Şəmil Sadiq sevimli naşirimdir. Amma naşirlikdən əlavə, həmkarımdır, qələm yoldaşımdır. Onu türk dünyasının vurğunu, türk millətini ən ali səviyyədə sevən biri kimi tanıyıram həm də.
Şəxsi tanışlığımız 2014-cü ilə təsadüf edir. O zamanlar "Hədəf" nəşrlərinin təsis etdiyi, "Kitabevim.az" və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə keçirilən "Anamın kitabı" pyes müsabiqəsinin qalibi olmuşdum. Müsabiqənin adı da təsadüfi seçilməmişdi. Cəlil Məmmədquluzadənin məşhur əsərinin adından götürülmüşdü. Dilimizə ehtiramın, sevginin göstəricisi idi bu adın seçilməsi. İdeya müəllifi Şəmil Sadiq təkcə ədəbiyyat, təhsil, nəşriyyat sahəsinin yox, müxtəlif sahələrin, o cümlədən, teatr sahəsinin inkişafına töhfəsini vermiş oldu o müsabiqəylə. Müsabiqədə qalib olmağım, ilk pyesimin böyük teatr səhnəsində tamaşaya qoyulması gənc bir yazar üçün böyük hadisə idi. Bu müsabiqə o zamana kimi ilk idi və həqiqətən gənc qələm adamlarının önündə gözəl imkanlar açırdı.
Müsabiqə vasitəsilə ilk dəfə dramaturq kimi qələmimi sınadım. Təbii ki, bu imkanın yaradılması, əsərimin böyük teatrın səhnəsinə yol tapması məni digər əsərləri yazmağıma da ruhlandırdı. Bundan sonra üç pyes yazdım. Onlardan biri - "Həyat elə oyun ki" adlı monopyes Füzuli Dövlət Teatrında tamaşaya qoyuldu. Uşaqlar üçün yazdığım "Lokomotiv və vaqonları" adlı pyes üzümüzə gələn mövsüm üçün Kukla Teatrında hazırlanıb.
Vətən müharibəsinə həsr olunan "Çiçək məktublar" adlı pyesim isə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş, Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr edilən müsabiqədə qalib gəldi.
Şəmil Sadiqi bir maarifçi kimi də tanıyır və sevirəm. Elm, təhsil sahəsində gördüyü işlər, "Hədəf" Konsepti misilsizdir. Əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü, yeni dövrün tələblərinə cavab verən savadlı insanlar yetişdirmək olan "Hədəf" konseptinin əsas prinsipləri bunlardır: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.
Mənə elə gəlir ki, Şəmil Sadiq öz bədii yaradıcılığında da gəncləri bu konseptin prinsiplərinə uyğun yönləndirməyə can atır. Bu mənada, yazıçının 2012-ci ildə qələmə aldığı "Odərlər" romanının xüsusən yeniyetmələrin, yuxarı sinif şagirdlərinin, gənclərin düşüncələrinə təsir gücü yüksəkdir.
Romanda Arslan adlı gənc "Odərlər" adlı gizli təşkilatın üzvünə çevrilir. Təşkilatın ali məqsədi vətənin düşmənlərinə qarşı kəşfiyyat aparmaq, gizli sirləri və mətnləri üzə çıxarmaq, düşmən cəbhəsinə sarsılmaz zərbələr vuraraq gələcək qələbəyə töhfə verməkdir.
İdeyası İsa Muğannanın "Məhşər" romanından götürülən "Odərlər" əsərinə böyük ustad kiçik bir Ön söz yazaraq, öz xeyir-duasını vermişdi. Yaxşı olardı ki, bu əsəri oxuyan gənclər "Məhşər" romanını da oxusunlar, onda beyinlərində qalan suallara daha yaxşı cavablar tapacaqlar. Çünki kitab türkün tarixinə, dininin keçmişinə, müasir siyasətə dair çoxlu suallar yaradır.
Odərlər Dədə Əfəndi deyilən bir ağsaqqal tərəfindən idarə olunur. Dədə Əfəndi türkün dastanı "Kitabi-Dədə Qorqud"dakı Dədə Qorqudun prototipidir. Postmodern estetikada yazılan əsərdə təsadüfi deyil ki, kəşfiyyata yollanan beş qəhrəmanın, beş igidin əsas tapşırıqlarından biri işğal altında olan Şuşa şəhərində Cıdır düzündəki mağaralardan birində gizlədilmiş kitabı, türkün keçmişindən bəhs edən sirli mətni tapıb gətirmək olur.
Beş igid - Məhəmməd, Komandir, Elçin, Ayxan və nəhayət Arslan canları, qanları bahasına onlara tapşırılan tapşırıqların dalınca sorğu-sualsız yollanırlar. Bu yolda hətta vətən xaini adlandırılmaqlarına, qatil olmağa belə razı olurlar. Təki onlara verilən tapşırıqların öhdəsindən bacarıqla gələ bilsinlər.
Roman boyunca əsərin beş qəhrəmanı müxtəlif dramatik vəziyyətlərdə göstərilir, həmin bu səhifələri həyəcansız oxumamaq mümkün deyil. Döyüş səhnələriylə zəngin əsər xüsusən oğlan uşaqları, gənc əsgərlər üçün çox maraqlıdır.
Əsərdə diqqətimi çəkən cəhətlərdən biri müəllifin döyüş səhnələrində erməni əsgərlərinə qarşı qəzəbidir. Təbii ki, əsər Vətən müharibəsindən qabaq, torpaqlarımız hələ düşmən tapdağında olanda yazıldığından, bu qəzəb daha da alovludur. Düşünürəm ki, Vətən müharibəsində qazanılan qələbənin yetişməsində bu cür əsərlərin də rolu az olmayıb və "Odərlər"in də zəfər çalmağımızda müəyyən payı var. Təsadüfi deyil ki, əsər Milli Qəhrəmanız Mübariz İbrahimova həsr olunub. Elə romanın qəhrəmanları da Mübariz İbrahimov igidliyində, ruhunda olan gənclərdir. Onlar beşi də ölümün gözünə dik baxaraq, qorxmadan, çəkinmədən düşmənin üzərinə gedirlər. Bu igidlərin hər biri üçün ən ali həqiqət vətənə sevgi, vətənə sədaqətdir. Hətta onların arasında dini əqidələri bir-birindən fərqli olanlar da var. Biri qatı dindardır, biri sünni, biri şiədir, digəri deistdir və sair. Ancaq son məqamda onların hər biri üçün hər şeydən üstün vətən, millət sevgisidir, türkçülükdür.
Şəmil Sadiq səmimi bir türkçüdür. Onun yaratdığı "Hədəf" Konseptinin əsasında da türkçülük, turançılıq durur. Yaradıcılığının əsasını da bu məqsəd təşkil edir.
"Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası" adlı dissertasiya müdafiə edən, filologiya üzrə fəlsəfə elmləri doktoru adını alan yazıçı "Odərlər" əsərində tez-tez Hüseyn Cavidi də yada salır, onun qəhrəmanlarına göndərmələr edir.
Roman boyu Dədə Əfəndinin Arslanla söhbətləri də olduqca maraqlı məlumatlarla doludur. Həmin söhbətlərdə müəllif xeyli böyük cəsarətlə, demək olar əsərinin qəhrəmanları kimi qaragözlülüklə, qorxmazlıqla dərin mətləblərə toxunub. İstər din, istər gen, istər siyasət mövzusundakı bu söhbətlərin qayəsi oxucuya millətçilik və türkçülüyün hər şeydən yuxarıda durduğunu anlatmaqdır.
Dədə Əfəndinin söhbətləri oxucunu yormur, əsərə darıxdırıcılıq gətirmir. Əksinə, gərgin, dramaturji vəziyyətlərin arasında oxucunun da gərginliyini azaltmağa xidmət edir, hardasa bir nəfəslik rolu daşıyır.
Əsərin beş qəhrəmanının hər birinin həyat yolu da kitabda öz əksini tapıb. Beş qəhrəmandan yalnız biri, əsərin əvvəlində nalyığan kimi tanış olduğumuz Arslan sağ-salamat geri qayıda bilir. Digər dörd igid getdikləri yolda müxtəlif fədakarlıqlar, vətənə, millətə sədaqət göstərərək, şəhid olurlar. Onların bədənləri, ruhları işğal altında olan torpaqlara qarışır, son sözləri də vətən, millət olur, Azərbaycan Bayrağını sinələrinə sıxıb dünyayla vidalaşırlar. Amma hər biri bu dünyadan köçərkən qəlblərində qələbəyə, zəfərə sarsılmaz bir inamla köçür. Onlar bütün qəlbləriylə bir gün zəfər çalacağımıza, torpaqlarımızın geri alınacağına, qisasın qiyamətə qalmayacağına inanırlar. Və bu inamı da oxucuya təlqin edirlər. Müəllifin də əsas qayəsi oxucuda bu inamı yaratmaq və möhkəmlətməkdir. Bu mənada bu əsərin Vətən müharibəsindəki rolunu qeyd etməyi özümüzə borc bilirik.
Kəşfiyyata yollanan qəhrəmanların sayının beş olması təsadüfi deyil, biz bunu Dədə Əfəndinin söhbətlərindən də anlayırıq. Dədə Əfəndi Arslanla söhbətlərindən birində beş rəqəminin türklərin, ümumiyyətlə dünyanın üzərindəki rolundan bəhs edir. "Yeddi samuray", "Yeddi oğul istərəm" və sair əsərlərdə igidlərin sayının yeddi olduğunu görürük, amma Şəmil Sadiq beş rəqəminin üstündə dayanıb. Bu da əsərdə öz geniş izahını tapıb.
Döyüş yoldaşlarını müxtəlif gərgin vəziyyətlərdə itirən Arslan ona tapşırılan işi qətiyyətlə, bacarıqla həyata keçirib sağ-salamat geri qayıtsa da, yoldaşlarının başına gələnlər onu bir insan kimi sarsıdır.
Əsər boyu müxtəlif vəziyyətlərdə yoldaşlarından gah birinə, gah digərinə şübhələr yaransa da, məlum olur ki, hər kəsin qayəsi vətən, millət yolunda ona tapşırılan tapşırığın öhdəsindən canı bahasına gəlməkdir. Bu yolda onlar bir-birlərini həm qoruyur, həm də fədakarlıqlar edirlər. Komandirin kor bağırsağından ağrı tutur, görür ki, yoldaşları çıxılmaz vəziyyətdə qalıblar, nə onu qoyub gedə bilirlər, nə də qala. Özünü öldürür. Baxmayaraq ki, intihar inandığı dinin qaydalarına, əmrlərinə zidd idi. Hətta onun bu əməli döyüş yoldaşlarını ilk növbədə buna görə təəccübləndirir. Amma bu dramaturji situasiyanın özü ilə müəllif oxucuya fikir aşılayır: söhbət, məsələ vətən, millətdirsə, qalan bütün fikirlər arxa plana atılmalıdır.
Beş qəhrəmana verilən tapşırıqlardan biri də Azərbaycan Bayrağının Xankəndidəki separatçı qurumun qərargahı üstündə dalğalandırmaq olur. Bu vacib və təhlükəli işin öhdəsindən Məhəmməd adlı Odər gəlir. Odərlərlə işləyən, Dağlıq Qarabağa türklərin tarixini araşdırmağa gələn bolqar əsilli türk qızı Məhəmmədin videosunu çəkib lazım olan ünvanlara yollayır. Hətta bu işi görərkən həyatını riskə atır, sonra da ələ keçməsin deyə intihar edir. Məhəmmədsə son damla qanına kimi, lap igid Mixaylo kimi vuruşur, şəhid olur.
Qeyd etdiyimiz kimi, əsər Vətən müharibəsindən, yəni 2020-ci ildən qabaq yazılıb. Oxuduğum kitab 2018-ci il nəşridir. Kitab Böyük Zəfərimizlə bağlı çoxlu proqnozlar verir. Bu proqnozların bir-bir düz çıxmağına, həyata keçməyinə təəccüb edirsən. Müəllif heyrətamiz öngörənlik sərgiləyir, onun qələbəyə olan sarsılmaz inamına heyrət edirsən. Xatırladım ki, o dövrlərdə insanlar qələbəyə ümid bəsləyirdilər, qələbəni arzulayırdılar, amma çox az adamın qəlbində Şəmil Sadiqin qəlbindəki qədər sarsılmaz inam vardı. Əsər boyu müəllif bu inamı bütün gücüylə, bütün qəlbiylə oxucuya ötürməyə çalışır və buna həqiqətən nail olur.
"Odərlər" bu baxımdan təkcə Şəmil Sadiq yaradıcılığında xüsusi yer tutmur, həm də Qarabağ müharibəsindən bəhs edən, vətən, millət, qələbə mövzusunda qələmə alınmış əsərlər sırasında məxsusi yeri və rolu olan bir əsərdir. Bu mənada müəllifə əməlli-başlı qibtə eləmək olar.
Ustad İsa Muğannanın da qeyd etdiyi kimi, "öz xalqına belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur".
Şəmil Sadiq öz ənənəvi mövzularına, inandığı ideyalara yeni əsərlərində də sadiqdir. Müəllifin "Qorqud atanın dedikləri" və "Qara tut ağacı" əsərlərində türk yurdunun, ulusunun fəlsəfəsinə dair bir çox məsələlərə işıq tutulur. Geniş miqyaslı tədqiqat əsəri təsiri bağışlayan "Qorqud atanın dedikləri" kitabındakı hər yazının özünəməxsus ruhu var. Elə bir ruh ki, oxucuyla müəllif arasında səmimi bir bağ yaradır.
"Qara tut ağacı" adlı kitabda isə yazıçının hekayələri və esseləri toplanıb. Amma müəllif hekayələrlə esselərin bir-birindən kəskin konturlarla ayrılmasına qarşıdır. Əksinə, kitabında bu konturların itməsinin, esse ilə hekayənin, ədəbiyyatla həyatın iç-içə keçməsinin tərəfdarıdır.
Ümidvarıq ki, Şəmil Sadiq yeni kitablarla da öz oxucularını sevindirəcək, yeni əsərlər də ən azı "Odərlər" qədər seviləcək, bol oxucu rəğbəti qazanacaq.
Sevinc ELSEVƏR
525.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub