Azərbaycan oxucusuna "Anlamaq dərdi" ifadəsi yaxşı tanışdır. Bu ifadəni Azərbaycan ədəbi-ictimai mühitinə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə gətirmişdir.
Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə hələ XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ictimai münasibətlərdəki dərin uçurumların ziyalı-mütəfəkkir səviyyəsində dərk olunmasını "anlamaq dərdi" sözləri ilə mənalandırmışdır. Xalq şairi Rəsul Rza isə Cəlil Məmmədquluzadəyə həsr etdiyi "Anlamaq dərdi" adlı şeirində "yaman olur anlamaq dərdi" kimi misrası ilə anlamaq dərdinin cəmiyyətdə və mənəviyyatda törədə biləcək faciələrini poetik baxımdan ümumiləşdirmişdir. Xalq yazıçısı Anar isə anlamaq dərdinin bütün dövrlər üçün cəmiyyətin əsas problemlərindən biri olduğunu diqqət mərkəzinə çəkmişdir. Azərbaycan elmi-ədəbi fikrində "anlamaq dərdi" əksər məqamlarda ziyalı və zaman, ağıl, maarifçilik və nadanlıq kimi mənaları ifadə edən sərrast ifadə kimi təqdim edilmişdir. Hətta doğru olaraq, "anlamaq dərdi" ifadəsi böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin kəşfi kimi qəbul olunmuşdur. Qeyd etməyi lazım bilirik ki, dünya ədəbiyyatında da bu anlayış müxtəlif aspektlərdə işlədilmişdir. Məsələn, rus ədəbiyyatındakı "atalar və oğullar" problem ilə özünüdərk etmiş maarifçi oğullarla hələ də köhnə qaydalarla yaşamaqda davam edən atalar arasındakı münasibətlər "anlamaq dərdi"nin ifadəsi kimi təzahür etmişdir. Yaxud Aleksandr Qriboyedovun ədəbiyyata gətirdiyi "Ağıldan bəla" anlayışı da "Anlamaq dərdi"nin sinonimi olan baxışdır. Deməli, "anlamaq dərdi" anlayışı sözün geniş mənasında, XIX əsrdən etibarən, xüsusən, XX əsrin əvvəllərində dünya ədəbiyyatına və eyni zamanda Azərbaycan ədəbi fikrinə daxil olmuş və dövrün ictimai münasibətlərinin ana xəttini ifadə etmişdir.
Cənubi Koreya yazıçısı Han Kanqın "Vegetarian" romanı da "anlamaq dərdi" mövzusuna fərqli mövqedən olan yazıçı baxışının ifadəsindən ibarətdir. Filologiya üzrə ali təhsil almış bir yazıçı kimi dünya ədəbiyyatında "anlamaq dərdi", "ağıldan bəla", "tənhalığın faciəsi" və sair kimi problemlərə həsr edilmiş bədii əsərlərə bələd olan Han Kanqın "anlamaq dərdi" baxışına gətirdiyi əsas yenilik ilk dəfə olaraq onun bu anlayışı ictimai münasibətlər sferasından çıxararaq, mənəvi münasibətlər mühitinə gətirməsi ilə əlaqədardır. Han Kanqın "Vegetarian" adlı kiçik romanı "anlamaq dərdi"nin insan münasibətlərindəki gərginliklərini və faciələrini real həyat hadisələri əsasında, bütün dərinlikləri və fəlakətli nəticələri ilə birlikdə açıb göstərən mükəmməl ədəbiyyat hadisəsidir. Azərbaycan ədəbiyyatı ilə müqayisədə, Cənubi Koreya yazıçısının əsərini ən azı aşağıdakı iki aspektdən qiymətləndirmək olar: birincisi, Han Kanqın insan mənəviyyatının ehtiyacı kimi təqdim etdiyi anlamaq dərdi, ünsiyyət ehtiyacları anlayışı, sanki Cəlil Məmmədquluzadələrin, Rəsul Rzaların, Anarların cəmiyyətdə görüb-göstərdikləri ictimai məzmunlu anlamaq dərdlərinin əvvəlidir. Hər hansı ictimai-mənəvi hadisə kimi anlamaq dərdi də sosial mahiyyətindən başqa, əvvəlcə insan mənəviyyatındakı anlaşılmazlıqların, çatışmazlıqların ifadəsi kimi təzahür edir. Bu baxımdan yanaşsaq, məlum mövzuya münasibətə Han Kanqın dünya ədəbiyyatını qabaqladığı qənaətinə gəlmək olar. Bu məqamda belə düşünmək olar ki, Cənubi Koreya yazıçısı anlamaq dərdinə baxışda Cəlil Məmmədquluzadənin sözləri ilə desək, "rişədən" başlamışdır. İkincisi isə, heç şübhəsiz, bu problemin dünya ədəbiyyatı təcrübəsindəki müxtəlif təzahürlərinə bələd olduğuna şübhə edilməyən Han Kanq özündən əvvəlki sələflərinin cəmiyyət hadisəsi kimi təqdim etdiyi anlamaq dərdi adlı ictimai hadisənin həm də mənəvi münasibətlərdə də dərin uçurumlar yaratdığını görüb, heç bir yazıçının fərqində olmadığı bu problemi müşahidə edərək, onu konkret bir əsərin mövzusuna çevirmişdir. Fikrimizcə, bu halda da Han Kanq mövzuya münasibətdə birincilər sırasındadır. "Anlamaq dərdi" probleminə münasibətdə məsələnin ictimai mahiyyətini müxtəlif yönlərdən açıb göstərmək istiqamətində dövrdən-dövrə, zamandan-zamana müəyyən qədər fərqli şəkildə özünü göstərən bu problemin fərqli təzahürlərini təsvir etməkdə davam edən dünya ədəbiyyatının dəyirman daşını Han Kanq insan mənəviyyatına tərəf döndərmişdir. İndiyə qədər də insan münasibətlərindəki anlaşılmazlıqlardan, ziddiyyətlərdən, əskikliklərdən cild-cild əsərlər yazılmasına baxmayaraq, fikrimizcə, "anlamaq dərdi" mənasında mövzuya dair boşluğu tam halda, bütün kökləri, səbəbləri və nəticələri ilk dəfə Cənubi Koreya yazıçısı Han Kanq görmüş və göstərmişdir.
Əlbəttə, Han Kanqın təsvir etdiyi mənəvi cəhətdən anlamaq dərdinin qurbanı olan Kim Yonqhe ilə Cəlil Məmmədquluzadənin anlamaq dərdinin ictimai faciəsini yaşayan Kefli İsgəndərin fərqi vardır. Lakin onları ortaq bir nöqtədə birləşdirən şəxsiyyətin azadlığı məsələsidir. Belə ki, Kefli İsgəndər şəxsiyyətin azadlığını onun cəmiyyət tərəfindən başa düşülməyində, Yonqhe isə azadlığı qarşılıqlı mənəvi münasibətlərin dərk edilməsində axtarır. Yonqhenin "Bacı, sağaltmaq üçün mənə hey iynə vururlar, ancaq başa düşmək istəmirlər" sözləri ilə İsgəndərin kiçik qardaşı Cəlal arasındakı aşağıdakı mükalimə mahiyyət etibarilə yaxın mətləblər kimi bir-birini tamamlayır: "Mənim də müəllimim mənə nəsihət edərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, elm oxu, alim ol".
Göründüyü kimi, belə məqamlarda onların hər ikisi - İsgəndər də, Yonqhe də özünü dərk etmiş insanların təbii hisslərə olan ehtiyacını, mənəvi mənlik şüurunu tam halda doğru-düzgün ifadə edirlər. Bu obrazlar arasındakı əsas fərq onları əhatə edən mühitin xarakterindədir. İsgəndərin faciəsi despot fanatik ictimai mühitlə onun maarifçi baxışları arasındakı dərin ziddiyyətlərdəndir. Kim Yonqhenin faciəsinin səbəbi isə bu obrazın xarakterini formalaşdıran mənəvi mühitlə ailə taleyindəki konflikt arasında təzahür edir. Əslində bu vəziyyət bir şəxsin münasibətləri çərçivəsindən çıxıb, geniş mənada, tənhalıq, yaxud ünsiyyətsizlik anlamında ümumi xarakter daşıdığı üçün ədəbiyyat nəzəriyyəsində konflikt yox, kolliziya adlanır, "Ölülər"də də, "Vegetarian"da da bir şəxsin faciəsindən yox, geniş mənada, insanlığın faciəsindən söhbət gedir. "Ölülər"in qəhrəmanı "dövrün ədəbi tənqidi tərəfindən" "zülmət içində nur" adlandırılsa da, özündən əvvəlki "Bəxtsiz cavanlar"ın, "Müsibəti-Fəxrəddin"lərin, müasiri olan "Rzaqulu xan firəng-məanların fərqli şəkildə davamçısı idi. Kim Yonqhe də tale baxımından tək deyildir. Bacısının əri ilə bacısı arasındakı dərin anlaşılmazlıqların kökündə birincinin tənhalığa meyilli olmasından doğan münasibətlər əsas yer tutur. Romandan göründüyü kimi, onların təmsil etdikləri mühitdə digər tale ortaqları da vardır. Cəlil Məmmədquluzadənin "Ölülər"i yazmaqda əsas məqsədi İsgəndərin timsalında ictimai mühitin buxovlarını dağıtmağa, Han Kanqın isə "Vegetarian" romanı vasitəsilə mənəvi münasibətlərin anlaşılmaz sədlərini qırmağa, daha doğrusu, aradan qaldırmağa çağırışlar etməkdən ibarətdir. İsgəndərin fəaliyyət göstərdiyi mühit "dəli yığıncağından" ibarətdirsə, Kim Yonqhenin yaşadığı həyat isə, sanki Ruhi Əsəb Xəstəlikləri Dispanserində olduğu kimidir. Cəlil Məmmədquluzadə də, Han Kanq da bu nöqtədə birləşirlər. Fərqli zamanlarda və ictimai quruluşlarda yaşamalarına baxmayaraq, əslində yazıçı kimi "Anlamaq dərdi" anlayışı onları birləşdirir. Fərq ondadır ki, Cəlil Məmmədquluzadə ictimai mühitin çarəsiz yaralarını sağaltmaq üçün, Kefli İsgəndərləri, Han Kanq isə mənəvi münasibətlərin qaysaqlarını qoparmaq məqsədilə Kim Yonqheləri yaratmağa ciddi zərurət duyublar. Bizə görə həm "Ölülər"in və həm də "Vegetarian"ın baş qəhrəmanı İsgəndər və Yonqhe yox, Cəlil Məmmədquluzadə və Han Kanqdırlar. Kefli İsgəndər və Kim Younqhe müəlliflərin fikirlərinin ifadəçisi olan rezenyor surətlərdilər. Anlamaq dərdi də ilk növbədə, "Ölülər"in yaradıcısı Cəlil Məmmədquluzadəyə və "Vegetarian"ın müəllifi Han Kanqa məxsus keyfiyyətlərdir. Anlamaq dərdi onların əsər boyu təsvir etdikləri hadisələrdən və obrazların keşməkeşli taleyindən çıxardıqları nəticədir. Doğrudur, "Vegetarian"ın əsas qəhrəmanlarından olan Bacının ən sonda təsvir olunan etirafları da Anlamaq dərdinin bədii ifadəsindən ibarətdir. Lakin bu, artıq obrazın ünsiyyətsizliyin, mənəvi boşluğun bütün faciələrini yaşadıqdan sonra gəldiyi qənaətdir. Fikrimizcə, "Vegetarian"ın son səhnələrində Bacının acınacaqlı aqibətindən sonrakı vəziyyətinin təsviri Han Kanqın Anlamaq dərdini obrazın dili ilə cəmiyyətə çatdırmaq üçün düşündüyü bədii priyomdur. Bacının etirafları həm də əsərdəki katarsisin - yekun mənəvi təmizlənmə prosesinin ifadəsidir: "Sadəcə tüklərini biz-biz edən bu həqiqətin ağrısını hiss edir. O, Yonqhe ilə birlikdə sərhədləri aşıb, qaçıb getməsəydi, hər şey qum qalası kimi dağılmasaydı, bəlkə də məhv olan insan məhz özü olacaqdı. Əgər yıxılsaydı, yenidən ayağa qalxa bilməyəcəkdi. Deməli, bu gün Yonqhenin qusduğu qan onun sinəsindən fışqırmalıydı?
...O, qəfildən sözə başlayaraq, ...ağzını Yonqhenin qurşağına dayayıb, sözləri bir-bir deməyə davam edir:
- Yuxuda hər şey insana real görünür. Amma oyandıqdan sonra anlayırsan, heç nəyin həqiqi olmadığını anlayırsan... Yəni biz nə vaxtsa, yuxudan oyansaq, o vaxt..."
Kim Yonqhenin uşaq yaşlarında atasından aldığı sillə onun özünə qapanmasına gətirib çıxarmışdır. Ünsiyyətə maraq göstərməmək, tənhalıq Yonqhenin faciəsinin əsasında dayanır. Kim Yonqhe nəinki onu əhatə edən mənəvi mühitlə, hətta doğma ailəsi ilə normal ünsiyyət qurmaq hissindən məhrumdur. Yazıçının göstərdiyi kimi, o, "çox çətin ünsiyyət qurduğuna görə bəzən, hətta yad adam təsiri bağışlayır". İsgəndər ictimai mübarizədə də, Yonqhe isə mənəvi münasibətlərdə təkdir. Yonqhe ilə ərinin münasibətlərindən başqa, onun ata-anası, bacısı, ətraf aləmlə də normal münasibətləri yoxdur. Yazıçı ünsiyyətsizlik mühitinə biganə qalmağı və dözümlü, barışdırıcı münasibət bəsləməyin acı nəticələrini göstərmək üçün Yonqhenin və bacısının ailəsində cərəyan hadisələri oxucunun diqqətinə çatdırır. "Vegetarian" romanının qəhrəmanının özünü tərəfdə tapması ünsiyyətsizliyin, özünütəcridin doğurduğu uçurum kimi təsvir olunur. Han Kanq ailədaxili münasibətlərin dərinliklərini və incəliklərini real və inandırıcı şəkildə göstərmək üçün sözün əsl mənasında, psixoloq kimi çıxış edir. Bu məqamda Han Kanq hər obrazın fərqli və fərdi mənəvi dünyasını bütün təbiiliyi ilə göstərmək üçün onların ortaq taleyinə gətirən yollardan hər birinin özünəməxsusluqlarını fərqləndirmək bacarığı nümayiş etdirir. Nəticədə "Vegetarian" romanında bənzər taleli insanların fərqli obrazları yaradılmışdır. Bu isə son nəticədə "Vegetarian" romanının özünəməxsusluğunu, simasını müəyyən etməyə şərait yaradır. Fikrimizcə, Han Kanqın "Vegetarian" romanı janr baxımından psixoloji romandır. Han Kanq "Vegetarian" romanında mükəmməl yazıçılıq istedadı ilə yanaşı, həm də professional psixoloq fəhmi nümayiş etdirir. Əsərdə Kim Yonqhenin, onun bacısının, bacısının ərinin, öz ərinin, atası və anasının xarici görünüşünün, daha çox isə mənəvi dünyasının əsas xarakterik xüsusiyyətlərini açıb göstərmişdir. Bu baxımdan, romandakı obrazları fərdi xarakterlər kimi səciyyələndirmək olar. Onların hər hansı biri yox, bütövlükdə hamısı bir yerdə təsvir edilən dövrün və ya insan kollektivinin ümumiləşdirilmiş simasını müəyyən edir. Bu baxımdan, "Vegetarian" romanında təsvir edilən ruhi xəstəliklər xəstəxanası Han Kanqın təsvir etdiyi cəmiyyətin ümumiləşdirilmiş obrazıdır. Daha doğrusu, "Vegetarian" romanındakı ruhi xəstəliklər xəstəxanası tənhalıq, ünsiyyətsizlik, mənəvi boşluq yaşayan obrazların son aqibətini ümumiləşdirilmiş şəkildə təqdim edən bədii detaldır. Diqqət edilsə, Han Kanq təkcə Kim Yonqhenin deyil, ruhi xəstəliklər xəstəxanasına düşmüş müxtəlif taleli insanların taleyi və mövcud vəziyyəti ilə bağlı təfərrüatları da nəzərə çarpdırmışdır. Yazıçının təqdimatından aydın şəkildə görmək olur ki, xəstəxana sakinlərinin başlarına gələn hadisələr fərqli olsa da, onların mənəvi-psixoloji vəziyyəti eynidir. Onları birləşdirən xüsusiyyətlərin demək olar ki, mütləq əksəriyyəti tənhalıqla, ünsiyyətsizliklə, başa düşülməməklə əlaqədardır. Deməli, belə nəticəyə gəlmək mümkündür ki, Kim Yonqhenin deyil, bütövlükdə mənəvi mühitin sağlamlaşdırılmasına ehtiyac vardır. Bu ümumiləşdirilmiş qənaət isə yazıçı kimi Han Kanqın dünyanın və ya mənəvi münasibətləri anlamaq dərdinin bədii ifadəsi kimi başa düşülə bilər.
"Vegetarian" romanında insanların ünsiyyətsizlik buxovundan, mənəvi boşluqdan xilasolma cəhdləri də müxtəlif aspektlərdən işıqlandırılmışdır. Kim Yonqhenin bacısının ərinin öz həyatını doğma ailəsində deyil, azərbaycanlı təbirincə desək, baldızı ilə münasibətlərdə və peşəsində axtarması onun mənəvi mühitin əsarətindən xilas olmaq addımlarından biridir. Yaxud Kim Yonqhenin ruhi xəstəliklər xəstəxanasının dəmir sədlərini yararaq meşəyə qaçması da mənəvi münasibətlərdə özünü tapa bilməyən obrazın daxili azadlığını təbiətdə axtarmasına cəhdin əməli ifadəsidir. Ruhi xəstəliklər xəstəxanası sakinlərinin, çətin müalicə olunan insanların tibb müəssisəsinin dəmir barmaqlı pəncərəsindən günəşə, işığa, yağışa, ağaclara, yarpaqlara həsrətlə baxmalarının təsviri də yazıçının mənəvi münasibətlərin dərin ağrılarını yaşayanların daxili aləmindəki boşluğu aradan qaldırmağa, ünsiyyət yaratmağa olan ehtiyaclarını təqdim etmək qayəsinin təzahürləridir. Lakin yazıçı bu məqamda mənəvi münasibətləri sağlamlaşdırmaq və aydınlaşdırmaq üçün qarşılıqlı anlaşmanı, insanın dərk olunmasını, normal ünsiyyətin təmin edilməsini tibbi cəhətdən müalicə etməkdən qat-qat əhəmiyyətli olan həyati zərurət olduğu fikrini bütün enerjisi ilə cəmiyyətə çatdırmağa çalışır. Fikrimcə, bu cəhətdən Han Kanqın yazıçı kimi estetik idealını bacısının altı yaşlı oğlu Ciu təcəssüm etdirir. Mənəvi münasibətlərdəki dərin uçurumların ucbatından atasından ayrı düşməli günahsız olmuş Ciunun yuxusunda ifadə olunan mətləblər yazıçının gələcək haqqındakı baxışlarını mənalandırır. Müəllifin "yuxu" kimi təqdim etdiyi ağ quş əhvalatı əsl ağ günlərin xəyaldan, yuxudan, utopiyadan həyata keçirilməsi arzusunun əks-sədasıdır. Han Kanq mənəvi münasibətlərin anlaşılmazlığı ucbatından "palçığa batmış" həyatın yenidən dirçəldilməsinə olan ehtiyacı kiçik yaşlı uşağın ağ quş arzusu vasitəsilə təcəssüm etdirmişdir. Ünsiyyətsizliyin, qarşılıqlı anlaşmanın olmamasının, biganəliyin, laqeydliyin sadəcə xasiyyət deyil, insan taleyini uçurumlara aparan "xəstəlik" olması və həmin xəstəlikdən xilas olmaq üçün insanı vaxtında anlamağın zəruriliyi "Vegetarian" romanından çıxan əsas nəticədir ki, bunu bizdən əvvəl bəyan edilmiş cəmi iki sözlə çox dəqiq ifadə etmək olar: Anlamaq dərdi!
"Vegetarian" romanı sənətkarlıq baxımından da cəlbedici bədii əsərdir. Əsərin üç fəslindən hər birinin fərqli şəxslərin təhkiyəsi ilə təqdim olunması müasir romançılıqda fərqli prinsiplərdəndir. Bundan başqa, "Vegetarian" romanının üç hekayə şəklində qələmə alınması da sənətkarlıq cəhətdən fərqli yanaşmanın ifadəsidir. Qeyd etmək lazımdır ki, əsərin kompozisiyasını təşkil edən həmin hekayətlər: "Vegetarian", "Monqol ləkəsi" və "Alov ağacı" adlandırılan hissələrdən hər biri əks etdikləri problemlərin ictimai əhəmiyyətinə görə müstəqil və bitmiş bir roman təəssüratı yaradır. Bütövlükdə Han Kanqın "Vegetarian" romanı XXI əsrin kiçik romanının böyük nümunəsidir.
Nobel mükafatına layiq görülmüş Han Kanqın "Vegetarian" romanı Azərbaycan dilinə tərcümə edilərək, 2019-cu ildə "Qanun" nəşriyyatında çap olunmuşdur. Əsəri Azərbaycan dilinə tərcümə etmiş Könül Kamilzadə Cənubi Koreya yazıçısının dəst-xəttini, fərqli üslubunu qoruyub saxlamışdır. Xüsusən, tərcüməçinin romandakı obrazlı, ifadələrin, bənzətmə və epitetlərin dəqiq tərcümə edilməsinə əməl etməyə çalışması Han Kanqın yazıçılıq özünəməxsusluğunu əyani şəkildə təsəvvür etməyə imkan verir.
Cənubi Koreya ədəbiyyatının tanınmış nümayəndəsi Han Kanqın "Vegetarian" romanının Nobel mükafatına layiq görülməsi əsl ədəbiyyata verilmiş obyektiv qiymətin ifadəsidir. "Vegetarian" əsəri müasir romanın yüksək ideya-sənətkarlıq xüsusiyyətlərini layiqincə əks etdirən mükəmməl dünya ədəbiyyatı hadisəsidir.
Han Kanqın "Vegetarian" romanı insanlar arasındakı mənəvi münasibətlərin dərinliklərini və incəliklərini bütün reallıqları ilə əks etdirən qiymətli bədii əsərdir.
"Vegetarian" romanı insanların bir-birlərini vaxtında anlamağa çağırışı haqqında yazıçı idealının orijinal bədii əks-sədasıdır.
Mənəvi boşluğun, ünsiyyətsizliyin insanı və cəmiyyəti faciəyə apardığını göstərən "Vegetarian" romanı nəticə etibarilə insanlığın xilasına həsr edilmiş ibrətamiz bədii əsərdir.
İsa HƏBİBBƏYLİ
"Ədəbiyyat qəzeti"
30 oktyabr - 1 noyabr 2024-cü il
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub