Senet.az oxucularına "Ustad" jurnalının "Ustad ədəbiyyat" rubrikasından Salidə Şərifovanın "Azərbaycan postmodern poeziyası" yazısını təqdim edir.
Azərbaycan postmodern poeziyasının bədii xüsusiyyətləri
Çağdaş Azərbaycan poeziyasında tam təsdiqini tapmamış “postmodern” şeir anlayış əslində yeni və mübahisələr doğuran anlayışdır. Postmodernizm poeziyada özünü daha çox gənc şairlərin yaradıcılığında büruzə verir. Gənc ədiblər ənənəvi dəyərləri dekonstruksiya etməyə meyillidirlər. Məhz, Rasim Qaracanın, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Aqşinin, Şərif Ağayarın, Nərmin Kamalın, Sevinc Pərvanənin Günel Mövludun və başqa şairlərin şeirlərində postmodernizmin ilkin təzahürlərini və klassik mətnlərin dekonstruksiyasını açıq-aydın görürük.
Postmodern poetik nümunələrdə qaydaların pozulmasının, qeyri-müəyyənliyin, gələcəyə dönüşün (Back to the future), parçalanmanın, ironiyanın, hibridləşmənin, karnavallaşmanın və s. kimi postmodernizm əlamətləri özünü büruzə verir. Məsələn, Rüfət Əhmədzadənin “Azərbaycan, sənə nə versəm” şeirində postmodernist üslub ilk növbədə diqqəti cəlb edir. Müəllif şeirini amerikalı şair Allen Qinzberqin (İrvin Allen Qinzberq) “Amerika” şeirindən ilhamlanaraq qələmə almasını vurğulayır. Müharibə əleyhdarı və Bit cərəyanının qurucularından biri olan Allen Qinzberq homoseksual (gey) insanların azadlığını müdafiə edir, hətta öz şeirlərində homoseksual olduğunu gizlətmirdi. Allen Qinzberqin “Howl” (İnilti) şeiri Bit cərəyanının manifestinə çevrilmişdir. Həmid Piriyevin tərcümə etdiyi Allen Ginsberqin “Amerika” şeiri ilə Rüfət Əhmədzadənin “Azərbaycan, sənə nə versəm” şeirində oxşar çalarlar intertekstual əlaqələrdə özünü qabarıq büruzə verir.
Amerika, hər şeyimi sənə verdim və indi heç nəyəm...
deyən Allen Qinzberqdən fərqli olaraq Rüfət Əhmədzadə qeyd edir ki,
Azərbaycan!
Sənə hər şeyimi verə bilərdim,
Amma qorxuram ki, heç nə olaram…
Allen Qinzberq
Əslində sən müharibə etmək istəmirsən, Amerika.
Bütün bunlar alçaq rusların əməlləridir, Amerika
deyə qələmə alırsa, Rüfət Əhmədzadə həmkarından fərqli olaraq yazırdı:
Bir əsgər tapmadınmı
Səninçün canından yox
Nəsli üçün yığdığı milyonlarından keçsin?
Dilin qısadır amma,
Uzun dirəklərinlə öyünürsən…
Sənə nə desəm azdır.
Ədəbi cərəyan olaraq postmodernizmin qafiyənin inkarını yerinə yetirməsi postmodern üslubda qələmə alınmış qafiyəsiz poetik nümunələrə xas əlamətlərdən biridir.
İnkarı inkar nəticəsində yaranmış postmodernizm cərəyanında Nərmin Kamalın qələmə almış olduğu “Paltaryuyan maşın haqda şeir” poetik nümunədə şairənin postmodern düşüncə tərzi özünü göstərir.
Küsülüdür ər-arvad,
qucaqlaşmır, öpüşmür,
yatmırlar neçə gündür
bir döşəyin üstündə
amma ki, paltarları
sıxılıb qucaqlaşır paltaryuyan maşında
qadının ətəkləri,
kişinin şalvarları,
sonra daha naziklər, –
qadınkılar ağ,
kişinkilər qara,
qadınkılar güpür,
kişinkilər pambıq,
qarışıb sevişirlər suların ortasında,
heç küsülü deyillər şüşənin arxasında
Təəssüf doğurucu haldır ki, son dövrlərdə poetik nümunələrdə vulqar ifadələri işlədən müəlliflər bu prosesi postmodernizmlə əlaqələndirirlər.Vulqar sözlərin çox işlədilməsini postmodernizmlə əlaqələndirən qələm sahibləri bu baxımdan yanlış mövqe tuturlar.
Postmodern şeirlərdə mövcud strukturun və məzmunun dağıdılmasına yol verilir.Postmodernizmi təsbit olunmuş xronoloji hadisə kimi qəbul etməyən, onu hansısa bir mənəvi durum kimi dəyərləndirən Umberto Eko “hər bir dövrün öz xüsusi postmodernizmi” olması amilinə toxunmuşdur. Umberto Ekonun fikrinə əsasən deyə bilərik ki, məhz bu fikir baxımından müxtəlif illərdə qələmə alınmış poetik nümunələrdə bunu qabarıq görmək mümkündür. Postmodern pərdə altında poetik nümunələr qələmə alan şairlərimiz üçün maddi aləmlə yanaşı mənəvi aləm də səthi anlayışdır. Bəşəriyyətin nemətlərini dekonstruksiyaya (bəzən rekonstruksiya) uğradan şairlər üçün kainatın özü bir boşluq idi, onlar üçün hibridləşmə, həmçinin keçmişi təcrübələr məxəzi kimi müasir mətnlərə yeridilməsi əsas idi. Dekonstruksiya anlayışı postmodernizmə aid anlayışdır və özünü şeirin strukturunda əks etdirir. Postmodern şeirlərdə mövcud strukturun dağıdılması ilə məzmunun dağıdılması da özünü büruzə verir.
Poeziyada postmodernizm özündən əvvəl mövcud olan və bu mövcudluğu inkar etmədən mətni dekonstruksiyaya və ya rekonstruksiyaya uğradaraq inkişaf edərək özünü qabarıq şəkildə göstərir. Postmodern üslubda qələmə alınmış poeziya nümunələrinin məzmunca dekonstruksiyaya yaxud da rekonstruksiyaya məruz qalmaları özünü büruzə verir. Poetik nümunə dekonstruksiyaya məruz qaldıqda, bu zaman yeni yaradılan şeirin mətninin məzmunu ironik şəkildə ondan əvvəl yaradılmış şeirlərin məzmununun əksinə olur. Yeni yaradılmış poetik nümunənin məzmunu ədəbiyyata məlum şeirlərin mətninin məzmun ilə əkslik təşkil edirlər.
Azərbaycan Sovet ədəbiyyatında Rəsul Rzanın V.İ. Leninə həsr etmiş olduğu “Lenin” poemasındakı fikirlər postmodernizmdə dekonstruksiyaya uğrayaraq oxucuya təqdim edilir. Rəsul Rzanın
Mən hansı bir insana
bənzədim ki Lenini,
Məzarının başında
cahan ağlamış olsun
bəndi Murad Köhnəqalanın “Gilas və səbət” şeirində dekonstruksiyaya uğramış mətn kimi təqdim edilir:
Mən hansı bir meymuna
bənzədim ki insanı
meymun onun yanında toya getməli olsun
və ya
Mən hansı bir kişiyə
bənzədim ki bizdən yazan qələm dostumuzu
hamımızı dirigözlü güllələtməmiş olsun
Murad Köhnəqala “Gilas və səbət” şeirinin mətnini bizə məlum Rəsul Rzanın “Lenin” poemasındakı mətni dəyişdirmişdir. Bununla şair sadəcə olaraq “Mən hansı bir... bənzədim ki” formasını Rəsul Rzanın “Lenin” poemasındakı “Mən hansı bir insana bənzədim ki” misrasından götürərək dekonstruksiya uğramış postmodernist mətn yaratmağa nail olmuşdur. Bu poetik nümunədə postmodern ədəbiyyata xas intertekstual əlaqələr özünü göstərmişdir. Azərbaycan postmodern poeziyasında güclü intertekstual əlaqələr özünü göstərməkdədir. Məsələn, Fikrət Sadığın “Bənzətmə” adlı beş misralıq şeirində Azərbaycan xalq yaradıcılığı, xüsusilə də, “Kitabi Dədə Qorqud” dastanı ilə sıx intertekstual əlaqələr müşahidə olunur. Fikrət Sadığın qələmə aldığı
Oğlağa quzu demədi o Dədə Qorqud,
Gödəyə uzun demədi o Dədə Qorqud,
Bütövə dilim demədi o Dədə Qorqud,
Nadana alim demədi o Dədə Qorqud.
Kim dedi bəs?
bəndi Dədə Qorquda xas olan
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud.
Tikənə sökən demədim mən Dədə Qorqud.
bənd arasında intertekstual əlaqələri müşahidə etmək olar.
Rəsul Rzanın poeması Əlisa Nicatın “Mən hansı bir insana bənzədim ki Lenini” şeirində də dekonstruksiyaya uğrama ilə yanaşı intertekstual əlaqələr özünü büruzə verir.
Mən hansı bir julikə
Bənzədim ki, Lenini
Krupskaya adında
Arvadı ola-ola
Londondan, Cenevrədən
Gətirib Moskvada
İnessa Armand ilə
Kef edib əyyaş olsun.
Hökmüylə min-min şair
Alim, nasir, filosof
Dönüb danabaş olsun.
Postmodern poeziyada real aləmin inkar edilərək xaotik aləmin təsviri də özünü göstərməkdədir. Belə ki, xaotik aləmi təsvir edən şairlər qələmə aldıqları şeirlərdə nizamsız mənəvi meyar və dəyərləri ehtiva etməyən aləmi təsvir edirlər. Ələkbər Əliyev Rasim Qaracanın qələmə almış olduğu şeirdə
yaxşı bir təklifim var
gəlin özümüzü öldürək....
gözəldir təbəssüm dodağında
atılmaq yüzüncü mərtəbədən
sanki uçursan
ya da
alnında tapança lüləsi və
kiçik bir çaxmaq işarəsi
həyatın mənasızlığını
misralarındakı xaotik aləmin təsvirini “Mənalı dünyamıza bir işıq tutaq” şeirində rekonstruksiyaya uğradır.
Yaxşı bir təklifim var
Gəlin hamımız dirilək Е
****
Gözəldir təbəssüm dodaqlarda
Ölümə gedərkən
Bu din uğurunda.
Yaxşı bir təklifim var
Gəlin özümüzü dirildək
***
Mənalı dünyamızı çirkabdan təmizləyək!
Yazının davamını "Ustad" jurnalının 12-ci sayından oxumaq olar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür