
Senet.az Əbülfət Mədətoğlunun şeirlərini təqdim edir.
Çadır saraylarda soldum,
Ömrü hədər etdim, günü vərlədim.
Ağrı gülümsədim, kədər tərlədim-
Məndən adam olmaz daha dünyada…
lll
qaldım ortalıqda, fikrim qarışıq
nə qapım döyülür, nə də pəncərəm.
yuxum didərgindi, gözüm bulaşıq –
dərdlə döyüşdəyəm, qəmə səngərəm…
dağdan enən duman sıxır gözünü
çatdırıb, üstümə yıxır özünü.
məni tanıyanlar axır sözünü –
səbirlə saxlayır, dözür – mən gələm.
mənə doğma olan dərə-təpəni
yaxşı tanıyıram, həsrət çəkəni…
hər an görmək üçün ruhum öpəni –
ümidim çənədi, olub çən, gələm…
orada fərq varmış yerlə göy qədər
hamı eyham vurur – yanıram hədər.
hər gün sevəcəyəm, Məcnundan betər –
hər an cəhd edəcəm, sənə tən gələm!
lll
əriyən zaman içində
nə un payım var, nə kəpək…
mənə bu yerin üzündə
çaqqal ular, hürər köpək…
küləksiz, mehsiz şam sönür
içimdə istək, kam ölür,
hər yerdən əlim boş dönür –
hər gün də qısalır ətək.
baxıram yol – sinəsi qan
ağrısı qan – kinəsi qan…
sevgiyə, nə kinə sığan –
həyatım var, mənim fələk…
lll
oduna yananı unudan mələk,
mənim ömür payım bir addım qalıb.
alıbdı başımın üstünü fələk –
sənsiz mən də yoxam – bir adım qalıb.
xəyal dünyasında atıb getmisən
nə yol göstərmisən, nə də ki, ümid.
məni sənsizliyə sürgün etmisən –
bir təbəssüm göndər, ruhumu kirit…
kükrəyən dalğayam, dörd yanım sahil,
gözlərim, əllərim sənə can atır…
mənim hər sözümü fəryad bil, ah bil –
həsrətin könlümü didib, qanadır.
gecəmin, günümün sərhəddi itib,
yadına düşmürəm bəs, niyə, canım?
mənim ürəyimdə bir xəncər bitib –
sarıma, çək onu, qoy axsın qanım…
lll
sökülən dan yeri ilk həmsöhbətim,
səhəri onunla açıram indi.
bu andan başlayır mənim heyrətim
xəyal qanadında uçuram hər gün…
gecə köynəyini soyunan səhər
hələ nə doğacaq, özü də bilmir.
gecəsi canından soyulan səhər –
özünü hələ də özündə bilmir.
bir tarix dəyişir, gün yeniləşir
hər kəs istəyinin iziylə gedir.
səsi ayaq tutur, təkcə sükutu –
gecənin həmişə özüylə gedir.
sökülən dan yeri, ilk həmsöhbətim
səhəri onunla açıram hər gün.
özümdə bir dünya açır heyrətim –
tər dözüm, tər arzu, tər sevgi, tər gün…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür