senetaz

Həsən Əliyev 80 D

10 İyul 2024 2272

Anar yaradıcılığının əsas poetik çalarları - Təhlil

Anar yaradıcılığının əsas poetik çalarları - Təhlil

Anar yaradıcılığının ilk mərhələsində yazdığı hekayələrinin istiqaməti əsasən məna axtarışlarından ibarətdir. Hər şeydən əvvəl anlamaq lazımdır ki, onun Azərbaycan ədəbiyyatında istər publisistikası, istərsə də nəsr yaradıcılığı (hekayə, roman, ssenarilər) yeni mərhələ təşkil edir.

O, zamanın ədəbi gedişinə fərqli təsir göstərmiş öndər yaradıcı şəxslərdəndir. Onun ədəbi-tənqidi görüşlərindən tutmuş, digər nəsr nümunələrinə qədər yazıçı səmimiyyəti duyulur. Anar, tarixdə baş vermiş müxtəlif çalarlı hadisələrin pərdəarxası məqamlarını və onların zamandakı təsirlərini müəyyən etməyə çalışır. Bu, onun əsərlərində tez-tez rast gəlinən mövzulardan olmaqla oxucuları keçmişin gizli tərəfləri üzərində düşünməyə mütamadi sövq edir. Anar zamanın təqlidçi bir xüsusiyyətə malik olduğunu və tarixin müəyyən dövrlərdə təkrarlandığını göstərməyə çalışır.
Bu yanaşma onun əsərlərində, xüsusilə də romanlarında (“Macal”, “Göz muncuğu”, “Vahimə” və s.) öz əksini tapır, burada keçmişlə gələcək arasında əlaqələr qurulur və oxucuya zamanın təkrarlanan təbiəti göstərilir. Anar, insan taleyinin zamanın gedişatına bağlı olduğunu və bəzən görünməyən qüvvələrin insan həyatına təsir etdiyini göstərir. Bu fikir onun bir çox əsərində əsas mövzu kimi işlənir və oxuculara zamanın insan həyatı üzərindəki gücü haqqında düşünməyə imkan yaradır. Anar, siyasi və mədəni hadisələrin zamanla necə dəyişdiyini və onların zamana təsiri xüsuslarını araşdırır. O, bu mövzuları müxtəlif aspektlərdən yanaşaraq, oxuculara zamanın sosial və siyasi hadisələr üzərindəki təsirini anlamağa kömək edir.
Anarın zaman konspirologiyası mövzusuna yanaşması onun ədəbi və fəlsəfi baxışlarını əks etdirir. O, zamanın və tarixin gizli tərəflərini araşdıraraq, oxuculara daha dərin və geniş bir perspektiv təqdim edir. Bu yanaşma onun əsərlərinin oxucular tərəfindən maraqla qarşılanmasına və müzakirə edilməsinə səbəb olur.
Anarın dərin fəlsəfi düşüncələrini, şəxsi müşahidələrini və cəmiyyətə dair fikirlərini əks etdirən əsərlər toplularından biri də "Gecə düşüncələri”dir.
Burada Anar, müxtəlif mövzularda düşüncələrini ifadə edərək, oxuculara həyatın mənası, zamanın keçiciliyi, insan təbiəti və cəmiyyətin problemləri haqqında eqalitar baxışlar təqdim edir. "Gecə düşüncələri" esselərində zaman anlayışı və onun keçiciliyi mühüm yer tutur. Anar, gecənin sakitliyində zamanı düşünərək, onun insan həyatında buraxdığı izləri və keçmişin indiki zaman ilə necə əlaqələndiyini araşdırır. O, zamanın sürətlə keçməsindən və insanların zamanla dəyişməsindən bəhs edir. Anarın "Gecə düşüncələri" fəlsəfi və meditativ bir üslubda yazılmışdır. Onun dili poetik, təsirli, düşüncələri isə dərin və düşündürücüdür. O, gecənin sakitliyində insan təbiətinin incəliklərini və həyatın mənasını araşdırarkən, oxucularını da bu düşüncələr ətrafında düşünməyə dəvət edir.
Esselərin birində o yazır: “Gecələr biz ölümə, əbədiyyətə və qorxuya daha yaxın oluruq” [2, 424]. Bu, yalnız yazıçı üçün belə deyil, bunu nə də o, sırf subyektiv baxımdan çıxış edərək qeyd etmir, O, uzun dövrlərin müşahidələrinə əsasən bu qənaəti yürüdür.
Təklik anlayışı sıradan, adi anlayış deyil. Dünyada hər kəsin tək olduğu anlar olur, dünyaya da insan tək gəlir. Fridrix Nitşe deyirdi ki, qorxaq yalnızlığın nə olduğunu, necə bir şey olduğunu bilə bilməz, bu qəsd edilən yalnızlıq, şübhəsiz, bir mənada deyil. Hər bir insanın daxili müxtəlif təkliyə məruz qala bilər. Anarın təklik anlayışı mənəvi əhəmiyyət daşıyır. Əvvəlcə əsərin adından başlamaq lazımdır – “Gecə düşüncələri”. Bəs niyə səhər, günorta yox, məhz gecə? Gecə hər bir insanın özü ilə qaldığı ən aydın, səssiz mərhələdir, bir növ meditiativ funksiya daşıyır. Amma bu meditasiya forması təbii formadır. “Gecə yatmaq lazımdır. Yaxud sevmək. İşləmək – oxumaq, yazmaq. Gecə qarovulçususansa, hansısa idarəni, binanı, dükanı, bankı… qorumalısan. Yanğınsöndürən, təcili yardım həkimi, milis, hərbiçi, yaxud sərhədçisənsə, ayıq-sayıq olmalısan. Gecə reyslərinin pilotu, axşam qatarlarının maşinisti, gəmi kapitanısansa, demək, yenə də ayıq qalmalı, sübhü dirigözlü açmalısan” [2, 424]. Və yaxud: “Ancaq harda olursansa ol, fikrin, düşüncən daim səninlədir. Sevəndə də, işləyəndə də, təyyarədə, növbədə olduğun hər an, buruqda – gecə növbəsində də… Bir balaca mürgüləyən kimi qəribə yuxu aləminə düşəcəksən” [2, 424]. Belədir, bir balaca mürgüləyən kimi özün olacaqsan əslində, özünlə üzbəüz dayanacaqsan, Fikirlərin sorğulanacaq; gündüzlər başına gələnlər, yaxud tanışların, dostların, ailənlə, keçmişinlə, bu gününlə, gələcəyinlə bağlı düşüncələr təsəvvüründə dayanacaq. Amma həyatı sorğuladığımız təkliyin də başqaları ilə bölüşülməsi ömrün ara-sıra dönəmlərində lazım gəlir.
Əbədi təklik Tanrıya məxsusdur. "Gecə düşüncələri" esseləri, Anarın şəxsi və ictimai həyatı ilə bağlı dərin müşahidələrini və düşüncələrini əks etdirməklə yanaşı, oxuculara da geniş perspektivlər təqdim edir. Bu esselər, həmçinin, Anarın ədəbi və fəlsəfi dünyagörüşünü anlamaq üçün mühüm bir mənbədir.
"Gecə düşüncələri" onun yaradıcılığında xüsusi bir yer tutur və oxucular üçün dərin fəlsəfi və mənəvi təcrübələr təqdim edir. Bu esselər, Anarın düşüncə dünyasına bir pəncərə açır, oxucuları gecənin sakitliyində həyatın mənasını və insan təbiətini araşdırmağa dəvət edir.
Ümumi şəkildə Anarın yazıçı, tənqidçi şəxsiyyətini bəlli formada müəyyən etmək üçün onun “Sizsiz” kitabı da fərdi və ailəvi bioqrafiya əhəmiyyətini daşıyır.
Anar bu əsərində müxtəlif mövzulara toxunur. “Qobustan” jurnalına olan təzyiqlər barəsində danışır: “Danil Piriyeviç Quliyevin ideoloji işlər üzrə katib təyin olunmasıyla bir çox məsələlər dəyişdi. Ensiklopediyaya və “Qobustan”a hücumlar başladı.
“Qobustan”a, yaxud mənə qarşı hücumlar “Kommunist” qəzetindən “Kirpi” jurnalınacan müxtəlif mətbuat səhifələrini bəzəyirdilər. Müxtəlif müşavirələrdəki çıxışları, başqa “şifahi janrları” hələ demirəm” [7, 74]. Müəllif qeyd edir ki, 80-ci illərin əvvəllərində ziyalı, filosof-alimlərin və s. şəxslərin rəyləri dinlənilir, hər bir fikir ciddiyə alınır, hər yerdə, hər sözdə “pantürkizm” axtarışına çıxırdılar. Bununla bərabər “Qobustan” jurnalının üz qabığındakı “toplu” sözündən, ensiklopediyada müxtəlif formalara verilən işarələrin sayına kimi “türkçülük” axtarışında idilər.
Onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsində göstərdiyi fəaliyyətlərdən biri də ensiklopedik biliklərin toplanması, yayılması istiqamətində gördüyü işlərdir. O, ensiklopediya uğrunda göstərdiyi əmək vasitəsilə Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatının geniş kütlələrə çatdırılması bu biliklərin qorunması işinə böyük töhfələr verib. “Sizsiz” roman – xatirə əsərində bu yolda göstərdiyi əməyi və çətinlikləri xüsusilə vurğulayır: “Azərbaycan tarixində ensiklopediya nəşrinin heç bir təcrübəsi yox idi, bu işdə nə ənənə vardı, nə səriştə, nə kadrlar. Dəqiq terminalogiya, bir bir çox sahələrə aid istilahlar, coğrafi adların qəti təsdiqliyi ilə müəyyənliyi yox idi, hələ heç Azərbaycan dilinin tam izahlı lüğəti də nəşr olunmamışdı” [6, 80].

"Sizsiz" kitabı müəllifin atasına, tanınmış yazıçı və ədəbiyyatşünas Rəsul Rzaya həsr etdiyi bir xatirə, memuar əsəridir. Bu kitab, həmçinin Anarın həyatının müxtəlif dövrlərində yaşadığı təcrübələri, ailəsi ilə bağlı xatirələri və Azərbaycanın ictimai-siyasi həyatına dair düşüncələrini əks etdirir. Kitabda, Anar şəxsi və professional həyatını, xüsusən də atasının təsirini, onunla olan əlaqəsini səmimi, detallı bir şəkildə qələmə almışdır. Bir neçə bölmədən ibarət olan kitabın hər bölməsində Anar müxtəlif dövrlərdə yaşadığı hadisələri və təəssüratları təsvir edir. Kitabda həmçinin Rəsul Rza və onun yaradıcılığı haqqında geniş məlumatlar, ailə münasibətləri, Azərbaycanın mədəni həyatına dair dərin düşüncələr yer alır.
Anar kitabda atasının yaradıcılığına və onun şəxsiyyətinə geniş yer ayırır. Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı rolunu və onun Anarın həyatındakı təsirini təsvir edir. Ailə münasibətləri, atasının ona verdiyi tərbiyə və dəstək haqqında detallı məlumat verir. Bununla bərabər öz uşaqlıq və gənclik illəri, təhsil həyatı, ədəbi fəaliyyətinin başlanğıcı ilə bağlı xatirələrini bölüşür. O, keçmişdə yaşadığı maraqlı və əhəmiyyətli məqamları, şəxsi və ictimai həyatda qarşılaşdığı çətinlikləri və nailiyyətləri təsvir edir. Anar kitabında Azərbaycanın müxtəlif dövrlərindəki ictimai-siyasi həyatına dair fikirlərini və müşahidələrini də paylaşır. Bu, kitabı sadəcə bir memuar deyil, eyni zamanda dövrün tarixi və mədəni kontekstini əks etdirən bir əsər halına gətirir.
Anarın istər bədii yaradıcılığı olsun, istərsə də publisistikası məna yükü cəhətdən ağır olsa da, bədii cəhətdən bir qədər “zəif”dir. Bu “zəif”lik üslub görüntüsü ilə bağlıdır. Əgər Anarın əsərlərində, tənqidi görüşlərində mövzu zənginliyi olmasaydı, oxucu üçün yorucu təsir bağışlayardı. Sözsüz ki, bu da ədəbiyyatda qeydə alınan bədii hadisədir. Ancaq bir sıra müəlliflərdə, məsələn, Rünösöku Aqutakava, Çexov, X.Kortasar, Q.Q.Markesdə, Azərbaycan ədəbiyyatında isə Y.V.Çəmənzəminli, M.S.Ordubadi, müasir müəlliflərdən İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Əkrəm Əylisli, Rafiq Tağı və s. yazıçıların əsərlərində bu xüsusiyyətləri – Bədii obrazların təsirliliyini daha çox duymaq mümkündür.
Anar yazılarında daxildən gələn ən könüləyatımlı bir dildən faydalanır, bu da onun əsərlərini özünəməxsus edir. Oxucu ilə müəllif arasında empatiya hissinin yaranması ilk növbədə oxucunun özünü təsirləndirir və müəllifə qarşı ciddi və səmimi rəğbət hissi yaradır. Anar, yazılarında Azərbaycanın tarixi, mədəniyyəti və cəmiyyəti ilə bağlı mövqeyini açıq şəkildə ifadə edərək özünün vətəndaşlıq mövqeyini ortaya qoyur.
Anar ilk əsərlərini əllinci illərdə qələmə almağa başlayıb. Təbii ki, yaradıcılığının yeni dövrləri mövzu bitkinliyi ilə gözə çarpır. Ümumiyyətlə, Anarın yaradıcılığının birinci mərhələsini əhatə edən nəsr mövzusu öz melanxoliyası ilə seçilir. Xüsusilə bu mövzulardakı ömür, əbədiyyət, insan, tale məsələləri ön plana çəkilir. Müəllif üçün insan sabitləşmiş obyektdir; insan yer üzünə tək təşrif buyurmuşdur – öz iradəsindən asılı olmayaraq. Və ömrün əvvəli ilə sonu tam da aydın xatırlanmadığından, yerdə qalan ömür fərd tərəfindən şəxsi iradəyə, məqsədə uyğun çək-çevir edilir. Anar nəsrdə həyata ömrün müxtəlif tərəflərindən, fərqli rənglərindən baxır. Bununla bərabər, mənəvi hisslərin kövrəkliyi, məhəbbətin mütərəqqi məna kəsb etməsi onun nəsr aləminin başlıca məna qatını təşkil edir. Anar sentimentaldır. Bu xüsusiyyət onun bütün əsərlərində fərqli cür duyulur, amma bu sentimental mənəvi aləm əxlaqi keyfiyyətlərin timsalında vətənpərvərlik anlayışı ilə eyni fövqü əhatə edir. “Amma məncə, tək bir beynimizə, şüurumuza hesablanmış əsərlərdən fərqli olaraq, qəlbimizi titrədən, hisslərimizə təsir edən örnəklər - hansı sənət növündə, ya hansı janrda olur-olsun - hardasa sentimental, duyğusaldırlar” [13]. Bu məqamlar onun publisistik yazılarında öz aydınlığı ilə müşahidə edilir.
Həyatın müasirlik tərəfləri artdıqca onun mürəkkəbliyi də çoxalır. Məhz bu müasirlik bucağında insandan geriyə qalan bircə keçmişi olur; gələcək isə hələ qarşıdadır. İndiki zaman gələcəyi müəyyən edən ən etibarlı və həlledici andır.
Anarın “Söz dünyası” adlı beşcildlik kitabına toplanmış yazılarında bir çox tanınmış müəlliflərin yaradıcılığına geniş nəzər salınır. Bu yazıların əksəriyyəti müxtəlif yazıçıların həyatı və yaradıcılığına parlaq işıq tutur. Həmin məqalələrdə hər bir yazıçının həyatında zaman məfhumunun əlamətdarlığı ön plana çəkilir, müəllif ruhən ona yaxın olan şair və yazıçılardakı zaman anlayışını öyrənir.
O, Azərbaycanın mərhum dəyərli şairi Vaqif Səmədoğluna həsr etdiyi yazılarında şairin şeirlərindəki ömür, ölüm mənalarını tam məzmunu ilə araşdırır:

“Niyə, görəsən, adam bilmək istəyir
Kim nə deyəcək o öləndə.
Kim necə ağlayacaq onun meyidi üstə?
Neçin insan oğlu
Gizli bir həsrətlə
Öz dəfnini görmək istəyir?
Neçin diriykən
Yüz yol basdıraraq özümüzü,
Tabutumuzu qoyub
Qohum-qardaş, dost-aşna çiyninə?” [3, 315].

Şeirinə aşağıdakı fikirləri ilə zamanın bədii konfidensiyasına bütöv leksik mahiyyət qazandırır.“Mənə elə gəlir ki, Vaqif poeziyasında ölüm mövzularına bu alüdəçilik, hardasa, nekrofiliya təsiri bağışlayan bir meyildən, yaxud gerçək ölüm xofundan daha artıq tənhalıq, yalqızlıq dünya –duyumu ilə bağlıdır. Ölüm – tənhalığın sonudur” [3, 315].
Vaqif Səmədoğlu poeziyasındakı dəyərin rəngarəngliyini Anar qədər mənalandıran digər bir qism şəxs təsadüfə gəlməz. Bu mənada Anar poeziyanı şairin Allahla söhbətinə bənzədir.

“Allah, bir az da möhlət ver,
Öldürmə, sağ saxla, yenə.
Beş-on yazılmamış şeirim,
Beş-on duam qalıb sənə...” [4].

Onun poeziyası oxuculara həm Allaha, həm də insana olan sevgini dərindən və mənəvi bir şəkildə hiss etdirməyə yönəldilmişdir. Bu şeirlərdə sevgi, həm Allahın insana olan mərhəməti, həm də insanların bir-birinə olan təmiz və saf duyğuları kimi təsvir olunur. Bu mənada Vaqif Bayatlı Odər Vaqif Səmədoğlu poeziyası yaxından yaxına mənəvi doğmalıq təşkil edir.
Vaqif Səmədoğlu sufi, hürufi şairlər qədər Allaha yaxın Allah adamıdır. Onun qədər müasir poeziyamızda Allahı duyan, Allahla dialoq quran şair, sözsüz və şübhəsiz, Vaqif Bayatlı Odər hesab oluna bilər. Onun şeirlərində Allah və sevgi mövzuları bir-biri ilə sıx bağlıdır. Onun poeziyasına nəzər yetirdikdə, bu iki mövzunun ayrılmaz şəkildə təsvir edilməsini və bir-birini tamamladığını görmək olur.

“Sevdim Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim,
Mən səni min il gözlədim,
Sevdim keçdim təzə minə.
Kim sevmirsə, demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür onu,
Bəlkə doğulmayıb hələ” [12, 58].

Anarın Vaqif şeirindən cücərən fikirləri əslində yazıçının həssas tərəfi sayıla bilər; məhz ölüm, ömür mövzusu Anarı da sərasər narahat edən problemlərdir. Bəzi mövzular var ki, həlli ölümə bağlı olan nəticələrdir:“Dəfn - insanların – dostun da, yadın da səni əzizlədiyi, sənə yandığı dəqiqələrdir, sənin diqqət mərkəzində olduğun anlardır və deməli, tənhalığın, ancaq öz içində yaşadığın bir ömrün bitməsidir. Bu çəmbərdən çıxmaq, xilas olmaq yoludur” [3, 315].
Anar Vaqifin təsəvvüründəki tənhalığa bir ayrı məna çələngi toxuyur. Amma bu tənhalıq, ölüm anlayışları Vaqif üçün daha fərqli sözlərdir. Vaqif poeziyasına istinadən “Poeziya həyatın ölüm üzərində qələbəsidir”, - deyən Anar, həm də bir növ öz düşüncələrini Vaqif təsiri ilə konkretləşdirir. Ədəbiyyatda həyatın faniliyi, ölümün isə Allaha yetişməyin ən duyumlu fürsət, xoşbəxtlik olduğunu vərəqlərə hopduran az yazıçı, şair olmayıb. Anar bu mənada Vaqif Səmədoğlunun şeir aləmində böyük gəzintiyə çıxır. Vaqif Səmədoğlu poeziyasını Allahla söhbətə bənzədən müəllif qeyd edir ki, şeir, Vaqif dünyasında Allahdan sonra ən yüksək mərtəbədir. Anarı da düşündürən ən təlatümlü xüsuslar məhz bu fikir ilğımlarıdır. Əslinə baxsaq, bu məqamlar, düşüncələr yaradıcı ömrün ilkin dövrlərini əhatə edən məxsusi həyat narahatlıqlarıdır.
Müəllif üçün insan yalnızdır və onun bu yalnızlıq anlayışı şəxsi yalqızlıq həddindədir. Çünki Vaqif qələminə, onun dolğun qələminə yaxşı bələd olan müəllif üçün şairin demək istədikləri gün kimi aydındır. Ümumiyyətlə, Anarla Vaqifi insan taleyi daha çox düşündürür. Ki, bu cəhətdən hər iki müəllifin yaradıcılıq düşüncələri, narahatlıqları bu ortaq nöqtələrdə kəsişir. Şairin fikrincə, həyatının ən vacib anları bunlardır. Şübhəsiz ki, həyatında başqa hadisələr, digər itkilər, ölümlər də baş verib, amma ruhun bioqrafiyası üçün ən önəmli olan ilk şok, ilk itki, ilk ölüm, yoxluqla ilk qarşılaşmadır və bu ruh sarsıntıları arasında nənənin ölümü ilə birlikdə akvariumda donub qalan balıqların da ölümü var, çünki bu balıqların ölməsində məsuliyyət daşıyır, qış gecəsi pəncərəni açıq buraxıbmış. Ola bilsin ki, vicdan əzabı anlayışı da gələcək şairin həyatına bu günahla birgə daxil olub. Çox vaxt insanın, xüsusən də şairin daxili həyatındakı müxtəlif keçidlər zahiri həyatının hər hansı hadisəsindən daha önəmli olur. Anar bu düşüncələr əsasında qeyd edir ki, insan nəhayət gecədən gündüzə çıxır və bu, dünyanın əbədi dövrüdür. Bu dövranda hər gün, hər an həm son, həm də yenidən təkrarlanan bir an olur. Əslində bu fikirlər ilk baxışdan bir qədər təzadlı məqamlara bənzəsə də, ancaq düşünəndə anlamaq olur ki, ömrün başa çatması hər şeyin sona çatması anlamına gəlmir. Buna görə də həyatın izaholunmaz ölçüsündə nəyin son, nəyin başlanğıc olmasını demək, bir qədər bəsit görünər. Bizim üçün aydın olan isə sonun təkraroluşa bağlı olmasına inanmaqdır. Anar özünün “Allahla söhbət” yazısında Vaqif Səmədoğlu poeziyasınının manifestini cızaraq onun şairlik qüdrətini duymağı Allah zirvəsinə ucalmağın sirri kimi dəyərləndirir. “Mənə elə gəlir ki, Allahın Vaqifə cavabını da eşidirəm: "Naşükür, sənə bütün bu ağrı-acını ifadə etmək üçün istedad da vermişəm axı. Məgər bu azdır?" [4].
Qədim Yunan fəlsəfəsində insanın mahiyyəti dərindən dərinə filosofları daim düşündürüb. Bu baxımdan insanın addımları, niyyətləri də görünməyən ruha bağlı olmalıdır. Əgər insan şəxsi güzərana, xoşbəxtliyə yetişməyi istəyirsə, özünü həzzin zərif tərəfləri ilə tətmin etməyi bacarmalıdır. Hər şey fərdi maraqlara, həzzə əsaslanır. Uca əxlaq amili də fərdi həzzin ölçüsüdür. Və bu maksimallaşma özündə iradənin atomlarını birləşdirir. Bu cəhətdən müəllifin 1960-cı ildə qələmə aldığı “Yağışlı gecə” hekayəsinin fəlsəfi yükü daha dərin qatlara gedib çıxır. Hekayənin qəhrəmanını məşğul edən problem insan tənhalığının faciəsi deyil, əksinə təkliyin insan üçün təntənəyə çevrilməsi prosesidir. Səs-küylə ötüşən anlar isə vaxtın əbəs yerə axıb getməsidir. İnsana səadət verilmədiyini, bunun əvəzində arzulara tapınıb yaşamaq imkanının verildiyini düşünən qəhrəman üçün də həyatın məğzi burada daha aydın olur.
Həqiqi səadət, sevincə ümid etməklə, xoşbəxtliyi gözləməklə və gələcəyi arzulamaqla yaşamaqdır. Qəhrəmanı əslində müəllifin düşündüyünü düşünür, bu mənada müəlliflə əsəri təhkiyə edən obraz arasında fikir ortaqlığı yaşanır.
Ömrün faniliyi kədərli olsa da, ancaq qəhrəman Kafka təki bədbinliyə qapılmır. Ümidsizlikdən doğan pessimistlik insanın mənəvi məhvini sürətləndirir. Anarın qəhrəmanı isə artıq bunların nəticəsi ilə belə razılaşıb. Gözümüzü açdığımız andan dünyada adət halını almış bir çox təbiət hadisələrinin şahidiyik. Bunlar dəyişməzlik sindromuna qəmqəti sadiqdirlər, Anara görə, bozarmış, rəngini gün aparmış taksilər bizi zamanın zəhmi ilə öz əzizlərimizdən ayırır. Biz, isə onları qaytarmağa belə cəhd etmirik. Biganə təbiətimizin soyuqluğunu isidə bilmirik, əslində bu səbəbsiz deyil, çünki bizə çox yaxşı aydındır ki, taksini dayandırmaq olar, amma zamanın ətəyindən yapışıb saxlamaq mümkün deyil.
Dərketmə, əhəmiyyətli insani hadisədir. İnsan o zaman yaşadığı ömür ərzində pərakəndəliyə uğrayır ki, o, həmin ömrün məqsədini təyin edə bilmir. Anar “Gecə düşüncələri” essesində yazır: “Həyat Allahla insanın birgə yaradıcılıq məhsuludur. Onlar əl-ələ verərək dünyanı yaradır (yaxud dağıdır), yaxşılığın da, pisliyin də yaradıcısı məhz onlardır” [3, 427]. Ümumiyyətlə, “Gecə düşüncələri” esseləri müəllifin fikir düşüncələrinin ən lakonik, dərin məhsuludur. Burada biz həm fəlsəfi, həm ədəbi, həm də mənəvi dolğunluqla qarşılaşırıq.
Müəllif fani dünya ilə haqq dünyası arasında düşüncələri sayəsində mükalimə aparır. Anara görə axirət dünyası var, həyatın səbəbsiz olduğuna isə heç cür inanmır. Əgər yaşamaq, ölüm varsa demək ki, ardı da var. Yazıçıya görə, bəlkə də o biri dünyada indiki yaddaşı olmayacaq, güman ki, indi yaşamış olduğu ömür yaddaşından silinmiş olacaq. Müəllif bunu ölüm kimi mənalandırır. Bir az da dəqiqləşdirsək, ölümün ən konseptual tərifini verir. “Gecə düşüncələri” həm də retrospektiv məzmuna malikdir.
Anarın toxunduğu mövzuların rəngarənliyi məhsuldardır. Buna görə də onun əsərlərinə də nəzər salmaq ehtiyacını hiss edirik. Müəllifin “Taksi və vaxt” hekayəsinin əsasında dayanan zaman məsələsi, sevgi, ömür nəsnələrini yenidən düşünməyə vadar edir. Zaman daha qədimlərin təfəkkürünə əsaslanan daim düşündürücü məfhumdur. Əsərin mərkəz xəttində dayanan obyekt də, məhz zamandır. Yazıçı düşünür ki, zamanı necə yaşamağın fərqindən asılı olmayaraq, o öz yolunda uzanır. Zamanı məna dolu yaşamaq isə ömrü zənginləşdirir. Ancaq zaman ən böyük ağrıların da dərmanıdır. O özü ilə bərabər ağır dərdlərin üzərinə qaysaq çəkir, baş vermiş dünyəvi fəlakətlərin ağır nəticələrini tədricən unutdurur. Vaxt heç bir zaman, heç bir yerdə xarakterini dəyişmir; daim canlı varlıqların şirin su qaynağıdır. İnsanların nəfəs aldıqları havadır. Keçmiş, indiki, gələcək zaman məkanlarını bəlli edən dünya nizam-intizamıdır. Ən maraqlısı odur ki, hamı üçün eyni yerdən, bərabər ölçüdə başlanğıc götürür.
Anarın 1961-ci ildə bu hekayəsini yazdığı vaxt 23 yaşı var idi. Və o zaman üçün onun mütaliəsinin, yazıçılıq istedadının gücü “Taksi və vaxt” hekayəsində qoyduğu mövzuyla daha aşkar ölçülə bilər.
Hekayənin qəhrəmanı duyğusallığın alovlandırdığı bədbinliyə qapılıb, düşüncələr, davranışlar cəhətdən qərar tutmaqda çətinlik çəkir. İnsan ki, təhlükənin yaxınlaşdığı anda, yaxud böyük odun alovunda özünü çıxılmaz halda hiss etdiyi kimi, eynilə “taksi” gözləyən adamın düşdüyü mübhəm durum kimi. Müəllifin qəhrəmanı israr edir ki, vaxtilə ötüb keçmiş 20 yaşını geri qaytarsınlar, keçmiş daim tipdən, ölçüdən, dindən, irqdən olan insanlara əzab verir. Ona görə ki, keçmişi dəyişmək, nə gələcək iradə ilə, nə də dəyişmək məsələsi ilə bağlı deyil. Çünki keçmiş baş verib, baş verdiyi saniyədən ömrün arxiv qutusuna düşüb. Bunu Anarın qəhrəmanı çox gözəl başa düşür, amma təəssüf hissi ilə də qovrulur.
Hekayədə öz keçmiş həyatına, məhəbbətinə gözəyarı yanaşan adamın bugünkü zaman müxtəlifliyi qarşısında olan məyusluğu təsvir olunur. Ömrün hər bir anı insan yaddaşının divarlarında həkk olunmur. Kitablardakı bütün sözlər, cümlələr insan hafizəsində məqam tutmur. Yadda qalanlar isə kədərli, sevincli tərəfləri ilə unudulmaz səbəblərdən yadda qalır ki, bunlar da insanı ömrünün sonuna qədər qarabaqara izləyən xatirələrdi.
Anar Azərbaycanın məşhur şairi Məmməd Arazın haqqında yazdığı “Hamımızın dünyası” məqaləsində Məmməd Arazın “Dünya sənin, dünya mənim...” şeiri haqqında yazır ki, şair bu şeirlə kiçik planetin taleyi ilə bağlı cavabdehlik hissini özündə daşıyır və bu hissin hamıya aid olması duyğusunu şeirin təcəssümü sayəsində incə çalarlarla göstərir. Təbii ki, Anar Məmməd Arazın şeirindəki mənaları açmaqda xüsusi duyum göstərir. Çünki Anar üçün bir müəllif kimi dünyanın gözəlliyinə həssas yanaşma ciddi məsələdir. Bu məsələləri Anar öz yaradıcılığında zaman, ömür, dəyərlə bağlayırsa, Məmməd Araz bunları şeirlə çox gözəl ifadə edir və Anarın sanki ən həssas yerinə piano notları kimi musiqi çalarları ilə toxunur.
Müəllifin fikrincə, dünyaya cavabdehlik, qayğı hissi, yaşadığımız dünyamızı qorumaq əzmi yalnız o vaxt həqiqi, böyük ehtirasa çevrilir ki, dünyanı bir rəngdə deyil, rəngarəng, çoxmənalı görüb eşidir, dünyanın mənimlə başlamadığını anlayır, mənimlə də bitməyəcəyini anlayırsan. Şübhəsiz ki, bu cür fələsəfi mövzular Anarı daim düşündürür. İnsanın bütün həyatının əzab və qorxudan yoğrulduğunu yazan müəllif üçün dünya ideal olsa da, insanın həyatı bir o qədər də ideal deyil. Azadlıq dediyimiz məfhum isə insan üçün deyil, sadəcə şərti, məna daşıyır.
Ümumilikdə isə belə nəticə çıxarmaq olur ki, Anar yazıçı kimi yazdıqları, əhatə etdiyi mövzuları özünün tənqidçi tərəfi ilə daha da lakonikləşdirir. Anara görə, həyat nəzəri olaraq elementar görünsə də, praktik halında qədər də sadə və asan deyil, ömür deyilən məfhumu heç bir insan bu vaxta qədər səssiz, düz xəttlə yaşamayıb.
“Hekayə” hekayəsi Anarın obrazın daxili aləminə bütün qüvvəsi ilə yükləndiyi əsərlərindəndir. Obrazın şüuraltına enən, onun düşüncələrindən danışan yazıçı oxucunun təsəvvüründə sentimental duyğular canlandırır. Bir sözlə, oxucunu soyuqla isti arasında pərişan hala salır. Yazıçı yayın qızmarında, adama rəhm etmiyən istisində trolleybusun içərisindəki qəhrəmanın – Vüsalın düşüncəsinin müxtəlifliyini təsvir edir, oxucu isə Vüsalın daxili yaşantılarını anbaan hiss edir.
Trolleybusda – adamların nəfəslərinin üzünə şığıdığı vaxt isti daha da ona əzab verirdi. Anın təsviri xəyali deyil, gerçək məna daşıyır. Oxucu trolleybusdakı nəfəskəsən istidən təngnəfəs olur. Vüsal yalnız tək bir musiqi barəsində fikirləşmək istəyirdi, amma alınmırdı. Musiqi sanki sevdiyin qadına bənzəyir. Bəlkə də heç həmin qadın haqqında düşünmürsən, amma di gəl bütün fikrin-zikrin, daxili parçalanman, varlığın onunla bağlıdır. Qadınların ən gözəli, məlahətlisi, füsunkarı ona bənzəyir.
Əslində hekayə bütöv aləmin ideya və bədii təcəssümünü özündə bəyan edən ən affektiv formadır. Həyatın hər bir anı yalnız insan ömrünə yazılan xoş günlərdən ibarət olmur. İnsan təkliyin uğultusundan, səssizliyin ən ilahi əsasından bərqərar olmuş varlıqdır. Ana bətnində ikən körpə artıq qırıq-qırıq səslərlə formalaşmağa başlayır. İnsan səssizliklə səs-küyün vəhdətidir. Sükutdan başlayan ömür sonda bizə ala-qaranlıq da olsa məlum olmayan səssizlik dünyasına qaytarır.
Məşhur qədim Yunan filosofu Platon hesab edirdi ki, musiqi bizi idarə edən insanların şüurunu itiləmək üçün əxlaqi tərəfdən dürüst bir qurum olmalıdır. Yaxud Müqəddəs Avqustunin “De Musica” əsərində böyük katolik patriarxı musiqini ruha təsir edən, onu bəşəriyyətin hərəkətlərinə və etikasına təsir edə bilən proses kimi göstərir. Bu səsin ruhi aləmlə fövqəltəbii interpretasiyasıdır. Bunun bir də sükutla əhatələnən kölgəli tərəfi də var. Məhz “Hekayə” hekayəsi musiqisizliyin, səssizliyin əlvanlığı üzərində qurulub.
Vüsal gilin ailəsində məxsusi həmrəylik var idi. Ərlə arvad bi-birinə o qədər zərif, ahənglə davranırdılar ki, kənardan baxanda onların ailə səssizliyini heç kəsin poza bilməyəcəyini çox asan anlamaq olurdu. Vüsal bir anlıq fikirləşirdi: yalnız özlərindən qeyri. Müəllif düşünür ki, rahatlığın, xoşbəxt ömrün düsturu insanın məhz özüdür.
Qismət - anlamı insan bəhanələrinin ən çeynənmiş halıdır. Qorxudan yer üzündə yalnız Tanrıya tapınan adamlar var. Ailənin xoşbəxt günlərini də insan özü təyin edir.
Əsərin qəhrəmanı Vüsal mühəndisdir. Həyat yoldaşı Pərişan isə həkim, uşaq həkimidir. Onların hər ikisinə isə bir Xəyal adlı qız övladı düşür. Necə də qəribədir iki insan xoşbəxtliyi üçün bir övladın olması, demək ki, bir insan iki nəfərin sevgisinin işığından yarana bilir; iki nəfər üçün – ana və ata üçün bərabər həyəcan, istək, qorxu birlikdə yaşana bilər. Onların ailəsi çox xoşbəxtdir. Əslində isə Vüsalın ixtisası onun – kişinin ailə quruculuğunda önəminin şəklidir. Pərişanın həkim olmasını isə ailənin mənəvi, ruhi, tərbiyəvi sağlamlığının qoruyucusu kimi anlamaq olar. Evin ən balaca sakini Xəyal isə ailənin ruhudur. İki nəfərin də ən böyük xoşbəxtliyi Xəyaldır.
Ümumilikdə Anarın ilk hekayələri, nəsr nümunələri dərin düşüncələr toplusundan ibarətdir.
Nizami Tağısoyun dediyi kimi, “Anar yaradıcılığında mənəvi axtarış problemi yazıçının öz fərdi üslubu, obrazlar aləmi və varlıqda olanları düşüncəsinin köməyi ilə ciddi şəkildə uzlaşdırmasıyla bağlı olmuşdur. Anar nəsri özünə güclü analitik baxış tələb etməkdədir. O, sanki qəhrəmanlarının davranışını, onların mənəvi dünyasını həm daxildən, həm də kənardan görməyə çalışır” [11, 38]. Anarın qəhrəmanlarının hər biri bir növ onun publisistikasındakı problemlərin tənqid hədəfləridir. Amma bəzən həmin obrazlar ümumilikdə cəmiyyətin tənqidini öz üzərinə götürür. “Tam əminliklə demək olar ki, çağdaş dövrümüzdə, ictimai-sosial həyatımızda göz önünə gətirilən mənəvi problemlər Anarın qələmə aldığı rakursdan oxuculara obyektivdə daha da böyüdülərək çatdırılırdı” [11, 38].
Çəkinmədən demək mümkündür ki, Anar üçün milli problemlər nə dərəcədə ön planda yer alırsa, mənəvi məsələlər də bir o qədər önəm təşkil edir. Anarın əsərlərində, daha çox “Gürcü familyası, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Keçən ilin son gecəsi” və s. bir sıra hekayə və romanlarında Anarı, həm də sentimentalist yazıçı kimi görmək də mümkündür. “Anarın son illər yazdığı bütün əsərlər demək olar ki, kədərli notlar üzərində köklənmiş ilhamın məhsuludur” [10, 12].
Azərbaycan ədəbiyyatında Anarın ilk əsərlərində sentimentalizmin izlərini görmək aydın şəkildə mümkündür. Anarın ədəbiyyat sahəsindəki fəaliyyəti 1960-cı illərin sonlarından başlayır və o, bu dövrdə romantik və humanist dəyərləri əks etdirən əsərlər yazır. Bu əsərlərdə sentimentalizmin təsiri, insanın daxili dünyasının və hisslərinin təsvirində, habelə məhəbbət, dostluq, ailə kimi mövzuların ön planda olmasında özünü göstərir.
Anarın ilk əsərlərində əsas diqqət qəhrəmanların daxili təcrübələrinə və hisslərinə yönəlir. Onun qəhrəmanları, tez-tez öz duyğularını və düşüncələrini dərin şəkildə ifadə edirlər. Onun əsərlərindəki personajlar, adətən, idealist və humanist dəyərlərə sahibdirlər. Bu personajlar, məhəbbət və dostluq kimi insani hissləri yüksək qiymətləndirirlər.
Sentimentalizmin əhəmiyyətli xüsusiyyətlərindən biri olan təbiət təsvirləri Anarın əsərlərində də mühüm yer tutur. Təbiət təsvirləri, qəhrəmanların hisslərini və düşüncələrini daha dərin və təsirli şəkildə ifadə etməyə kömək edir. Bununla yanaşı ilk əsərlərində tez-tez əxlaqi və sosial mesajlar verir. Onun əsərlərindəki personajlar, cəmiyyətin problemlərini və insanlıq dəyərlərini əks etdirir, oxuculara düşüncə və hisslər barədə dərindən düşünməyə vadar edir. “Ağ liman”, “Mən, sən, o və telefon”, “Gürcü familyası” və s. əsərlərində bu detalları açıq-aşkar görmək fürsəti oxuculara tanınır.

İstifadə olunmuş ədəbiyyat

1. Anar. Seçilmiş əsərləri. 2 cilddə. Bakı: Azərnəşr, 1988.
2. Anar. Əsərlər. VII cilddə: III cild, Bakı: Nurlan, 2004, 689 s.
3. Anar. Söz dünyası, V cilddə: III cild. Bakı: Şərq-Qərb, 2022, 728 s.
4. https://edebiyyatqazeti.az/news/edebi-tenqid/11798-allahla-sohbet
5. Anar. Əsərlər. VII cilddə: III cild, Bakı: Nurlan, 2004, 689 s.
6. Anar. Sizsiz. XAN Nəşriyyatı. Bakı, 2009, 336 s.
7. Anar. Əsərlər. VII cilddə: I cild, Bakı: Nurlan, 2003, 578 s.
8. Anar. Söz dünyası. V cilddə: II cild, Bakı: Şərq-Qərb, 2020, 924 s.
9. H.Elmir. Magistrlik dissertasiyası. Anarın ədəbi-tənqidi görüşləri.
Bakı, 2024, 77 s.
10. Quliyeva A. Anar yaradıcılığında mənəvi-əxlaqi problemlər.
Bakı: MBM, 2013, 96 s.
11. https://525.az/news/116818-anar-nesrinin-seher-fezasi-nizami-tagisoy-yazir
12. https://manera.az/index.php?newsid=10356
13. https://525.az/news/231399-carlinin-qemli-gozleri--yazici-anar-yazir

Elmir HƏSƏN