
YAĞIŞI SEVİRƏM
Yağışı sevirəm, vurğunuyam mən,
Necədə ard-arda göydən damlanır,
Üzümdən süzülən damlalar ki, var,
Göz yaşım olduğun kimsə anlamır.
Mənə ilham verir yağışın səsi,
Sanki təbiətin gözəl bəstəsi,
Şairəm, ruhum var şeir xəstəsi,
Ruhuma yağışla duyğu bağlanır.
Kimi bu hikməti hiss edir, duyur,
Kimi heç anlamır, qəflətdə uyur,
Məncə, günahları yağışlar yuyur,
Bu çirkli yerlərə göydən bal damır.
SƏNƏ BAĞLANIRAM
Səbəbin özüm də bilmirəm, niyə,
Sənə hər gün bir az bağlanıram mən.
Bəlkə də, ruhuma yaxınsan deyə,
Sənə hər gün bir az bağlanıram mən.
Bəzən çox ağıllı, bəzən dəlisən,
Məni xoşlandırır cilvən, biləsən.
Könlüm israr edir, sən sevməlisən,
Sənə hər gün bir az bağlanıram mən.
Səsini duyanda xoş olur halım,
Səninlə qurulur, bütün xəyalım.
Sən axı, görmürsən, niyə, ay zalım,
Sənə hər gün bir az bağlanıram mən.
Sevgimi gör deyə, harda dayanım,
Olasan eşqimə arxa, hayanım.
Sənə meyil edir, mənim sol yanım,
Sənə hər gün bir az bağlanıram mən.
QARA GÖZLÜM
Çox zərif, çox incə, nazənin xanım,
Huri mələklərə tay, qara gözlüm.
Nə savab etmişəm, səni ömrümə
İlahi veribdir pay, qara gözlüm.
Şair, gəl qələmə gözəlliyi al,
Hüsnü-camalına dillər olur lal.
Yoxdur bir nümunə göstərim misal,
Ki, sənin tənindir, ay qara gözlüm.
Səni çox sevirəm, dünyalar qədər,
Sən gəl ki, ömrümdə yox olsun kədər.
İnan ki, sevgimi vermərəm hədər,
Etmərəm eşqimi zay, qara gözlüm.
Əssə üzərimdən qara yel yaman,
Həyatım olmasa xoşbəxt, firavan,
İki əlim qanda olsa da, inan,
Verərəm səsinə hay, qara gözlüm.
ŞEİR KİMİSƏN
Deyirsən, şeir yaz, vəsf elə məni,
Sən elə özün də şeir kimisən.
Mən hansı sözlərə sığdırım səni,
Sən elə özün də şeir kimisən.
Sənin gülüşünlə ömür yaz olar,
Bu nə əsalətdi, belə naz olar?
Mən sənə nə yazsam, yenə az olar,
Sən elə özün də şeir kimisən.
Şair də oxuyur, hey anır səni,
İlham pərisitək güc sanır səni,
Ən gözəl şeirlər qısqanır səni,
Sən elə özün də şeir kimisən.
Mənalı misrasan, qəlbə axırsan,
Axdıqca sevgidən bir od yaxırsan,
Gözəl gözlərinlə gözəl baxırsan,
Sən elə özün də şeir kimisən.
YALANÇI DOST
Dildə şirin sözləri var,
Ürəyində qan-qan deyir,
Düşman ola bilmir deyə,
Qorxusundan can-can deyir.
Dost, sirdaş görünsə də,
Gözəl cildə bürünsə də,
Məndən ötrü sürünsə də,
İçdən-içə yan, yan deyir.
Yaxşılığa meyiləm mən,
Sanma pisə əyiləm mən.
Pis niyyətli deyiləm mən.
Ama o şər, böhtan deyir.
Hər dərdinə yetdim deyə,
Çıx, gəl dedi, getdim deyə,
Çox yaxşılıq etdim deyə,
Bu gün mənə yaman deyir.
HƏSRƏTƏM
Həsrətin çəkirdik biz xoşbəxtliyin,
Mən sənin özünə həsrətəm indi.
Məndən uzaqlaşan hər bir zərrənə,
Hər gözəl izinə həsrətəm indi.
Darıxmaqdan betər nə var həyatda?!
Xatirən həkk olub, qalıbdır yadda,
Nəinki xoş sözə, inan ki, hətta,
Tərs, acı sözünə həsrətəm indi.
Həsrət yaşlarıdı gözümdən axan,
Hicranın odudur qəlbimi yaxan,
Qısqana-qısqana nifrətlə baxan,
O qara gözünə həsrətəm indi.
GƏLƏRSƏNMİ?
Allahdan istəsəm qovuşaq deyə,
Mənimlə birlikdə dilərsənmi sən?
