İkinci mərtəbədə, pilləkənlərdən yuxarı çıxan kimi sol tərəfdə Şakir adlı bir məcburi köçkün qalırdı. Yaşlı adam idi. O vaxt əlli iki-əlli üç yaşları olardı. Vərəm idi. Tez-tez tüpürürdü. Hara gəldi tüpürürdü. “Hıııq” eləyib tüpürürdü. Bəlğəmlə qarışıq tüpürcək lopası düşürdü yerə. Tələbələrlə qaçqınlar eyni mətbəxdə yemək bişirirdilər. Yəni ümumi mətbəx idi. Qışda soyuqdan dayanmaq olmurdu içəridə, yayda istidən. Xörəkləri buradakı qazın üstünə qoyub gedirdik otağımıza. Əslində tələbələr elə də çox xörək bişirmirlər. Menyuda əksər hallarda kolbasa və çörək olurdu. Ancaq tibbi nöqteyi-nəzərdən sulu yeməklərin xeyirini düşünüb arabir sup kimi kulinariya predmetlərinə də müraciət edilirdi. Mətbəxin təyinatı müxtəlif idi. Burda paltar da asırdıq. Paltar asırdıq deyəndə ki, qaz sobasının üstünnən ip çəkilmişdi. Həmin ipdə qazın istiliyinə görə paltarlar tez quruyurdu. Görürdün, kimsə yemək bişirib. Ağdamlı tələbə Əlvan da gətirib alt paltarlarını asır qazanların üstündəki ipdən. Paltarların suyu tökülürdü yeməklərin içinə. Adi paltarlar olsaydı, yenə cəhənnəmə. Alt paltarı olduğuna görə yeməyin dadı dəyişirdi. Əlvan da ki, iki-üç aydan bir yuyurdu paltarlarını. Çətin idi yaşamaq. Hə, bir dəfə mən də paltarlarımı yuyub gətirdim ki, asım mətbəxdəki ipdən. Qəfil mətbəxə girəndə gördüm, Şakir bir-bir tələbələrin yemək qazanlarını açıb tüpürür içinə. Məni görüb çaşdı. Dedim, ay Şakir, nağayrırsan? Dedi, heç nə, yemək daşırdı, qapağını açdım ki, dağılmasın. Mən də bir-bir bütün tələbələrə dedim ki, yemək bişirəndə yanında dayanın. Şakir içinə tüpürür. Lerikli tələbə Zəfər dedi ki, hə, mən də deyirəm axı, dünənki supun içində nəsə saqqız kimi şeylər vardı. Dedim, hə, Şakirin fəaliyyətidi. Ondan sonra uşaqlar bir az ehtiyatlı oldular. Amma nə xeyiri. Yataqxanada yaşamaq çətin idi. Yaşayanda hiss eləmirsən. Amma üstündən müəyyən müddət keçib. Yada salanda görürsən, ağır şərait imiş. Məcburi köçkünlərlə tələbələrin bir yerdə qalması mürəkkəb məsələdi. Təzə gələn tələbələri sındırırdılar. Gərək iradən möhkəm olaydı. Mən ikimininci ildə yataqxanaya gəlmişdim. İkinci kursda oxuyurdum. Qardaşımla bir il Yasamalda dağlı məhləsində kirayədə yaşadıq. Yerli adamlar rayonumuzu yaxşı tanıdığına görə onlarınkı bizimlə tuturdu. Diyirdilər ki, siz də bizim kimisiz, yaxşı “çəkməyiniz” var. Cavab verirdim ki, belə şeylər mənlik deyil. Deyirdilər, fərqi yoxdu, oranın suyunu içmisən. Nə isə. Bir-iki məhləarası söz-söhbətdən sonra hamı mənimlə dostlaşdı. Basıb-bağladım ki, karate ilə məşğul oluram. Bir-iki ingiliscə söz adı-zad da dedim. Guya zərbələrin adıdı. Hə, bir də dedim ki, karateninki sakitdiydi, biz dava-şavanı elə də xoşlamırıq. Məhlənin ağsaqqalları da bir gözlərini qıyıb dodaqlarını qəribə şəkildə irəli uzadaraq siqaretin tüstüsünü havaya buraxa-buraxa başları ilə təsdiq eləyib bildirdilər ki, qaqaş düz diyir. Brus Li də əvvəlcə özünü sakit aparır. Əsəbiləşəndə hamının mitilinə qoyur. İşim beləcə əla gedirdi. Amma yataqxanaya gələndə məsələ başqa cür oldu. Bir-iki dəfə yataqxanaların direktorunun yanına gedib gəldim. O da ki, otaqları tələbələrə rüşvətlə verirdi. Elə bil, camaata “Hilton” otelində-zadda yer verir. Mən dedim ki, nə imkanım, nə də pul verməynən aram var. İmkanım olsa, elə kiryədə qalaram da. Direktor gördü, əl çəkən deyiləm, başınnan eləməyçün dedi, get ikinci mərtəbəyə, on səkkizinci otağa. Orda qalassan. Dedim, bəs qardaşım da mənimlədir. Dedi, bir otaqda qalarsız. Mən qalxdım ikinci mərtəbəyə. Qrup yoldaşım orda otaqlardan birində qalırdı. İndi Tərtərdə müəllim işləyir. Pulu özünə qismət, yaxşı da uşaq hazırlayır. Getdim onun yanına. Dedim, bəs məni on səkkizinci otağa göndəriblər. Dedi, sən o otağa getmə. Dedim, niyə? Dedi, o otaqda hardasa iyirmi nəfər qalır. Çox avara otaqdı, dəlixanadı. Y. rayonunun uşaqları hamısı orada qalır. Dedim, sən nə danışırsan, məni ora göndəriblər, mən də gedəcəm. Dedi, qaqa, özün bilərsən, mən də getdim. Qapını döydüm. İyirmi nəfər deyildilər, mən qapını döyəndə on-on iki nəfər otaqda siqaret çəkə-çəkə söhbət eləyirdi. Siqaretin tüstüsündən otaqda göz-gözü görmürdü. Girdim içəri. Dedilər, nəsə lazımdı? Dedim, hə, mən bu otaqda qalacam. Dedilər, niyə? Dedim, bəs direktordan otaq istədim, məni bura göndərdi. Dedilər, get direktora de ki, day bu otağı istəmirsən. Dedim, yox, məni bura göndəriblər, mən də buranı bəyənirəm. Nə isə, uzun sözün qısası, buları başa saldım ki, bəs mənim sizinlə işim yoxdu, mən burda qalacam. Dava eləmək istəsəz, problem yoxdu, mən karate ilə məşğul olmuşam, nə bilim, Brus Li, Van Damm, Terminator. Qapını bağlayaq, bir-bir dalaşaq. Birinizlə dalaşıb qurtarannan sonra o biriniz gələr, amma polisə şikayət elədi yoxdu. Bular razılaşdılar. Aralarından biri dedi ki, qaqaş, sən də bizim kimi tələbəsən. Davaya ehtiyac yoxdu. Biz onsuz da hamımız axırıncı kursu bu il bitirmişik. Sənin də dərslərin bir aya başlayır. Biz on beş-iyirmi günə gedirik. Sən də iyirmi-iyirmi beş gündən sonra gələcəksən. O vaxta burda olmayacağıq. Danışdıq, razılaşdıq. Yaxşı qurtardım.
Yataqxana arıq eşşəyin yaylağı idi. Külək pəncərədən girib qapıdan çıxırdı. Rütubətdən, bir də yeldən böyrəklərimiz az qala çürüyürdü. Külək möhkəm əsəndə otaqda çarpayılardan tuta-tuta gəzirdin ki, səni divarlara çırpmasın. Yuxarı mərtəbələrin sakinləri zibilləri axşam düşən kimi atırdılar yerə. Pəncərə açıq qalan kimi həmin zibillərlə qidalanmış azğın ditdili-ağcaqanad sürüsü adamı yeyirdi. Özü də buranın ağcaqanadları dişləyəndə adamın dərisi yaman pis qaşınırdı. Hər mərtəbənin sonunda ayaqyolu olurdu. Daima poxla dolub-daşırdı. Bir dəfə ayaqyoluna girəndə iki gün üst-başından gələn pox iyindən dayanmaq olmurdu. Bütün paltarın ətrafa pis qoxu yayırdı. Bir də görürdün, kanalizasiya borusu partladı. Orada olan pox topası töküldü yerə. Üfunət olurdu. Kənddəkilər də deyirdi ki, bular şəhərdə kef çəkir. Bir dəfə dayım şəhərə gəlmişdi. İşi uzun çəkdi. Qalmaq üçün axşam gəldi yataqxanaya. Gecə yatanda pəncərələri açdıq ki, sərin olsun. İçəri yalan olmasın, milyonlarla ditdili hücum çəkdi. Lənət şeytana. Dayım dəli oldu. Tez əynini geyinib düşdü həyətə ki, mən burada heç itimi də saxlamaram, amma siz qalırsız. Hər adam yataqxana şəraitinə dözə bilmirdi.
Yataqxanaların həyətində kafelər vardı. Anasından küsən, atasından qaçan, kənddən qovulan, polisin axtardığı kimsə vardısa, hamısını bu kafelərdə tapardın. Axşam düşən kimi mahnı səsi, içkili adamların anqırtısı şəhərciyi bürüyürdü. Söyüşün biri üç qəpik. Camaat yeyib-içib kef eləyirdi. Kafelərin yanında nə istəyirdin, satırdılar. Amma yüz faiz ya qiymətdə aldadırdılar, ya da keyfyyətsiz məhsulu bahalı mal adı ilə soxuşdururdular. Bir də görürdün, Qubadlı məcburi köçkünü Mövlan qışqırırdı ki, “Ay camaat, torpaqları kirayə verib gəlmisüz bura ki, kef eliyəsüüüz?” O tərəfdən başqası başlayırdı nəsə deməyə. Bir sözlə, aləm bir-birinə qarışırdı. Məcburi köçkünlərlə tələbələr yola getmirdi. Hər gün axşamlar möhkəm davalar olurdu. Davalara görə hər yataqxanada tələbələrin qruplaşmaları yaranmışdı. N.-lıların, y.lıların, ş.lilərin, s.lıların, a.lıların, t.ların, l.lərin qruplaşmaları vardı. Davalar düşəndə tələbələr birləşirdi. Yüz-yüz əlli, bəlkə də, daha çox tələbə yığılırdı dava vaxtı. Kim-kimə vurdu olurdu. Səhərisi heç nə olmamış kimi həyat davam eləyirdi.
Yataqxana uşağı uzaqdan tanınırdı. Əynindəki paltarın ucuzluğu, diribaşlığı, ayaqqabının dabanının iti bucaq şəklində olması, bir də xüsusi yataqxana qoxusu onu fərqləndirirdi. Bir də hər an paltarının cibindən çıxıb kənara atıla bilən tarakana görə seçilirdin. Tarakan çox axmaq və sırtıq həşəratdı. Yataqxanada hər dəlmə-deşikdə yalan olmasın, milyonlarla tarakan olurdu. Paltar dolabının içi, bir də mətbəx tarakanın əsas məskəni idi. Yeməyin içinə tez-tez tarakan düşürdü. Tarakana və hər cür murdarlığa alışmışdıq. Yeməyin içinə düşmüş onlarla tarakanı sakitcə çıxarıb yeməyi acgözlüklə və iştahla yemək bacarığı yataqxana haqqında çox şeyi bildirir.
Və bir də yataqxananın ümumi hamamı başqa aləm idi.
Arif Alim
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür