senetaz

Həsən Əliyev 80 D

05 İyun 2024 396

Dost Vaqifdən şair Səmədoğluya qədərki yol - Rəşad Məcid yazır

Dost Vaqifdən şair Səmədoğluya qədərki yol - Rəşad Məcid yazır

Elə insanlar var ki, onların xatirəsi özləri qədər işıqlı və aydındır. Həmin xatirələr lentini yaddaşın xəyali ekranından izlədikcə ötən günlər üçün qəribsəyirsən və yaşanılan onca gözəl hadisəni, doğma simaları kədərli-sevincli hisslərlə yad edirsən. Vaqif Səmədoğlu da mənim yaddaşımın ən müqəddəs yerində xatirəsi həkk olunan şairlərdən, dostlardan biridir.

Mən Vaqif Səmədoğlunun özü ilə tanış olmazdan əvvəl əfsanəvi imzası ilə rastlaşmışam, yepyeni nəfəsini duymuşam və poeziyasının bakir ifadələr timsalında heyrəti məni bürüyüb. İndi də keçmişə ekskurs etdikdə, ilk yadıma düşən şəxsiyyətlərdən biri Vaqif Səmədoğludur.

Ötən əsrin 70-80-ci illərində sovet senzurası kəskin olduğundan ədəbi diskussiyalar çox vaxt çayxanalarda aparılırdı. Həmin illərdə Aqil Abbasla tanış olmuşdum. O, məni həmin çayxanalara aparırdı. Həmin yerlərdə ədəbiyyat, sənət adamları ilə, uzaqdan tanıdığım və sevdiyim tanınmış simalarla görüşürdüm, söhbətlərinə qulaq asırdım. O söhbətlər tariximiz, mədəniyyətimiz, keçmişimizlə bağlı maraqlı nüanslardan məni agah edirdi. Amma daha çox müasir ədəbiyyat, söz yaradıcılığının dəyərləri barədə söhbətlər gedirdi. Həmin söhbətlər əsnasında tez-tez Vaqif Səmədoğlunun adı çəkilirdi. Aqil Abbas özünəməxsus pafosla, sevgi ilə onun haqqında danışırdı.

Bir küçə var şəhərimdə,
sakit, qısa bir küçə...
Yetmiş addım o yana,
yetmiş addım bu yana.
Bir siqaret o yana,
bir siqaret bu yana.

Aqil müəllim onun, bu şeirdə olduğu kimi, insanın hiss və duyğularını rəssamtək təsvir edən poetik nümunələrindən bəhs edirdi. Sonralar sevimli şairimiz Ramiz Rövşənlə tanış oldum və onun da dilindən Vaqif Səmədoğlu yaradıcılığı haqqında dərin fikirlər eşitdim.

Vaqif Səmədoğlu o dövrdə elə də çox çap olunmurdu. Hətta demək olar ki, kitabları nəşr edilmirdi. Xatırlayıram ki, Vaqif Səmədoğlunun yaxın dostu, görkəmli yazıçımız Anar müəllim onun özündən dəftərini götürərək silsilə şeirlərini "Qobustan" jurnalında dərc etmişdi. Nadir hallarda çap olunduğundan Vaqif Səmədoğlu imzası oxucular üçün əfsanəyə çevrilmişdi.

Həmin illərdə rejissor Ramiz Həsənoğlunun "Üç çinar yarpağı" televiziya filmi yayımlandı. Bu film Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadə haqqında çəkilmişdi. Onda çox tanınmayan, hətta hardasa yasaqlı sayılan, bir-birindən xeyli fərqli üç şairin təqdimatı kimi xüsusi əhəmiyyət daşıyırdı həmin film. "Üç çinar yarpağı" ədəbi mühitdə, ümumən, cəmiyyətdə böyük reaksiya doğurdu. Hər üç şairin qeyri-adi şeirləri, bir-birinə bənzəməyən ifadə tərzi hamını heyrətləndirmişdi. O dövrdən Vaqif Səmədoğlunun şeirlərini tapıb oxumağa başladım və bir şair kimi özüm üçün kəşf etdim. İndinin özündə də tez-tez bu şeiri xatırlayıram:

Gecə göy üzü ulduzlarla dolu.
Biri neçə min günəş boydadır
bəzi ulduzların.
Bəs niyə qərq olmuruq
onların işığına,
yanmırıq istisinə?
Ulduzlar çox uzaqdı, çox uzaq,
özgə dərdi kimi uzaq...

İnsanlardan biganəlik, laqeydlik görəndə ulduzların özgə dərdi kimi uzağa bənzədilməsi yadıma düşür, sosial şəbəkələrdə bu misraları paylaşıram.

Nə yaman ağırmış hər gün
Bir ömrü yüz yerə bölmək.
Dəniz sahilində durub
Dəniz həsrətiylə ölmək...

Bu misralar da ara-sıra zehnimdən keçir. Vaqif Səmədoğlu bu misralarla, əslində sovet dövrünün mahiyyətini təsvir edirdi. Biz həmin illər dəfələrlə dəniz sahilində durub dəniz həsrəti ilə ölmək hissini yaşayırdıq. Bu mənada, Vaqif Səmədoğlunun şeirləri cəmiyyətin, duyğuların dəqiq və bənzərsiz əksi idi.

Onun sevgi şeirlərində də pafos, bəlağət yox idi. Sakit və təmkinli misralarla oxucunu ələ almağı bacarırdı. Vaqif Səmədoğlunun bu şeirini gənclik illərində tez-tez deyirdim, indi də əzbərimdədir:

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı, sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, heyranım, ağla...

Laylay kimi insanın ruhuna yayılan bu şeir indi də dillər əzbəridir, müxtəlif qiraətçilər tərəfindən səsləndirilir, internet portallarında tirajlanır. Sevginin bu şəkildə fərqli tonlarla təsvirinə nadir hallarda rast gəlinir. Vaqif Səmədoğlu məhz bu məqamlarla fərqliliyini büruzə verirdi.

Onunla şəxsi tanışlığımın da maraqlı tarixçəsi var. Yaradıcılıqda çox qeyri-adi olduğu kimi, son dərəcə fərqli insan idi; xarizmatik, şux, ünsiyyət müstəvisində də istedad nümunəsi...

90-91-ci illərdə Tərcümə Mərkəzində çalışdığım illəri xatırlayıram. Çox qaynar mühit var idi. Rəhmətlik Aydın Məmmədov gənc yazarları başına toplamışdı. Sonralar Afaq Məsud həmin mərkəzə rəhbərlik edəndə Vaqif Səmədoğlu ora tez-tez gəlirdi və mən onunla həmsöhbət olarkən fərqli, təzadlı xüsusiyyətlərinə bələd olurdum. Vaqif Səmədoğlu daim gənc qələm adamları ilə dostluq edirdi, həmişə onlarla ünsiyyətə can atırdı.

1986-cı ildə Şuşada keçirilən Vaqif Poeziya Günləri mənim ən ülvi xatirələrim cərgəsindədir. Həmin ərəfələr Zakir Fəxri şeirlərimi "Ulduz" jurnalında çap etdirirdi. Onun vasitəsilə jurnalın baş redaktoru Yusif Səmədoğlu ilə də tanış olmaq şansı qazanmışdım... O illər alkoqolizmə qarşı qərar qəbul olunmuşdu, kütləvi tədbirlərdə spirtli içki məhdudlaşdırılmışdı. "03-35" markalı yaşıl "Jiquli"m var idi. Ağdamdan həmin Vaqif Poeziya Günlərinə yollananda "Jiquli"nin arxasını içkilərlə doldurmuşdum. Rəsmi tədbirin ardınca İsa bulağında ziyafət olurdu. Yusif Səmədoğlu, Məmməd İsmayıl, Zakir Fəxri və mən əvvəlcədən ziyafət təşkil olunan yerin arxa tərəfinə gəldik, bizim məclisimiz daha tez başladı. Əsas ziyafətdə sağlıqlar kompotla deyilirdi, qayda-qanuna görə stolda içki yox idi. Biz dördümüz isə arxa tərəfdə "Jiquli"nin arxasındakı içkiləri yavaş-yavaş badələrə süzürdük. Bir az sonra Vaqif Səmədoğlu yaxasında fotoaparatı ilə mənə yaxınlaşdı və həmişə böyük ehtiram göstərdiyi qardaşı Yusif Səmədoğluya işarə edib asta-asta dedi: "Barı, qağam babat vura bildimi?" O yarızarafat-yarıgerçək müraciəti indiyədək yadımdadır.

Vaqif Səmədoğlu əsl vətəndaş idi. O bu kəlmənin haqqını verən qələm adamları sırasında sona qədər məğrur dayanmağı bacardı. Xalq hərəkatı zamanı Vaqif Səmədoğlu özünəməxsus çıxışları ilə prosesdə fəal iştirak edirdi. Bir dəfə milli təklik haqqında, ağrılarımız, acılarımız, hər tərəfdən sıxışdırılmağımız barədə lirik bir çıxışı o insan kütləsində xüsusən dərin təsir oyatmışdı.

Vaqif Səmədoğlu millət vəkili olanda da tez-tez görüşərdik. Sonralar o, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvü oldu. Yadımdadır ki, Şuranın iclaslarında Vaqif Səmədoğlunun davranışı, gəzişi, reaksiyaları, ağır-təmkinli duruşu, danışığı parlamentarilərin diqqətini çəkirdi. Hətta bəziləri bir neçə dəfə Fələstin lideri Mahmud Abbasa oxşadıb onunla salamlaşmışdılar...

Bir dəfə isə Vaqif Səmədoğlu Avropa Şurasının sarayının foyesindəki fortepianoda tənəffüs vaxtı klassik Avropa bəstəkarlarının əsərlərini ifa edərkən, azərbaycanlı millət vəkilinin musiqiyə bu cür dərindən bələd olması hamını heyrətləndirmişdi...

Belə səfərlərin birində Parisdə yaşayan dostum Şahin Sinariya ilə birlikdəydik. Vaqif müəllim Şahinlə mənim fotolarımı çəkmişdi. İndi də o şəkillərə baxanda hiss olunur ki, peşəkar tərəfindən kadra alınıb.... Həmin gəzinti zamanı Strasburqda "Pivə akademiyası" adlanan kafenin qarşısından keçəndə Vaqif Səmədoğlu dedi ki, Rəşad, gəl, biz də burda şəkil çəkdirək. Şahin bizim şəklimizi çəkdi. O şəkil "525-ci qəzet"in redaksiyasındakı masamın üzərindədir.

Vaqif Səmədoğlu ilə dostluq etmək, ünsiyyətdə olmaq özü böyük bir zövq idi. Çox incə yumoru var idi. Onun dərin, kübar, həssas zarafatlarının bir qismi ilə "Bəxt üzüyü" əsərindən tanışıq.

Vaqif Səmədoğlunun ağır xəstəlik xəbəri hamımızı sarsıtmışdı. Tez-tez Türkiyəyə gedib-gəlirdi. Bir dəfə Vaqif müəllim Ankarada olanda biz də, Xalq yazıçısı Anar başda olmaqla, bir tədbirdə iştirak üçün ora yollanmışdıq. Anar müəllim zəng edib harda olduğumuz barədə ona xəbər verdi və çox keçmədən Vaqif müəllimlə görüşdük. Həmin görüşdə Anar müəllimlə Vaqif Səmədoğlunun şirin söhbətlərinə, zarafatlarına, keçmişlə bağlı xatirələrinə, günümüzün reallıqları ilə bağlı danışdıqlarına maraqla qulaq asırdım... Bu yaxınlarda Anar müəllimin həyat yoldaşı, akademik Zemfira Səfərova "525-ci qəzet"də yayımlanan "Vaqif Səmədoğlu haqqında xatirələrim" yazısında bu iki böyük şəxsiyyətin dostluğu, səmimi münasibəti, təhsil aldığı illər, gənclik münasibətləri barədə maraqlı nüansları qələmə alıb. Vaqif Səmədoğlunun xəstələnməyi və vəfatı Anar müəllimə çox pis təsir etdi. Yadımdadır, Ədəbiyyat İnstitutunda bir tədbirdə Anar müəllimə zəng gəldi və Vaqif Səmədoğlunun vəfat xəbərini ona çatdırdılar. Həmin tədbiri tərk etdi və bu günə qədər də onun xatirəsini əziz tutur.

Düzü, Vaqif Səmədoğlunun 85-ci doğum günü barədə eşidəndə bir anlıq təəccübləndim. Çünki gözümü açandan Vaqif Səmədoğlunu müdrik, qocaman, ağsaqqal simalı görmüşəm və maraqlıdır ki, o, sağlığında neçə-neçə 85 ilə sığan məsələləri yola verib, neçə-neçə söhbətləri ürəyinə sığdırıb, ürəyində yer tapa bilməyənləri vərəqə köçürüb. Dost Vaqifdən şair Səmədoğluya qədərki yol mənim üçün bəhs etdiyim nəsnələrin timsalında olduqca mənalı, şərəflidir. Bu gün də mən onu məxsusi xarizması, şuxluğu, maraqlı söhbətləri ilə xatırlayıram. Ruhu şad olsun!

Rəşad MƏCİD
Edebiyyatqazeti.az