senetaz

Həsən Əliyev 80 D

22 Dekabr 2025 3385

İsa Muğannanın zəngi-Şəmil Sadiq yazır

İsa Muğannanın zəngi-Şəmil Sadiq yazır

Bir gün hörmətli akademik Nizami Cəfərov danışırdı ki, gecənin bir aləmində ustadımız İsa Muğanna müəllim zəng vurub. Səsi həm yorğun, həm əsəbi, həm də ürəyi dolu imiş. Deyir ki, “Nizami, Qağa, bu belə olmaz… Ədəbiyyatımız niyə bu gündədir? Ədəbiyyatşünaslığımız niyə bu vəziyyətə düşüb? Niyə bu haldayıq?”
Nizami müəllim deyir ki, gecədir, özü də yorğundur, günün ağırlığı çiyinlərindədir, yuxu gözlərini aparır. Amma İsa müəllim ürəyi yanaraq danışır, dərdini deyir, problemləri bir-bir sadalayır. Bir az qulaq asır, bir az müzakirə edirlər. Sonra görür ki, söhbət uzanır. Gülümsəyərək deyir:
“İsa müəllim, indi gecədir. Allah qoysa, səhər açılsın, ədəbiyyatımızın məsələsinə baxarıq.”
Bu hadisə son iki gündür mənim tez-tez yadıma düşür. Axşamlar yaxın dostum Ələddin müəllimlə uzun-uzadı təhsildən danışırıq. Bəzən bir saat, bəzən iki saat… Təhsilin problemləri, necə olsa, daha yaxşı olar, nəyi haradan başlamaq lazımdır, söz sözü çəkir.
Bu gün də xeyli danışdıq. Elə bu söhbətin içində həmin əhvalat yadıma düşdü, Ələddin müəllimə danışdım. O da güldü. Mövzunu bir az şirinliyə bağlamaq üçün dedim:
“Ələddin müəllim, inşallah səhər açılsın, təhsilimizin məsələləri ilə onda məşğul olarıq.”
Beləcə, bu günü də bu sözlərlə başa vurduq.
Sabaha isə Allah kərimdir.