senetaz

Həsən Əliyev 80 D

04 Oktyabr 2024 1458

Ədəbiyyat inteqrativ fənn kimi - Yazı

Ədəbiyyat inteqrativ fənn kimi - Yazı

 
Ötən əsrin sonları, yeni əsrin başlanğıcından etibarən təhsil sistemimizə kurikulum proqramı tətbiq olunmağa başlanılıb.
 
Proqramın özünəməxsus cəhətlərindən ən önəmlisi inteqrativliyidir. Kurikulumun inteqrativliyi cəmiyyətin məktəbə yönəltdiyi yeni sifarişdir. Əvvəla qeyd edək ki, bütün elmlər mənbəyini dünyadan – yaşadığımız qalaktikadan alır. Onlar vahid dünyanın müxtəlif sahələrini öyrənirlər. Dünya isə məkan, zaman, canlı və cansız varlıqların vəhdətindən ibarətdir. Bu dünyada həyatını düzgün təşkil etməyə qadir olacaq insanların təhsili də bu dünya ilə əlaqəli şəkildə həyata keçirilməlidir. Dünya vəhdət təşkil etdiyi kimi, elmlər də vəhdət təşki etməli, öz aralarında əlaqələndirilməlidirlər. İkincisi, məktəbyaşlı uşaq və gənclər daha çox onların maraq dairəsində olan və həyatları ilə birbaşa əlaqəli olan məsələləri öyrənməyə maraq göstərirlər ki, bu da bir fənn çərçivəsində məhdudlaşa bilməz. İnteqrativ təlim şagirdyönümlü təhsilin reallaşmasına böyük dəstəkdir. Üçüncüsü isə məktəbdə təlim saatından səmərəli istifadənin təşkilində inteqrativ təlimin əhəmiyyəti böyükdür. Tanınmış amerikalı filosof və pedaqoq Con Dyui “Demokratiya və təhsil” kitabında yazırdı: “Bütün təhsillər bir yer kürəsi və onun üzərində mövcud olan bir ömürlə bağlıdır. Bizim bir neçə qatdan ibarət Yer kürəmiz yoxdur ki,onun biri riyaziyyat, digəri fizika, üçüncüsü isə tarixlə əlaqəli olsun. Bütün təhsil istiqamətlərini bir-biri ilə, eləcə də məktəbi həyatla əlaqələndirmək çox vacibdir”.
 
Fənlərarası-elmlərarası vəhdət, yəni inteqrasiya böyük anlamdır. Hətta bütöv kainatda nə baş verirsə, onun mayasında elmlərarası inteqrasiya durur. İnteqrasiya anlayışı həyatın bütün sahələrinə aid olmaqla ümumi xarakter daşıyır. Ancaq ümumiliyin içərisində bir xüsusi yanaşma da vardır ki, bu da özünü ilk öncə  təhsil sahəsində, elmlər və fənnlər arasında daha qabarıq göstərə bilir. Bu anlayışın mahiyyətinə gəlincə,  latın sözü olan inteqrasiya “integer” sözündən götürülmüş, “bütöv”, “bütövləşmək” kimi işlədilir. Müasir dövrdə inteqrasiya qlobal təhsil sistemində əhəmiyyətli yer tutur. Lap qədim zamanlardan fənnlər və elmlər bir - birləri ilə sıx əlaqədə olmuş və bu gündə həmin aktuallıq daim inkişafdadır. İnteqrasiyanın bir neçə növü vardır ki, onlardan da birincisi fənndaxili, ikincisi  fənlərarası, üçüncüsü isə fənnüstü inteqrasiyadır. İnteqrasiyanın bu növlərinin hər biri ayrılıqda təlim prosesinin daha yüksək inkişaf  etməsində xüsusi rol oynayır. Bu gün təhsil sahəsində aparılan kurikulum sisteminin də, əsas tələb kimi verilən “inteqrativ təhsil” anlayışı təlim prosesinin  səmərəli və daha keyfiyyətli olmasını bildirir. Təlim zamanı inteqrativlik şagirdlərdə araşdırma, tədqiqat və yaradıcılıq kimi bacarıqların formalaşmasına gətirib çıxarır. 
Göstərilən inteqrasiya növləri özülüyündə bir neçə maraqlı sahələri də birləşdirir ki, onlardan biri də fənnlərarası inteqrasiyadır. Bu inteqrasiyanın dörd növü məlumdur: qohum fənnlərlə əlaqə, yəni  riyaziyyat, kimya, fizika və s., ictimai - humanitar fənnlərlə əlaqə, yəni  tarix, ədəbiyyat, coğrafiya və s ., praktik fənnlərlə əlaqə isə rəsm, bədən tərbiyəsi və s.  kimi anlaşılır. Fənnlər arası inteqrasiyanı ədəbiyyata şamil etsək, bu fənninin daha çox inteqrativ məzmun daşımasının şahidi olmaq mümkündür.  Bu da ondan irəli gəlir ki, ədəbiyyat hər şeydən əvvəl həyatın bütün sahələrində baş verən hadisələri obraz dili ilə hər kəsə çatdıra bilir. Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənəti olduğu üçün bütün elm sahələri ilə yaxından və ya qismən əlaqəsi vardır. 
 
Ədəbiyyatın digər elmlərlə inteqrasiyasından bəhs edərkən ilk öncə Azərbaycan dili ilə inteqrasiyası danılmazdır. Ədəbiyyat fənni Azərbaycan dili üçün daima mənbə rolunu oynamış və eyni zamanda ədəbiyyat da şifahi və yazılı nitqin olması ilə Azərbaycan dilində də, oxu və yazının olmasının eyniliyini təşkil edir. Məsələn, M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” əsərini qeyd etmək olar. Belə ki, ədib, Parisin partlaması hadisəsinin tarixi bir hadisə kimi tarix fənninə, hadisələrin Qarabağ ərazisində baş verməsi ilə, Müsyö Jordonun Fransadan gəlməsi hadisəsində adları çəkilən ərazilərin bu gün dünyanın siyasi xəritəsindəki yerini coğrafiya fənninə istinadən vurğulayır. Sonra Müsyö Jordonun Qarabağa bitki örtükləri ilə tanış olan zaman tibb elmləri ilə əlaqəsi elmlərarası inteqrasiyaya əyani misaldır. 
 
Ş.İ.Xətayinin “Bahariyyə” əsərinin tədrisində isə şeirdə o dövr üçün səciyyəvi, lakin bu gün çətin anlaşılan sözlərin işlənməsinə görə Azərbaycan dili ilə, Şah İsmayılın görkəmli dövlət xadimi və tarixi şəxsiyyət olaraq Azərbaycan tarixindəki mövqeyi və roluna görə Azərbaycan tarixi ilə, bahar fəslindəki bitki və heyvanların oyanışı ilə təbiətdə baş verən hadisələrin təsvirinə görə biologiya ilə ədəbiyyat fənninin inteqrasiyasını görmək mümkündür. 
 
Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması başdan - başa ədəbiyyat və tarix elmlərinin inteqrasiyasının bariz nümunəsidir. Əsərdə Azərbaycanın iki yerə parçalanması ilə bitən və Gülüstan kəndində baş tutmuş bədnam müqaviləyə işarə edən müəllif: “Gülüstan bağlandı o gündən bəri, Bu kəndin adında bir ləkə qaldı” [ səh 78 ] deyir. Burda tarix elminə inteqrasiya etmədən dərsi qurmaq mümkün deyil. Ədəbiyyatın yaxın fənnlərlə inteqrasiya çox geniş bir mövzudur və  eyni zamanda ədəbiyyat ona yaxın olmayan texniki fənnlərlə, o cümlədən  riyaziyyat, həndəsə, kimya, fizika fənləri ilə də vəhdətdə daha yaxşı anlaşılır. Kimya, fizika, biologiya, astranomiya kimi fənlər mahiyyətləri etibarilə ədəbiyyata uzaq fənlər hesab oluna bilərlər. Lakin bu kimi fənlərin nailiyyətlərinə konkret ədəbi nümunələrdə rast gəlinir: M.Füzulinin “Söhbətül-əsmar” poemasında biologiya, tibb elmlərinin, M.F.Axundovun “Hekayəti-molla İbrahimxəlil kimyagər” əsərində kimya elminin, “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” komediyasında təbabət, biologiya elmlərinin, C.Cabbarlının “Yaşar” pyesində fizika elminin və s. bu qəbildən olan əsərlərdən hesab oluna bilər [3, s. 300]. Riyaziyyatla ədəbiyyatın əlaqəsini götürsək, deyə bilərik ki, əgər bədii ədəbiyyat hər hansısa bir hadisəni söz vasitəsilə insanlara çatdırırsa, riyaziyyat isə həmin hadisəni teorem, düstur vasitəsilə riyazi olaraq  ciddi çərçivəyə salır.  Biz bəzən şeiriyyatda da həndəsəni, simmetriyanı görə bilərik. Məsələn, Yavuz Sultan Səlimin divan ədəbiyyatı şeirlərindən bir parça: 
 
Sanma şahım hər kəsi sən sandıkane yar olur. 
Hər kesi sən dostmu sandın belki ol ağyar olur. 
Sandıkane belki ol bu alemdə dildar olur.
Yar olur, ağyar olur , dildar olur serdar olur.
 
Bu şeirin özəlliyi isə ondadır ki, soldan sağa və yuxarıdan aşağı oxuyan zaman misralar eynidir. Bu artıq şeiriyyatda həndəsənin olduğuna bir nümunədir. 
 
ƏDƏBİYYAT
1. Ədəbiyyat. Ümumitəhsil məktəblər. 8-ci sinif üçün dərslik. Bakı nəşriyyatı 
2. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri.İki cilddə. Bakı, "Öndər nəşriyyatı" 2004.
3. Rəfiyeva A.İ. Ədəbiyyat dərslərinin təbiət elmləri ilə inteqrasiyası // Biologiyanın müasir problemləri Respublika konfransının materialları. Sumqayıt, 2018, s. 299-300 
 
Həsrət BƏHRAM OĞLU