senetaz

Həsən Əliyev 80 D

27 Noyabr 2015 310

Milli kitab brendi

Milli kitab brendi

rovshendanyeriRövşən Danyeri

 

 Son illər Azərbaycanda kitab sənayesinin inkişaf etdiyini desəm yəqin ki, mənimlə razılaşarsınız. Hər halda 5-10 il öncə ilə müqayisədə vəziyyət xeyli yaxşıdır. Bu özünü oxucu sayındakı artımda da göstərir. Üstəlik proses yüksələn templə davam edir.  Bununla belə, kitab sənayesi inkişaf etdikcə, nəşriyyatlar, kitab mağazaları bazarda yerlərini möhkəmləndirdikcə, yeni-yeni problemlər meydana çıxır. Əvəllər insanların əlində kitab görmək, ictimai-nəqliyyatda mütaliə edən adam tapmaq müşkülə çevrilmişdisə, hazırda vəziyyət bir xeyli yaxşıdır. Artıq kitab brendləşə bilir. Hətta sosial şəbəkələrdə marka saatlarını, telefonlarını, maşınlarını reklam edənlərlə yanaşı, oxuduğu kitabın şəklini paylaşanların da sayı artıb. Elit məkanlarda kitabla “selfie” çəkdirmək, əlində kitab gəzdirmək özü bir dəb halını alıb. Düzdür, bəzən bu yalnız görüntü üçün edilir, amma buna baxmayaraq nəticədə kitab reklam olunur.

Bütün bu irəliləyişlərə baxmayaraq son illər oxucular yerli yazarlara və tərcüməçilərə etimad göstərmirlər. Türkiyə və Rusiyadan kitab sifarişi asanlaşdıqca daxildə yazarların oxucuları azalır. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini günahlandırırlar. Düzdür, hər ikisinin də haqlı olduqları cəhətlər var. Məsələ burasındadır ki, bu iki bir-biri ilə sıx bağlı olan zümrə ortaq məxrəcə gələ bilmirlər. Yəni, kitab artıq brend olub, ancaq milli kitab brendlərimiz, yazarlarımız yoxdur. Oxucular başa düşməlidirlər ki, Azərbaycan ədəbiyyatının inkişafı üçün mütləq və mütləq yerli  yazarlarımızı brendə çevirməli, hətta onların  fan klubunu yaratmalıdırlar. Azərbaycan yazıçısının dünya arenasına çıxa bilməsinin yollarından biri də məhz təbliğatdır.  Bunun üçün də, yazarlarımızı oxumaq, kitablarından bəyəndiyiniz sitatları paylaşmaq, əsər haqqında resenziya yazmaq və müxtəlif məkanlarda həmin kitablarla şəkil çəkdirmək lazımdır. “Senet.az”-da Müşfiq XANın yeni başladığı “Sayrışan sətirlər” adlı bir rubrika var. Orada Azərbaycan yazıçılarının kitablarından maraqlı, ədəbi yükü olan cümlələri seçilib, paylaşılır. Bunu hər bir oxucu öz “facebook”, “twitter” hesabından da edə bilər.

Hər halda gedib kosmosdan nə təzə yazıçı, nə də təzə oxucu gətirəsi deyilik.