabr 2023 1760

AMEA-da Heydər Əliyevə həsr olunmuş kitab təqdim edildi

AMEA-da Heydər Əliyevə həsr olunmuş kitab təqdim edildi

Dekabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli başa çatmaqda olan “Heydər Əliyev İli” çərçivəsində təqdimatı keçirilən kitabın əhəmiyyətinə toxunub. Akademik İsa Həbibbəyli gərgin əməyin nəticəsi olaraq ərsəyə gələn bu nəşrdə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin ikinci siyasi hakimiyyət dövrünün tam salnaməsinin əks olunduğunu vurğulayıb.

“Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, eləcə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində görülmüş işlərə dair statistik məlumatları diqqətə çatdıran akademik İsa Həbibbəyli Elmlər Akademiyasında Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, elmi-publisistik nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. O, sözügedən nəşrlərin hər birinin Ulu Öndərin fəaliyyətinin önəmli məqamlarını əhatə edən akademik səviyyədə monoqrafik tədqiqatlar olmaqla əvvəlki dövrlərdə işıq üzü görmüş kitablardan fərqləndiyini bildirib.

Alim il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 50-dən çox kitab və monoqrafiyanın nəşr olunduğunu qeyd edib.

AMEA-da fundamental nəşrlərdən biri kimi “Heydər Əliyev Ensiklopediyası”nın da hazırlandığını söyləyən akademik İsa Həbibbəyli ensiklopediya sözlüyünün geniş müzakirə olunduğunu və nəşrin 2024-cü ilin sonlarına kimi iki cilddə ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.

O, həmçinin Akademiyada görkəmli dövlət xadiminə həsr olunmuş 60-dan çox yerli və beynəlxalq konfransın təşkil edildiyini, eləcə də dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasının keçirildiyini xatırladıb. AMEA rəhbəri sözügedən tədbirlərdə 36 ölkədən hibrid formatda (həm onlayn, həm də canlı) olmaqla yüzlərlə xarici alimin iştirak etdiyini və onların Ümummilli Liderin həyat və fəaliyyətinin önəmli məqamları ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.

“Heydər Əliyev İli”nin ən mötəbər hadisəsi Azərbaycanın suverenliyinin tam bərpa olunmasıdır”, - deyə vurğulayan akademik İsa Həbibbəyli dahi liderin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini düşünməsi olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və bir gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu, Azərbaycan tarixində nadir hərbi-siyasi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Daha sonra kitabın ideya müəllifi və tərtibçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli çıxış edərək müxbirlik fəaliyyətindən, Ulu Öndərlə bağlı görüşlərindən, səmimi söhbətlərindən danışıb. Bildirib ki, kitabın 1993-1997-ci illəri əhatə edən birinci hissəsi “Prezident. Xronika. 1993-1997” 1998-ci ildə Ulu Öndərin xeyir-duası ilə işıq üzü görüb. Nəşrin təqdimatı 1998-ci ildə dahi liderin iştirakı ilə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında olub. 1999-cu ildə Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatdıqdan sonra Prezident Heydər Əliyev “Prezident. Xronika. 1993-1997” kitabını akademiyaya hədiyyə edib və onu “həyatının bir hissəsi barədə kitab” adlandırıb.

Aynur Bəşirli “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabını 11 il əvvəl tamamlasa da onun çapının yalnız 2023-cü ildə gerçəkləşdiyini qeyd edib. Vurğulayıb ki, bu nəşr müstəqil Azərbaycanın dövlətçilik tarixinin iki həlledici gününü bir-biri ilə bağlayan mürəkkəb, ümid, inam və zəhmət dolu 10 ilin - Ümummilli Lider Heydər Əliyevin prezidentlik xronikasıdır. O, kitaba “Ön söz”ü isə məhz 2023-cü il sentyabrın 20-də, dünyanın gözünün Azərbaycana dikildiyi gün, dövlət suverenliyimizin tam bərpa edildiyi, düşmənin ağ bayraq qaldırdığı tarixi gündə qələmə aldığını deyib.

Nəşrin tərtibçisi kitabın yaranması ilə bağlı Ulu Öndərlə olan səmimi söhbətini xatırlayıb, xronikanın AZƏRTAC-ın “Azərbaycan” qəzetində çap edilmiş materialları əsasında tərtib olunduğunu bildirib.

Kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirən Aynur Bəşirli diqqətə çatdırıb ki, nəşrin elmi redaktoru akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru isə dosent Şəhla Tahirqızıdır.

Qeyd olunub ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi və “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Tarixçiləri İctimai Birliyinin “Xronika.1993-2003” kitab-albomunun nəşri” layihəsi çərçivəsində hazırlanaraq “GL Technical Services” MMC-nin maliyyə yardımı ilə çap olunub.

Təqdimat mərasimində akademik Yaqub Mahmudov, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Tahir Kərimov, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq fotoqrafı Rafiq Bağırov və digər çıxış edənlər Ulu Öndərin həyatının ən çətin və mübarizə dolu illərindən bəhs edən kitabı “Heydər Əliyev İli”nə ən böyük töhfə kimi dəyərləndiriblər. Qeyd edilib ki, Ümummilli Liderin müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdən, onun siyasi fəaliyyətindən bəhs edən kitab gələcək nəsillər, tədqiqatçılar üçün qiymətli salnamədir. Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısında tarixi xidmətlərindən, jurnalistlərlə görüşlərindən söz açıb, Ümummilli Liderin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.