"Kinomaniya" layihəsi davam edir.
Layihədə film icmalları, analitik yazılar, eksklüziv müsahibələr, kino tarixindən qeyri-adi faktlar və tematik videolar təqdim olunacaq. Kinomaniya həm peşəkar kinosevərlər, həm də sadəcə yaxşı film axtaran izləyicilər üçün etibarlı və kreativ mənbədir.
Layihə kino mədəniyyətini daha geniş kütləyə tanıtmağı, gənclər arasında kinoya marağı artırmağı və tamaşaçını keyfiyyətli ekran əsərləri ilə tanış etməyi hədəfləyir.
1994-cü ildə istehsal olunmuş “Forrest Gamp” filmi rejissor Robert Zemekisin yaradıcılığında mühüm yer tutur və müasir Amerika kinosunun ideoloji-estetik nümunələrindən biri hesab olunur. Erik Rotun ssenarisi əsasında çəkilən film Uinston Qrumun eyniadlı romanından adaptasiya edilmişdir. Ekran əsəri XX əsr Amerika tarixinin əsas mərhələlərini bir fərdin həyat yolu üzərindən təqdim edərək fərd və cəmiyyət münasibətlərini mərkəzə alır.
Filmin süjeti retrospektiv narrasiya üzərində qurulmuşdur. Forrest Gamp avtobus dayanacağında oturaraq həyat hekayəsini təsadüfi insanlara danışır. Bu struktur həm xatirə janrının elementlərini, həm də şifahi folklor üslubunu xatırladır. Hadisələr xronoloji ardıcıllıqla inkişaf etsə də, onların bir çoxu təsadüfi xarakter daşıyır. Məhz bu təsadüfilik filmin əsas ideyalarından biri olan determinizm və iradə azadlığı məsələsini aktuallaşdırır. Forrest Gamp obrazı intellektual baxımdan məhdud, lakin etik və mənəvi baxımdan yüksək keyfiyyətlərə malik bir fərd kimi təqdim olunur. Onun dünyagörüşü sadədir, lakin bu sadəlik primitivlik deyil, əksinə, mürəkkəb sosial mexanizmlərə qarşı alternativ bir həyat modelidir. Forrest hadisələri təhlil etmir, onları olduğu kimi qəbul edir və bu xüsusiyyət onu travmatik psixoloji zədələrdən qoruyur. Obrazın uğuru onun rasional planlaşdırmadan uzaq, lakin davamlı fəaliyyətə əsaslanan həyat mövqeyi ilə izah olunur. Film bu yanaşma vasitəsilə müasir cəmiyyətin həddindən artıq analitik düşüncə modelini dolayısı ilə tənqid edir.
Jenny Curran obrazı Forrestin tam əksi kimi təqdim olunur. Onun həyat yolu zorakılıq, ailədaxili travma və sosial yadlaşma ilə formalaşır. Jenny azadlıq və özünüreallaşdırma axtarışında radikal seçimlər edir və bu seçimlər onu daxili boşluğa sürükləyir. Film Jenny vasitəsilə 1960–70-ci illər Amerika cəmiyyətindəki sosial böhranları, kontrkultura hərəkatlarını və fərdi azadlığın yanlış interpretasiyalarını əks etdirir. Filmdə ailə tərbiyəsi mühüm ideoloji xətt kimi təqdim olunur. Forrestin anası onun şəxsiyyətinin formalaşmasında əsas rol oynayır və inklüziv düşüncənin simvolu kimi çıxış edir. Ananın verdiyi mənəvi dəstək Forrestin cəmiyyət tərəfindən kənarlaşdırılmasının qarşısını alır. Bu kontekst film tərbiyənin sosial determinasiyadakı rolunu vurğulayır. Filmdə tərbiyə personajların şəxsiyyətinin formalaşmasında çox böyük rol oynayır. Forrestin anası onu böyük məhəbbətlə tərbiyə edir və ona həmişə deyir ki, o, digər insanlardan heç nə ilə fərqlənmir və həyatda böyük şeylər əldə edə bilər. Bu inam Forrestə çətinliklərin öhdəsindən gəlməyə və uğur qazanmağa kömək edir.
Digər tərəfdən, Jenny çətin ailə şəraitində böyüyür və ona sevgi, dəstək çatmır. Bu uşaqlıq travmaları onun böyüklükdə ciddi problemlərlə üzləşməsinə səbəb olur.
“Forrest Gamp” filmində ekzistensial fəlsəfənin elementləri müşahidə olunur. Həyatın mənası, təsadüf və zərurət, fərdin tarix qarşısındakı mövqeyi kimi anlayışlar filmin ideya qatını təşkil edir. Filmin simvolik ifadəsi olan “Həyat şokolad qutusu kimidir” metaforası qeyri-müəyyənlik və insanın gələcək üzərində məhdud nəzarətə malik olması fikrini əks etdirir. Film vizual effektlərin tarixi arxiv kadrları ilə sintezi baxımından kino texnologiyası tarixində mühüm mərhələ hesab olunur. Musiqi seçimi dövrün ruhunu əks etdirir və narrativ funksiyanı tamamlayır. Texniki həllər ideoloji məzmunu kölgədə qoymadan, onu gücləndirən vasitə kimi istifadə edilmişdir. “Forrest Gamp” filmi fərdi taleyi tarixi proseslərin fonunda təqdim edərək sadə insan obrazını mərkəzi fiqura çevirir. Film intellektual üstünlüyün deyil, etik bütövlüyün və mənəvi ardıcıllığın həyatda əsas rol oynadığını irəli sürür. Bu baxımdan “Forrest Gamp” təkcə kino əsəri deyil, həm də müasir insanın dünyagörüşünə ünvanlanmış fəlsəfi diskursdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür