Böyük azərbaycanlı, mütəfəkkir-yazar Cəlil Məmmədquluzadə müraciət etdiyi bütün ədəbi növlərdə ədəbiyyatımızın nadir incilərinə çevrilmiş bədii nümunələr qələmə almışdır. Ədib çoxçeşidli janr yaradıcılığı, zəngin bədii üslubu, özünəməxsusluğu, bənzərsiz süjet və kompozisiyaları ilə söz sənətimizin etalonuna, məhək daşına çevrilmişdir.
Mirzə Cəlil Məmmədquluzadə əsərlərində yaşadığı, müşahidə etdiyi, müdaxilə etmək istədiyi tarixi-ictimai dövrün sosial həyatının koloritinin – sadə, avam kəndlidən bəyə, xana, qazıya, hakimə; adi hesab əməliyyatını bilməyən “saqqallı uşaq”dan müəllimə, professora; sadəlik və paklıq mücəssəməsi gülbaharlardan, nazlılardan fırıldaqçılığı və şəri təmsil edən şeyx nəsrullahlara, şeyx əhmədlərə; cəhalətə və xurafata qurşanmış, sözdə mömin olan məşədilərdən, kərbəlayılardan, hacılardan vicdanın, idrakın və elmin işığında aydınlanan molla abbaslara, cahangirlərə, isgəndərlərə qədər cəmiyyətin bütün ictimai tərkibinin müfəssəl bədii təsvirini vermişdir.
Ədibin yaradıcılığına ümumi nəzər yetirdikdə ortaya qoyulan problemlərin bir çoxunda ilk olaraq qütbləşmə, qarşıdurma və əks tərəflərin biri-biri ilə mübarizəsi diqqəti çəkir. Bu, antik yunan fəlsəfəsinin yarandığı dövrdən günümüzədək universal idrak metodu, hərəkət və inkişaf haqqında elm olan dialektik fəlsəfənin əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə səsləşir. Cəlil Məmmədquluzadənin 2004-cü ildə nəşr edilən “Əsərləri” toplusunda yer alan “Ər” pyesində Mürşid dayının dilindən verilən “… Demokritçilər, ta əvvəl VII əsrdən filosofların axırıncısı Hegelədək yaranmış hər bir təsniyyə üsulu ilə şərh edilərdi və heç bir vaxt filosofiya elmində vəhdaniyyəti qəbul etməzdilər. …” sözlərindən məlum olur ki, ədib bu qədim fəlsəfə elminin bütün tarixi inkişaf prosesi ilə yaxından tanışdır. Dialektik məntiqin ilk geniş sistemini yaratmış Hegelə qədər bu elmin tarixini və mahiyətini mənimsəmiş, həqiqəti dərketmə üsulu kimi bu metoddan istifadə etmişdir.
Zeynəddin Hacıyevin “Fəlsəfə” adlı kitabına nəzər yetirdikdə bir çox müqayisələrin anlamına bir daha diqqət yetiririk. “Dialektikanın mənəvi atası” olan Efesli Heraklitə görə, dünyada hər şey canlı ilə ölü, oyaq ilə yatan, gənclik ilə qocalıq, aclıq ilə toxluq, yorğunluq və istirahət, gözəllik və eybəcərlik, təmizlik və çirkinlik və sair bir-birilə mübarizədədir”.
Bu fəlsəfəyə görə, ziddiyyətlər müəyyən müddət harmoniya içərisində davam edir. Sonrakı proseslərdə tərəflərdən birinin labüd hərəkəti nəticəsində harmoniya disharmoniya ilə əvəzlənir, nəticədə qarşıdurma və münaqişə yaranır. Həqiqət isə əks tərəflərin üz-üzə gəlməsi və mübahisəsi ilə, yəni dialektik vəhdət nəticəsində ortaya çıxır.
“Ölülər”də “dirilər”lə “ölülər”, “Dəli yığıncağı”nda “ağıllılar” və “dəlilər” əvvəlcə harmoniya içərisində yaşayırlar. Qütblərdən biri hərəkətə keçməyincə – Şeyx Nəsrullah cahil insanların başını ölü diriltmək oyunları ilə piyləməmişdən, Fazil Məhəmməd öz iyrənc niyyətini gerçəklləşdirmək üçün qurduğu planlara başlamamışdan əvvəl kefli İsgəndərin kiməsə “tfu sizin üzünüzə” dediyini, yaxud dəlilərin ağıllılara qarşı hər hansı mübarizəyə başladığını görmürük. Yalnız harmoniya pozulduqdan sonra toqquşma yaranır, münaqişədən həmişə idrakın köməyi ilə haqlı olan tərəf, həqiqət qalib çıxır. Bu, bir növ ağın nə qədər ağ olduğunu müqayisə etmək üçün müşahidə aparan tərəfə bu rəngi ən kəskin qara fonda təqdim etməyə bənzəyir.
“Ölülər” tragikomediyasındakı Kefli İsgəndər obrazı Platonun “Dövlət” əsərinin 7-ci bölməsindəki məşhur “Mağara alleqoriyası”nda mağaradan çıxaraq gözləri günəşin işıqlarından qamaşan, həqiqətin mənbəyini görən, kainatı dərk edən insanı xatırladır. Kefli İsgəndər də öz “platonik mağarasına” qayıdaraq, mağaradakılara gerçəkliyin nə olduğunu izah etməyə çalışarkən heç kəs ona inanmır, onu ələ salır, istehza ilə yanaşır və özlərindən təcrid edirlər. “Atası Hacı Həsən, anası Kərbəlayı Fatma xanım, şəhər sakinləri Məşədi Oruc, Məşədi Baxşəli, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa kimi “diri ölülər” İsgəndərə dəli kimi baxır”. Kərbəlayı Fatma xanımın “Buy, ay uşaq, başıma xeyir! Bu gədə lap dəli olub. Adə, Əli, gəl bu səfehi çıxar sal eşiyə!” sözlərindən görürük ki, bu münasibəti İsgəndər ilk dəfə ən yaxın insanlardan, doğmalarından görür.
“Ölülər”də və ədibin digər əsərlərində ziddiyət və qarşıdurmalar zahirdə müxtəlif forma və adlarla təzahür etsə də, batində sadəcə ağlın və məntiqin mövcudluğu və qeyri-mövcudluğu arasındadır.
Mirzə Cəlilin “Çay dəsgahı” mənzum alleqoriyası ilə başlayan dramaturgiyası böyük inkişaf yolu keçmiş, “Ölülər” tragikomediyasından sonra “Dəli yığıncağı” pyesi ilə öz kuliminasiyasına çatmışdır. “Ölülər”dən “Dəlilər”ə (“Dəli yığıncağı”nın ilkin variantlarda adı məhz “Dəlilər” olmuşdur.) keçid təsadüfən baş verməmişdir. Kefli İsgəndərin sərxoşluğu və Molla Abbasın özünü dəliliyə vurması müəyyən məqamlarda eyniyyət təşkil edir. Lakin Kefli İsgəndər bu mübarizədə cəsarət tapmaq üçün içmirdi. Yaxud Molla Abbas təkcə arvadı Pırpız Sonanı müdafiə etmək üçün özünü dəliliyə vurmamışdı.
Həqiqəti bütün aydınlığı ilə dərk edən, cəmiyyətdəki çatışmazlıqları, naqislikləri, iyrənclikləri və bütün bunlara səbəbiyyət verən xürafatı, mövhumatı və cəhaləti bütün çılpaqlığı ilə görən bu şəxslər bir növ ağlın, məntiqin, dərketmənin gətirdiyi əzablardan – anlamaq dərdindən uzaqlaşmaq üçün sərxoşluğa, axmaqlığa, dəliliyə üz tuturdular. Sual yarana bilər ki, niyə məhz mübarizə yoluna yox, yayınmaq metoduna əl atırlar. Cavab isə müəllifin sözləri ilə desək “əzhər minəş-şəmsdir”, yəni gün işığı kimi ortadadır. Çünki onlar cəhalətlə təkbaşına vuruşmağın anlamsız olduğunu təkcə dərk etmirdilər, həm də həmin şəxslərin buna dəfələrlə cəhd etdiklərini və uğursuz olduqlarını İsgəndərin məşhur monoloqundan da açıq-aşkar duymaq olur: “Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini uzadıb cibindən araq şüşəsini çıxardır) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. … Yox, yox, o, mənim işim deyil. O, igid işidir. Siz tək camaatın da igidi mənim tək olar”.
İctimai fikir tarixinə yaxından agah olan isgəndərlərə yuxarıda qeyd etdiyimiz platonik mağaradan çıxan bilgənin, Sokratın, Cordano Brunonun və başqalarının mübarizələrin faciəli aqibəti məlum idi. Lakin onlar həyatları bahasına olsa da, mübarizədən çəkinmir, sakitlik pozulan kimi, labüd qarşıdurmada öz mövqelərini ortaya qoyurdular.
Cəlil Məmmədquluzadənin “Əsərləri” toplusunda yer alan digər “Ölülər” əsərinin birinci pərdəsində müəllimin İsgəndərdən Mirzə Cəlala dərslərinə can yandırması üçün nəsihət etməyini xahiş edəndə, İsgəndərin cavabı belə olur: “(Ucadan qah-qah çəkib gülür) Məgər Mirzə Cəlal görmür ki, elmli insan bir qəpiyə dəyməz? Xa… xa… xa… Hər kəsin ki, elmi var, onun hörməti yoxdu; hər kəsin ki, hörməti var, onun da elmi yoxdu. Xa… xa… xa… İnsan ona deyərlər ki, nə elmi ola, nə hörməti ola. Xa… xa… xa…”.
İsgəndərin “insan ona deyərlər” dediyi, elmi və hörməti olmayanlar kimlər idi bəs? Cavab dəlilərdir. Kamillik mərtəbəsinə çatan insan bu dünyaya xoşbəxt olmaq üçün gəlmədiyini, lakin ona daim əzab verən şeyin anlamaq, bilik almaq, elm öyrənmək oduğunu dərk edir. İsgəndər artıq elmə yiyələnən və ya yiyələnəcək olan insanın bu əzabla ömür boyu yaşamaq məcburiyyətində olacağını anlayırdı. Bunu qardaşına dediyi aşağıdakı sözlərdən açıqca görmək olur: “…Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, deyirsən ki, mən kefliyəm; amma and olsun Qara ağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İsgəndər dadaşın kimi küplərin dibində yatmağa. …” .
Digər tərəfdən, cəmiyyət içində hörməti olanlar – pedofil şeyxlər, ağzından süd iyi gələn öz doğmaca qızını sözdə mömin, əslində isə fırıldaq olan lotunun otağına göndərməyə hazır olan hacılar, ölən qardaşının arvadına, mal-mülkünə sahib çıxmış məşədilər, arvadını, anasını döyə-döyə öldürən kərbalayılar İsgəndəri narahat edirdi. Bu cür hörmətə sahib olmaq və belə əməllərə qol qoymaq insanlığa yaraşmayan ziddiyyətlər idi.
Muxtar Kazımoğlu İmanov “Gülüşün arxaik kökləri” adlı kitabında bu mövzuya geniş aydınlıq gətirmiş və kitabda qeyd etdiyi kimi “Ölülər”dəki sərxoşluğun sonrakı əsərlərdə “özünü dəliliyə vurmaq”la fikrinə bildirməyə keçəcəyi əvvəlcədən müşahidə olunmuşdur. Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılıq fəaliyyətindəki artan düzxətli inkişaf tempini göz önünə alaraq deyə bilərik ki, ölülərdən dəlilər aləminin təsvirinə keçid ədəbiyyat baxımından uğurlu tapıntıdır. İsgəndərin vəziyyətdən çıxış yolu kimi, keflilik seçiminin iradi seçim olduğunu ətrafdakılar dərk edir, buna görə onu ilk fürsətdə qınayırdılar. Sərxoş olmaq keçici idi və çox vaxt onun qoruyucu qalxanı altında gizlənmək güvənli deyildi. Sərxoş olmaq o demək deyildi ki, ehtiyyatı əldən verib, istədiyini deyə bilərsən. “Dəlilik” isə tamamilə yeni, daha geniş üfüqlər doğururdu.
Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, dəlilik özü öz daxilində ziddiyyət yaradaraq qütbləşir. Renessans dövrü humanizminin böyük təmsilçilərindən olan Rotterdamlı Erazm (Desiderius Erasmus) 1509-cu ildə qələmə aldığı və günümüzədək aktuallığını itirməyən, fanatizmə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri olan “Dəliliyin tərifi”ndə dəlilik məfhumunun çox geniş izahını vermişdir. Yumoristik tərzdə yazılan əsərdə iki əsas fikir var: birincisi, əsl müdriklik dəlilikdir, ikincisi isə özünü müdrik hesab etmək əsl dəlilikdir. Kitab həmçinin oxucunun qarşısına bu sualı qoyur: İnsanın bütün zincirlərdən və boyunduruqlardan xilas olmasına və mütləq azadlığa qovuşmasına zəmin yaradan şey dəlilik deyilmi? Bu fikirlərdən sonra özünü öymək üçün söz dəliliyə verilir. Dəliliyin dilindən verilən fikirlərdə dəlilik həyatdan zövq almağı, əyləncəni, şəhvani hissləri tərifləyir, uşaqlıqda, yaşlılıqda, dostluqda, eşqdə və evlilikdə, müharibədə və sülhdə insanların iradəsinə necə sahib olduğunu və onları necə xoşbəxt etdiyini izah edir.
“Ər” pyesində əsəb xəstəxanasını müdiri, professor Mirzə Ərvallah xanın tələbələrinə ruhi xəstəliklərdən təfsilatlı şəkildə söhbət açması, dəliləri əyani olaraq göstərib onların psixi halət və xəstəliklərinin xüsusiyyətləri haqqında ən xırda təfərrüatına qədər danışması Mirzə Cəlilin dəlilik anlayışının ümumi olmadığını, həm də tibbi termin ki izahının ona məlum olduğunu görürük.
Ədəbiyyata gətirilən dəli obrazları bəzən həyata, ətrafda baş verən olaylara fərqli bir baxışın və ya unudulmuş bir məsumiyyətin, yaxud da heç kimin cəsarət edib söz deyə bilmədiyi anlarda hayqıran haqq səsinin təcəssümünə çevrilir. Bu obrazların köməyi ilə yazıçı bir çox mübhəm və çətin mövzulara asanlıqla müraciət etsə də, müəyyən məqamlarda onun işi daha da çətinləşir. Dəlinin dilini onun təbii danışıq normalarına salmaq, onu bədii formaya gətirərək ümumi məqsədəuyğun nəticə əldə edə bilmək, ağlı başında ola-ola, yəni dəli olmadan, dəliliyin bəxş etdiyi üstünlüklərdən faydalanmağı bacarmaq müəllifdən böyük ustalıq tələb edir.
Mirzə Cəlil Məmmədquluzadə dəlilik mövzusuna həsr etdiyi “Dəli yığıncağı” və “Ər” dram əsərlərində dövrün siyasi, ictimai və mədəni həyatındakı çatışmazlıqları, qaranlıq məqamları, xaosu, cəhaləti və mövhumatı kəskin tənqid atəşinə tutaraq, yuxarıda qeyd etdiyimiz üsuldan mükəmməl şəkildə istifadənin örnəyini vermiş, qüdrətli söz ustası olduğunu bir daha sübut etmişdir.
Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası dünya ədəbiyyatında dəlilik mövzusunda yazılmış qiymətli şedevrlərdən biridir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür