Senet.az oxucularına Ustad jurnalının "Yeni hekayələr" rubrikasından Orxan Fikrətoğlunun "Lal və Qar" hekayələrini təqdim edir.
L A L
Qatar vağzaldan çıxanda uşaq stəkanı döşəməyə vurub qırdı. Anası, uşağın başını sığallayıb, “Belə eləmə”, – dedi. Uşaq anasının nə dediyini anlamadı. Ana da çox dərinə getmədi. Uşağın yaşı çox olsa da dil açmamışdı. Baxışları da laldı. Qatar qaranlıq tunelə girəndə uşaq ağladı. Səsi iniltiyə də oxşayırdı, yalvarışa da. Qatar işığa çıxana qədər uşaq beləcə inildədi. Uşağın xəstə olduğunu anlamış sərnişinlər bir-bir başqa vaqonlara keçdilər. Gözlərini yumub oturacağa yayxanmış kürən oğlandan savayı vaqonda heç kəs qalmadı. Beləcə bir neçə iskələni keçdilər. Qatar Keşləyə çatanda ana mürgüləyən oğlanın qoluna toxunub: “Beş dəqiqəlik uşağa baxa bilməzsən?” – soruşdu. Oğlan əsnəyə-əsnəyə: “Baxaram” – dedi. Ana ayağa qalxanda gözü oğlanın yaşından böyük görünən əllərinə sataşdı. Oğlan əllərini irəli uzadıb: “Mənim deyil, atamındı” – dedi.
Ana zarafatı baxışıyla dəyərləndirib siqaret çəkmək üçün tambura çıxdı. Uşaq gözlərini oğlandan çəkmirdi. Sinəsi körük kimi xırıldaya-xırıldaya gülürdü. Oğlan içinə hopan bu gülüşdən nədənsə utandı. Uşağın gülüşü ovqatını dəyişirdi, qanını qaraldırdı. Anası geri dönənə qədər uşaq gözlərini oğlandan çəkmədi. Baxışlar oğlana daş kimi dəyirdi; böyrünü-başını əzirdi.
Ananın səsi xırıldayırdı.
“Kimdən belə küsmüsən?”
Oğlan gözləmədiyi sualdan çaşdı. Dinməyib, başını aşağı saldı.
Ana əliylə oğlanın başını yuxarı qaldırıb: “Onda mən neynim?” – soruşdu.
Onlar qatardan birlikdə endilər. Oğlan uşağı evə qədər qucağında gətirdi. Evdə onlar ananın çaldığı pianoya qulaq asıb peçenye yedilər. Uşaq tez yatdı. Ana uşağı qucağına alıb, yataq otağına keçdi. Oğlan ananın olduqca gözəl olduğunu ancaq uşaq yatandan sonra gördü. Uşaq yuxulayan kimi ana yuxudan ayıldı. Divana oturub ayaqlarını altına yığdı. Oğlandan: “Sevdiyin qız-zad var? – soruşdu. Oğlan səsi əsə-əsə, yalandan: “Əlbəttə, var” – pıçıldadı.
Ana oğlanın yalan danışdığını anlayıb: “İçində mahnı necə? – soruşdu.
– Oğlan: “Xeyr, mahnı yoxdur” – dedi.
Uşaq yuxudan oyanmasın deyə, ana pıçıltıyla nəğmə oxuyurdu. Onun da gözlərində uşağın gözlərində olan o tüstülü qaranlıqdan nəsə vardı.
Sonra gecə düşdü...
Səhər erkən oyanmış uşaq anasının ayaqlarını ovxalayırdı. Və sevgi dolu gözləri ilə anasını qucaqlayıb yatmış kürən oğlana baxırdı. Oğlan gözlərini uşağın səsinə açdı. İllərdir danışa bilməyən uşaq qəribə səslər çıxara-çıxara nəsə demək istəyirdi. Gözlərinin şəkli, xırıltılı nəfəsi, əllərinin əsəbi yeni söz yaradırdı. Uşaq əl-qoluyla nəsə danışa-danışa çarpayını silkələyirdi. Tərpəntidən gözlərini açıb heyrətlə Allahdan dil istəyən uşağına baxan ananın gözləri yaşarmışdı. O, uşağını bircə gecədə dilləndirmiş oğlana göydən enmiş mələk kimi baxırdı.
Sonra Ana süfrə hazırladı.
Onlar səhər yeməyi yeyəndə ana oğlandan çarpayıda axşam hansı tərəfdə yatmaq istədiyini soruşdu.
Oğlan: “Fərq etməz. Təki sənin yanında olsun” – dedi.
Və bunu deyəndən sonra anladı ki, illərdir içindəki boşluq da uşaq kimi dil açıb. Dünənindən üşənən oğlan çevrilib qorxa-qorxa uşağa baxdı. Uşağın gözlərində elə bir işıq vardı ki, bu işığın kölgəsi altında bütöv bir ömrü yaşamaq olardı....
Q A R...
Alma boyda qarların yağdığı sənə, kənd adamları qorxa-qorxa göyə baxırlarmış. Görüblər, qarın içiylə göydən aşağı bir adam enir. Qabağına yüyürüblər. Görüblər göydən düşən odur. Əvvəlcə bilməyiblər onu necə dindirsinlər. Sonra görüblər onu dillə dindirmək gərək deyil. Danışmasan da, səni anlayır. Gözlərinə baxıb nə demək istədiyini bilir. Beləcə bu adam olub onlardan biri... Kəndlilər əvvəlcə ona salam veriblər, sonra Əlişin boş qalmış daxmasını, ondan sonra da dul Əsməri. Qarla gələn heç nə demədən salamı da alıb, Əsməri də... O gələn gündən quru salamın belə qırışığı açılıb. Ona ərə gələndən Əsmər belə ucadan gülməyə başlayıb. Onu görəndə ən qanı qara adam belə səbəbsiz yerə sevinir. Belə baxırsan soyuqdur: dinmir, danışmır. Həm də necəsə istidir: əl verib görüşəndə əlin tava kimi cızıldayır. Yay-qış puçur-puçur tərləsə də, üzü suludur. Əllərində heç nə kiflənmir, təzə-tər qalır. Sobanın yanında oturanda əriyir. Novruz bayramlarında əriyər deyə tonqal üstündən hoppanmır. Yerə bağlı deyil. Bostanını da göydə salıb. Əkdiyi ağacları yerdən göyə sulayır. Meyvələr, tərəvəzlər dəyib sulandıqca göydən tappıltıyla aşağı düşürlər. Arvadı Əsməri hər gecə göyə gəzintiyə aparır. Hara gedirlər, hardan gəlirlər, özlərindən savayı heç kəs bilmir. Əsmərə baxıb, kəndin o biri arvadları da göynən getməyə başlayıb. Onlar da ərlərindən hər gecə ulduz istəyirlər. Kənd adamı onun əkdiyi meyvələri yemir. Evində “tutya” kimi saxlayır. Onun meyvələri də, sözləri kimi gec saralır. Qoxusu, ətri illərlə otaqdan çəkilmir. Üzünün rəngi süddən ağdır. Gecələr bədəni ləmpə kimi işıq saçır. Qaranlıqda qonşu kəndə getmək istəyən onu özüylə ləmpə kimi götürür. Heç kəsə “yox” deməz. Hara desələr, haçan desələr qabaqlarına düşüb gedəcək. Gecə vaxtı uşaqlar qaranlıqdan qorxmasın deyə kəndin ortasında çəpəki dayanır ki, işığı pəncərələrə düşsün. Qəzaya düşən uçaqlar onun işığına sağ-salamat yerə enirlər. Onsuz kənddə toy olmaz. Gələndən gəlinlərin aynasıdır. Arvadlar inəklərini onun üzünə sağırlar. At nalı kimi ayaqqabılarını darvazalardan asırlar. Yay oldumu, göyə qalxacaq. İki buludu var. Cütə qoşub göydəki bostanını şumlayacaq. Yerdə heç kimlə işi yoxdur. İtlər ona hürmür. Quşlar yanında qanad çalmır. Adamlar göyə baxan deyil deyə yayda onu az-az görürlər. Heç kəsin əli çatmır deyə, göydə dərdi də yoxdur. Göydə dərd olmur axı... Göydə bircə hal var. Bu hal da onun üzüdür. Təkcə Əsmər hamilədi deyə qalıb yerlə-göy arasında. Bilmir uşağı göyə doğulacaq, ya yerə? Tez-tez boylanıb göydən yerə baxır.
Beləcə o da, yerlə-göy arasında hamı kimi yaşayıb ölüb gedəcəkdi.
Amma dünya yumrudur. Bunun yayı olur, yazı, payızı, qışı olur. Qışında qar yağır.
Bir qış qar yağmadı. Sonra beş qış qar olmadı. Sonra on beş qış yer qarsız qaldı.
Dünya tərəzi kimidir: bir yanı əyəndə, o biri yanı əyilir. Qar yağmadı, dünya da əyildi. Suları qurudu. Otları bitmədi. Dənizləri ləpələnmədi. Balıqları kürü qoymadı. İnəkləri gövşəmədi. Kənd adamı ancaq kəndi görürdü, göy nədir bilmirdi. Onların da işi ancaq gövşəməkdi. Qarınları ki doymadı, yığışıb gəldilər onun üstünə “Göydən sən gəlmisən”, – dedilər, – “ora ancaq sən qayıda bilirsən, get gör qar necə oldu?”
Göyü beş barmağı kimi tanıyırdı. Kənd adamları evinə gələn zaman da ora baxırdı. Yerdən yemək istəyən kənd adamlarının sözünü yerə salmayıb: “Qoy bu çayımı içim, qalxaram”, – dedi.
Kənd adamı getdi yerə. O da ayağa qalxıb göyə getdi. Görəsən, nə olmuşdu? Kənd adamının günahı nəydi ki, qarı yağdıran daha yağdırmırdı?”
Göyə çıxıb buludları yəhərlədi. Ora-bura çapıb qar axtardı. Yox idi. Yuxarıdan boylanıb maraqla yerə baxdı. Dünya çatlamış dodağa bənzəyirdi. Adamları qurumuşdu, suları bulanmışdı. Yaşıllıqları saralmışdı. Olacaq uşağı da, gözünə yaxşı görünmədi. Dərin bir çala qazıb əlindəki beli göydən yerə tolazladı. Bel buludları keçib tarappıltıyla yerə dəyib toz qaldırdı. Belin vahiməli səsinə yığılmış adamların gözlərini qaraldan toz çəkilən zaman qeybdən səs gəldi...
– “Seçim özünündür: qar da ola bilərsən, adam da...”
Göydə qazdığı çalaya girib, üstünü buludlarla örtdü. Buludların qarnından qar kimi aşağı, kəndin bostanına yağmağa başladı.
Sonra qar gücləndi...
Beş il durmadan qar yağdı.
Çaylar sulandı. Ağaclar çiçəklədi. Quşlar dirildi. Adamların qarınları doydu. Əsmər qarın altında bir gülərüz, qapqara oğlan doğdu. Uşağın səsinə kənd adamı elə bil yuxudan ayıldı. Hamı burdaydı. Təkcə o, yox idi.
Bir-iki il kənd adamları hər dəfə qar yağanda onun göydən-yerə düşəcəyini gözlədi.
Sonra onu unutdular. Daha qarlayanda “onu görərəm” deyə, heç kəs göy üzünə baxmadı. Kənd adamlarının göyə baxmağa vaxtı hanı? Onların evləri kimi, sevgiləri də yerdədir. Qış da soyuq olur axı... Nə qədər soyuğun altında çöldə dayanıb göyə baxacaqsan? Bir də bu qarın nə evi var, nə də qəbri. Lap istəsələr belə kənd adamları onu hara baxıb xatırlamalıdırlar? Onun qar olub kəndi xilas etməsinə kəndlilər inanmadı. Amma hər təzə qar yağanda Əsmərin qara oğlu nədənsə sevinirdi. Və Əsmər oğluna baxıb düşünürdü ki, bu uşaq yəqin atasının zərrəsi olduğu qədər həm də onun qəbridir. Bir adamın qəbri varsa, deməli onun xatirəsi də var. O uşaq bir gün dil açdı. Və danışan kimi Əsmərdən atasının adını soruşdu. Əsmər fikrə getdi. Görəsən, onun göydən gəlmiş ərinin adı nəydi? Axı Əsmər heç vaxt ərindən adını soruşmamışdı. Kənddə də heç kəs o göydən gələnin adını bilmirdi. Əsmər uşağa: “Sənin atanın adı yoxdu, ona ad qoymaq olmur, o nədirsə, onu ağılla dərk etmək də olmur”, – dedi. Uşaq bu cavabdan bir mətləb anlamasa da, daha anasına sual vermədi. Hər dəfə soba yanında oturanda ayaqlarının əriməsini də anasından gizlətdi.
***
Mənbə: Ustad jurnalının 6-cı sayı.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür