senetaz

Həsən Əliyev 80 D

04 İyul 2024 8611

Azərbaycan mədəniyyəti Millətlər Festivalında təbliğ olunub

Azərbaycan mədəniyyəti Millətlər Festivalında təbliğ olunub

Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində 4-cü Millətlər Festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, komitənin dəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil müəssisəsinin, Bad Hofqastayn bələdiyyəsinin və Turizm Birliyinin əməkdaşlığı ilə təşkil etdiyi festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə Azərbaycan milli xörəkləri və şirniyyatları, eləcə də Azərbaycan istehsalı olan məhsul və suvenirlər sərgilənib. Festivalda milli geyimdə iştirak edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvləri tərəfindən yerli sakinlərə və turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verilib, kitab və broşürlər hədiyyə olunub.

Festivalda müxtəlif ölkələrin nümayəndələri öz milli musiqi və rəqslərini də təqdim ediblər. Soydaşlarımızın təqdimatında “Uzundərə“ və ”Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.

Festival təşkilatçıları sonda ən maraqlı təqdimata görə Azərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr olunmuş festivala verilən töhfəyə görə təşəkkürlərini bildiriblər.

Qalibiyyət münasibətilə Avstriyanın yerli telekanalına müsahibə verən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycanın milli mənəvi dəyərlərindən, qonaqpərvərliyindən, xüsusilə Qarabağdan danışıb və jurnalistlərə Azərbaycan haqqında kitablar təqdim edib.