Müasir poeziyamızda duyğular və fəlsəfə - Sərvanə Dağtumasın yazısı
Səddam Laçının “Səndə hansı fəsildir?” və Taleh Mansurun “Yarımçıq vəsiyyət” şeirlərində psixoloji-fəlsəfi motivlər
Müasir Azərbaycan ədəbiyyatına nəzər salsaq, gənc müəlliflərimizin özünəməxsus və fərqli yaradıcılıqlarına rast gələ bilərik. Məqaləmizdə gənc şairlərimiz Səddam Laçın və Taleh Mansurun yaradıcılığı əsas diqqət mərkəzindədir. Taleh Mansur “Min il əvvəl”, “Bəlkə də yağışlar yağmamalıydı”, Səddam Laçın “Kəpənək ömrü”, “İki canlı”, “Kişi unutqanlığı” kimi bir sıra şeirlərin müəllifləridir. Hər iki şairin yaradıcılığı ətraflı şəkildə araşdırılmadığı üçün bu tədqiqata ciddi ehtiyac var.
Taleh Mansurun “Yarımçıq vəsiyyət” şeiri ekzistensial məzmun kəsb edir, insanı gerçək həyatla, öz mənəvi dünyası və daxili üsyankarlığı ilə baş-başa qoyur. Səddam Laçının “Səndə hansı fəsildir?” şeirində insanın emosional dəyişkənliyi, daxili müharibələri və “fəsil” problemi təsvir olunur.
Səddam Laçının “Səndə hansı fəsildir?” və Taleh Mansurun “Yarımçıq vəsiyyət” şeirləri bugünə qədər tədqiq olunmayıb. Bu şeirlər arasındakı yaxınlıq və şeirlərin ədəbiyyatda əhəmiyyəti əsas tədqiqat obyektidir.
1. Səddam Laçının "Səndə hansı fəsildir?" şeirində daxili fəsil problemi. İnsanın mövsümü və ya mövsümün insanı
“Səndə hansı fəsildir?” şeirində həm fəslin, həm də insanın dəyişkən olması vurğulanır. Fəsil xarakter, emosiya və münasibətin simvoludur. Lirik qəhrəman qarşı tərəfi anlaya bilmir, özü isə tənha və çarəsiz vəziyyətdədir, soyuqluq ruhuna hakim kəsilib. O o qədər çaşqın və narahatdır ki, (ritorik) sualı dəfələrlə təkrar edir. O, sualı ilə qarşındakı şəxsin, ruhi vəziyyətini, “fəslini” öyrənmək istəyir:
Səndə hansı fəsildir?
Məndə hələ də qışdır
Havanı soruşmuram
Bilirəm ki, yağışdır
Biz şeirdə görürük ki, qəhrəman kədər mərhələsindədir, onun ruhu qış kimi üşüyür. Onun içində bir “qış” var. (“Məndə hələ də qışdır”) Nə vaxtsa aldığı travmaları ilə üzləşmək istəyir. O, empatikdir.
Burada lirik qəhrəman özünü və başqasını anlaya bilmir. Başqalarını tamamilə tanımaq da mümkünsüzdür. Bir insanla bərabər yaşamaq, addımlamaq, yaxından tanımaq üçün gərək onu hər fəsildə tanıyasan, onunla hər fəsli yaşayasan. (daxili fəsil) Bu baxımdan hisslərin və duyğuların ifadəsi metaforik şəkildə müqayisə olunub. (fəsil metaforası ilə) Yaz, yay, payız, qış sevinc, xoşbəxtlik, depressiya və kədər mərhələlərini simvollaşdırır.
Səndə hansı fəsildir?
Yazdır, yaydır, payızdır?
Heçmi dəyişməmisən?
Düzünü de ömründə
Neçə aydı payızdır?
Lirik qəhrəman sual verdiyi şəxsin kimliyini açıqlamır, ancaq bu şəxs sabit deyil, dəyişkən xarakteri, davranışları var. Bəlkə də qəhrəmanımız bu sualı özünə verib, özünün, öz ruhunun, qəlbinin hansı “fəsildə” olduğunu müəyyən etməyə çalışır:
Səndə hansı fəsildir?
Mən bildiyim qədəri
Payız sən qədər soyuq,
Sən qədər qəddar olmur.
Başqa fəsilə bənzər
Axı sənin kimilər
Payıza oxşar olmur
Lirik qəhrəman sanki skeptikdir, sualın yanlış olduğunu düşünür, şübhələnir, bunu sorğulayır. Sonda isə o dərk edir ki, insanın daxili fəsli, ruhu yalnız bir davranışla, duyğu ilə (fəsillə) məhdudlaşmır, insan hər duyğuda, əhvalda, yəni hər “fəsildə” ola bilər. Bu insan-fəsil konflikti şeirdə psixoloji motivləri üzə çıxarır:
Sən payızmı sanırsan
Bu solğun baxışları?
Sən payızmı sanırsan
Bu quru yağışları?
Səndə hansı fəsildir?
Heç çür anlamaq olmur
Gündə bir şəkildəsən
Fəsil insana yox, insan fəslə uyğun davranır, fəsil insanla ayaqlaşır, insan fəsili seçir, fəsil insanı seçmir. İnsan ruhu təmasda olduğu hər şeydən qidalanır. İnsan yalnız insan olaraq qalmır, o, heyvandan Allaha qədər uzana bilən sirli və mürəkkəb varlıqdır. Biliyi və təcrübəni “yeyən” insan şəxsiyyətə çevrilir:
Bəlkə də sual səhvdir
Bəlkə də deməliyəm
"Səndə hansı fəsil" yox,
"Sən hansı fəsildəsən?"
Lirik qəhrəman qarşı tərəfi qınayıb onu soyuq və qəddar adlandırır, ancaq həm də onu anlamağa çalışır. İnsan bəzən dinlənilməyə, başa düşülməyə ehtiyac duyur. Şeir bizlərə həm də çatdırır ki, insanı tanımağa cəhd göstərmə, özünü yorma, insanı tamamilə tanımaq olmur, onu anlasan, başa düşsən yetərlidir.
2.Taleh Mansurun "Yarımçıq vəsiyyət" şeirində ekzistensial sancılar, həyat-ölüm keçidləri
“Yarımçıq vəsiyyət” şeirinin lirik qəhrəmanı həm zəif, həm güclü, həm ümidli, həm də kədərlidir. İnsan mübarizələrə və tənhalığa məhkum bir varlıqdır. Şeirdə verilən “kəfən doğan bələk”, (həyat-ölüm konflikti, həyatda ölüm, ölümdə həyatın mövcudluğu) “var-gəl edən külək”, (həyatın narahat ve dəyişkən olması) "daşa dönən ağrılar" (insanın ağrılara alışması, vərdiş etməsi, dözümlülüyü) ifadələri metaforik və simvolikdir, ölümün nəfəsini, dadını və insanın ruhani yolunu ifadə edir.
Lirik qəhrəmanımız cəmiyyətdən qaçır, özünü təcrid edir, özünü öz tənhalığında tapmağa çalışır. O, öz dünyası ile barışıb, bu tənhalığının ağırlığının fərqindədir. Şeirdə ifadə olunan gecə simvolu insanın təkbaşına qaldığı, düşüncələri ilə üzləşdiyi məkandır:
Bacarmadım gündüzləri yaşamağı
Təkbaşına öz gecəmi yaşayıram
Addım səsi,
Adam səsi,
Eşitməyən söz küçəmi yaşayıram
"Yarımçıq vəsiyyət" şeirinin bu cür adlanması şeirin məzmununda dərin bir məna gizlədir. Bu ad şeirin ruhuna, şairin qayğılarına və onun hiss etdiyi yarımçıqlığa işarə edir. İnsanın bu dünyada qoyub getdiyi son kəlmələr - vəsiyyəti yarımçıqdır. Lirik qəhrəmanın həyatı hələ tamamlanmayıb, davam edir:
Nə oğlumu, nə qızımı,
Arzuların bir küncündə
Ürəyimi böyüdürəm.
Bu dünyaya göz açandan,
Kəfən doğan bələyimi böyüdürəm
Lirik qəhrəman ilahi ədalətə inanır. O, harada olsa da, Allahla arasında möhkəm bir bağ var. O, bağışlayan və təqdir edən, alqışlayandır:
Qorxutmasın qoy bir kəsi
Qurşaq tutub halay çəkən buludların şaqqıltısı
O ildirim səsi deyil,
O Tanrıdı, ürəyimi alqışlayır
Zaman-zaman edəcəyim,
Neçə böyük günahımı bağışlayır
Şeirin qəhrəmanı öz həyatının yavaş-yavaş bitəcəyini bilir. O gedəndə də cismən ölsə də, mənən yavaşayacağını vurğulayır, yaddaşlarda, xatirələrdə qalmaq istəyir:
Tanrı görür...
Gözlərindən soruşuram yerin-göyün:
- Görürsənmi məni indi?
Görürsənmi bu dünyanın istisindən soyuğuna,
Soyuğundan istisinə
var-gəl edən külək kimi narahatam?!
Duyursanmı, zirvələrə toxunduqca ağrılarım daşa dönür?
Gəldiyim yol, getdiyim yol
Göz üstündə bir cüt qara qaşa dönür?
Taleyinə gülümsəyən bir kimsəsiz kədər kimi,
Əridikcə zərrələrim gilə-gilə yaşa dönür.
süzülürəm bu dünyanın ömür adlı yanağından
gedirəm...
Şeirdə insanın öz ağrıları ilə bərabər, eyni zamanda digərlərinin də acılarını, kədərlərini paylaşdığını, başqalarının duyğularını öz ruhunda cəmləşdirdiyini görürük. Onun göz yaşları hiss ve iztirabları simvollaşdırır. O, bununla başqalarının ağrılarını, əzablarını başa düşür, bölüşür və daşıyır;
Məndən ötru ağlamayın ay adamlar,
Xəbəriniz yoxdu sizin,
hamınızın göz yaşınız məndədi
İnsan ömrünün müvəqqəti olması ve buna baxmayaraq, bu müvəqqəti dünyanın əbədi olması, insanın ölsə belə yaşaması, (keçicilikdəki daimilik) mövcudluğu, fiziki ve mənəvi varlığın digərlərinə təsiri şeirə fəlsəfi rəng qatır. Qəhrəman həyatla ölümü eyni anda düşünür, ancaq ölüm onu qorxutmur. Onun ölümü mütləq insanları təsirləndirəcək:
Ürək deyib köksünüzə əl atmayın, ay adamlar
Mən gedəndə biləcəksiz ürəyiniz hardadı?
Mən gedəndə biləcəksiz ürəyiniz cənazəmdən öndədi...
İnsan həyatının mənasını, dəyərini bilməli ve yaşadıqlarını öz ruhani qatından keçirməlidir. “Yarımçıq vəsiyyət” şeirinə bu baxımdan qayğı ve natamamalıq duyğusu hakimdir-insan ruhundakı boşluq və yarımçıqlıq. Bu həyatdakı mübarizələr isə sonsuzdur, heç vaxt tamamlanmayacaq. Bu mənada şeirin adı simvolikdir.
Nəticə
Səddam Laçının “Səndə hansı fəsildir?” və Taleh Mansurun “Yarımçıq vəsiyyət” şeirlərinə psixoloji-fəlsəfi ruh hakimdir. Hər iki şeirdə lirik qəhrəmanın tənhalığı və ekzistensial çırpınışları, təbiət hadisələri, (bulud, ildırım, külək, yağış, fəsil) sabit duyğular ön plandadır. Şeirlərə mistik ruh hakimdir və hər iki qəhrəman çıxılmaz boşluq içərisindədir
Səddam Laçının “Səndə hansı fəsildir?” şeirində emosional uzaqlaşma ifadə olunur və lirik qəhrəman qarşı tərəfi anlamaq istəyir. Şeir sual-cavab (dialoq) formasında yazılıb, ancaq qarşı tərəfin səsini eşitmirik. “Səndə hansı fəsildir?” sualı şeirin mövzusunu qüvvətləndirir. Əslində mövzu bu sualda gizlədilib. "Sən hansı fəsildəsən?" sualı şeirin ideyasını qüvvətləndirir, gizlədir. Şeirin mövzusu: “Səndə hansı fəsildir?”. Şeirin ideyası: "Sən hansı fəsildəsən?".
Taleh Mansurun “Yarımçıq vəsiyyət” şeiri insanın ölüm və Allahla hesablaşmasına, insan həyatının sonunun ifadəsinə yönəlib. Şeir daxili monoloq üzərində qurulub və Tanrıya müraciət formasındadır. Şeirin mövzusu ekzistensial sancıların ifadəsi, həyat-ölüm keçidləri, şeirin ideyası isə həyatın sonsuz və heç vaxt tamamlanmamış olmasıdır.
Fikrimizcə, sanki “Yarımçıq vəsiyyət” beyini, “Səndə hansı fəsildir?” ürəyi təmsil edir, sorğulayır.
Sərvanə DAĞTUMAS
Ədəbiyyatşünas