O, bütün maddi və mənəvi çətinliklərə baxmayaraq öz məktəbində nə az, nə çox düz 18 il müəllimlik etmiş, xalqın maariflənməsi və savadlanması yolunda usanmadan mübarizə aparmış, cəhalətə və mövhumatçılığa qarşı yazmış olduğu satirik şeirləri ilə din xadimlərinin və ruhanilərin təzyiqlərinə məruz qalmışdır. Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir və məşhur yazıçı, pedaqoq Sultan Məcid Qənizadə kimi tarixi şəxsiyyətlər məhz onun məktəbində dərs alıblar. Dövrün tələblərinə uyğun hərəkət etmədiyinə görə “ipə-sapa” yatmayan biri kimi qələmə verilən və bundan bərk qəzəblənən hökümət nümayəndələri onu sevimli işindən “müəllimlik”dən kənarlaşdırmağa nail olurlar. Lakin bir müddətdən sonra maarifpərvər ziyalıların sayəsində onu yenidən müəllimliyə qaytarmaq mümkün olur. Söhbət satirik şeirləri ilə milli poeziyamızda silinməz iz qoyan, ədəbiyyatşünas, maarifçi Seyid Əzim Şirvanidən gedir.
Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxı şəhərində qədim Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər. Hələ yeddi yaşı olanda atası Seyid Məhəmmədi itirən gələcəyin böyük şairi anasının himayəsində yaşayır. Başsız qalan ailə ağır günlər keçirir. Bir müddət sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma övladı kimi yanaşır və ağıllı, zirək uşaq olan nəvəsinə böyük qayğı göstərir.
Elə ilk təhsilini Dağıstanda alır. Seyid Əzim burada türk, ərəb və fars dillərinə yiyələnir. Onun haqqında ilk məlumat verən və onu şəxsən tanıyan A.Zaxarovun yazdığına görə Seyid Əzim həmin dövrdə bir neçə Dağıstan dillərini də öyrənmişdi. On ildən çox Dağıstanda yaşayan şairin dünyagörüşünün formalaşmasında həmin illər böyük rol oynayır. Babası geniş dünyagörüşünə sahib bir adam idi. Onun zəngin kitabxanasından səmərəli istifadə edən gənc Əzim sonrakı illərdə bunun bəhrəsini görmüşdü. Seyid Əzim 1853-cü ildə 18 yaşında ikən, anası Gülsüm xanım ilə birlikdə yenidən Şamaxıya qayıdır. Beləliklə, şairin həyatının ən önəmli dövrü başlamış olur.
Hələ gənc yaşlarında elmə, təhsilə böyük dəyər verən və daha çox öyrənmək, bilik əldə etmək üçün bir çox şəhərlərə səfər edir. Bu səfərlər onu gələcəkdə dövrünün qabaqcıl şəxsiyyətlərindən birinə çevrilməsində xüsusi əhəmiyyət daşıyır. Əvvəlcə "təkmili-ülum" məqsədi ilə İraqa səfər edir. Bir neçə il Bağdadda qalandan sonra o, Suriyanın Şam şəhərinə köçür. Daha sonra yenidən Şamaxıya qayıdır və bir müddət burada yaşadıqdan sonra, ikinci dəfə yenə səfərə çıxır. Seyid Əzim ikinci səfərində Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə gedir. Həmin illərdə dünyəvi elmlərlə yaxından tanış olur, biliyini daha da artırır və düşüncələrini sərbəst şəkildə ifadə etməyə başlayır.
Seyid Əzim gənc yaşında, cəmi 19 yaşında, anasının yaxından tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanımla ailə həyatı qurur. Bu evlilikdən şairin bir oğlu dünyaya gəlir. Oğlu Mir Cəfərdən başqa Həcər və Fatma adlı qızları da olur. Şairin həyatı təkcə cəmiyyət tərəfindən təzyiqlərə məruz qalmamış, təbiətin də təbii fəlakətləri onun yaşamına təsir etmişdir. Belə ki, 1859-cu ildə Şamaxı şəhərində baş verən zəlzələdə Seyid Əzimin ailəsi də böyük zərər çəkib.
XIX əsrin sonlarında şair Şamaxıda yeni üsulla “Məclis” adlı bir məktəb açır. Ənənəvi mollaxana tədrisinin əksinə, burada təkcə dini yox, həm də dünyəvi elmlər də tədris olunurdu. Bu da özlüyündə o dövr üçün ciddi bir hadisə idi. Şagirdlərə müasir dillər öyrədilir, həmçinin tarix, coğrafiya, hesab kimi elmlərdən ibtidai məlumatlar verilirdi. Qeyd edək ki, Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif edib.
Seyid Əzim tərcümə işi ilə də məşğul olub. Ancaq onun yaradıcılığında əsas yeri lirik janrda yazılmış əsərlər yer tutur. Əsasən qəzəl ustadı kimi məşhur olan Seyid Əzim bir çox şairlərə nəzirələr də yazmış, Füzulini əsərlərinə tez-tez müraciət etmişdir. Seyid Əzim irsinin tədiqatçısı Kamil Mirbağırov "Füzuli və Seyid Əzim Şirvani" adlı məqaləsində qeyd edir ki, XIX əsrin II yarısında fəaliyyət göstərən şeir məclislərində toplaşan şairlərdən heç biri Füzulinin təsir dairəsindən kənarda qala bilmirdi. Müəllif nəzirəçilik yolu tutan şairlərin heç birinin öz ustadı Füzulini xatırladacaq səviyyədə şeirlər yaza bilmədiyini vurğulasa da, Seyid Əzimi onlardan fərqləndirir. Tədqiqatçı qeyd edir ki, arada 300 illik məsafə olmasına baxmayaraq, mövhumat və cəhalətə münasibət məsələsində bu iki sənətkarın yaxınlığı "hər iki şairin azad düşüncəyə düşmən olan din xadimlərinin hakim mövqe tutduğu qaranlıq bir zəmanədə yazıb-yaratdıqlarından irəli gəlirdi."
"Seyid Əzim Şirvani" monoqrafiyasında Seyid Əzim şeirinin Füzuli ənənələri ilə əlaqəsindən bəhs edən ədəbiyyatşünas Sadıq Hüseynov qeyd edir ki, bu əlaqə, ilk növbədə, özünü məhəbbət lirikasında, klassik şeir janrlarında göstərir. Bu fikrinə əlavə olaraq, tədqiqatçı bildirir ki, S.Ə.Şirvani bütövlükdə Füzulinin divanına, yəni onun hər bir qəzəlinə nəzirə yazmaq fikrində olmuş, "lakin o, Füzulinin "a" hərfləri ilə olan qafiyələrinə bir neçə nəzirə yazdıqdan sonra fikrini dəyişmiş və bu işi axıradək davam etdirməmişdir." S.Hüseynov qeyd edir ki, bəzən qafiyə, vəzn və formanı Füzulidən olduğu kimi alan Seyid Əzim mövzunu özünəməxsus şəkildə işləyir. Bununla əlaqədar olaraq, dahi sələfinin "Giriban oldu risvalıq əlilə çak, damən həm..." mürəbbesinə Seyid Əzimin "Bihəmdillah yolunda aqibət xak oldu can, tən həm..." misrası ilə başlayan nəzirəsini nümunə gətirir. Hər iki şeiri müqayisə edən alim bu əsərlər arasındakı oxşar cəhətlərdən danışarkən belə bir qənaətə gəlir ki: "Ayrı-ayrı dövrlərdə yaşasalar da, hər iki aşiq insanın sərbəstliyini əlindən alıb, onun hisslərini, istək və arzularını boğan köhnə adət-ənənələrə, məhəbbəti yalnız əyləncə hesab edən feodal-zadəgan dünyasına nifrət təbliğ edir." Sadıq Hüseynov qeyd edir ki, Füzuli ilə müqayisədə Seyid Əzim mövhumat və şəriət xadimlərinin tənqidinə daha çox qəzəllər həsr etmişdir.
Seyid Əzimi sevməyənlərin sayı onun “Əkinçi” qəzeti ilə əməkdaşlığa başlaması ilə sürətlə artmağa başlayır. Buna səbəb kimi Seyid Əzimin maarifçi və tənqidi-satirik şeirlərinin əsas qayəsində mövhumatı, nadanlığı qamçılaması faktı göstərilir. Bu da mövhumatçı dindarların kəskin nifrəti ilə nəticələnirdi. Bütün bunlara baxmayaq şair maarifçilik sahəsinə olan diqqətini bir an belə olsun azaltmamışdır. Seyid Əzim müəllifi olduğu “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütüb” adlı dərsliklərə müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil edib. Dərsliklərin əlyazmalarını o zamanlar Qori seminariyasının tatar şöbəsi müdiri Çernyayevskiyə göndərir və Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap etmişdir.
Seyid Əzim dövrünün tanınmış ziyalıları ilə, elm və mədəniyyət xadimləri ilə sıx əlaqə saxlamış, onlarla dostluq etmiş, məktublaşmışdı. Bu barədə Ə. Haqverdiyev "Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti" adlı məqaləsində qeyd edir ki, "Mirzə Fətəli Axundov o zamanın görkəmli şairləri - Zakir və Seyid Əzimlə ilə dostluq edir və yazışırdı".
Şairin ateist olması ilə bağlı deyilənlər isə bir qədər mübahisəlidir. Əksər tədqiqatçılar Seyid Əzimin ateist olmadığını, dini inkar etmədiyini vurğulayırlar. Düzdü, o dinə zidd olan ayin və mərasimləri pisləsə də, bu tənqidi birbaşa dinin özünə yönəltməyib. Yalançı dindarların, cahil kütlənin savadsızlığını atəşə tutan şair fikirlərini daha təsirli olsun deyə satira ilə ifadə edib.
Əslinə qalsa, şairin dinlərə və müxtəlif dini əqidələrə münasibətdə multikultural yanaşmasını sezmək mümkündür. Belə ki, Seyid Əzim bu mənada baş verənlərə tolerant baxışını sərgiləyir; onun üçün önəmli olan insanın dini mənsubiyyəti, hansı məzhəbə qulluq etməsi deyil, daxili dünyasının həqiqətləri və mənəvi keyfiyyətləridir. Şeirlərində tez-tez bir məsələni vurğulayır: “Allah nə ərəb, nə zənci, nə firəngdir, yəni Allah birdir və bəndələri də öz aralarında dini, irqi ayrı - seçkilik aparmamalıdırlar”.
Şairin ölümü haqqında müxtəlif versiyalar var. Ancaq onun ölümü haqqında yazarkən nədənsə bir qayda olaraq, “1888-ci il may ayının 20-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır. Belə ki, onun məscid qapısında yaradılan süni basa-basda ölməsi versiyası da irəli sürülür. Tarixçi alim Zaur Əliyev isə Seyid Əzim Şirvaninin ölüm səbəbini belə açıqlayıb: “Mənə maraqlıdır, niyə Azərbaycanda dərsliklərdə, kitablarda, mediada və digər məlumat mənbələrində yazırlar: “Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib”. Seyid Əzim 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb. Ayaqlar altında onu əziblər. Onun məscidə daxil olmasını görən mollalar qışqırıb deyiblər: “Öldürün kafiri!”. Bu sözdən sonra yüzlərlə insan onu ayaqlar altına alaraq əzə-əzə qətl ediblər. Cəsədini məsciddən güclə çıxarıblar və ailəsinə təhvil veriblər. Özünün də vəsiyyət etdiyi kimi, onu Şahxəndan qəbiristanlığında dəfn ediblər. Qeyd edək ki, Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olub.
Hazırladı: Tural Cəfərli
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür