Senet.az Cəlil Məmmədquluzadənin “Cümhuriyyət” məqaləsini sizə təqdim edir:
CÜMHURİYYƏT
(Respublika)
Vətəndaşlar!
Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz musəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir.
(Borcumuz)
Vətəndaşlar!
Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az- çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, taki bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasmdan və əhvalından bəqədri-imkan xəbərdar olsunlar.
(Mənası)
Vətəndaşlar!
Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri.
(Tarixi)
Pis olmaz ki, cümhuriyyət deyilən üsuli-idarənin tarixini də müxtəsər surətdə yada salaq.
Vətəndaşlar!
Cümhuriyyət üsul, idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar və lakin həmin qədim zamanlarda bir tərəfdən ağalıq və digər tərəfdən qulluq o dərəcədə idi ki, ədalətin və müsavatın yoxluğundan və ümumiyyətcə millətlərin avamlığı bərəkətindən qədim cümhuriyyət idarələri davam edə bilmədilər. Axirül-əmr nadan məxluqat öz yaxalarını yenə zalım padşahlar ixtiyarına verdilər.
Qədim əsrlərdən keçəndən sonra gəlib çıxırıq orta əsrlərə və burada cümhuriyyəti görürük Şvetsariya məmləkətində. Bu həmən cümhuriyyətdir ki, indi də davam edir.
Təzə əsrimizin cümhuri hökumətlərinin biri Amerika cümhuriyyətidir ki, tarixi-miladiyyənin XVIII əsrinə kimi ingilis hökumətinə tabe idi və məhz, XVIII əsrdə ingilisdən ayrılıb, “Cəmahiri-müttə- fiqə” adı ilə şöhrət tapdı ki, rusca dəxi deyilir. Severo-Amerikanskie Soedinennıe Ştatı.
Amerikadan sonra gəlib çıxırıq Firəngistana ki, burada üç dəfə inqilab üz verəndən sonra axırda cümhuriyyət idarəsi payidar olub, həmişəlik möhkəmləşdi. Firəngistan inqilabları ittifaq düşüblər birincisi miladiyyə tarixinin 1789-cu ilində, ikincisi 1848-ci ilində və axırıncısı 1870-ci ilində.
Firəngistandan da keçdikdə Amerikanın orta və cənub məmləkətləri və habelə Portuqaliya və Braziliya padşahlıq idarəsini dəyişib, cümhuriyyət qəbul ediblər.
Bu saydığımız cümhuriyyətlərdən savayı, necə ki, Afrikada, habelə də Avstraliyada kiçik cümhuriyyətlər var ki, onların hamısını burada saymağın lüzumunu görmürük.
(İdarə)
Vətəndaşlar!
Qabaqda ərz olunub ki, cümhuriyyət üsulu mocibincə məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir.
Cümhuriyyətlərin bəzisində vəzirlər məhz prezidentə tabedirlər; bəzi cümhuriyyətlərdə vəzirlər məclisi-məbusana tabedir. Bəhərhal, xah[2] vəzirlər, xah bunların rəisi hesab olunan prezident millətin yanında cavabdehdirlər.
(Seçki)
Vətəndaşlar!
Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərtləri var, odur ki, cümhuriyyət seçkisinə dördüzvlü, yainki dördhissəli seçki də, deyilir:
Bu şərtlərin əvvəlincisi ümumilikdir, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkiyə iştirak etməlidir, bilatəfavüti-sinif, cins, din; yəni açığı budur ki seçkiyə kişilər ilə övrətlər də, erməni də müsəlman da, xan da və rəiyyət də durmalıdır.
Bu dörd şərtlərin ikincisi seçkinin müsavi olmağıdır; yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Demək, hər ikimizin səsi bərabərdir.
Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn, kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubemski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin.
Dördüncü şərt seçkinin gizli olmağıdır; yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi.
Çünki aşkardır ki, çox adam var ki, utanmağı və ya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəyi verir.
(Azadlıqlar)
Vətəndaşlar!
Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir. Əvvələn, etiqad azadlığı; yəni hər bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində, məsələn, islamı tollayıb xaçpərəstliyi qəbul edənə ənam verilirdi, amma xaçpərəstin islam dini qəbul etməyə ixtiyarı yox idi.
İkincisi – yığıncaq azadlığı; yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz.
Üçüncü – birləşmək azadlığıdır.
Dördüncü – çap eləmək, beşinci – danışmaq, altıncı – siyasi partiyalar düzəltmək və yeddinci – dilbir olub, həmtədbir olmaqdır.
(Axırı)
Budur cümhuriyyətin ən vacib əsasları!
Vətəndaşlar!
Bir tamaşa edin bu nemətlərə, bu gözəl nemətlərə!
Bir tərəfdən də yada salınız zalım padşahların və onların polislərinin cövr və zülmünü!
Vətəndaşlar!
Əgər bizdə insanlıq hissi hələ ölməyibsə – və güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarım alqışlayıb deyək:
Yaşasın cümhuriyyət!
Axın
Bahar, 1917-ci ildə, Tiflis
[1] Övza – vəziyyətlər
[2] Xah – istər
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub