Senet.az oxucularına tanınmış şairə, yazıçı Sona Teymurbəyli-Rəhimlinin şeirlərini təqdim edir.
KÖNÜL SULTANIM
Bütün ümidlərin bitdiyi yerdə,
İnsana inamım itdiyi yerdə,
Ömrümün baharı ötdüyü yerdə,
Sən çıxdın qarşıma, könül sultanım,
Yazılsın o gündən ömür dastanım.
Taleyimə qəm yelləri əsəndə,
Xoşbəxtlikdən ümidimi kəsəndə,
Kədərlənib öz bəxtimdən küsəndə,
Sən çıxdın qarşıma, könül sultanım,
Yazılsın o gündən ömür dastanım.
Tənhalıq qəddimi yaytək əyəndə,
Nakam qəlbim qəm nəğməsi deyəndə,
Göz yaşlarım yanağımı döyəndə,
Sən çıxdın qarşıma, könül sultanım,
Yazılsın o gündən ömür dastanım.
Gəldin, qara bəxtim bəmbəyaz oldu,
Ömrümün qışı da güllü yaz oldu,
Sandıq ki, ömrümüz lap taraz oldu,
Sən çıxdın qarşıma, könül sultanım,
Yazılsın o gündən ömür dastanım.
Dindi taleyimin arzu-diləyi,
Gül açdı ömrümün solan çiçəyi,
Nur səpdi yoluma sevgi mələyi,
Sən çıxdın qarşıma, könül sultanım,
Yazılsın o gündən ömür dastanım.
Qoşa ömür sürək, ömür, sultanım.
27.XII.2012.
SARILACAQSAN
Məhəbbət dünyanı mənsiz ansan da,
Görüşsək, yenidən vurulacaqsan.
Bulanıq su kimi lal dayansan da,
Bircə baxışımla durulacaqsan.
Günlərin fərəhli, ömrün balsa da,
Ətrafını nəvələrin alsa da,
İllərlə gözlərin yolda qalsa da,
Məni gözləməkdən kor olacaqsan.
Yaz havasıtək içinə dalsam,
Səhər mehi kimi saçını yolsam,
Su kimi torpağa hopub, yox olsam,
Mənsiz yarpaq kimi saralacaqsan.
Ömrün vaxtsız ötdü, son bahardasan,
Tənhamı qalmısan? Bəlkə, dardasan?
Ömrümün sevinci, söylə, hardasan?
Məni səsləyərkən yorulacaqsan.
Bələnsə saçların qırova, dənə,
Batsa baxışların kədərə, qəmə,
Bir gün uşaq kimi qoşub kölgəmə,
Amal, sarmaşıqtək sarılacaqsan.
10 iyun 2013-cü il.
GƏLMƏRƏM
Bilirsən, ömrümdə sən bivəfadan,
Yayda belə qar almağa gəlmərəm.
Eşqim alışmasa, hey tüstülənsə,
Atəşindən qor almağa gəlmərəm.
Həsrətin qəlbimi paralasa da,
Son sözün neştərtək yaralasa da,
Baxışların yollarımda qalsa da,
Bir də sənə yar olmağa gəlmərəm.
Sənsiz keçən hər günüm bir il olsa,
Gəncliyim ötüşsə, ömrüm kül olsa,
Su tapmasam, axan sular lil olsa,
Səndə olsa çay, almağa gəlmərəm.
Şimşəktək təzədən gurlayıb çaxsan,
Gündə bir gözəlin yoluna çıxsan,
Su kimi ömrünə, könlünə axsan,
Gendən baxıb xar olmağa gəlmərəm.
Amalam, tez ötdü cavanlıq çağım,
Qövr etdi sinəmdə hey həsrət dağı,
Hələ yamyaşıldır eşqimin bağı,
Bir gül kimi saralmağa gəlmərəm.
10 iyun 2013-cü il.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür