senetaz

Həsən Əliyev 80 D

09 Sentyabr 2024 1394

Milli məfkurə adamı - Kənan Hacı yazır

Milli məfkurə adamı - Kənan Hacı yazır

Müstəqillik dövrü özünün ziyalılar nəslini yetişdirdi. Bu nəsil Azərbaycan mədəniyyətinin, ədəbiyyatının yeni mərhələyə adlamasında mühüm rol oynadı. Həmin ziyalılar milli məfkurənin yaranması üçün zəmin hazırladılar, yazdıqları əsərlərlə, gördükləri işlərlə vətəndaşlıq dərsləri keçdilər, şüur intibahı yaratdılar. Belə ziyalılarımızdan biri də əziz dostum, yazıçı, tədqiqatçı, naşir Şəmil Sadiqdir.

Onu təxminən, on beş ildən artıqdır ki, tanıyıram. Şəmil Sadiq kitab nəşri sahəsində böyük fədakarlıqlar göstərmiş insandır. Onun rəhbərlik etdiyi Hədəf Nəşrləri uzun illərdir ki, kitabın təbliği sahəsində müxtəlif layihələr həyata keçirməkdədir. O, bu işi hər il usanmadan, yorulmadan davam etdirir. Onun ədəbiyyat, kitab nəşri və təhsil sahəsində xidmətləri ölçüyəgəlməzdir.

Gənc ədəbi nəslin sağlam qüvvələrinin tanınmasında, təbliğində, kitablarının nəşrində Şəmil bəyin böyük dəstəyi olub. Bu sətirlərin müəllifinin bir neçə kitabı onun diqqəti və qayğısı sayəsində Hədəf Nəşrlərində işıq üzü görüb. Oxucularla görüşlərimizin təşkilində də Şəmil bəy əsas təşəbbüskarlardan olub. Bütün bunları minnətdarlıq hissilə xatırlayıram.

Onun kitaba sonsuz sevgisi məni həmişə heyrətləndirib. Bir vacib məqamı da qeyd etməsəm, olmaz. Onun rəhbərlik etdiyi nəşriyyatda milli düşüncəyə, milli məfkurəyə zidd bircə kitab da çap oluna bilməz. Türkçülük ideologiyasının keşiyində ayıq-sayıq duran Şəmil bəy məmləkətdə bu məfkurənin düşüncələrə yansıması üçün böyük işlər görüb, son dərəcə qiymətli kitablar nəşr edib və bununla da gənc nəslin sağlam təməl üzərində inkişafına xidmət edib. Ədəbi nəşrlər sırasında xüsusi yeri olan "Ustad" dərgisi, Senet.az ədəbi portalı məhz onun təşəbbüsü ilə yaradılıb və ədəbi prosesə bu gün də yön verən, gənclərə meydan açan tribunadır. Yüksək təşkilatçılıq bacarığı, gördüyü işlərə sonsuz sevgi bütün sahələrdə ona uğur qazandırıb. O, bu işlərə imza atarkən, öz əqidə dostlarından güc almışdı. Milli duyğuları bir mənzilə qədər aparmaq ağırlığı maarifçilərin boynuna düşür. Şəmil Sadiqin yazdığı əsərlərdə də bu cəhət açıq-aydın şəkildə hiss olunur. "Odərlər" romanı bu baxımdan prozamızda fərqli dəst-xətti ilə seçilir. Mifoloji elementlərlə süslənmiş roman xalqımızın tarixi köklərini araşdırır və gənclərdə vətənpərvərlik, mübarizə ruhunun formalaşmasına xidmət edir. Düşünürəm ki, "Odərlər" Azərbaycan ədəbiyyatında xüsusi yeri olan bir romandır, son dövr nəsrimizdə folklor nəfəsiylə qələmə alınmış ən yaxşı nümunələrdən biridir. Xalqın ibrət kitabı olan tarix vərəqləndikcə, həyatın və insanın ötüb keçən qatları işıqlandıqca bu gün və sabah da aydınlaşır, mahiyyətini dərindən bilmədiyimiz əşyalar, hadisələr, anlar təzələnir, yeni məna kəsb edir. Süjet xəttinin dinamizmi, kompozisiyanın bütövlüyü xüsusilə diqqəti cəlb edir.

Bu əsər onun yazıçı kimliyini, ədəbi idealını ortaya qoyan proqram xarakterli bir əsərdir. Tarixi roman yazmaq olduqca çətin, ağır və şərəfli bir işdir. Tarixi təhrifləri adlamaq, həqiqəti tapmaq, müasir həyatın tarixi mənasını açmaq, dünəndən bu günə gələn yolu arayıb tapmaq üçün təkcə istedad yetərli deyil, həm də fədakarlıq və cəsarət tələb olunur. Dünya ədəbiyyatının təcrübəsi göstərir ki, tarixi mövzunun inkişafında roman janrı əsas rol oynayır. Çünki müəyyən bir dövrün dəqiq və təmkinli təsvirində genişlik, panoramlıq, əhatəlilik imkanına malik olan roman janrı daha əlverişlidir. Şəmil Sadiq məhz bu prinsiplərə söykənərək "Odərlər" əsərini qələmə alıb. Roman türk milli kimliyini ortaya qoyan bir əsərdir. Müsahibələrinin birində yazıçı bu əsər haqqında belə deyir:

"Romanın yazılmasının iki məqsədi var: 1) Fəlsəfi düşüncələrimi çatdırmaq; 2) Vətənpərvərlik, gənclərdə mübariz ruhun oyadılması.

Milli Qəhrəman Mübariz İbrahimovun etdiyi qəhrəmanlıq bu əsərin yazılmasına bir zəmin yaratdı. Düzdür, Mübarizlə bağlı xeyli romanlar yazılmışdır. Məncə, ona tamamilə başqa cür yanaşmaq lazımdır. Romanımdakı qəhrəmanların heç biri Mübariz İbrahimovun birbaşa prototipi deyil. Çünki bu cür insanları ifadə etmək çox çətin olur. Hüseyn Cavid Topal Teymur haqqında əsər yazır, amma xahiş edir ki, onu tamaşaya qoymasınlar. Hərçənd, bu gün "Topal Teymur" tamaşaya qoyulur. Mübariz də elə bir şəxsdir ki, onun qəhrəmanlığı xalqın təsəvvüründə o qədər geniş formadadır ki, qələmə alsan, kiminsə gözlədiyindən əskik və ya artıq olacaq. Düşünürəm, o qələmə alınarsa, ona qarşı münasibət dəyişə bilər. Buna görə romanımı vətənpərvərlik, qəhrəmanlıq ideyaları üzərində yazsam da, prototip olaraq onu canlandırmadım. İnsanlar müxtəlif düşüncəyə malik olduğundan Dədə Əfəndinin söhbətlərini romana əlavə etməyə tərəddüd edirdim. Narahatçılığım kitab çap olunandan sonra baş verdi. Əsərə əlavə etməkdə tərəddüd etdiyim hissələr əlavə olunduqdan və roman çap olunduqdan sonra mətbuatda "Azərbaycanda islam əleyhinə çap olunmuş ilk kitab" başlıqlı məqalələr dərc olundu.

Hətta bir dostum dedi ki, romandakı Dədə Əfəndinin söhbətlərini çıxarsam, roman metodik vəsait kimi istifadə edilə bilər. Yəni məsələn, şagirdlərə, tələbələrə, əsgərlərə paylanılmaqla bu əsər onlarda vətənpərvərlik hisslərinin güclənməsinə və oyanmasına səbəb ola bilər.

Romanda 5 qəhrəman var: sünni, şiə, odər, deist və ata-anası müsəlman olan. Amma ateist fikrini yaxın buraxmıram, çünki ateizmi özüm də qəbul etmirəm. Obrazların içərisində ateist yoxdur. Sadəcə, tanrısına inanan obrazlar var".

Yeri gəlmişkən, əsərdə mifoloji mətnlərə, bir neçə klassik əsərə göndərmələr də var ki, hazırlıqlı oxucu bu məqamları dərhal sezəcək.

Vətən üçün tökülən qanların qıpqırmızı rəngi onu tarixə çağırırdı. Həmmüəllifi olduğu "Ümidlərin izi ilə" romanı da Qarabağ savaşının Azərbaycan insanının taleyində buraxdığı izləri əks etdirir. Bu əsərlər Vətən duyğusunun, Vətən sevgisinin məhsuludur. Onun "Yuxu maşını" hekayələr kitabı həm də maraqlı hekayənəvis olduğunu göstərdi. Hekayə yazıçının istedadını nişan verən əsas göstəricidir, möhürdür. Şəmil Sadiqin hekayələri az sözlə çox mətləblərə toxunan hekayələrdir. Son hekayələrindən olan "Qara tut ağacı" hekayəsi xüsusi diqqətəlayiqdir.

Böyük ədəbiyyatın əsas missiyası insan talelərinə əbədi dəyərlərin ölçüləri ilə yanaşmaqdır. "Qara tut ağacı" hekayəsində Xankəndidən köçən erməni Aşotla Əlif kişinin qarşılaşması təsvir edilir. Birinci Qarabağ savaşı zamanı Əlif kişi işğala məruz qalmış doğma yurdundan çıxarkən, on üç yaşlı oğlunu qonşusu, çörək kəsdiyi Aşota tapşırır. Bu, Əlif kişi ilə oğlunun son görüşü olur, bir daha oğlundan xəbər tuta bilmir. Xankəndidən köçən ermənilər arasında Aşot da vardı. Əlif kişi bu adamı telefondakı videolardan birində görüb tanıyır. Qərara alır ki, hökmən onunla görüşməli, oğlunun taleyindən xəbərdar olmalıdır. Yazıçı oxucu ilə mətnin arasına girmir, hadisəni sadəcə, təsvir edir, göstərir. Məlum olur ki, Aşot əmanətə xəyanət edib; Əlif kişinin oğlunu öldürüb və həyətlərindəki qara tut ağacının altında basdırıb. Mənfur düşmən qalib xalqın nümayəndəsinin ayağına düşüb bağışlanmağını istəyir. "Qara tut ağacı" yığcam hekayədir, amma üzərində bir romanın yükü var. Ata otuz il ümidlə oğlundan xəbər gözləyir və bu otuz ilin həsrəti, nisgili qara tut ağacının altında da kirimək bilmir... Yaddaşda şırım açan, müharibə refleksi üzərində qurulmuş hekayədir. Hekayədə müharibə təsvirləri yoxdur, amma müharibənin insan taleyində dağıdıcı təsiri var.

Şəmil Sadiq bacarıqlı naşir, gözəl yazıçı olmaqla bərabər, həm də Hədəf Kursları və Hədəf Liseyinin baş direktorudur. Azərbaycan təhsilinin inkişafında əmək sərf etmiş, dərsliklər yazmış pedaqoqdur. Şəmil Sadiqin ciddi elmi tədqiqatlarının bəhrəsi olan "Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası" monoqrafiyası Cavidin ədəbi irsinin fərqli rakursdan araşdırılması baxımından cavidşünaslıq üçün yeni istiqamətlər açır.

Şəmil bəy Azərbaycan ədəbiyyatının sütunlarından olan Xalq yazıçısı İsa Muğanna yaradıcılığını da ciddi tədqiq etmiş, "İsa Muğanna ideal işığında" adlı samballı monoqrafiya ərsəyə gətirmişdir. Düşünürəm ki, istedadlı nasirlə peşəkar tədqiqatçı onun yaradıcılığında qoşa qardaş kimidir. Onun nəsri alimliyinə, alimliyi nəsrinə dayaq durur, hər ikisi bir-birindən qidalanır. Kiçik bir məqalədə onun elmi-pedaqoji, ədəbi və naşirlik fəaliyyətini tam əhatə etmək mümkünsüzdür. Şəmil Sadiqin gördüyü işlərin miqyası olduqca böyükdür, bir yazıya sığası deyil. Onun kimi insanların varlığı Azərbaycan kitabının yaşaması deməkdir, milli məfkurənin varlığı deməkdir, türkçülük ideologiyasının pərvəriş tapması deməkdir. Bu müqəddəs yolda dəyərli dostuma uğurlar arzulayıram!

Kənan HACI
Edebiyyatqazeti.az