senetaz

Həsən Əliyev 80 D

03 Dekabr 2025 1107

KRİSTOFER NOLAN: “HƏR HANSI BİR MESAJ VERMƏK NİYYƏTİM YOX İDİ”

KRİSTOFER NOLAN: “HƏR HANSI BİR MESAJ VERMƏK NİYYƏTİM YOX İDİ”

KRİSTOFER NOLAN: “HƏR HANSI BİR MESAJ VERMƏK NİYYƏTİM YOX İDİ”

 

Senet.az Britaniya əsilli amerikalı kinorejissor, prodüser və ssenarist Kristofer Nolanın müsahibəsini təqdim edir:

 

  • “Interstellar”dən tutmuş “The Prestige”, “Tenet” və indi də “Oppenheimer”ə qədər bir çox filminizdə elm elementi var. Bu nəyə görədir?

 

  • Düşünürəm ki, fizika, elm və ümumiyyətlə kainata olan ilkin marağım mənim uşaqlığımdan gəlir. Mən yetmişinci illərin sonlarında böyümüşəm və uşaq olanda Corc Lukasın ilk “Star Wars” filmi çıxmışdı. Elmi-fantastika təxəyyülü çox güclü alovlandıran bir şey idi. Bununla yanaşı, elmin təqdimatı – xüsusilə də Carl Saganın “Cosmos” kimi proqramları – elmi-fantastikaya olan marağımızdan istifadə etməyə çalışırdı. Bu məndə dərin iz buraxdı və xüsusilə də “Interstellar” kimi filmlərdə bunu tətbiq etdim. Orada Nobel mükafatlı alim Kip Thorne ilə çalışdım. O, bizə göstərdi ki, kainata elmi baxışdan yanaşmaq dramatik baxımdan çox təsirli ola bilər.

 

  • Kip Thorne “Tenet”də də sizinlə işləyib, deyilmi?

 

  • Bəli, “Tenet”də də o, fizika qanunları ilə bağlı məsələlərdə mənə kömək etdi. Amma “Tenet”də artıq “Interstellar”dən fərqli olaraq daha çox elmi-fantastik düşüncə tərzinə yönəlmişdim. “Oppenheimer”də isə 1920-ci illərdə çalışan alimlərə baxırıq — onlar dünyanın öz mahiyyətini yenidən dəyərləndirir, tamamilə inqilabi bir şəkildə təsəvvür edirdilər. O dövrdə elm demək olar ki, sehr kimi görünürdü — onlar dünyanın qalan heç kimin anlaya bilmədiyi şəkildə təsvirini qururdular. Və bu günə qədər kvant fizikası klassik fizika ilə tam uzlaşdırılmayıb.

 

  • “Bu hələ də böyük bir sirrdir.”

 

  • Bəli, ən böyük sirlərdən biridir. Buna görə də hekayəçilik baxımından “Oppenheimer” çox açıq şəkildə göstərir ki, gənc Oppenheimer kvant nəzəriyyəsini təsəvvür etməyə, Einsteinin kəşfləri üzərinə inşa etməyə çalışarkən əslində ətrafımızdakı maddənin içinə baxırdı. O, enerjini və enerji dalğalarını görürdü və bu, demək olar ki, mistik, sehrli bir hiss yaradırdı. Bu isə dramatik baxımdan çox cəlbedicidir. Tamaşaçılar bunu tam anlamalı deyillər — sadəcə o inqilabi həyəcanı hiss etmələri kifayətdir. Sanki sehrbaz və ya cadugər kimi bir şey. Mənim üçün elmin filmlərimə daxil olması məhz bu dramatik imkanlarla bağlıdır.

 

  • Bu dramatik imkanlar sizin qeyri-xətti hekayə danışma tərzinizlə necə uzlaşır?

 

  • Deyərdim ki, mən danışmaq istədiyim hekayəyə uyğun strukturu seçirəm. “Oppenheimer”də tamaşaçıya bir ömrün təcrübəsini yaşatmağa çalışırsınız — həmin insanın həyatının müxtəlif tərəflərini mümkün qədər sıxılmış şəkildə göstərməyə çalışırsınız. Məncə, bunu ənənəvi bioqrafik strukturla etmək mümkün deyil. Ona görə də daha prizmatik bir yanaşma seçdim — həyatının müxtəlif dövrlərini yanaşı göstərərək, onların bir-biri ilə kontrastını yaratmaqla tamaşaçıya bu insanın kim olduğu və zamanla necə dəyişdiyini hiss etdirmək.

 

  • Deməli, filmin strukturu hekayənin ayrılmaz hissəsidir?

 

  • Tamamilə. Mən struktur tam formalaşmadan ssenariyə başlamıram, o sonradan əlavə edilən bir şey deyil. Məncə, bütün hekayəçilik formaları arasında kino struktur baxımından ən konservativ yanaşmaya sahibdir. Heç kim romançının və ya dramaturqun strukturunu bu qədər sorğulamır. Bunun səbəbi televiziyanın illərlə kino üzərində təsiri olub — televiziya üçün xəttvari hekayəçilik daha uyğun idi. Amma biz artıq post-“home video” dövründə işləyirik — tamaşaçılar filmləri dayandırıb, geri alıb, istədikləri kimi izləyə bilirlər. Bu da bizə hekayəyə uyğun olaraq daha mürəkkəb xronoloji strukturlar istifadə etməyə imkan verir.

 

  • Görünür bu yanaşma çəkiliş prosesinə də təsir edə bilər, amma “Oppenheimer” cəmi 57 günə çəkilib.

 

  • Düşünürəm ki, temp sürətli idi, amma bu filmin enerjisinə tam uyğun düşdü. Hər zaman büdcə və resurs məhdudiyyətləri ilə işləyirik — məsələn, bu film üçün Los Alamos şəhərini sıfırdan inşa etməli olduq. Buna görə də qrafik müəyyən qədər şəraitdən asılı idi. Amma daha sürətli işləmək mənə əvvəllər çəkdiyim kiçik filmləri xatırlatdı. Bu, aktyorlara böyük hazırlıq və dərinliklə gəlmək imkanı verdi — onlar real insanları canlandırırdılar, hər şeyi araşdırmışdılar və əsl mütəxəssis kimi görünürdülər. Biz də bunun yaratdığı enerjiyə uyğun çəkiliş aparırdıq. Bu layihə üçün bu stil tam doğru idi və sürətlə işləmək ən yaxşısı oldu.

 

  • Bu, digər filmlərinizlə ziddiyyət təşkil etmir?

 

  • Bəzi filmlərdə əlbəttə ki, hər şeyi kiçik hissələrə bölmək lazım gəlir və aktyorlar bu məhdudiyyətlər daxilində çalışırlar. Amma “Oppenheimer” insanların enerjisi ilə çəkilən bir film olmalı idi — aktyorlar səhnəyə girib bütün səhnəni axıra qədər oynaya bilməli idilər və kamera onlara uyğunlaşmalı idi.

 

  • Deyəsən, bunun üçün doğru aktyorları seçmək də çox vacib idi.

 

  • Mən ssenari yazarkən çox ciddi şəkildə aktyorları düşünməməyə çalışıram. Əgər konkret bir aktyoru düşünərək yazırsansa, onun artıq etdiyi şeyləri təsəvvür etməyə başlayırsan. Məncə, xüsusilə real insan haqqında yazanda personajı mümkün qədər “təmiz” şəkildə yazmaq vacibdir. Ssenari bitəndən sonra isə artıq kimin bunu edə biləcəyini bilirsən. 20 ildir birlikdə çalışdığım dostum Cillian (Murphy) — mən onu ilk dəfə “Batman Begins” üçün ekran testinə çağırmışdım — onun ən böyük aktyorlardan biri olduğu çox aydın idi. Bu rola tam uyğun gəlirdi.

 

  • Necə yəni?

 

  • Çünki mən bu filmdə izləyicinin hadisələri Oppenheimerin gözü ilə görməsini istəyirdim. Onun beyninin içində olsunlar, ona qiymət verməkdən çox, onun nə hiss etdiyini yaşasınlar. Filmin sonuna doğru isə onun kim olduğunu anlamağa başlayırlar, bəlkə də bəzi işləri niyə etdiyini dərk edirlər. Amma film bitəndə tamaşaçının beynində hələ də narahatedici suallar qalmalıdır. Bu hekayə mənə də elə bunun üçün maraqlı gəlmişdi — çətin suallar və mürəkkəblik.

 

  • Demək, filmdə çatdırmaq istədiyiniz konkret mesaj yoxdur?

 

  • Belə çətin mövzularda konkret mesaj vermək, “cavabları biz bilirik” demək — bu, məncə, kino üçün doğru deyil. Kino ambiqvallaşanda, mürəkkəblik təqdim edəndə daha güclü olur. Mən Oppenheimerin hekayəsini bir növ Rorşax testi kimi görmək istəyirəm — hər kəs özünə uyğun şəkildə yozsun. Biz sənədli film çəkmirik, təbliğat da etmirik. Kino didaktik olanda, tamaşaçıya nə düşünməli olduğunu deyəndə, insanlar buna qarşı müqavimət göstərirlər.

 

                                                                                                                                                                                                       Mənbə: The Talks