senetaz

Həsən Əliyev 80 D

13 Yanvar 2026 3467

Öz prinsiplərinə xəyanət etməyən... Yaxud Hər kəs susanda özün olaraq qalmaq-Sahil Tahirli yazır

Öz prinsiplərinə xəyanət etməyən... Yaxud Hər kəs susanda özün olaraq qalmaq-Sahil Tahirli yazır

Öz prinsiplərinə xəyanət etməmək hər kəsin bacardığı seçim deyil. Çünki bu yol rahat deyil, hamar deyil, çox vaxt təkliyin içindən keçir. Son zamanlar işim və yaradıcılıq fəaliyyətim səbəbilə daha çox insanla ünsiyyətdə oluram və bir həqiqət məni getdikcə daha çox düşündürür: insanlar sanki dünənin xiffəti ilə yaşayır, bu günün əldən getdiyini hiss etmir, sabahın isə necə gələcəyindən qorxaraq özlərini içdən-içə yeyirlər. Narahat düşüncələr günləri, günlər illəri udur… və insan bu axında bəzən özünü, bəzən də vicdanı ilə olan səssiz təmasını itirir. Halbuki insanı ayaqda saxlayan zamanın axını yox, hər dəyişən şəraitdə özünə sadiq qala bilməsidir.

Təbii ki, insanın həyat yolu heç vaxt hamar olmur. Bu yolun zirvələri də var, uçurumları da, külə döndüyü anlar da...

Dünənki özündən irəli getmək

Şəxsiyyət məhz bu eniş-yoxuşlarda formalaşır. Təsadüfi deyil ki, qədim Çin filosofu Konfutsi deyirdi: insanı ucaldan onun yıxılmaması deyil, yıxıldıqdan sonra ayağa qalxmağı bacarmasıdır. Deməli, ucalıq mövqedə yox, mövqeyə layiq davranışdadır; səs-küydə yox, ləyaqətdədir. 

Böyüklük isə  başqalarından üstün görünmək deyil. Ona görə də Ernest Heminquey deyirdi ki,  əsl üstünlük dünənki özündən irəli gedə bilməkdir. İnsan kütlənin alqışı ilə yox, vicdanının ölçüsü ilə böyüyür. Ləyaqət isə  heç vaxt hay-küylə tanınmır - o, səssiz davranışda, çətin anda tutulan mövqedə üzə çıxır. 

Lakin hər yüksəlişin kölgəsində bir düşüş ehtimalı var. Və bu düşüş insanın məğlubiyyəti yox, imtahanıdır. Stolüstü kitabım olan “Stoikin gündəliyi” kitabında Roma stoiki Seneka taleyin zərbələrinin zəifləri sındırdığını, güclüləri isə formalaşdırdığını deyərkən məhz bunu nəzərdə tuturdu. İnsan büdrədiyi an  yox, büdrəyəndə  qalxmaqdan imtina edəndə uduzur. Əgər hər düşüş dərsə çevrilirsə, artıq məğlubiyyət anlayışı öz mənasını itirir. 

Külə dönməyən Feniks ola bilməz 

Ən ağır sınaq isə başqasına yox, özünə qayıdışdır. İnsan bəzən kimlərinsə gözündə məğlub görünür, amma öz vicdanı qarşısında qalib gəlir. Məhz bu anda həqiqi dönüş başlayır. Cəlaləddin Rumi deyirdi ki, qaranlıq nə qədər dərin olsa da, işıq yenə yol tapacaq. Yenidən doğulmaq üçün bəzən yanmaq lazımdır; külə dönməyən feniks (Feniks mifologiyada yer alan əfsanəvi quşdur, əsas mənası yenidən doğuluş, dirçəliş və məğlubedilməzlik simvoludur. Feniks özünü yandırır, külə çevrilir, külün içindən yenidən doğulur) ola bilməz. Qərb düşüncəsində də qəbul edilən bu simvolik həqiqət göstərir ki, düşmə son deyil - bəzən başlanğıcın səssiz çağırışıdır. 

Cəsarət qorxunu ram etmə bacarığıdır

Özünü təsdiq isə bütün bu proseslərin məntiqi nəticəsidir. Bu, başqalarının razılığını qazanmaq yox, daxili sabitliyə çatmaqdır. Alqışa möhtac olan hələ özünə inanmayandır. Şərq fəlsəfəsi boşuna demir: əsl qayıdış insanın özünə dönüşüdür. Öz yolunu gedən insan bəzən gecikir, bəzən tək qalır, bəzən səhv edir, amma azmır. Çünki onun istiqaməti kütlənin baxışı ilə yox, daxili kompası ilə müəyyən olunur. 
İnsanın ən böyük qələbəsi xarici düşmən üzərində deyil, daxili qorxular üzərində qazanılır. Nelson Mandela cəsarəti qorxunun olmaması kimi deyil, onu ram etmə bacarığı kimi izah edirdi. Öz qorxuları ilə üzləşən, səhvlərini qəbul edən, yıxılsa da yenidən ayağa qalxan insan artıq sarsılmaz olur. O, təriflə ucalmır, tənqidlə sınmır. 
Bu həqiqəti Azərbaycan düşüncəsi də təsdiqləyir. Hüseyn Cavid yazırdı: 

         “Mənim tanrım gözəllikdir, sevgidir...” 

Cavid üçün insanın ucalığı məhz bu həqiqətə sadiqlikdə idi. Şəxsiyyət öz yolunu qoruyursa, güzəştə getmirsə, həqiqəti dəyişmirsə - zamanın və təzyiqin qarşısında sınmır. Özünü təsdiq edən insan məhz bu mənəvi mövqedə dayanır. 
Bir də ki, zaman kürsüləri aşındırır, titulları unutdurur, saxta dəyərləri bir-bir kənara atır. Amma insanın özünə hörməti qalırsa, o heç vaxt itmir. Çünki şəxsiyyətin ucalığı xarici təsdiqlə yox, daxili dürüstlüklə ölçülür. Öz prinsiplərinə xəyanət etməyən, vicdanı ilə vəhdətdə  yaşayan insan heç vaxt aşağıda olmur. O, bəzən səssiz qalır, bəzən kölgədə qalır, amma həmişə qalib və ucada olur. 
                          Və nəticə dəyişməzdir: 
Özünü təsdiq razılıq istəmir. 
O, səbr istəyir. 
İradə istəyir. 
Cəsarət istəyir. 

Və ən əsası — insanın hər şəraitdə özü olaraq qalmaq gücünü təsdiqləyir. 

                                                                                                                                                                          Sahil Tahirli  

                                                                                                                                                                         Media25.az