Kariye kilsəsinin çıxışında bir çay bağçası, bir də "Təkfur sarayı"nın yolunu göstərən işarə var. Hansına gedim deyə xeyli fikirləşdim. Həmişəki kimi marağım nəfsimə güc gəldi, sarayın yönünü tutdum. Günün istisində xeyli yeridim.
Getdikcə adamların sayı azaldı. Tezliklə, sonsuzluq kimi uzanıb gedən yolda, kiflənmiş və tör-töküntü divarlardan başqa, lava üzərində yeriyirmiş kimi hiss etdirən qaynar yolda məndən başqa heç kim qalmadı. Taqətimin kəsildiyini düşündüyüm anda qarşıma sonunun harda bitdiyini görə bilmədiyim qala divarı çıxdı. Divarın yanı ilə "Təkfur sarayına gediş" işarəsini təqib edərək sarayın qarşısına çatdım. Qorxudan anasının ətəyindən yapışan uşaq kimi, bütün gözlərdən, baxışlardan qaçıb qala divarlarına sığınan ürkək bir saray ucalırdı qarşımda. Bir vaxtlar Vlaxerna adı ilə məşhur olan, Haliçə doğru uzanan, saray kompleksinin bir hissəsi olan bu abidə kim bilir nələrə şahidlik edib ki, gözümə bu cür titrək göründü. Təkfurdan əvvəl, Dəyirman qapı ilə İncili köşk arasında yerləşən imperatorluq ailəsi üçün bəzən həbsxana, bəzən öldürüldükləri yer olan Manqana sarayı da varmış. O dağıdılaraq yerində Vlaxerna - indiki adı ilə Təkfur sarayı inşa edilir. Maraqlıdır, insan görmədiyi zaman, əslində var olanın yox olacağı kimi sadəlövh düşüncəyə necə qapılır? Ola bilər ki, Manqana sarayından günümüzə qədər demək olar ki, nəsə gəlib çıxmayıb, ancaq adı, orda olan hadisələr yaşayır axı!
Kim, niyə, nə üçün?
Az insanın bildiyi, tək-tük insanın ziyarət etdiyi yerdir bura. Konstantinopolun əsrlərdən bəri var olan qala divarlarının ən sonunda, solunda yerləşir. Hər kəs bu ərazidə Kariyə kilsəsinə gəlir. Onsuz hamının marağında olan da oradır. Təkfur sarayı niyəsə diqqət çəkmir. Halbuki kilsədən çıxan kimi işarələr buraya gələn yolu göstərir. Sarayın min illik tarixi var. Kimin inşa etdirdiyi ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələr, Komnenosun həyat yoldaşı İrina üçün, bəziləri Mikayılın oğlu Konstantinə görə tikdirdiyini söyləyir. Böyük şəhərin qala divarlarını inşa etdirən Teodiusun sarayın tikilməsində rolu olduğunu deyənlər də var. Hətta Konstantinin oğlu Romans üçün möhtəşəm saray inşa etdirdiyi tarixi məlumatlar arasındadır. Həmin sarayın Təkfur olduğu ehtimal edilir. Bəzi tarixi mənbələrdə, İsanın doğuluşundan sonra Bizans imperatoru Porfiroqenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatları rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XI-XII əsrlərdə xidmətçilərin qalmağı üçün inşa edildiyini deyir.
Qısacası, kim, niyə, dəqiq olaraq nə vaxt inşa etdirib bəlli deyil, tək həqiqət budur ki, Təkfur sarayı Roma əsəridir və ən maraqlısı odur ki, bu gün dünyada mövcud olan yeganə Bizans sarayıdır. Fəthdən əvvəlki son illərə qədər Konstantinopol buradan idarə edilirmiş. Elə təkcə bu məlumat saray tarixinin nə qədər dərin və əhəmiyyətli olduğunu isbat edir.
Təkfur kimlərə deyilir?
Bizans İmperatorluğu dönəmində qubernator vəzifəsində olan insanlara təkfur deyilirmiş. Kökü erməni dilində olan "takavor" sözündən gəlir. Anadolu və Ruməlidəki xristian kişilərə təkfur deyə müraciət edilirdi. Mənası, "tac daşıyan kral" deməkdir. O zamanlar bölgələrə rəhbərlik edən şəxslər təkfur adlandırırdılar. Bütün təkfurlar Konstantinapoldakı Bizans İmperatorluğuna bağlı idi, amma tarixdə özbaşına hərəkətləri ilə qalıblar. Xalqdan artıqlaması ilə vergi alan, dəstə yığan, insanlara qan udduran zülmkarlar idilər. Hətta Osmanlı dövlətinin qurulduğu ilk illərə qədər təkfur adı çox keçir. Çünki Osman bəy və Orxan bəy dönəmində təkfurlarla ciddi mübarizə aparıblar. Statuslarını itirdikdən sonra digər çox şey kimi onlar da tarixin tozlu səhifələrinə qarışıb gedirlər.
Min illik tarix, minlərlə zərbə
Böyük saray adı ilə də tanınan abidə min illik tarixi ərzində çox mədəniyyətlərə şahid olub, dəfələrlə dağıdılır, yandırılır, işğalların, savaşların "ayaqları" altında qalır. 1261-ci ildə dərin restavrasiyada keçir. Ancaq vəziyyət elə gətirir ki, 1400-cü illərdə ərazi tamamilə xarabalığa çevrilir. Latın işğalında böyük zərər görür. Eyni əsrin ortalarında yenidən restavrasiyadan keçir. Sonra yenidən və dəfələrlə tərk edilir, xarabaya çevrilir. Saray 1700-cü illərdə həmin dönəm Osmanlının baş vəzirlərindən olan və Sultan III Muradın qızı Ayşə sultanla ailə qurduğuna görə "damad" ləqəbi ilə tanınan İbrahim Paşa tərəfindən canlandırılır. Bu saraya ciddi maraq duyan yeganə dövlət adamı İbrahim Paşa olur. Kimsəsiz qalmış sarayı canlandırmaq üçün İznikdən çini ustalarını gətirdir və burada dulusçuluq atelyesi qurdurur. Bu layihə o qədər yaxşı davam edir ki, tezliklə eynən İznikdə olduğu kimi, çini qabların istehsalı başlayır. Çıxan əsərlər bir çox abidənin bəzədilməsində də istifadə edilir. Həmin əsərləri Kandilli məscidi, Əhməd çeşməsi, Həkimoğlu Əli Paşa məscidi kimi yerlərdə görmək olar. İbrahim paşa çətin dönəmlərdə baş vəzirlik etməyinə rəğmən, çox böyük uğurlara imza atıb. Yenidənqurmanın fərqində olan dövlət adamı olub. Osmanlıda sənayenin ilk önəmli addımları, mətbəənin quruluşu, müxtəlif yenilənmə hərəkatlarında onun imzası var. Lalə dövrünün memarı sayılır. Nevşəhəri quran da o olub. Fəqət sonu bir çox siyasətçilərinki kimi pis bitir. Patron Xəlil üsyanında Padşah III Əhməd tərəfindən öldürülür, cəsədi üsyançılara verilir və Təkfur sarayının işığı kim bilir neçənci dəfə sönür! Ümumiyyətlə, tarixdə bu cür çirkin faktlar çoxdur. Adam bilmir, siyasətçinin əxlaqsızlığınamı hirslənsin, yoxsa xalqın vəhşiliyinəmi təəccüblənsin. Təbii ki, bu gün də belə hadisələr var, sadəcə işin içinə müasirlik və texnologiya daxil olduğuna görə, böyük vəhşiliklər bizlərə adi hal kimi gəlir. Amma dərindən baxanda görürsən ki, sadəcə illər, geyimlər dəyişib. Xislət eynidir, vicdansızlıq eynidir!
Qaşıqçı almazından sonra başlayan talan
Sarayın ən acınacaqlı dönəmi 1900-cü illərdir. O qədər pərişan hala düşür ki, sadəcə divarlardan ibarət viranəyə çevrilir. 1953-cü ildə Sarayda restavrasiya başlayır. Proses 20 ilə yaxın davam edir. Amma görülən bütün işlər qədim sarayın əvvəlki görkəminə qayıtmağı üçün yetərsiz qalır. İllər sonra 2005-ci ildən etibarən ciddi təmir işləri başlayır. Yeni tavan əlavə edilir. Proses bu dəfə on doqquz il davam edir və dörd il əvvəl muzey olaraq ziyarətə açılır. Yəqin ki, məşhur "Qaşıqçı almazı"nın sarayın zibilxanasından tapıldığını bilməyən yoxdur. Saraya ən böyük zərbə bu tapıntıdan sonra vurulur. Xəbərin yayılmağı ilə dəfinə axtarışında olanlar abidənin hər tərəfini qaza-qaza talan edir, dəhşətli vəziyyətə salırlar.
Restavrasiya, yoxsa fantaziya?
Saray fərqli memarlığa sahibdir. Qeyri-adi balkonu, pəncərələri var. Döşəmə qatı digər saraylarda olduğundan çox fərqlidir. Mərtəbələr arasındakı bağlantılara da başqa yerlərdə rast gəlmək mümkün deyil. Uzun keçmişə yola çıxdığını sandığın anda fosilli əhəng daşları gözünə dəyir və insanın baxışlarını cırmaqlamağa başlayır. Fikirləşirsən ki, görəsən, bu cür qədim bir sarayın bər-bəzəyə ehtiyacı olduğuna kim qərar verib? Bu fantaziyanı kim uydurub? Əslində abidə əsrlər boyu o qədər dağılıb ki, hər dəfə yenilənəndə yeniləyənlər müxtəlif əlavələr ediblər. Mərtəbələr arasındakı fərqlilikdən də bunu açıq-aşkar görmək mümkündür. Zənnimcə, əslinə uyğun olaraq yenidən əldən keçirilməlidir. Orijinal görüntüsü ilə əlaqəsi olmayan, uyğunluq təşkil etməyən əlavələr təcili ləğv edilməlidir.
İmperatorluqdan fahişəxanaya
Saray çox maraqlı və müxtəlif məqsədlər üçün istifadə edilib. Məsələn, bir dönəm uzaq iqlimlərdən gələn heyvanların da olduğu zoopark olub. İstanbula səyyah olaraq gələn Con Sandersonun rəvayətinə görə, özündən qırx il əvvəl gələn Ogier Qiselin Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəyirmiş, lakin zürafə bir neçə gün əvvəl ölür. Dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son qoyur.
Sonra bir müddət fahişəxana olaraq istifadə edilir. Daha sonra yardıma ehtiyacı olan insanların sığınağına çevrilir. Bir dönəm müsəvilərin yaşaması üçün ayrılır. Aradan yenə vaxt keçir, bu dəfə saray dulusçuluq atelyesi olaraq tarixə keçir. Bina sağlam vəziyyətdə olmağına baxmayaraq, osmanlılar tərəfindən heç vaxt saray olaraq istifadə edilmir. Bu fakt təəccüblü gəlmədi. Osmanlı sultanlarının yarıdan çoxu öz qanlarından olan və özlərindən əvvəlki padşahların inşa etdirdiyi sarayların təhlükəsizliyinə etibar etmədikləri üçün oralarda yaşamadılar. Ona görə də, şəhərin hər tərəfində nəhəng saraylar ucalır. Təbii ki, bu, güvənməməkdən irəli gəlir. Güvənsizlik hər baxımdan insanı məğlub edir.
Sürətlə azalan dəyər anlayışı
Dünya miqyasında xüsusi bir yerə sahib olan nadir abidə bu gün lazımi dəyəri görmür. O dərəcədə ki, məndən başqa ziyarətçi yox idi. Ziyarət zamanı çini sobaları, şüşə qablar, boşqab, amfora, çanaq kimi müxtəlif əşyaları burada görmək mümkündür. Divar örtüyü seramik növləri, möhtəşəm çini mehrab da sarayda sərgilənir. Bir də yox olanlar var. Roma imperatorlarının qızıldan hazırlanmış, müxtəlif mücəvhərlərlə bəzədilmiş məşhur taxt Təkfur sarayında yoxa çıxır və bir də heç vaxt tapılmır. Saray məndə dərin bir ruhu varmış kimi təsir yaratdı. Üz-üzə gəldiyimiz an ürkək olduğunu hiss etməyim təsadüf deyildi. Hər cür xəyanətə, yalana, talana, zərbəyə, əxlaqsızlığa məruz qalıb, hələ də ayaqda qalmağı insana möcüzə kimi gəlir və təsirləndirir.
Türkan TURAN
525.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub