Mayın 22-si Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena"da 65-ci "Avroviziya-2021" mahnı müsabiqəsi keçirildi. Finalda 26 ölkənin rəqabəti, səsvermənin son dəqiqələrinə qədər qazanan ölkənin gizli qalması bu il yarışmaya marağı birə-on artırırdı. 26 ölkə, 26 müxtəlif məzmunlu və fərqli janrda olan mahnılar yarışmaya rəng qatmaqla yanaşı, ötürdükləri özünəməxsus mesajlarla da fərqlənirdi.
Azərbaycan təmsilçisi Samirə Əfəndinin ifa etdiyi "Mata Hari" adlı mahnı özünəməxsus sözləri, səhnə performansı ilə yadda qaldı. Əsl adı Marqarita Qertrude Zelle olan Mata Hari tarixdə öz casusluq fəaliyyətilə tanınan qadın olub. O, Birinci Dünya müharibəsi illərində Almaniyanın xeyrinə casusluq edib, bu səbəbdən də Fransa məhkəməsi tərəfindən barəsində ölüm hökmü çıxarılıb və güllələnib. Mata Harinin kimliyi onun adını daşıyan mahnının maraqla qarşılanmasına səbəb oldu. Həm səhnə performansı, həm də xareoqrafiya baxımından maraqla qarşılanan təmsilçimizin ifası gur alqışla, tamaşaçı dəstəyi ilə müşayiət olunsa da, yekunda 65 xalla 20-ci yerə layiq görüldü.
Araşdırma zamanı mahnının son pillələrdə yer almasını təəccüblə qarşılamadıq. Bu adda mahnı "Avroviziya" tarixində bir neçə dəfə ifa olunub. Bunlardan biri haqqında texnobloger Fərid Pərdəşünas özünün feysbuk hesabında belə yazır: "1976-cı ildə keçirilən "Avroviziya" mahnı müsabiqəsinə Norveç təmsilçisi çox iddialı bir mahnı ilə qoşulur. Parça Mata Hariyə həsr edilmişdi və Anna Karine həmin il minumum nəticə göstərərək 7 xalla sonuncu pilləni tutdu. Düşünürəm ki, tarix yenidən araşdırılmalıdır. Məncə, Mata Hari Norveç casusu olub".
Maraqlı bir fakt da bundan ibarətdir ki, həm 1976, həm 2021-ci il "Avroviziya" mahnı müsabiqəsi Niderlandda keçirilib. Amma "Mata Hari" adının uğur gətirdiyi ölkə də olub. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən musiqi yarışmasında Bosniya və Herseqovinanı "Hari Mata Hari" adlı pop-rok qrupu "Lejla" mahnısı ilə təmsil edib və 229 xalla 3-cü yerə layiq görülüb. COVİD-19 pandemiyasının davam etməsinə baxmayaraq, bu il 3500 nəfər tamaşaçının iştirakı ilə keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsi öz rəngarəngliyi ilə yadda qaldı. İtaliyanı təmsil edən və pank rok üslubunda çıxış edən "Maneskin" qrupu qalibiyyət gətirən mahnısı ilə yarışmada iz qoymağı bacardı. Mahnının italyan dilində olması bir neçə faktı da dilə gətirməyə əsas verir. "Zitti e Buoni" (Sakit və səssiz) adlı parça, İtaliyanı 2000-ci ildən bu yana öz dilində oxunan mahnı ilə qalib edən 3-cü ölkə kimi tarixə saldı. Bundan əvvəl - 2007-ci ildə Serbiya serb dilində olan "Molitva", 2017-ci ildə Portuqaliya portuqal dilində olan "Amar Pelos Dois" mahnısı ilə yarışmada qalib gəlmişdi. Digər bir fakt isə İtaliya təmsilçisinin son 15 ildə qalib olan ilk qrup və ilk rok mahnısı kimi tarixə düşməsidir. Xatırladaq ki, 2006-cı ildə Finlandiyanı təmsil edən "Lordi" qrupu "Hard Rock Hallelujah" mahnısı ilə ölkəsinə qalibiyyət qazandırmışdı.
Azad NURİYEV 525.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub