senetaz

Həsən Əliyev 80 D

26 Noyabr 2025 10224

BEYİN QURDU-Zaur Ustacın hekayəsi

BEYİN QURDU-Zaur Ustacın hekayəsi

                                         BEYİN QURDU

 

                                              (hekayə)

 

 - Uy mamoçka! – qəfil masada sol ayaqdan oturmuş 20-25 yaşlarında olan gənc xanım necə qışqırdısa, süfrədə olanların hamısı diksindi. Bu şəhərin məşhur məmuri-tacir ailələrindən olan Tutaqalxanovların adəti üzrə adi növbəti səhər yeməyi idi.

- Nə oldu, ay balam, yenə nə oldu!? – bu ani bağırtıya ilk reaksiya masada sağ başda oturmuş atadan gəldi. – Nə oldu, yenə mənim şahzadəmə nə oldu axı!? – Nə olar, bir dəfə, tək bircə dəfə də imkan verin bu halal zəhərdən adam balası kimi bir yallam rahat zəhərlənək də… - ata sakit və acizanə tonda, ancaq dişi bağırsaqlarını kəsə-kəsə elavə etdi.

- “Susuz quyu su tökməklə sulanmaz” – masanın başında oturmuş belində şalı, başında yaylığı, çömçəsi də əlində Çingizxan dönəmindən qalma ailənin rəisi nənə, biricik oğlu ata Tutaqlxanovun üstünə amiranə bir baxış qarışıq şəstlə bozardı.

- Mən neynim e…  Fətişdi də, indi də üstümə meyvə şirəsi tökdü. – nazlana-nazlana az qala göbəyinə qədər açıq dolu budunu belindəki önlüyü ilə sanki pişik balası sığallayırmış kimi yavaş-yavaş qurulayan 35-40 yaşlarında olan xidmətçi kişiyə işarə etdi.

- Sən də bir az asta ol də, ay Fətiş! – masada sağ ayaqda öz əzəli və əbədi yerində oturmuş oğul Tutaqalxanov əzilə-əzilə müdaxilə etdi.

- Heç nə olmaz mənim gözəl balam, mənim ağıllı balam, bizim zirək Fətiş indi səhvini düzəldər. Fətişcan al bu salfetkaları yaxşı-yaxşı qurula.  – deyə masada sol başda oturmuş gəlin, xanım Tutaqalxanova masanın üzərindən götürdüyü bir topa süfrə kağızını hikkə qarışıq nəvazişlə xidmətçi kişinin ovucuna dürtdü.

- Zirək, sözə bax ha, zirək! “Ondan xidmətçi olanda məndən də kosmonavt olacaq!” Nə oldu, elə hər dəfə bir şey tökür bu qızın üstünə… - deyə sol əlinin altında oturmuş gəlinə ani bir süzgün baxış ataraq, üzünü xidmətçiyə çevirdi: - A bala, sən də bir az ehtiyatlı davran, gözün ayağının altına baxsın, hər dəfə bir macəra çıxartmasan olmur…

- Olmur, olmur, olmur! Neynim e… Hər dəfə də özü badalaq vurur mənə… - az qala 40 yaşında olan kişi ərköyün uşaq kimi özündən çıxdı.

- Əsəbləşmə, Fətişcan, salfetka ilə yaxşı-yaxşı qurula durub getsin. Yoxsa mənim ağıllı balam dərsə gecikər, sürücü gözləyir. – gəlin xanım nəvazişlə kişi xidmətçini sakitləşdirməyə çalışdı.

- Nə getmək ay ma! Çimməsəm olmaz! Şirədi e, meyvə şirəsi! – gənc xanım masadan qalxıb getmək istədi.

- Otur, ağıllı balam. Atanın “Şeh”-indəndir. Adı şirədi, özü su. Adı üstündə - “Şeh” – göz yaşı kimi dumduru sudur. Heç nə olmaz. Sən bir də bəzənib-düzənməyə getsən günorta olacaq. Qoy yaxşıca qurulasın, dur get dərsinə, mənim ağıllı balam.

- Yox istəmirəm… O elədi… - gənc xanım yenə nazlandı.

- Daha uşaq deyilsən, mənim ağıllı balam. Magistraturanın sonuncu kursundasan… - gəlin xanım xüsusi bir əda ilə qızını süzdü.

- Ə, fərsiz Fətiş, sən də bir az cəld ol. Bu çıxıb getsin ki, biz yeməyimizi rahat yeyək. – oğul Tutaqalxanov əzilə-əzilə dilləndi.

- Fərsiz, mənəm fərsiz?! – xidmətçi kişi yenə uşaq ərkəsöyünlüyü ilə özündən çıxdı.

- Baho, yenə “beyninin qurdu tərpəndi”. – nənə narazı şəkildə dilləndi.

- Ay nənə, Fətoşun beynində qurd var? Sən hər dəfə belə deyirsən. – deyə oğul Tutaqalxanov üzünü nənəsinə tutub cavab gözlədi.

- Hə, incə-mincə dayısına oxşamış köpəkoğlu var! Qurd var ki, hər dəfə o oynayanda, bu cüvəllağı da özündən çıxır.

- Ata, mən də o qurddan istəyirəm! İstəyirəm mənim də beynimdə qurd olsun. Mən də Fətiş kimi əsəbiləşmək istəyirəm. Yoxsa, “uni”də hamı məni görəndə deyir qız Rahim gəldi. Qızlar mənə Rəhmə bajı deyirlər. Mən o qurddan istəyirəm. Mən də kişi kimi olmaq istəyirəm.

- “Dəvənin quyruğu yerə dəyəndə” – masanın başında oturmuş ailənin rəisi əlindəki çömçəsini qolu qalxdığı qədər göyə qaldırıb, başı üzərindən yavaş-yavaş bal süzürmüş kimi masadakı boş nimçələrdən birinə endirdi.

- Ata, mən o qurddan istəyirəm! Ata! Nə olar, Ata… – oğul Tutaqalxanov uşaq kimi ağlaya-ağlaya atasına yalvarmağa başladı.

- A kişi, uşağı ağlatma! Gör nə istəyir, al ver kirisin. – xanım Tutaqalxanova ciddiləşdi.

- Əşi qurd-filan nə gəzir Fətullanın beynində… Buz baltası kimi sağlam adamdı. Qabiliyyəti də yerində. Əgər bu gün eşitsəm ki, şəhərdə onun kimi kabab çəkən, buğlama, xaş bişirən, ümumiyyətlə ondan yaxşı ət işini bilən, bişimək bacarığı olan  tək bircə adam  var, həmən onu qovub, həmin adamı gətirərəm xidmətçi. İşiniz olmasın mənim Fətullamla. – deyə bayaqdan başını aşağı salıb xımır-xımır  yeməyini yeyən  ata Tutaqalxanov nəhayət dilləndi və üzünü xidmətçi kişiyə tutub: - Fətulla, əlinə qurban bu xaşdan bir kasa da gətir, -  deyib əlindəki iri boş kasanı Fətullaya verib, mətbəxə göndərdi.

- Ağıllı balam, Fətiş işin qurtardısa, dur get sürücü də gözləyir axı… - xanım Tutaqalxanova da qızını narazı-narazı süzdü.

- Mən o qurddan istəyirəm… - oğul Tutaqalxanov sızıldamağa davam etdi.

- A kişi, ən yaxşı kababçını tapıb, qarnını ən ləziz nemətlərlə doldurduğun kimi, şəhərin ən yaxşı həkimini də tap gətir, bu uşağın dərdinə əlac eləsin. – xanım Tutaqalxanova ciddi-ciddi yenə ərinə müraciət etdi.

- Ən yaxşı həkimi tapmaq mənim əlimdə, əlimi telefona uzatmaq qədər asan bir işdir. Ancaq sizin dedikləriniz ağıla batan məsələ deyil. Əgər həqiqətən mənim Fətullamın beynində qurd varsa, onda onun yastığını verin bircə həftə bu gülməşəkər oğlunuz yatsın, onda olan bütün qurdlar keçəcək oğlunuza. O da olacaq Fətulla kimi kişi.

- Oy, bu nə iyrənclik… Mən heç gül balalarıma başqa yerdə su içməyə də icazə vermirəm ki, parazit qapmasınlar… Bunun verdiyi məsləhətə bax… - xanım Tutaqalxanova incik halda ərini süzdü.

- Ata çağır, o həkimi gəlsin. Ata, mən o həkimi istəyirəm… - oğul Tutaqalxanov ağlamağa davam etdi.

- Çağır. A kişi, çağır o şəhərin ən yaxşı həkimi gəlsin. – xanım Tutaqalxanova ərinə acizanə yalvarış dolu baxışlarla baxdı.

- Çağır, ay oğul, çağır. O mənə təzə ciyar qoyan həkimi çağır gəlsin görək nə deyir… - ailənin rəisi də məsələyə münasibət bildirəndən sonra ata Tutaqalxanovun başqa yolu qalmadı, çarəsiz şəkildə masadakı mobil telefonunu götürüb, ekranda azacıq gəzişmədən sonra, yüngül bir barmaq toxunuşu etdi və sadəcə bir kəlmə dedi:

- Həkim zəhmət olmasa, bir bizə baş çək.

- ….

- Bəli, elə indi. Lap elə bu saat. Deyirəm, “başını orada islat”, biz burada qırxacayıq. Di durma, gəl.

- Hadı, sizə xoş əyləncələr… Mən getdim, bay-bay… - xidmətçi kişinin əlində kasa mətbəxə keçməyindən istifadə edən ailənin böyük uşağı, atasının biricik şahzadəsi gənc xanım hamı ilə ədəb-ərkanla sağollaşandan sonra, nənəsinə də hava yolu ilə bir öpücük göndərib masadan ayrıldı. Onun nazlana-nazlana qapıdan çıxmağı ilə həkimin qaranəfəs özünü içəri salmağı bir oldu.

- Günaydın, xanımlar və cənablar.  - Həkim ümumi masaya təzim edib, masanın başında əyləşmiş nənəyə yaxınlaşdı: - Səhhətiniz necədir, mənim Həcər qeyrətli, Nigar dəyanətli, Ərəb Zəngi cəsarətli gözəl, qəhrəman anam?! – deyə əyilib əlindən öpdü. Ata Tutaqalxanovla əl tutub görüşdü, xanım Tutaqalxanovaya sağ əlini sinəsinə qoyaraq təzim etdi və sonra oğul Tutaqalxanova yaxınlaşıb əlini çiyninə qoyaraq: - Qardaş oğlunun kefi necədir?” – deyə - sual etdi.

- Pis! Çox pis! – cavab oğul Tutaqalxanovdan anında gəldi.

- Nə məsələdir? Yenə nə olub? – deyə-deyə həkim keçib, gənc xanımın yerində, ata Tutaqalxanovla çəpəndazına üzbəüz əyləşdi.

- Hələlik bir loxma ye.  Sonra söhbət edərik. – həkimə dedi və sonra əlində dolu kasa masaya yaxınlaşan xidmətçi kişiyə: - Onu bura qoy, həkimə də bir  kasa bu ləl-cəvahiratdan gətir, ay Fətulla, əllərinə qurban olum. – dedi.

- Yox-yox! Siz nə danışırsınız?! Özünüz yaxşı bilirsinz ki, səhər-səhər mən belə şeylər yeyə bilmərəm. – həkim nəsə qəbahət bir iş görəcəkmiş kimi ürkmüş halda geri çəkildi.

- Əşi, bilirəm e… Amma nə olar bir dəfə də bu qaydanı poz də… Eşitməmisən, deyirlər ki, qaydalar elə onları pozmaq üçün yaradılıb. – ata Tutaqalxanov buğlanan isti kasanı bir balaca irəli itələyib, yerini rahatlaya-rahatlaya dedi.

- Eşitmişəm, amma inanmıram. Çünki heç bir məntiq yoxdur. Əgər pozacaqsansa, onda niyə yaradırsan, niyə?! – həkim sual etdi.

- Əyləncə olsun deyə. – ata Tutaqalxanov gülə-gülə haqlı suala zarafatyana cavab verdi.

- Nəysə… - masadakı içi mövsümə uyğun meyvələrlə dolu iri meyvə qabından bir qotaz üzüm götürüb, - mən bununla kifayətlənirəm, siz keçin əsas məsələyə, səhərin gözü açılmamış xeyirdimi? – həkim gözünü məchul baxışlarla marçamarç böyük iştahla ikinci dolu kasa xaş yeyən ata Tutaqalxanovun ağzına zillədi.

- Məsələ deyəndə ki, söhbət belədir. Yadındadır, keçən dəfə anam xəstələnmişdi. Yazıq arvad nə bir loxma yeyə bilirdi, nə bir addım ata bilirdi… Elə bil heç yaşamırdı… Rəsmən sürünürdü yazıq arvad… Sağ ol, Fətullanın ciyarının parasın kəsib, qoydun arvada, indi maşallah olsun div kimidir. Əvvəlkindən də gümrah, qıvraq, nə də versən üyüdür… Hə indi o işə baxanda vallah bu heç nədir.

- Yenə məntiqsiz söhbət… Nədir axı o heç nə olan? – həkim qeyri-ixtiyari özünü saxlaya bilməyib, ata Tutaqalxanovun sözünü kəsdi.

- Kəsədən məsələ belədir ki, indi mənim Fətullanın…

- Bizim Fətişin… - indi də xanım Tutaqalxanova ata Tutaqalxanovun sözünü kəsdi.

- Əlqərəz Fətulla kişinin beynindəki qurdlardan bir neçəsini istəyirk ki, köçürdəsiniz bizim sevimli xanımın gülməşəkər oğlunun beyninə…

- Dayısıyosunlunun… - indi də anası ata Tutaqalxanovun sözünü ağzında qoydu.

- Hə, mən o qurddan istəyirəm. İstəyirəm mənim də beynimdə qurd olsun. Mən də Fətiş kimi kişi olmaq istəyirəm. – həkimin gəlişilə ağlamağı kəsmiş oğul Tutaqalxanov özünü saxlaya bilməyib, söhbətə qoşuldu.

- Heç nə başa düşə bilmirəm… Biri mənə başa salsın görüm axı nə olub?! – həkimin israrlı və haqlı sualı üzərinə bütün baş verənləri ata Tutaqalxanov həkimə yerli-yataqlı anlatdıqdan sonra həkim üzünü oğul Tutaqalxanova turub davam etdi: -  Burada heç bir əməliyyata ehtiyac yoxdur. Fətullanın yastığını bir müddət istifadə etsən məsələ tamamdır. Lap arxayın olmaq üçün istəyirsən 10 gün Fətulla bəyin yerində yat.

- Oy, bu nə iyrənclik… - xanım Tutaqalxanova müdaxilə etdi.

- Fətişin yerində yatsam, qurdlar mənim beynimə keçəndə görəcəm? – oğul Tutaqalxanov sual etdi.

- Xeyr. Onlar olduqca kiçikdir. Çox xırda – mikroskopik ölçüdə. – həkim cavab verdi.

- Bəs mən onları necə görəcəm? Nə biləcəm onlar mənim beynimdədir? – oğul Tutaqalxanov sual verdi.

- Bilirsən, bizim hamımızın yastığı, yatağı, paltarı, papağı müxtəlif parazitlərin yumurtaları ilə dolu olur. Onlar da bu qayda ilə yaşayıb, çoxalırlar. Parazitlər də ümumi təbiət zəncirində bir həlqədir…

- Oy, bu nə iyrənclik… - xanım Tutaqalxanova yenə müdaxilə etdi.

- Mən gözümlə görməsəm inana bilmərəm. – oğul Tutaqalxanov qəti şəkildə bildirdi.

- Bax sən Fətulla bəyin yastığını, yatağını istifadə edəndə onun beynində olan qurdların yastığa qoyduğu yumurtalar sənin beyninə keçəcək. Bu qədər asan və bəsit. Heç bir əməliyyata-filan ehtiyac olmadan. – həkim oğul Tutaqalxanovu başa salmaq üçün son bir uğursuz cəhd etdi.

- Həkim, vallah səndən qabaq mən də belə demişdim, sənə də boş yerə zəhmət verdik sabah-sabah. Dur a bala, dur heç “uni”yə-muniyə də getmə, get indidən yıxıl Fətullanın yerinə, doyunca yat.  Onsuz da Fətulla heç orda yatmır, hansı otağın qapısın açsan görürsən ki, ordadır. – ata Tutaqalxanov həkimin sözünə qüvvət verməyə çalışdı.

- Oy, yo-yo… Mən buna heç cürə razı ola bilmərəm… Xahiş edirəm, qurdları əməliyyat yolu ilə köçürün, həkim. – xanım – ana – Tutaqalxanova üzünü acizanə baxışlarla həkimə tərəf çevirdi.

- Necə istəsəniz elə də edəcəyik. Ancaq bir məqam mənə maraqlıdır. Nəticədə bu qurd bu uşağın beynində olacaq. Hansı yolla keçməyin nə mənası var. Çox məntiqsiz yanaşmadır.  Havayı, sadə  və asan başa gələn yolu qoyub, bahalı, riskli və çətin yolu seçirsiniz. – həkim xanım Tutaqalxanovaya etiraz dolu baxışlarla baxaraq, bir az da tərəddüdlə dilləndi.

- Anlayış göstərdiyiniz üçün təşəkkür edirəm. Bahalı olsun da, aman-zaman bir oğlumuz var, onun arzusunu ürəyində qoya bilmərik. Bu günə qədər hələ onun bir sözünü iki eləməmişik. Hələ körpə olanda atası ona Hindistandan fil, Ərəbistandan dəvə alıb, gətirtdirib. İndi evimizin içində, əlimizin altında olan bir xırdaca qurd nədir ki, biz onun əlində aciz qalaq. – xanım Tutaqalxanova xüsusi bir ədayla, ərklə həkimə çəpəki bir nəzər atdı.

- Oldu. Mən hazır. Sabah, elə bu vaxt, yəni 25.11.2025-ci ildə səhər saat 10:00-da “Ayının əlcəyi” klinikamızda öz kabinetimdə gözləyəcəm. Siz də gedin elə Fətulla bəyin otağında yaxışıca istirahət edib, dincəlin. Sabah görüşərik. – deyib, üzünü oğul Tutaqalxanovla Fətullaya tərəf çevirdi.

****

(bir aydan sonra)

- “Biz gəlmişik, biz”, “Biz gəlmişik, biz” …  – həyət qapısının zəngi eyni cümləni dayanmadan təkrar edirdi. Zəngin eyvandakı monitoruna baxanda oğlunun, nəvəsinin, Fətullanın qapının ağzında dayanıb, gözlədiklərini gördü. Evdə ondan başqa heç kim olmadığına görə ailənin rəisi - nənə özü qapıya çıxası oldu. Qapını açmaq üçün olan düyməni basıb, onları qarşılamağa  getdi. O çatana qədər artıq xəstəxanadan gələnlər həyətin ortasına gəlmişdilər. Onlara çatıb elə oğlu ilə hal-əhval tutmaq istəyirdi ki, qat-qat tumanının altından çıxan pişik özünü sevincək nəvəsi, oğul Tutaqalxanovun üstünə atdı. Bunu gözləməyən nəvə:

- Oy, mamoçka! Bu nədi ay nənə, bu nədi!? Pişiyinə tərbiyə ver də… - deyə, hirs-hikkə ilə səsini başına atdı. Həyəti vay-şüvən bürüdü.

- Yaxşı deyiblər: - “Qılınc o qılıncdır, qol o qol deyil”… Heyif o qurdlardan… - Nənə əli üzündə yalnız bunları deyə bildi.

23.11.2025. Bakı.


Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.