Yoluna rəngarəng gülləri sərsəm,
Bir ömür yoluma gələrsənmi sən?
Bütün duyğularım səndə cəmlənib,
Sevgidən gözlərim yaşla nəmlənib,
Birgə sevinclənib, birgə qəmlənib,
Mənimlə ağlayıb, gülərsənmi sən?
Dəniz kimi coşsam, daşıb çağlasam,
Hər gün üsyan etsəm, ürək dağlasam,
Başımı çiyninə qoyub ağlasam,
Axan göz yaşımı silərsənmi sən?
SONET
Yetər ki, sən istə məni yanında,
Nə vaxtsa ayrılıb, atıb getmərəm.
Dərdə, qəmə həmdəm, çətin anında
Əhdə sadiq qalıb, yalnış etmərəm.
Əgər könül bağın vaxtsız solubsa,
Rəngarəng gülləri özüm əkərəm.
Saf, təmiz qəlbinə kədər dolubsa,
Nazını bezmədən daim çəkərəm.
Söhbətə doymuram şirin dilindən,
Qoy eşq, məhəbbətlə sözlər yarışsın,
Gəl tutum o incə, zərif əlindən,
Biz susaq, yalnızca gözlər danışsın.
Sevdiyim, eşqimə vəfadarımsan,
Ruhun hiss etdiyim nazlı yarımsan
GÖZ YAŞI
Gözdən yaş axarsa, Allaha xatir,
Uca Rəbb qatında qul əziz olar.
Yanaqdan süzülən o yaşla sanki,
Qəlb dəstamaz alar, ruh təmiz olar.
İnsanı haqq yola döndərər o yaş,
Xudadan rəhməti göndərər o yaş,
Cəhənnəm atəşin söndürər o yaş,
Bəndə qiyamətdə ağbəniz olar.
Ey insan, özünü sorğula, danla,
Vicdanı işə sal, səhvini anla,
Çox kiçik görünən o axan damla,
Haqq hesab günündə bir dəniz olar.
İNSANLAR
Bir gün bəla gələn zaman,
Çəkəcəklər car insanlar.
Olmalıdır hər məqamda
Uca rəbbə yar insanlar.
Öndə tutan varı, pulu,
Olar nəfsin xalis qulu.
Gedir nadan, cahil yolu,
Düşüncəsi dar insanlar.
Gözəlliyi görmür gözü,
Danışmayır doğru, düzü,
Eşitməzlər yaxşı sözü,
Bəsirəti kor insanlar.
Pislik edib qəlb qıran var,
Nadanlarla baş yoran var,
Oxu, öyrən -bax, "Quran" var
Rəzil, rüsvay, xar insanlar.
Yazılmışa olmaz pozu,
Sönsə bəxtin dan ulduzu,
Ürəyində soyuq buzu,
Gəzdirərlər qar insanlar...
DÜNYA VƏFASIZ
Bu həyat sevinci çox görür mənə,
Ürəyim büsbütün dərd qubardadır.
Uşaqlıq illərin istədim yenə,
Bəs o şən günlərim, görən hardadır?
Dünya çox dəyişkən, dünya vəfasız,
Bu gün xoşbəxt olan, sabah dardadır.
Gah nəşə, ləzzətdir, gah zövq-səfasız,
Kimisi məğlubdur,kimi kardadır.
Fələk taleyimə min kədər süzüb,
Nisgilim üst-üstə,qəm ard-ardadir.
Şair öz könlünü sözlərə düzüb,
Bir dünya dərdi var,ahu-zardadır.
ANA
Ana, müqəddəssən, başlarda tacsan,
Bütün varlığımın hakimi sənsən.
Dərdli günlərimdə dərdə əlacsan,
Könlümün, qəlbimin həkimi sənsən.
Allahın müqəddəs saydığı qadın,
Necə mehribansan, necə təmizsən.
Ayaqın altında cənnəti tapdım,
Dünyada hər şeydən mənə əzizsən.
Dolanım başına pərvanələrtək,
Diz çöküm qarşında, öpüm əlindən.
Dünya var olduqca yaşa ki anam,
Daim "oğlum" sözün duyum dilindən.
ATA
Arxamda uca bir dağ kimi durub,
Hər zaman olmusan yanımda, ata.
Mən haqqı, batili səndən öyrəndim,
Kişi qanı axır qanımda, ata.
Zamansız ağaran saçların kimi,
Üzün də hər zaman ağ oldu sənin.
Çiynində illərin zəhməti vardır,
Çəkmisən ağrımı, acımı mənim.
Ta ki uşaqlıqdan səndən aldığım,
Öyüd-nəsihətlə yaşayıram mən.
Çingizoğlu adın böyük şərəflə,
Özümə ad edib daşıyıram mən.
Ağakişi ÇİNGİZOĞLU
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür