senetaz

Həsən Əliyev 80 D

09 Aprel 2015 304

Elbrus Ərudun kamuflyajı – “Anne annem”

Elbrus Ərudun kamuflyajı – “Anne annem”

2Rövşən Danyeri
Jurnalistikaya yeni gələndə bu hadisəni tez-tez danışırdılar. Bir gün Elbrus Ərud Seyran Səxavətə müsahibə almaq istədiyini deyir. Onda hələ Elbrus Ərudun özü də jurnalistikaya təzə başlayıbmış. Seyran Səxavət bir məsələyə görə jurnalistlərdən incik imiş. Elbrus Əruda deyir ki, qardaş mən özümə söz vermişəm ki, mətbuata danışmayım, bir növ danışmaq orucu tutmuşam. Elbrus Ərud da tezbazar deyir ki, harda qonaqlıq verim, iftarı açaq?

Bu hadisəni heç bir jurnalistika fakültəsində tələbələrə danışmırlar. Ancaq praktikada bunu tez-tez xatırladırlar. Özü də bu məsəl  məşhur it adamı yeyərsə, bu xəbər deyil, əgər adam iti dişləyərsə, əsl xəbər budur söhbəti qədər məşhurdur.

Elbrus Ərud jurnalistikada elə bu cümləsi ilə o vaxtdan yadda qalıb. Ancaq niyəsə Elbrus Əruda qarşı münasibət heç vaxt birmənalı olmayıb. Baxmayaraq ki, onun baş redaktoru olduğu Qafqazinfo.az saytı hələ də öz legitimliyini qoruyub saxlaya bilib.

Bu yaxınlarda Elbrus Ərudun “Anne Annem” kitabını aldım. Elə müəllifin özü kimi kitabın adı da çox mübahisələrə səbəb oldu. Düzü mən də kitabı oxumağa başlayanda düşündüm ki, elə kitab sentimental xatirə yazıları ilə dolu olacaq. Nə yalan deyim, fikirləşdim ki, 20-30 səhifə oxuyub, sonradan darıxacağam, kitaba ümumi nəzər yetirib, sonda rəfə qoyacağam. Ancaq müəllifin demək olar ki, bütün yazıları qan-qan deyirdi. Müəllif son illər Azərbaycan ictimai-siyasi məkanında baş verənlərə öz münasibətini ortaya qoyur. Özü də sözün Mustafasını əvvəldə yazır, heç də söz oyununa getmir. Heç bir yazısı sayt rəhbəri maraqlarına xidmət etmir. Ən vacib siyasi məsələlərdə belə lazım olan sözü çəkinmədən deyə bilir. Ortaya əsl jurnalist, vətəndaş mövqeyi qoyur.

Kitabı oxuyarkən zaman-zaman bəzi fikirləri ilə razılaşmırdım. Ancaq ortaya qoyduğu mövqeni o qədər açıq-aydın, səmimi müdafiə edirdi ki, bu yazdıqlarının arxasında başqa bir şey axtarmaq da olmurdu.

Kitabın annotasiyasında belə bir fikir var idi ki, bu kitabı gənc jurnalistlərin oxumağı məsləhətdir. Həqiqətən “nəyi,necə yazmalı?”  sualına cavab axtaran hər bir  jurnalist təhsili alan tələbə bu kitabı  sinifdən xaric oxu ədəbiyyatı kimi istifadə edə bilər.

Bəziləri Elbrus Ərudun kitab çap etdirməsini bir az qəribə qarşılasalar da, düşünürəm ki, günümüzdə problemə bu cür düz-konkret baxış sərgiləyən kitaba ehtiyac var. Son vaxtlar çap olunan  Elbrus Ərudun “Anne annem” və Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı”  kitabları kitab bazarında rəngarəngliyin qorunması üçün vacib hadisələrdəndir.

“Anne annem” heç də başdan-ayağa mükəmməl, səhvsiz kitab deyil. Sadəcə olaraq hazırkı kitabsızlıq şəraitində “Anne annem”i müsbət saymaq olar.

Adını unutduğum bir müəllif demişkən, bu kitabda çox hikmətlər yatır. Əlbət bizdən olanlar bunu görər və anlayarlar.