senetaz

Həsən Əliyev 80 D

24 May 2017 330

O.Henri: Yuxu, yoxsa reallıq? - Rövşən Danyeri

O.Henri: Yuxu, yoxsa reallıq? - Rövşən Danyeri

B5B8AA98-4E1F-4E92-AED1-89FBE6D0680E_cx0_cy5_cw0_w1023_r1_s

Senet.az oxucularına “Ustad” jurnalının Tərcüməçinin köşəsi rubrikasından “O.Henri: Yuxu, yoxsa reallıq?” adlı yazını təqdim edir.

Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ciildə Şimali Karolinada anadan olub. Əsl adı Uiliam Sidney Porterdir. O.Henri dünyada qısa hekayə yazan yazıçıların ən məşhurlarından biri kimi tanınır. Yazarın hekayələri ilə yanaşı  “Kral və  kələm” romanı da xüsusi rəğbətlə qarşılanıb.

 

O.Henri

Yuxu,yoxsa reallıq?

“Kərpic arabası”,  – deyə Xanım Konsolvinq kefsiz-kefsiz təkrarladı.

Xanım Bellami Bellmour qaşlarını çataraq onun kədərini bölüşdüyünü göstərməyə çalışdı. Əslində isə o bu hərəkəti ilə təkcə kədərini yox, həm də təəccübləndiyini bildirmək istəyirdi.

“Bir fikirləşin də! Getdiyi hər yerdə bunu danışır”, – Xanım Kinslovinq ağlamsınaraq dedi. “Burada – qaldığı evdə, ən gözəl qonaq otağımızda bir ruh gördüyünü deyir, özü də kürəyində kərpic dolu sandıqça daşıyan bir ruh”.

Kombinezonlu, ağzında qəlyanı olan, kərpic sandıqçası daşıyan bir ruh! Bu axmaq sözlər onun niyyətinin pis olduğunu göstərir. Kinsolvinqlərdə heç vaxt bənna olmayıb. Cənab Kinsolvinqin atasının öz var-dövlətini podratçı kimi tenderlərdə qalib gələrək yığdığını hamı bilir: amma heç vaxt tikintidə fəhləlik etməyib. Bu binanın proyektini də o çəkib və tikdirib, amma kərpic arabası... Yox! Niyə belə zalımcasına hərəkət etdi bilmirəm!”

“Həqiqətən, çox axmaq vəziyyətdir”, – Xanım Bellmour dilucu dedi. Üzündə otağı bəyəndiyini göstərən təbəssüm var idi və bir tərəfdən də bənövşəyi və qızılı rəngli otağı süzürdü.

“Özü də bu otaqda görüb? Yox, mən kabuslardan qorxmuram. Mənə görə narahat olmayın. Mənə bu otağı verdiyiniz üçün minnətdaram. Başqalarının nəsil şəcərələri mənim üçün həmişə maraqlı olub. Amma hekayə, həqiqətən də, qəribədir. Düzünə qalsa, Xanım Fişer-Suympkinsdən daha yaxşı bir hekayə gözləyirdim. Kərpic arabasında, yəqin ki, kərpic daşıyırlar da? Ruh daşdan və mərmərdən tikilmiş evə niyə kərpic gətirsin ki? Təəssüf edirəm, amma məncə, Xanım Fişer-Suympkinsin yaşı getdikcə öz təsirini göstərir”.

“Bu ev, – dedi Xanım Kinsolvin, – Vətəndaş müharibəsi vaxtı istifadə edilən köhnə bir villanın yerində tikilib. Buna görə də ruhların olmağı normaldır. Bununla yanaşı General Qrinin ordusunda ingilislərə qarşı vuruşmuş kapitan Kinsolvinq də yaşayıb.  Əslində, biz bunu təsdiqləyən sənədləri tapmaq üçün çox çalışsaq da, alınmadı. Tutaq ki, burada, həqiqətən, bir ruh var, bəs niyə onun yox, bənnanın ruhu gəlir?”

“Döyüşçü bir ulu babanın kabusu heç də pis fikir deyil, – dedi Xanım Bellmour. – Amma ruhların nə qədər məntiqsiz və kefləri istədiyi kimi hərəkət etdiklərini bilirsiniz. Bəlkə də, ruhlar da elə sevgi kimi,  insanların uydurduğu bir şeydir. Ruh görənlərin xeyrinə olan bir məsələ var ki, onun yalan dedikləri sübut edilə bilmir. Pis niyyətli adamlar döyüşçünün çantasını asanlıqla bənna arabasına çevirə bilir. Bu mövzu ilə bağlı fikirləşməyə dəyməz. Əminəm ki, o, bel çantası idi”.

“Amma camaat elə demir! –Xanım Kinsolvinq isterik halda cavab verdi. – Özü də qəsdən detalları dəfələrlə sadalayırdı. Ağzında qəlyan var idi. Kambenzonu dəqiq görmüşdüm”.

Xanım Bellmour əli ilə ağzını tutaraq əsnədi: “Narahat olmayın, baş qoşmayın, – dedi. – Bunlar hamısı çətin məsələlərdir. Gəldin Felice? Hamamı hazırla, xahiş edirəm”.

“Xanım Kinslovinq, axşam yeməyini saat yeddidə Klifftopda yeyirsiniz? Şamdan əvvəl mənimlə söhbət etdiyiniz üçün təşəkkür edirəm. Ev sahibinin qonaqla belə söhbətlər etməyini çox sevirəm. Bu söhbətlər münasibətləri isidir, adamı evindəymiş kimi hiss etdirir. Bağışlayın, geyinməliyəm. Çox tənbələm, hər şeyi beş dəqiqə qalmış edirəm”.

Xanım Fişer-Suympkins Konsolvinqlərin elitaya girmək üçün ilk açarları idi. Bu açar da uzun müddət idi ki, əlləri çatmayan rəfdə idi.  Amma pul və əziyyətlər öz bəhrəsini verdi və açarın aşağı rəflərə düşməsinə kömək etdi. Xanım Fişer-Suympkins elitanın əsas söz sahiblərindən biri idi. İti ağlı ilə kübar cəmiyyətdə dolaşar, ən axırıncı və heç kimin bilmədiyi xəbərlər əldə edərdi. Əvvəllər elitada belə fırıldaqlara əl atmağına ehtiyac yox idi. Amma indi bu cür fırıldaqlarla taxta qalmağa çalışırdı. Üstəlik də günü-gündən qocalır, əvvəlki şövqü, gənclik enerjisi qalmamışdı. Əvvəllər onun haqqında bir səhifə xəbər verən sarı mətbuat, indi ona ən yaxşı halda iki sütun ayırırdı.

Ağlı zəhər ifraz etməyə, hərəkətləri kobudlaşmağa, tərbiyəsizləşməyə başlamışdı; balaca hökmdarlara lağlağı edir, taxtını itirməmək üçün öz hökmdarlığını bu yollarla gücləndirməyə çalışırdı.

Kinsolvinqərin təkidlərindən sonra dəvətlərini qəbul etmişdi. Bir gecəlik qonaqları olmaq şərəfini onlara bəxş etmişdi Sonra da onlardan intiqam almaq üçün kərpic arabası daşıyan ruh hekayəsini məzələnə-məzələnə danışmışdı. Bu da elitaya girməyə çalışan, ilk addımlarına sevinən Xanım Kinsolvinqin ümidlərini qırmışdı. Ruh hekayəsini eşidən hamı ya Xanın Kinsolvinqə yazığı gəlmiş, ya da qəhqəhə çəkərək gülmüşdü. Düzü, bu ikisindən başqa üçüncü bir yol da yox idi. Amma sonra ikinci və daha böyük bir mükafat Xanım Kinsolvinqin kefini düzəltmiş,  ümidini geri qaytarmışdı.

Xanım Bellami Bellmour Kinsolvinqlərin Klifftopdakı evində üç gün qalmağa razı olmuşdu. O, gözəlliyi, nəslinin əsl-nəcabəti və pulu ilə kübar cəmiyyətdə yüksək yer tutan elitanın gənc və gözəl dullarındandır. Xanım Kinsolvinqə çox arzuladığı hədiyyəni bəxş etmiş, bir tərəfdən də bu ziyarətin Terenceni də çox sevindirəcəyini düşünürdü. Bəlkə də, bu yolla Terenceni öz qarmağına keçirə biləcəkdi.

Terence Xanım Kinsolvinqin oğlu idi. 29 yaşlı Terence yaraşıqlı olduğu qədər hamının diqqətini çəkəcək formada sirli xarakteri olan bir gənc idi. Əvvəla, anasına çox düşkün idi, həm də həddindən artıq. Çox az danışırdı, bu da onu ya çox utancaq, ya da çox dərin düşüncəli biri kimi göstərirdi.

Terence buna görə də Xanım Bellmourun marağını cəlb edə bilmişdi. Çünki gözəl dul onun utancaq olduğunu, yoxsa, həqiqətənmi, dərin adam olduğunu bilmək istəyirdi. Onu bir müddət izləməyə qərar vermişdi. Əgər utancaqdırsa, onunla vaxt öldürməyə dəyməzdi, çünki Xanım Bellmourun fikrincə, utancaqlıq çox darıxdırıcı idi. Dərin düşüncəli biri idisə də, onunla münasibətlərini kəsəcəkdi, çünki dərinlərə üzmək çox təhlükəli idi.

Qonaqlığın üçüncü günü Terence Xanım Bellmouru xeyli axtarandan sonra onu bir evin bir küncündə albomlara baxarkən tapdı.

“Bura gəlməyiniz və həyatımıza şənlik qatmağınız çox gözəl oldu”, – dedi Terence. “Xanım Fişer-Suympkinsin getməmişdən qabaq gəmiyə deşik açdığını, yəqin ki, eşitmisiniz. O, kərpic arabası hekayəsi ilə gəmini batırmağa başladı. Anam bu hadisədən sonra xəstələndi. Siz elə buradaykən bizim üçün başı taclı, cibində çek dəftəri olan, yaraşıqlı bir ruh görə bilməzsiniz?”

“Terence o mənasız-mənasız hekayələr uyduran qoca arvaddı”, – dedi Xanım Bellmour. “Yəqin şam yeməyində onu həddən artıq yedirtmisiniz deyə əcaib yuxular görüb. Ümid edirəm ki, anan onun sözlərini ciddi qəbul etmədi”.

“Amma, deyəsən, ciddi qəbul etdi”, – dedi Terence. “Elə bil, o, arabadakı bütün kərpiclərin hamısını başına düşdü. Anam anaların ən yaxşısıdır, onun kədərlənməyini heç vaxt istəmərəm. Ümid edirəm ki, o ruh kərpic hörən hamballar ittifaqına üzvdür və aclıq aksiyası edər, bir də buralara qayıtmaz. Yoxsa ailəmizə bütün həyat haram olacaq”.

“Mən ruh var deyilən otaqda yatıram, – dedi Xanım Bellmour, fikirli-fikirli, – amma elə gözəl otaqdır ki, yerimi dəyişmək istəmərəm. Qorxmuram, amma hətta qorxsam belə, otağımı dəyişdirməzdim. Mən də özümdən aristokrat bir ruh hekayəsi uydura bilərəm, mənim üçün problem deyil. Amma bu hekayənin digər hekayəyə qarşı uydurulduğunu hamı biləcək deyə qorxuram”.

“Hə, düzdü, – qıvırcıq, qəhvəyi saçlarını iki barmağı ilə darayaraq dedi. – Bunun xeyri olmayacaq. Eyni ruhu kambenizonsuz və arabanın içi dolu qızılla görməyin nə mənası var? Belə olsa, onda ruhu fəhləlikdən çıxarıb varlı biri kimi təqdim etmiş olacağıq. Bu da yetərincə effekt verməyəcək”.

“İngilislərə qarşı müharibə aparmış bir adam var idi, sizin nəslinizdə. Anan nəsə elə bir şey demişdi”.

“Raglan” jileti, qolf şalvarı geyinmiş biri var idi. Mənə görə, problem deyil. Amma anam dəbdəbəni, rütbələri, fişəngləri xüsusi sevir, onun xoşbəxt olmağını istəyirəm”.

“Ananın pis olmağını istəmirsən, afərin Terence, – Xanım Bellmour ipək libasının divana yayılmış ətəyini toplayaraq dedi. – İndi də yanımda otur, birlikdə, iyirmi il əvvəl insanların elədiyi kimi, biz də alboma baxaq. Albomdakılar haqqında məlumat ver mənə. Bax məsələn, bu, bir əlini Korint sütununa qoyan, üfüqə baxan, uzun boylu, yekəpər adam kimdir?”

“Bu yekə ayaqlı adam? – Terence boynunu alboma tərəf uzadaraq soruşdu. – O ulu babalarımdan O’Branniqandır. Boveridə pivəxanası var idi”.

“Terence, sənə otur dedim. Mənim könlümü xoş tutmazsan və mənə itaət etməzsən, sabah hər kəsə önlüklü, pivə daşıyan bir ruh gördüyümü deyərəm. Sənin yaşında birinin utancaq olmağının özü utanmalı bir şeydir”.

Sabahı gün, yəni ziyarətin son səhərində, yemək masasında Xanım Belmour gecə ruh gördüyünü deyərək, hamını təəccübləndirmişdi.

“A, var idi, nəydi o, o var idi? Xanım Kinsolvinq həyəcanlanmışdı deyə o sözü tapıb deyə bilməmişdi”.

“Yox, əşşi. Heç dəxli var?”

Masa ətrafındakılar xor şəklində suallar verməyə başladılar: “Qorxmadınız?, “Neynədi?”, “Necə görünürdü?” , “Necə geyinmişdi”, “Nəsə dedi?” “Nə əcəb qışqırmadınız?”

“Suallarınıza bir-bir cavab verəcəm, – Xanım Belmour qəhramanlara xas bir tövrlə cavab verdi. – Çox acam, amma suallarınıza cavab verəcəm. Nəsə qəfildən oyandım; məni oyadan ya bir səs, ya da toxunuş idi, dəqiq xatırlamıram, amma düz qabağımda ruh dayanırdı. Gecələri işıqları söndürürəm, ona görə də ətraf büsbütün qaranlıq idi. Buna rəğmən onu aydın görə bildim. Yuxuda deyildim. Uzun boylu bir adam idi, başdan-ayağa bulud kimi ağappaq idi. Keçmişdə kişilərin geyindiyi kimi bir paltarı var idi: Kirşanlı parik, qol qapaqları və yaxası krujevalı, arxası uzun pencək və qılınc. Qaranlıqda əllə tutula bilməyəcək və parlaq bir görünüşü vardı. Düzü, bir az qorxdum, daha dəqiqi, təəccübləndim. Ömrümdə birinci dəfə idi ki, ruh görürdüm. Heç nə demədi. Mən də qışqırmadım. Dirsəkləndim. Onda yavaş-yavaş, səssiz çıxıb getdi. Qapıya çatanda da gözdən itdi”.

Xanım Kinsolvinq sevindiyindən bilmirdi neynəsin. “Dediyinizə görə, ruh General Qriinin ordusunda xidmət etmiş, ulu babamız Kapitan Kinsolvinqdir, – qürurlanaraq dedi. –  Ruh qohumumuz adından sizdən üzr istəyirəm, Xanım Bellmour. Sizi bir xeyli narahat edib”.

Terence anasına gülümsəyərək baxdı. Nəhayət, hər şey Xanım Kinsolvinqin istədiyi kimi olmuşdu. Terence onu belə xoşbəxt gördüyünə sevinmişdi.

“Utanaraq deməliyik ki, – yemək yeyə-yeyə Xanım Belmmour dedi, –çox da narahat olmadım. Ruhu görəndə hamı kimi qışqırmadım, özümdən getmədim, gecə paltarı ilə ora-bura qaçaraq sizi də narahat edib qorxutmadım. İlk həyəcan anı keçən kimi narahat olmaq hissi də getdi. Ruh xəfifcə arxasını dönüb səssiz və sakitcə oradan gedəndən sonra təzdən yatdım”.

Xanım Bellmour ruh gördüyünü deyəndə hamı ona Xanım Fişer-Suympkinsin hekayəsinə qarşı uydurduğunu düşünərək qulaq asmışdı. Amma gözəl dulun hekayəsini, həqiqətən, başına gəlmiş adam kimi danışırdı, bunu göstərən xırda detallar var idi. Sözlərinə həqiqət və səmimilik hopmuş kimi idi. Ruhlara inanmayan adam da onun ruhunun ən pis halda yuxusunda gördüyünü fikirləşərdi.

Bir az sonra xanım Bellmorun xidmətçisi çamadanları hazırlamağa başladı. İki saat sonra araba gəlib xanım Bellmoru stansiyaya aparacaqdı. Terence qərbə tərəf baxan tərəfdə gəzinərkən Xanım Bellmor gözlərində bir sirr saxlamaqda olduğu mənası verən işıltı ilə gəldi.

“Onlara hekayənin hamısını danışmaq istəmədim, – Xanım Bellmour dedi. – Amma sənə danışacağam. Bu hadisədən sən də məsuliyyət daşıyırsan. Dünən ruhun məni necə yuxudan qaldırdığına bilirsən?”

“Zəncirlərini şaqqıldatdı? – Terence ağızucu dedi. – Yoxsa öskürdü? Adətən belə edirlər”.

“Görəsən, sizin Kapitan Kinsolvinqin qadın qohumlarından birinə oxşayıram mən?” – Xanım Bellmour söhbətin istiqamətini dəyişərək dedi.

“Məncə yox, – Terence təəccüblənərək dedi. – Çünki onlardan xüsusi gözəl deyə biləcəyimiz heç kim yox idi”.

“Bəs onda... – Xanım Bellmour ciddi bir tərzdə gəncin gözlərinin içinə baxaraq dedi, – ruh məni niyə öpsün ki? Öpdüyünə yüzdəyüz əminəm”.

“Yox əşşi!” – gözləri təəccübdən böyüyən Terence qışqırdı: “Zarafat edirsən, hə, Xanım Bellmour? Ruh size öpdü?”

“Day neçə dəfə deyəcəyəm, cümlədəki əvəzliyi səhv eşitməmisən”.

“Yaxşı bəs mən niyə bu hadisəyə görə məsuliyyət daşıyıram?”

“Çünki ruhun sağ olan yeganə kişi qohumu sənsən”.

“Başa düşdüm. “Üçüncü ya da dördüncü nəsldən” ola bilərəm. Yaxşı, bəs…ruh.. yəni hardan bilirsən ki, öpdü?”

“Hardan bilirəm? Hamı necə bilirsə, elə bilirəm. Yatırdım, məni yuxudan qaldıran onun öpüşü oldu. Buna demək olar ki, əminəm”.

“Demək olar ki?”

“Yəni düz həmin anda oyandım.. Eeeh, nə demək istədiyimi başa düşmürsən, sən canın? İnsan yuxu görüb-görmədiyindən əmin olmur e, bilirsən də. Terence o ağlını işə sal bir az, sənə insanın ən ali hislərini detalları ilə danışmayım”.

“Amma ruh öpüşü mövzusunda, – Terence sakit bir tövrlə dedi, – ən xırda detalına qədər bilməyə ehtiyacım var. Heç ruh öpməmişəm. Necə idi? Yəni nə hiss etdin..?”

“Nə hiss etdim?  – Xanım Bellmour yüngülcə məzələnərək dedi, yaxşı, konkret bilmək istəyirsən, deyim, maddi olanla mənəvi olanın iç-içə keçməsi kimi bir şey hiss etdim”.

“Hə də, – Terence birdən-birə ciddiləşərək dedi, – bu ya bir yuxu, ya da bir növ qarabasma idi. Artıq heç kim ruhlara inanmır. Anamın xoşbəxt olmağı üçün bu hekayəni danışırsınız, sizə minnətdaram. Yazıq arvad o qədər sevindi ki... İnqilabçı ata fikri də möhtəşəm idi”.

Xanım Bellmour köks ötürdü. “Mən də ruh görənlərin taleyini yaşayıram, – gözəl dul taleyi ilə barışmış kimi dedi. – Ruhla qarşılaşmaq təcrübəm uydurma hekayə kimi qəbul edildi. Eybi yox, heç olmasa, bu məsələdən bir xatirə qaldı – o biri dünyadan bir öpüş. Terence bilmirsən, Kapitan Kinsolvinq cəsur idi, heç olmasa?”

“Yorktounda  məğlub olmuşdu, deyəsən, – fikirli halda dedi.

“Oradakı ilk döyüşdə uduzaraq, bölüyü ilə birlikdə qaçdığı deyilir”.

“Yəqin utancaq biri idi, – Xanım Bellmour elə bil yanında heç kim yoxmuş kimi, öz-özünə dedi. – Elə olmasaydı, bir dəfə də təkrarlayardı”.

“Döyüşü?” – deyə soruşdu Terence.

“Eh, mən nədən danışıram? Vaxtdır, gedib hazırlaşım. Maşın bir saata gələr. Evinizdə çox yaxşı vaxt keçirdim. Necə də gözəl bir səhərdir, hə?”

Stansiyaya gedərkən Xanım Bellmour çantasından ipək dəsmal çıxartdı. Qəribə təbəssümlə dəsmala baxdı. Sonra bir neçə dəfə düyünləyib keçdikləri yolun kənarındakı bir uçurumdan aşağı attdı.

Terence otağında qulluqçusu Bruksa göstəriş verirdi. “Bunları paketlə, sonra da kartdakı adresə göndər”.

Kartdakı adres Nyu Yorkda bir kostyum mağazasına aid idi. Əşyalar da vətəndaş müharibəsi illərinə aid ağ atlazlı, gümüş ilgəkli, ağ ipək corablı, ağ ayaqqabılı bir kişi geyimi idi. Ağ pariklə, qılınc da paltarın aksesuarları idi.

“Hər yerə yaxşı-yaxşı bax, Bruk, – Terence narahat halda dedi. – Bir qırağında adımın baş hərfləri olan ipək bir dəsmal olacaq. Yəqin ki, buralarda itirmişəm”.

Bir ay sonra Xanım Bellmour elitadakı dostları ilə Kastskills dolaylarına faytonla səyahət edəcəkdilər. O, səyahətə dəvət olunanların siyahısını hazırlayırdı. Xanım Bellmour hazırlanan siyahını bir də nəzərdən keçirdi. Siyahıda Terence Kinsolvinqin də adı var idi. Xanım Bellmour qələmi ilə bu adın üstündən xətt çəkdi.

“Çox utancaqdı!” – özü-özünə izahat verirmiş kimi alçaq səslə dedi.

 Tərcümə etdi: Rövşən Danyeri

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.