Hədəf Dəyərlər Konsepti Qazaxıstan məktəblərində
Nazarbayev İntellektual Məktəbləri (NİM) və Hədəf Şirkətlər Qrupu arasında dəyərlərə əsaslanan təhsil modelinin Qazaxıstan məktəblərinə inteqrasiyasını nəzərdə tutan əməkdaşlıq başladı.
Bu əməkdaşlıq çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, müavinləri dosent Elvin Əliyev, Emin Sadiq və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa Qazaxıstanın Almatı şəhərində yerləşən NİM Almatı məktəbinin direktoru və NİM-ə daxil olan STEP Academy məktəblərində rəsmi səfərdə olublar.
Görüşlərdə məktəblərin direktorları Erbolat Ziyadov, Ermek Paizov və onların komandaları ilə Hədəf konsepti, dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı ətrafında geniş müzakirələr aparılıb, gələcək birgə layihələr və konkret əməkdaşlıq planları razılaşdırılıb.
“Adal Adam” proqramı və Hədəf modeli eyni masada
Nazarbayev İntellektual Məktəbləri uzun illərdir şagirdlərinin yüksək akademik nəticələri ilə tanınır. Son illərdə idarə heyəti təkcə akademik göstəricilərlə kifayətlənmədən, şagirdlərin hərtərəfli inkişafı konsepsiyasını qəbul edib. Bu çərçivədə Qazaxıstanda “Adal Adam” (“Ədalətli İnsan”) proqramı həyata keçirilir və milli, əxlaqi dəyərlərin möhkəmləndirilməsi prioritet elan olunub.
Məhz bu kontekstdə Hədəf Liseyinin təcrübəsi nümunə kimi seçilib. Hədəf konseptinin əsasını milli-mənəvi dəyərlərin müasir təhsil metodları ilə sintezi, tənqidi düşünən, komanda ilə işləməyi bacaran, empatiyalı və məsuliyyətli vətəndaşların yetişdirilməsi təşkil edir.
Almatıda baş tutan görüşlər zamanı dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı və Hədəf Konsepti NİM və STEP Academy rəhbərliyinə təqdim olunub, kitabda təsvir olunan konsepsiyanın Qazaxıstan mühitinə uyğunlaşdırılması ilə bağlı konkret təkliflər irəli sürülüb.
Hər iki tərəf razılaşıb ki:
• Birgə metodiki qruplar yaradılacaq;
• Hədəf modelinin seçilmiş Qazaxıstan məktəblərində pilot tətbiqi həyata keçiriləcək;
• Növbəti tədris ili üçün müəllimlər üçün dəyərlər yönümlü təlim proqramı hazırlanacaq;
• Şagirdlərdə dəyərlərə əsaslanan liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün ortaq layihələr həyata keçiriləcək.
“Savadlı olmaq yetmir, dəyərlərə sahib olmaq və qorumzaq lazımdır”
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq əməkdaşlığı şərh edərkən bildirib:
“Bu gün dünyada hər kəs savaddan danışır, amma təkcə savadlı olmaq yetmir, dəyərlərə sahib olmaq və onu qorumaq lazımdır. Qazaxıstanla bu əməkdaşlıq həm bizim üçün, həm də region üçün vacib bir addımdır. Məqsədimiz – Azərbaycan və Qazaxıstanda böyüyən uşaqların yalnız yaxşı riyaziyyat bilən şagirdlər deyil, eyni zamanda vicdanlı, mərhəmətli və məsuliyyətli insanlar kimi formalaşmasına xidmət etməkdir.”
Görüşlərin davamı olaraq, yaxın aylarda Hədəf və NİM komandalarının həm Bakı, həm də Qazaxıstanda növbəti işçi sessiyaları planlaşdırılır.
Bu əməkdaşlıq regionda dəyərlərə əsaslanan təhsil modelinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir və hər iki ölkə arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək.