Namaz Məmmədoğlu
Hekayə
Onlar- ana, bir də iki oğlu ağacların kölgəsi düşən, yanları açıq dəhlizdə oturub çay içirdilər. İkimərtəbəli evin yönü günçıxana baxırdı, ona görə də axşamtərəfi sərin olurdu. Burdan çökəkdəki yamyaşıl bağ, bir də arteziana gedən torpaq yol görünürdü. Kiçik qardaş yolla keçən qızlara, böyük qardaş bağa baxırdı.
– Yaman darıxıram, nədənsə kənd məni sıxır. İldən- ilə kənddən uzaqlaşıram, elə bil nə isə hər şey yadlaşır,- böyük qardaş dedi.
– Elədi, bir aydı gəlmişəm, evdən bir yerə çıxmamışam,- kiçik qardaş dilləndi.
– Kəndə çıxırsan, onnan görüş, bunnan görüş, hamı ilə də gərək arvad kimi öpüşəsən. Adam bezir, görüşməsən də deyəcəklər kənddən çıxdı, qudurdu.
– Çayınızı için, yaxşı çaydı,- ana dedi.
Mərmər pilləkənlərin qarşısındakı ağ hündür dirəklərin başında bir-birindən aralı iki qaranquş yuvası vardı. Yuvanın birindən qaranquş balaları sarı dimdiklərini çıxarıb cikkildəşirdilər, birindən isə sərçə balaları. Sərçə balaları olan yuvadan ip qırığı, toyuq lələyi, ot qurusu sallanırdı.
– Ay qağa, o qaranquş yuvası deyil? Bəs niyə ordan sərçə balaları boylanır?- böyük qardaş soruşdu.
– İkisi də qaranquş yuvası idi, bir gün sərçələr yuvaya çör-çöp, lələk doldurdular, içəri soxulub qaranquşları qovdular.
– Həyasızlığa bir bax ha! Lap ermənilərin günündədirlər ki,- böyük qardaş dilləndi.
Tez-tez ana qaranquş qurd, çəyirtikə, soxulcan gətirirdi, bir dəfə öz balalarına, bir dəfə sərçə balalarına verirdi. Ana sərçə də yem gətirirdi, amma hər dəfə yemi öz balalarına yedirdirdi, üstəlik o biri yuvanın qarşısına qonub qaranquş balalarını dimdikləyirdi.
– Dünyanın işinə bax , bu da quşdu, o da,- ana dilləndi.
Evin qapqara, gözləri gömgöy pişiyi pilləkəndə arxası üstə uzanıb başını pəncələri arasına qoymuşdu, tərs-tərs quşlara baxırdı, fikirləşirdi ki, balalardan biri aşağı yıxılsa pis olmazdı. Kiçik qardaş bir parça çörək kəsdi, yağ sürtüb pişiyə atdı. Pişik durdu, çörəyi əvvəl iyləyib sonra yeməyə başladı.
– Xeyrini bilir,-böyük qardaş pişiyə baxdı.
– Daha demir yağ olsa özümüz yeyərik, gör necə dadanıb,- ana da pişiyə baxdı,- şəhərdə vəziyyət nətəridi?- hər iki oğluna dedi.
– Eh, hər şey qarışıb bir-birinə, istisi də ki, burdan da betər,- böyük qardaş dilləndi,–dilənçilərin də sayı yaman artıb, çoxu da ordan gələnlərdi. Baxırsan adamın yazığı gəlir, baş açıq, ayaq yalın, ev yox, eşik yox. O dəfə metro ilə gedirdik, stansiyada on-on iki yaşlı bir oğlan uşağı mindi. Ayağı yalın, üst-başı kirin içində, bir idman köynəyi geyinib, əlli yerdən yırtığı var. Belinə də bir yaş- yaş yarımlıq bir uşaq şələləyiblər. Oğlan lap baş qapıdan girdi vaqona, qatar gedəndə əlini açıb düşdü ortaya. Hərə beş qəpik, on qəpik atır ovcuna, kimi də nifrətlə üzünü çevirir. Belinə sarınmış uşaq yatıb, hələ dünyadan xəbəri yoxdu. Oğlan dilənə-dilənə vaqonun o başından gəldi bu başına, pəncərənin qabaşında durdu. Hələ qatar gedir, birdən uşaq ayıldı. Gülür, balaca barmaqları ilə qardaşının kirli, qıvrım saçlarını qarışdırır. Yaşlı bir qadın çıxarıb bir manat verdi, sonra da ağladı.
– Çox çətin zəmanədi, kim öldü, qanı batdı. Həmişə də əvvəl günahsızlar ölür. Vallah elə bil dərəbəylikdi, heç nəyin yiyəsi yoxdu. Oğul, özünüzü gözləyin, “durduğun yerdə işə düş” buna deyərlər.
– Ay ana, bizim gözləməyimiznən deyil, əcəl hərənin qapısına bir görkəmdə gəlir,- böyük qardaş çaydan bir qurtum aldı. Odur, Teymur kişini bir həftə əvvəl at yıxıb sürütləyibmiş. Arvadı deyir sat atı. Durub arvadnan dalaşır ki, mən uşaqlıqdan at minmişəm, atsız mənim günüm necə olar? Bir də ki, mərdimazar atdı, kimə satsam nəsə ziyan yetirəcək. Üç gün sonra yuxu görür ki, qapısında qılınclı əzrayıl dolaşır. Səhər durub inəyi kəsir, deyir elə inəkdi. At çöldə otlayırmış, günortadan sonra gedir atı gətirməyə. İpini yığır, yığır, yanına çatanda at təpiklə belinin ortasından necə vurursa elə yıxılıb oaradaca qalır. Qoruqçular görürlər kişi yıxılıb düzün ortasında, tez gətirirlər evinə. Deyir mənə toxunmayın, öləcəm. Suyu su dalınca içir, yenə yanır. Həkim çağırırlar baxır, iynə vurur, deyir mənlik deyil. Sonra cərrah gətirirlər, aparırlar xəstəxanaya, hazırlaşırlar, yığışırlar, bir də görürülər ki, kişi ölüb. İndi o kişi atın ipini yığa bilmirdi? Uşaq vaxtlarından at belindədi. Yox, hərənin qapısına bir görkəmdə gəlir. Bu da həyat, adam fikirləşməyə belə macal tapmır ki, nə üçün doğulur, nə üçün yaşayır, nə üçün ölür?
– Qağa, düzü mən elə xurafatlara inanmıram,- kiçik qardaş dedi.
– Mən də inanmıram, amma görünür inanılası nəsə var.
– Çətin zəmanədi,- anaları yenə dilləndi,-it yiyəsini tanımır, qudurğanlar yenə qızışıb. Arada günahsız ölənlərə yazığım gəlir. Dünyanı yalana bürüyüblər. Eybi yox, yalan ayaq tutar yeriməz.
– İt hürər, karvan keçər,- kiçik qardaş anasına baxdı.
Pişik yağlı çörəyi yedi, yenə uzandı pilləkəndə, gözünü zillədi quşlara.
Yoldan bir kişi keçirdi, əlini qaldırıb salam verdi, hər iki qardaş əllərini qaldırıb salamı aldılar.
– Qağa, o Vəli idimi?- böyük qardaş soruşdu.
– Hə, Vəli idi.
– Hətta Vəli də evləndi, sən nəyi gözləyirsən?- böyük qardaş kiçiyə baxdı.
– Vəli birinci dəfə iyirmi yaşında evlənmişdi, oğlu olmuşdu, ayrılmışdılar.
Bir də əlli yaşında olanda ata ilə oğulun toyunu bir eləmişdilər. İndi oğlu daim qürrələnirdi ki, kimin toyu atası ilə bir gündə olub?
– Tezdi hələ,- kiçik qardaş dedi.
– Tez niyə olur, əsgərliyini çəkibsən, oxuyursan, bir türmən qalır,- böyük qardaş zarafat elədi.
– Əə, türmə nədi,- ana hirsləndi,- Allah heç kəsin yolunu salmasın oralara.
– Hamı deyir evlən, elə bilirsən ürəkləri yanır? Yox, sadəcə marqlanırlar ki, kimi alır, nə aparırlar qıza, nə gətirirlər, toy necə keçir, vəssalam. Sonra hər şey adiləşir.
– Eh, qağa, sən həyatda nağıl axtarma, hər şey adidi, hər şey. Adam başa düşdükcə sakitləşir, tabe olur, öyrəşir. Nə isə, evlən, sonra gec olar.
“Sən evlənibsən əllərin yağa batıb, mən də evlənim bala batsın. Adını alim qoyubsan, uşaqlarının cındırından cin hürkür”,- kiçik qardaş fikirləşdi.
Ana sərçə balalarına yem verib uçub getdi. Birdən balalardan biri yuvadan çıxdı, istədi uçsun, qanad çaldı, amma yerə düşdü. Bayaqdan bunu arzulayan pişik ildırım sürəti ilə quşu qamarlayıb qaçdı.
– Dünən də bir bala sərçə düşdü, onu da pişik apardı,- kiçik qardaş dedi.
– Tanrı hamının qəlbinə görə verir,- ana dilləndi,- bax niyə qaranquşun balaları düşmür, sərçənin balaları pişiyə qismət olur?
– Heç kəsin ahı yerdə qalmır. Nə isə, istidir, gedək çaya çimməyə, fikirləşsək çox şey çıxacaq,- böyük qardaş dedi.
Hər ikisi durub yola yola çıxdılar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür