"Kinomaniya" layihəsi davam edir.
Layihədə film icmalları, analitik yazılar, eksklüziv müsahibələr, kino tarixindən qeyri-adi faktlar və tematik videolar təqdim olunacaq. Kinomaniya həm peşəkar kinosevərlər, həm də sadəcə yaxşı film axtaran izləyicilər üçün etibarlı və kreativ mənbədir.
Layihə kino mədəniyyətini daha geniş kütləyə tanıtmağı, gənclər arasında kinoya marağı artırmağı və tamaşaçını keyfiyyətli ekran əsərləri ilə tanış etməyi hədəfləyir.
“Başlanğıc”-orijinal adı ilə “Inception”-Kristofer Nolan tərəfindən 2010-cu ildə çəkilmişdir. Məlumdur ki, rejissor bu ideyanı bir neçə il ərzində düşünmüş, hələ 2000-ci illərdə yuxular içində baş verən film-soyğun konsepsiyasını işləyib hazırlamağa başlamış və onu daha ciddi, dərin məzmunlu bir hekayəyə çevirmişdir.
O dövrü xatırlayaq: “Matrix”in hakimiyyəti və dünyamızın qeyri-real olması ilə bağlı fikirlər aktual idi. Lakin “Başlanğıc” (Inception) həmin trendi sadəcə istismar etmir; o, öz terminologiyası, artefaktları və qaydaları olan, müxtəlif insanların eyni yuxunu görə bildiyi müstəqil bir dünya yaradır.
Filmdə baş rolu hər rolu əvvəlkindən tamamilə fərqlənən, çoxşaxəli və istedadlı bir aktyor Leonardo Di Kaprio canlandırır. Eyni zamanda burada Marion Kotiyyarı da görürük — “ölümcül qadın” (femme fatale) arxetipinə mükəmməl uyğun gələn, son dərəcə cazibədar bir aktrisa. Onun “Paris gecəyarısı” filmində də oxşar ampluası vardı. Bundan başqa, gələcəkdə “Peaky Blinders” serialı ilə məşhurlaşacaq Killian Mörfi, “Umbrella Academy”nin gələcək qəhrəmanı Elliot Peyc, artıq o dövrdə “Yayla 500 gün” filmi ilə tanınan Cozef Qordon-Levitt və Tom Hardi də aktyor heyətində yer alırdı. Aktyor seçimi həqiqətən möhtəşəmdir.
Dominik Kobb çox qeyri-adi soyğunlarla məşğuldur — bu soyğunlar ortaq yuxular içində baş verir. Onun hədəflərindən biri olan Saito ona daha çətin bir tapşırıq təklif edir: “yuxu içində yuxu” vasitəsilə bir insanın şüuraltısına fikir yerləşdirmək, yəni mümkünsüz sayılan “inception” missiyasını həyata keçirmək. Əvəzində isə Kobbun həyat yoldaşının qətlində şübhəli bilinməsi ilə bağlı ittihamları aradan qaldırmağa, onun evinə — uşaqlarının yanına qayıtmasına kömək edəcəyini vəd edir.
Kobb bu təklifi qəbul edir və ideyanı reallaşdırmaq üçün bir komanda toplayır. Lakin hər şey bu qədər sadə deyil. Onun şüuraltısında yaşamağa davam edən keçmiş həyat yoldaşı Mol Kobbu buraxmır və komandanın bütün planlarına fəal şəkildə müdaxilə edir.
Nəticədə onlar tapşırığı yerinə yetirir, müxtəlif ssenarilərdə üç yuxu səviyyəsindən keçirlər. Əslində, filmin adını “Başlanğıc” deyil, “Keçirilmə” və ya “Yerləşdirmə” kimi tərcümə etmək daha doğru olardı, çünki Saito Kobbdan məhz bunu — bir fikri şüuraltına yerləşdirməyi xahiş edir. "Inception" sözü də məhz bu mənanı ifadə edir. Beləliklə, filmin adı birbaşa qəhrəmanların dialoqundan götürülmüş terminə əsaslanır. Bu üsul “the drop” adlanır.
Filmdə yaradılan reallıq bizim dünyamızdan demək olar ki, fərqlənmir; yeganə fərq ondadır ki, müxtəlif insanlar eyni yuxunu eyni anda görə bilirlər. Bu konsepsiya 2010-cu illərdə populyar olan şüurlu yuxular ideyasını xatırladır. “Yuxu içində yuxu” isə rus matryoşkasını xatırladan bir quruluşa malikdir.
Mol obrazı “ölümcül qadın” (femme fatale) tropunun nümunəsidir. Bu trop xüsusilə 1940–50-ci illərdə, noir janrında məşhur idi. Hər şeyin ümidsiz göründüyü bir dünyada, bu cür qadın obrazı baş qəhrəmanın daxili nevrozunun təcəssümü kimi çıxış edir. Burada Mol obrazı filmin dramatizmini gücləndirmək üçün istifadə olunur. “Trope” hekayəçilikdə bədii üsuldur — bir obrazı və ya hadisəni formalaşdıran bir neçə xüsusiyyətin cəmidir. Eyni tip obrazlarla müxtəlif film, kitab və seriallarda tez-tez rastlaşırıq.
Beynimiz bu oxşarlıqları hiss edir, lakin trope-un adını və xüsusiyyətlərini bilmədikdə, bunu izah etməkdə çətinlik çəkirik. Filmin leytmotivi Edit Piafın “Non, je ne regrette rien” mahnısıdır. Yuxunun bir səviyyəsindən digərinə keçid — “oyanma” məhz bu musiqinin müşayiəti ilə baş verir.
Ariadna qədim yunan mifologiyasında Teseusun Minotavr labirintindən çıxmasına kömək edən sehrli ipi ilə tanınan qəhrəmandır. Filmdə yuxu labirintlərini quran memarın da Ariadna adlandırılması təsadüfi deyil.
“Kobb” adı isə sanskrit, hindi və bir neçə başqa dildə “yuxu” mənasını verir. Kobbun komandası tez-tez müxtəlif konsepsiyalarla əlaqələndirilir. Məsələn, onların hamısının bir şəxsiyyətin müxtəlif tərəflərini simvolizə etdiyi düşünülür: Yusuf — rasional düşüncə, Artur — çeviklik və bacarıq, Ariadna — yaradıcılıq, Saito — müdriklik, Ems — adaptasiya qabiliyyəti, Kobb — liderlik, Mol isə insanın zəif və həssas tərəfləridir.
Başqa bir yanaşmaya görə isə bütün “inception” prosesi kinoproduksiya prosesinə bənzədilir: Kobb — rejissordur, Ariadna — operator, digər komanda üzvləri çəkiliş heyəti, Saito isə varlı prodüserdir.
Filmin əsas sirrlərindən biri finalda totem olan fırlanan topacın düşüb-düşməməsidir. Əgər o, sonsuzadək fırlanarsa, deməli Kobb hələ də yuxudadır; əgər düşərsə — reallığa qayıdıb. Uşaqlarına tərəf getməzdən əvvəl Kobb topacı işə salır, lakin nəticəni gözləmədən ona arxa çevirib uşaqlarının yanına gedir.
Bəs Kobb yuxudadır, yoxsa yox?
Kristofer Nolan bu suala dəfələrlə cavab verib və əsas vurğuladığı məqam budur: filmin bütün mənası ikimənalılıqdadır. Əslində, Kobbun yuxuda olub-olmaması vacib deyil. Nə onun üçün, nə də bizim üçün.
Əsas olan odur ki, o, çox həsrət qaldığı uşaqları ilə bir yerdədir. Digər bir versiyaya görə isə Kobbun əsl totemi topac deyil, üzükdür — üzük yuxularda görünür, reallıqda isə yox olur.
Finalın mənasını anlamaqda başqa bir vacib detal da Kobbun qayınatasıdır. Bu rolu canlandıran aktyor Nolandan soruşmuşdu ki, onun hansı səhnələri yuxu, hansıları reallıqdır. Nolan cavab vermişdi ki, professorun göründüyü bütün səhnələr reallıqdır, çünki bu obraz yuxularda mövcud deyil. Buradan nəticə çıxarmaq olar ki, Kobb həqiqətən də uşaqları ilə görüşür.
Lakin film yalnız simvollar və hekayəçilik tapmacalarından ibarət deyil; onun güclü marketinq mənası da var. Şüuraltımıza yerləşdirilən bir fikir zamanla böyüyür və son dərəcə israrlı hala gəlir.
Əslində, bu gün təbliğat və sosial media məhz bu cür işləyir: sən Instagram-da 15 dəfə yaxtada gəzən insanları görürsənsə, tədricən səndə də mütləq yaxtada gəzməli olduğun fikri formalaşır.
Hekayəçilik də elə budur: müxtəlif üsul və texnikalar vasitəsilə insanın beyninə bir fikir yerləşdirilir və sonrakı mesajlarla bu fikir möhkəmləndirilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür