Araq qutularının, plastik yağ çəlləklərinin, taxtaları üzərinə xırda hərflərlə dastan yazılmış konteynerlərin arasına tabutu gecə gətirib qoymuşdular. Dörd tərəfdən basan import mal üstünə minməməklə, elə bil, yuxarını sorğu-suala gələn gözəgörünməzlər üçün açıq saxlamışdı.
Hündür darvazaların arxasında bu malın, bu əmtəənin, bu kapitalın gedəcəyi dəqiq ünvanlar və sahibinə fayda verəcək konkret təyinatları vardı. Yalnız tünd qırmızımtıl mebel parlaqlığı, qabarıq qapağının simmetrik haşiyə xətləri və aşağıda görünən qızılı metal əlcəkləri ilə o matahlara oxşayan tabutun içindəki meyit bu qənaəti yaratmırdı. O, üstünə şığıyan qırğı caynağından qurtulmaq üçün dəstəsindən ayrı düşmüş, özünü dünyanın bu "perpetuum mobile" icadlarına çırpıb öldürmüş quşa bənzəyirdi. Daha onun məskəni və ünvanı uca göylər deyil, torpaq idi; belə hallarda üzü həmişə soyuq, adına isə uzaqlarda "vətən" deyilən qara torpaq. Payız sərinliyinə baxmayaraq, onun içindəki vəziyyəti təsəvvür edəndə torpağın əvəzedilməzliyi nağılsız, şeirsiz də başa düşülürdü.
Pasportlarda bəzəkli gerblərin, ölkə adları və bayraqların standartlaşdırılmış iddiaları boksçuların rinqdə döşədöymə cövlanını xatırladırdı. Tabutun içindən baxanda onların rəsmiliyi, redaktə əlçatmazlığı, Budapeştdə iki sutkaya başa gələn formal möhürlənmə-filan dünən diriykən danışan, deyib-gülən, gələcəyə planlar quran, kimisə sevən, kiməsə nifrət edən adamın bugünkü çürüyən meyit halı kimi bihudə görünürdü. Cavanlıqda Rasimin qıvrım saçları, yumru sifəti, hər şeyi dərhal görən, aydın baxışları vardı. Dolu bədənini otaqda kölgə kimi səssiz-səmirsiz, parketi və yer kürəsini incitmədən hərləyirdi. Qəttəzə olimpiya çarpayısında adyalı başına çəkib indi tabutdakı ölü sükutu ilə yatırdı: cavan olmasa, bir daha oyanacağına şübhə edərdin.
Anbar əməkdaşı pasportların tanış mətninə, viza ştamplarına baxandan sonra, deyəsən, qadınların harada olduğunu soruşdu, ardınca Əsədin öz vəsiqəsini də tələb edib, onların hər birinin meyitə qohumluq dərəcəsilə maraqlandı. Mızıltını eşitmək üçün Əsəd qulağını pəncərə deşiyinə yapışdırıb hər dəqiqləşdirmə cəhdində kişini dübarə, əziyyətə salmalı oldu. Yalnız bundan sonra Əsəd diqqətlə baxıb heyrətləndi: kiçik, şüşə kabinəyə müvəqqəti inventar kimi qablaşdırılmış kişinin səsi elə bil, şəffaf, pərdəli və dikinə qoyulmuş tabutun içindən, yəni o dünyadan gəlirdi. Ancaq ölü deyil, sağlam, hətta sifətdən qüsursuzun biri idi. Müştəri ilə ucadan danışmayıb mızıldanmağının səbəbini anlamaq hər oğulun işi deyildi!
- Tələbə yoldaşım olub Rasim, - ucadan deməklə Əsəd bu qaçılmaz, məcburi dialoqda əməkdaşı qarşılıqlı güzəştə dəvət etdi.
- Bəs bunlar nəyidi? - yəqin elə-belə soruşdu, çünki Rasimin pasportuna əlavə edilmiş ölüm kağızında hər şey yazılmışdı. Doğrudur, ingiliscə yazılmışdı.
- Afət bacısıdı. Firuzə isə bacısının rəfiqəsi, tabutu Macarıstandan o, müşayiət eləyib. Dünən götürə bilmədik. İndi gəlmişik.
Kişi uzaq diyarlarda ölüb doğma torpağa qayıtmağın sirrini, hikmətini və savabını bilirmiş kimi başını qaldırıb Əsədin üzünə ağsaqqal bəsirətilə ilə baxdı, sonra yenə nəsə mızıldandı. Əsəd yenə ikinci cəhddən müəyyən edə bildi ki, sənədlərə irad yoxdur, tabutu konteynerlərin arasından çıxarmaq üçünsə, qaldırıcı kar lazımdır və xatalı kimi o, indi hansısa təyyarədən yük boşaltmağa gedib. "Allah bilir, hansı təyyarədən!" - kişinin bu dediyini Əsəd ilk dubldan eşidə bildi və bu boyda anbarın yeganə maşınının bütün düşmən qüvvələri ilə tək vuruşan əsgərə bənzərliyi haqqında bir lətifə xatırladı, ancaq lətifə vaxtı deyildi. Necə deyərlər, din-iman vaxtı idi.
Əsədin çarəsiz dayandığını görən Afət dinməzcə yaxınlaşıb kabinənin dəmir çəkələyinə yaşıl yüzlüyü soxmaqla yükqaldıran karı təcili anbara qaytardı.
Cərəyana qoşulmuş cihaz kimi dərhal canlanan kişi pulu götürüb vəzifə borcunu sonadək icra etmək həvəsilə mikrofonun düyməsini basdı: onun səsi göy gurultusu kimi anlaşıqlı, oktavaya yatımlı boğaz tembri isə yaddaqalan, hətta unudulmaz oldu.
- Deyirəm, çox geniş coğrafiyadı, xanım, - qaytarmazdan öncə dəstləyib aşağı küncündən tutduğu pasportları, sanki Mayakovskinin acığına şəstlə göstərib birbaşa Afətə müraciətlə dedi: - Bağdad, Amman, Moskva, Budapeşt, İstanbul, Praqa... Əvvəllər bu adları biz həsrətlə qəzetdən oxuya bilərdik. Allah rəhmət eləsin!
- Hə-ə, sonda yenə Mingəçevir, - Əsəd təəssüf və qüssə ilə mızıldandı. - Dairə qapandı, limit bitdi...
- Limit bitər, amma pasport kontrolu bitməz, - əməkdaş yəqin ki, müvafiq quruma aid aforizmi öz həyat təcrübəsindən sitat kimi dinamikdə guruldatdı. - Qəbirsandıxda da tələb eliyeceyler. Hələ onnan soyra da...
Firuzənin pasportu müxtəlif ölkələrin gömrük ştampları ilə dolmuşdu. Yeddi-səkkiz il əvvəlin bəzək-düzəkli şəklində ivlə ortadan ayrılmış sarışın saçları, sürməli, cazibədar gözləri vardı. Şüvərək, uca qaməti, sanki sərhəd postlarında metalaxtaran elektromaqnit çərçivələrdən keçə-keçə beləcə nazilib incəlmişdi. Əynindəki qara şuba da onu ətə-qana gətirə bilmirdi. Maşında şəhərdən aeroporta qədər yolu kəlmə kəsmədən, plastik maneken kimi susmuşdu. Dünən belə deyildi. Çoxdan görmədiyi rəfiqəsilə hüzn əhvalını unutmadan, bəzən pıçıltıya keçən, asta səslə dilavərlik edirdi. Görünür, gecə sözləri çəpləşmişdi. Anbarın mərtəbəli, uzun dəhlizlərində də ətrafa laqeydliklə baxa-baxa geri qalır, elə bil dəfn mərasiminin uzaq Sarıca kəndində yox, burada, malla dolu, yarıqaranlıq gömrük anbarında keçiriləcəyinə əminliklə heç yerə, heç nəyə tələsmirdi.
Tabutu mühasirədən çıxaran kar sürücüsünə də, onu çiyinlərində gətirən dörd fəhlənin dördünə də Afət əlində hazır tutduğu yekə cüzdandan pul çıxarıb verdi. Təzəcə çapdan çıxmış kimi görünən şax onluqları dalbadal verdikcə kişilərin üzünə baxır, sanki "Az olmadı?" soruşurdu. Gözlənilməz məbləğ fəhlələri maşının qapısı önündə cəld sıraya düzüb bir ağızdan ölüyə rəhmət oxutdurdu. Hətta onlar aeroport məscidinin mollasını da dəvət etmək niyyətilə tabutu maşına yerləşdirməzdən əvvəl yerə qoyub gözləməyə başladılar.
- Bir az da keçsə, aeroportun bütün xidmət heyəti töküləcək bura, - Əsəd tabutu yola salmaq üçün toplaşmaqda olan anbar işçilərinin sayının artdığını görüb xanımları tələsdirdi.
- Ərəblər deyir, in tubduu-s-sadaqaati fəniamma hiyə, va in tuxfuuhəə*, - qaça-qaça gəlmiş iki-üç nəfərə də pul paylayan Afət, nəhayət, maşına əyləşəndə nisbətən uca səslə dedi. Elə bil arxa oturacaqda büzüşüb sifətini də yumşaq xəzin içində gizlətmiş Firuzəni hala gətirməyə çalışdı. Ancaq Firuzə qızdırmağa başladığı yumşaq yerində qımıldanmadı. Pasport şəkli çəkdirirmiş kimi iri gözlərini geniş açıb irəlidə bir nöqtəyə baxmağına davam etdi. - Lakin ərəblər deyir ki, İ fuqəraa-ə fəhuva xeyrun**, - Afət həmin təmiz və cingiltili səslə əlavə elədi, - Bakı gömrüyündə isə, maşallah, nə yoxsul var, nə də gizlin...
Çəpərli həyətdən çıxanda da onları, sanki pul almaq üçün deyil, maşınları "rəhmət" bağlamaları ilə daha çox doldurmaq üçün saxladılar. Afət məsələni pəncərədən həll etdi, darvaza birbaşa ödənişli cənnətə açılırmış kimi taybatay açılıb meyiti buraxdı.
- İndi mən pul verməsəm, neyləyəcəydilər? - Afət bu dəfə Əsəddən soruşdu. - Meyiti verməyəcəydilər?
- Verəcəydilər, - Əsəd bir qədər sonra, döngəni burulub əsas yola çıxanda dedi. - Ancaq ölünü də, dirini də urvatdan salacaqdılar...
Əsəd səhərlər evdən çıxanda pilləkən meydançasında, - "Mən instituta yox, döyüşə gedirəm", - deyə ailəsi və qonşuları ilə vidalaşan mərhum Bürhan Əfəndini xatırlayıb onun əhvalatını danışmaq istədi. Ancaq əhvalat vaxtı deyildi. Ona görə başqa şey dedi:
- Deyir, əgər sən həqiqətlə vətən arasında seçimdə vətəni seçirsənsə, axır başı hər ikisindən olacaqsan! - Əsəd həqiqətə, vətənə, Bürhan Əfəndi və Rasimin xatirəsinə ərklə gülümsündü. Elə bil qarşıda gedən katafalkın arxa qapısına çöllərin bakirə güllərindən toxunmuş əklil yapışdırdı.
O uzaq illərdən üzü bəri əsən soyuq küləyin sazağı maşının içində hiss edildi. Firuzə arxada bir az da büzüşüb küncə qısıldı. Dünən danışırdı ki, Praqada əri, oğlu var, toxuculuq fabrikində rəssam işləyir. Buradan baxanda nə Praqa, nə fabrik, nə də rəssam işi görünürdü. Görünən yalnız qara xəzin içində sarı tel-birçəyin altından baxan bir cüt yorğun, asanlıqla tanınan milli qaş-göz idi. Cahangirlərin ən böyüyü oğullarına nəsihətdə deyirdi ki, evlənmək üçün seçəcəyiniz qızın üzü duzlu göl səthi kimi düz, əndamı möhkəm, gözləri mütləq qıyıq olmalıdır, çünki iri gözlərə cin-şəyatin asanlıqla girir, dünyanı olduğu kimi görməyə mane olur. Görəsən, bunların tam əks mücəssəməsi olan Firuzə və onun Çexiyadakı əri Cahangirlə razılaşardılarmı?
Afət Mingəçeviri xatırlayırdı: qadınlar, kişilər şəhərə hər gün moda yarışına çıxırmış kimi, bəzənib-düzənib gedir, qızmar günəş altında maşınların yoldan qaldırdığı toz-torpaq belə onları bu vərdişdən çəkindirə bilmirdi. Rasimin geyim-kecim estetliyi də, sən demə, ordanmış. Belə çıxırdı ki, Mingəçevirdə o cür bəzənib hər gün üzünü qırxan, bığının, telinin tüklərini sayla düzən, başmaq parıldatmaq üçün cibində məxmər cında gəzdirən kişilərə indinin özündə də "Matışka Əlihüseyn" deyirlər. İşıq şəhərinə məxsus məişət əfsanələrinin birində deyilirdi ki, çimizdirəndə Sədiqə onun başında su töküləsi yeri dəqiq müəyyənləşdirə bilmədiyi üçün Əlihüseyn arvadının əlindən tutub çiynindəki körpücük çökəyinə elə möhkəm basıb ki, qadının barmağı çıxıb.
- Mən Mingəçevir kişilərini köynəyin varatnikinin şaxlığından tanıyıram, - Afət deyirdi. - Əvvəllər o varatnikin altına bir dəsmal da qoyurdular.
Rəhmətlik Rasimin də səliqə-sahmanına söz ola bilməzdi. Yalnız türkcəsi pinti, bəsit, ləhcəli və bütün bunlara görə bir az şirintəhər idi. Nitqinə emosiyanın cüzi bir sızıntısı onu dərhal ruscaya keçirirdi, elə bil daxilində rele işə düşüb dalğa tezliyini avtomatik dəyişirdi: rəvan, axıcı, təyinli-tamamlıqlı akademik rus cümlələrini, istəsən, birbaşa kitaba köçürə bilərdin.
- Mən feysbukdan izləyirdim, - Əsəd öz gümanlarını dəqiqləşdirmək üçün dedi, - Moskvada, deyəsən, onu incidirdilər. - Hə, Firuzə xanım? - dönüb arxaya baxmaqla rəfiqələr arasında əsəbi gərginliyin aradan qaldırılmasına öz töhfəsini vermək istədi.
- Bilmirəm, - Afətin dinmədiyini görən Firuzə birbaşa müraciətə cavab vermək məcburiyyətində qaldı: - O, Macarıstanda, mən Praqada, - astaca dedi. - Təzə gələndə bir dəfə görüşmüşdük.
Utancaq deyildi, ancaq danışmaq istəmirdi. Əslində tanış olmayan adamla, adətə, susmamaq xatirinə danışırlar. Buna özünütənqidin bayağı notunda "gijləmək" də demək olar: həyatda hər şey fayda və gərəkliyin ideal nizamında deyil ki! Danışmaq üçün bu uzun yola Afət kifayət edirdi. Səddam Hüseyn hakimiyyəti, onun devrilməsi, qonşu ölkələrə qaçmış tərəfdarlarının aqibəti tükənməz söhbət xəzinəsi idi. Xüsusən, diktatorun edamqabağı ilk məhəbbətinə həyat xülasəsi kimi yazdığı dörd quruca sözdən ibarət məktub: "Səni sevən öldü, Rizvanə!"
Rasimin bu yaşda da Moskvadan Bakıya, Mingəçevirə yox, yenidən Macarıstana üz tutması təəccüblü deyildi. Bəlkə də tənhalığın, yad ölkələrdə qohum-əqrəbasız yaşamağın yaratdığı yalquzaq sindromu idi, müəyyən məsələlərdə isə Bakının Moskvadan heç nəyilə fərqlənmədiyinə əminliyi ona belə diktə etmişdi. Tezliklə qutuda qayıdacağını bilsə, bəlkə də hər şeyi kənara qoyub bütün iddialarını tapdaya-tapdaya öz ayağı ilə gələrdi: onsuz da, həyatının estrada dövrü çoxdan keçib getmişdi. Bir küncdə oturub bu günü gözləməyə səbri və müdrikliyi çatardı. Bəlkə də ölümün yer üzünü zəifləmiş, çirkli enerji tullantılarından təmizləmək vasitəsi olması kimi mənasız həqiqətlərdən birini özü üçün kəşf edib təskinlik tapardı, toxtayardı, dözərdi. Öləndə başının üstündə doğma adamlar, tanış sifətlər görərdi.
- Bir dəfə gəldi ki, indicə bir macar qızı ilə tanış oldum. Qız deyil, anqeldi, anqel, - dedi. Elə qəmli-qüssəli dedi ki, ürəyim ağrıdı. - "Anqel" nədi? - nəsə naməlum bir ümidlə soruşdu. Dedim: mələk! Diskotekaya düşə-düşə bir neçə dəfə öz-özünə dodaqaltı təkrarladı: mələk! Bizdə iki-üç macar qızı oxuyurdu, hamısı da bizim Firuzə xanım kimi buzlu, - Əsəd astaca güldü ki, arxadakı xanım bunu zarafat kimi qəbul etməkdə çətinlik çəkməsin.
- Firuzə buzlu deyil, - tezcənə səda gəldi. - Firuzə duzludu, hamı ondan istifadə edir. Kimi bir çimdik götürüb xörəyinə tökür, kimi də ovuclayıb şoraba qoyur!
Xanımın hər şeyi yerindəydi! Amma elə bil, nəyisə çatışmırdı. Bəlkə pulu?
- Firuzə xanım təkcə duzlu deyil, dadlı-duzludu, - Afət deyib ani baxışla geri qanrıldı, amma dad-duz yenə xəzin altında heç cür özünü marçıldatmadı.
Əsəd Moskvadakı tələbəlik xatirələrinə qayıtdı.
- Rasim bunların yanına qonaq gəlmiş Anna ilə tanış olmuşdu, bizdən xeyli uzaqda yerləşən akademiyanın kimyaçı aspirantı idi. Tezliklə Rasim Annanın yanına köçdü və biz hərdən onunla yalnız institutda görüşdük. Onların "Araqvi" restoranında keçən toyu tətil vaxtına düşdüyü üçün mən orada iştirak edə bilmədim.
Afət danışırdı ki, iraqlı əri Kərimlə o toyda tanış olub. Kərim Annanın aspirant yoldaşlarındanmış. Sonralar İraq neft sənayesində böyük vəzifələr tutub, Səddam Hüseynə yaxın olub. İndi o, ailəsilə İordaniyada qaçqın həyatı yaşayırdı. İraq mütləqiyyətinin süqutundan sonra Afət özünü yer kürəsindən qopmuş, nadir metallarla zəngin göy cismi sayırdı. Bağdadda, Fərat sahilində onun ailəsinin bomba zərbəsindən zədəli villası, susuzluqdan yanıb kül olmuş bağ-bağçası, Ammanda işsizlikdən darıxan, hər gün emiqrant dostları ilə görüşüb talanan neftin haqq-hesabını çəkən əri, universitet tələbəsi qızı, Budapeştdəki kompüterdə qardaşına göndərdiyi qısa məktublar qalmışdı.
İndi Bakıdan Mingəçevirə gedə-gedə buralarda keçmiş gənclik illərini xatırlayırdı. Firuzə mürgüləyirdi. Ələtə çatanda yatmaq istəyinə üzrxahlıq kimi nəsə deyib çəkmələrini soyundu və şubasının kapyuşonunu başına keçirib uzandı. Hacıqabulda isə onun qara reytuzla bələnmiş ayaqlarındakı qırmızı corabları pəncərədən Qafqaz sıra dağlarını salamlayırdı.
Zaman Azərbaycan qadınlarını dünyaya səpələyib onların geriyə yolunu qapamışdı. Əvvəllər qeyri-müsəlmana ərə getməyi yolverilməz sayan bu xanımlar indi sivilizasiya dalğası altında kiminlə gəldi, ailə qurur, uşaq doğur, ocaq, yurd istisindən yadırğamış avropalı kişiləri özlərinin xam qızıl yatağı kimi əl vurulmamış qadın mehri, ana səxavəti və sevgili sədaqətilə xoşbəxt edirdilər.
- Firuzə, dur dağlara bax, - Afət geri dönmədən əlini uzadıb onu dümsüklədi. - Allah bilir, bir də buralara gələcəyikmi?! Gəlsək də, Rasim kimi qutuda gələcəyik.
Sanki bu yerdə Afət qardaşının ölümünü və onu dəfn etməyə apardığını xatırlayıb əlini incə, əmanət kimi burnuna toxunduraraq ağlamsındı: - bacısı ölsün, Rasimin!
Firuzə tez qalxıb oturdu, gözlərini ovuşdurub qurtarandan sonra da, elə bil, qəsdən dağlara tərəf baxmadı. Bekarçılıqdan çəkmələrini geyinməyə başladı. Çəkmələr onun ayaqlarını dizəcən ağuşuna alıb zəncirbəndin iki sərt vızıltısı ilə sükutun kürəyini bıçaq kimi yazdı.
Maşın magistralın xroniki təmir hissələrindən birinə girib qoyun sürüsü kimi tək sıra ilə gedən karvanda çətinliklə özünə yer eləyə-eləyə katafalkdan ayrı düşdü. Bütün yolboyu efirdə susan katafalk sürücüsü də bunu görüb zəng vurdu.
- Yox, nə çay?! - Afət qəti cavab verdi. - Bizi gözləyirlər, hava da pisləşir. Yubanmayaq.
Hava çüyüd qarpız kimi rəngsiz idi, göydə nə günəş, nə bulud, nə də bir quş vardı. Kürdəmirlilər quşları güllələyib yol qırağındakı dəyələrdə satırdılar.
- Adam evdən-evə köçəndə doğma hisslərin çoxunu itirir, o da qala ölkədən-ölkəyə... - Afət söhbətin harasındansa bir çimdik qıncıdıb dedi. - Çöllər heç dəyişməyib. Bir dəfə kənddən mənə elçi gəlmişdilər. Nədənsə, mənə elə gəldi ki, bu adamlar məni Sarıcaya yox, haradasa çox uzaqlarda olan bir səhraya aparacaqlar, mən də orada çadırda yaşayacam. Sən demə, heç bir il keçməmiş o uzaq səhraya mən özüm gedib çıxacaqmışam. Kərimlə ilk dəfə İraqa uçanda təyyarədən görən kimi tanıdım o səhranı: dünya, ər-filan mənə çox mənasız göründü. Başa düşdüm ki, bu mənim taleyimdir. Allah bilir, bəlkə də keçmiş həyatımda mən dəvə olmuşam.
- Dəvə yox, ilan... - Arxada, xəzin içində nəsə fısıldadı.
- Yaxşı, yaxşı, - Afət ana öyüdü kimi dedi. - Sən kinli qız deyildin axı... Dəvə iddiasında hələlik mənəm.
Uzaqdakı seyrək dumanlı bozluqda dağlar başını göyün ətəyi altına soxub bütöv, keçilməz kölgə kimi sallana qalmışdılar. Diqqətlə baxanda, hətta onların bekarçılıqdan yırğalandığını da zənn etmək olardı. Ancaq payızın soyuğundanmı, son nöqtəsinə doğru şütüyən matəm əhvalındanmı, yoxsa, nədənsə gedib onlara çatmaq, onları yaxından görmək, daşına-qayasına toxunmaq, zirvələrindəki qarlara baxmaq həvəsi yaranmırdı. Pərakəndə səpələnmiş kəndlərin, şoranlıqlardan qoparılmış kiçik tarla parçalarının, kol-kosu saralmış kanal dambalarının büzüşmüş, hərəkətsiz duruşu bu mənzərəni bir az da yadlaşdırırdı. Məmləkət yatmamışdı, köçməmişdi, ancaq elə bil bütün həyat həniri, səslər, rənglər hərdən qarşı dağların arxasında ac qurd kimi ulayan müharibənin xofu altında qısılıb qalmışdı. Yəqin yağacaqdı.
Yolsuz-yolağasız müsəlman qəbiristanlıqları altı-üstünə çevrilmiş xaotik ölümün maddi abidəsidir. Adama elə gəlir ki, dəfn vaxtı ora təkcə dirilər deyil, ölülər də çarəsizlikdən gedir. Sarıca kənd qəbiristanlığı istisna deyildi. Solğun bayraqlı şəhid məzarlarının əyri sırası sonunda tikanlıqlardan boylanan başdaşı şəkilləri və yazıları keçmiş zamanın oyanmaz, əbədi yuxusu ilə adamı turşumuş meyit iyi kimi vururdu. Saralmaq bilməyən, telini əsdirə-əsdirə payızı da növbəti ölütək qarşılayıb yerbəyer edən qoca söyüd bu vahimə və qorxu məkanında yeganə həyat nişanəsi olaraq hərdən quş səsi çıxarırdı. Elə bil yuxarıda quşlar yox, aşağıda ölülər təcili toplaşaraq təzə xəbəri bir-birinin sözünü kəsə-kəsə müzakirə edirdilər. Rasimi söyüdün yaxınlığında, valideynlərinin böyründə basdırdılar. Daşın üstündən ağsaçlı, qalstuklu atası sönməz həyat eşqi və qətiyyət dolu baxışları ilə zərbəçı əmək kollektivini asfalt-beton istehsalında yeni qələbələrə səsləyirdi. Elə bil məzuniyyətdən təzəcə qayıtmışdı və bu dəqiqənin özündə də onu işindən-gücündən eləyən Əzraillə qızğın mübahisə edirdi. Anası yorğun baxırdı, doğulub bu dünyada yaşadığına peşman olmuş adam kimi idi: özünə və tanıdığı dirilərə yazığı gəlirdi. Ətrafa səpələnmiş başqa şəkillər, adlar, soyadları, şeirlər də vardı, onların dedikləri həmin an heç kimi maraqlandırmırdı. Sanki o deyilənləri daha yaxşı anlayıb sezdirmək üçün qarşıda hər kəsi əbədiyyət kimi sonsuz bir ölü zamanın, unudulmaq və yox olmaq qərinələrinin gözlədiyini hamı əzbər bilirdi. Sanki ona qədər hər kəs bu dünyada yaşamaqdan bezməli, dünyanın qayğılarından yorulub usanmalı, nəfəsi və nitqi tükənənə qədər çarpışmalı idi.
Firuzə Afətlə yanaşı dayanıb qəbrin qara ağzına baxa-baxa yekəpər mollanın pauzasız, qaçaraq avazını dinləyirdi. Hətta qəbrin bir addımlığında dayanıb ölümün qaçılmazlığını düşünəndə belə bu qısa məsafə hər kəsə bütün yollardan uzun və keçilməz görünür. Firuzə belə adi və bayağı mərasim naminə ölkələr, sərhədlər keçib bura gəlməyinə peşman kimi idi.
Mollanın və payız yağışlarının xasiyyətinə yaxşı bələd olan kənd camaatı qəbiristanlığı tez-tələsik tərk etməklə, elə bil ölünü də, ölümü də unutmağa çalışırdı. Arxayın, sakit və sıradan heç nəyilə seçilməyən adamlar, sanki dəfələrlə ölüb-dirilmiş, vaxtaşırı biçilən ot kimi buna vərdiş etmişdilər. Mərasim evinin qarşısındakı böyük meydan, oradan pinti məcazla çıxan çılpaq, kimsəsiz küçələr yağış suyu ilə öz tükənməz kir-pasağını yuyub çala-çökəyə doldururdu.
- İraqda da yağış yağırmı? - Əsəd soruşdu.
- Az yağır, - Afət dedi. -Yağan kimi də torpağın altından bütün həşəratlar üzə çıxır.
Əsəd qəbiristanlıqda adamların yağışdan islanan qara görkəmini bayaq niyə o cür, xırdalıqlarına qədər xatırladığını, sanki indi başa düşdü.
- Bu havada maşın sürmək sizin üçün çətin olmayacaqmı? - susmaqdan bezmiş Firuzə birdən dilləndi, elə bil səhərdən bəri açarla qurdaladığı xarab qapı kilidini, nəhayət, açdı. - Qaranlıq da düşüb artıq.
Firuzənin danışmasına sevinən Afət bunu çox da büruzə vermədi, ancaq qapının açılmasının mükafatı kimi:
- Verəcəm, verəcəm sənə etibarnaməni, - dedi. - Rahat ol. Anna Amerikadan, mən də Ərəbistandan gəlib Macarıstan məhkəmələrində sürünəsi deyilik. Qayıdaq Bakıya, gedərik notariusa.
Firuzə dinmədi, yenə öz qınına çəkilib telefonda qurdalanmağına davam etdi.
- Bəlkə, doğrudan, gecəni qalaq? - Firuzənin məntiqini də qiymətləndirən Afət dönüb Əsədin üzünə baxdı. - Siz də yorğunsunuz, dincəlib səhər çıxarıq. Buralarda, yəqin ki, hotel var.
Əsəd qaşlarını dartdı. Gecələr onsuz da pis yatdığını xanımlara demədi. Gündüzün baş qarışıqlığında unudub üstündən keçdiyin xırdalıqların, uzaq keçmişlərdə qoyub gəldiyin adamların ilğımlı gecə yürüşlərinin təfsilatını danışmağın nə mənası?! Yuxuda da dincəlməyən, duyduğun hər yaxşıya, hər pisə görə əziyyət çəkən bədənin və ruhun halbahal dönəmləri haqda kiməsə dastan açmağın nə mənası?!
Afət qohumlarından "Əliş" adlı birini çağırıb hoteli soruşdu. O dedi ki, ən yaxını "Yemişanlı dağ"dı. Təzə tikilib.
- Yaxşı hoteldi? - Afət soruşdu.
- Dörd yekə, qızıl ulduzu var! - Əliş qürurla dedi. Elə bil o qızıl ulduzları yay gecələrində bu dağların başı üzərində açılan çıraqban göy qübbəsindən özü irdələyib çıxarmışdı. Əliş fürsətdən istifadə edib qəbiristanlığın ətrafına çəpər çəkməyə yardım etməsilə bağlı yerli hökumətin xahişini də Afətə çatdırdı.
- Yaxşı, yaxşı, qoy, buranın haqq-hesabını verim, - Afət mərasim evini nəzərdə tutaraq dedi. - Sonra danışarıq. Qəbrin üstünü də düzəltmək lazımdır. Səddamı asıblar e-e-e, - Afət dönüb Əsədə pıçıldadı.
Əliş axsaq ayağını ardınca sürüməzdən öncə nasaz dizini dəqiq ölçülü reduktor performansı ilə bir neçə dəfə əsdirib orada nəyisə tarazladı, elə bil içəridə hərəkətə icazə verən siqnalı eşidəndən sonra çıxışa doğru taytıdı. Yüz səksən dərəcəlik geridönüşü də o cür icra edib yarıyoldan qayıtdı və orta stolda oturmuş yerli hökumət nümayəndələrinə şad xəbəri isti-isti çatdırdı.
- Müharibə veteranıdı, hansısa təpəni alanda minaya düşüb, - Afət Əlişin axsamağına işarə ilə dedi. - Protezini Dubaydan mən alıb göndərmişəm, içi doludu elektronikaynan. Deyəsən, yaxşı işləmir.
Afət təzədən Əlişi çağırıb hansı təpədə yaralandığını soruşdu.
- Lələtəpədə, - Əliş günahkarcasına gülümsündü.
- Heç Topal Teymur da sənin kimi belə gözəl axsaya bilməzdi, - Afət dedi.
- Andırın içində burjun ilişir, sıxılıb-açılmağı bir az ləngiyir.
Həyətdə bir neçə böyük avtobus Əlişin hücuma hazır hərbi taqımı kimi yan-yana düzülmüşdü. Qorxunc aerodinamika, yekə güzgü buynuzları və zəhmli qara şüşələrilə onlar da yağışdan xoşhal kimi görünən hotel binası, bəzəkli dəmir hasar və arasında rəngarəng fənər işıqları közərən qızılgül kollarının sırasıtək məmləkətdə yeni dönəmlərin başlandığından xəbər verirdilər. Payızın soyuğunda dünyanın bu Yemişanlı dağına turist axını qırmızıpapaq qarsonun iki qara çətirlə həyətə qaçıb onları qarşılamağı kimi təzə peydahalıq idi.
Kiçik parkı xatırladan hotel həyətində kimsə gözə dəymirdi. Arada səngimiş yağış yenidən çisəyə çevrilib səssizcə ələyirdi. Nəsə tənha adam mızıltısına oxşar bir ovqat vardı yağışın bu davamlı, lal sidiməsində. Belə havada isti hotel otağının narıncı işıqla dolu, pərdəli pəncərələri kənardan daha cazibədar, orada kölgəsi oynaşan adamlar isə az qala, bəxtəvərlik nümunəsi kimi görünür. Ancaq dünyada mahiyyətcə çox şeyin kənardan göründüyü kimi olmadığını Əsəd bilirdi: elə müxtəlif qitələrdə yaşayan, indisə, təsadüfən gəlib onun maşınında oturmuş bu yarıəcnəbi xanımlar kimi, Macarıstandan "ölməyə vətən yaxşı" deyə taxta qutuda qayıdan Rasimin hədər getmiş mühacir ömrü kimi...
- Sizin nömrələriniz dördüncü mərtəbədədir, - administrator məlumat verdi. - Aşağı mərtəbələrimiz şagirdlərlə doludur. Onlar bir az səs-küylüdürlər. Etiraz etmirsiniz ki?
- Yox, etiraz etmirik, - Afət dedi. - Biz üç nömrə sifariş vermişdik.
- Bəli, xanım. Nömrələr eynidir. Əgər istəsəniz, bir lüks də verə bilərik, ancaq o bu nömrələrdən bir az aralı düşəcək.
- Bilmirəm... - Afət tərəddüdlə dedi və dönüb Əsəddən soruşdu: - Əsəd bəy, lüks istəyirsinizmi?
- Ehtiyac yoxdur, - Əsəd dilləndi. Afət sualı Firuzəyə də verdi. O, hotelin qüsursuz işləyən istilik sisteminin şərəfinə soyunduğu şuba ilə bərabər başını yellədi.
Qarson Afət xanımın çamadanını quş vurmuş ovçu sevincilə götürüb liftə tərəf addımladı. Vəznəli çuxa ilə qotazlı qırmızı papağın alabəzək krossovkaya uyğunlaşdırılmış təpişdirməsi onun şən, hazırcavab və qoçaq oğlan olduğunu yüngül dovşan yerişindən də nümayiş etdirirdi. Hotel məsafələrinin yığcamlığını nəzərə alaraq qarson zirzəmidəki sauna, massaj, kuafor, fitnes xidmətlərini, restoran və bar menyularının bir qismini liftdəcə sadalamaqla öz vəzifəsinin gərəkliyini diqqətə çatdırmağa tələsdi. Afət pul vermək üçün çantasını açanda isə oğlan qarşıdakı dağın başına gecə səyahətinə də özünün bələdçilik xidmətini təklif edirdi.
- Senk you! - qarson təşəkkür edib pulu quş cəldliyi ilə çuxanın altına soxdu. Məmləkətdə Afətdən başqa heç kim əlindəki pulu başqalarına göstərmək fikrində deyildi. - Oraya kanat yolumuz da var, - yəqin ki, dağın başını nəzərdə tutaraq əlavə elədi.
Yan-yana standart nömrələrdi: hamam, ikinəfərlik hündür çarpayı, divarda televizor, stolun altında balaca soyuducu və kənardan, xüsusilə, cazibədar görünən həmin sarımtıl pərdəli, bir divarlıq böyük pəncərə. Afət otaqlara bir-bir baxıb hamısının eyniliyinə əmin olandan sonra koridordaca Əsəddən soruşdu.
- Hansı tərəfdə yatmağı xoşlayırsınız, Əsəd bəy? Sağda, ya solda? - Güclə seziləcək tərzdə qımışaraq əlavə etdi: - Bəlkə ortada?
Sual kəhkəşandan qoparılmış yekə ulduzları, ətəyinə çoxmərtəbəli hotelin nizə kimi sancıldığı bütün Yemişanlı dağı əhatə etdiyi üçün Əsəd bəy bir anlıq pauzadan sonra cavab verdi:
- O baxır nəyə nisbətdə sağ-sola...
- Nəyə yox, kimə.
- Eləsə, qoy sağ olsun.
- Eləsə, xeyirli olsun, bismillah! - Ardınca yenə ərəbcə əlavə elədi: - Summə ləətiyənnəhum min beyni eydiiim va min xəlfihim***... Sizə sağ, Firuzəyə sol, mənə orta. Firuzə, etirazın yoxdur ki?
Firuzə yenə sarışın başını və qar altından qorxaq bənövşə kimi çıxmış şubasız, arıq çiynini naməlum istiqamətə tərpətməklə cavab verdi.
- Bu haqda bir lətifə yadıma düşdü, - Əsəd dedi. - Üç dost gəlir mehmanxanaya, bunlara deyirlər, yer yoxdur. Amma bir dənə enli çarpayımız var, üçünüz də yerləşərsiniz. Razılaşıb yatırlar...
İti addımlarla dovşan kimi tullana-tullana qayıdan qarson xəbərdarlıq etdi ki, bu axşam restoran saat doqquzadək işləyəcək. Hələ nömrəyə qədəm qoymamış hotel qonaqlarına belə xəbəri gəncliyə xas ruh yüksəkliyilə təqdim etməyin bir səbəbi də çuxanın altındakı yaşıl əskinas ola bilərdi.
- Nə isə... Ardını sonra danışaram, - qarson sözün arasından çıxandan sonra Əsəd dedi.
- Danışın, danışın, - Afət əllərini belinə vurub lətifəni axıradək dinləmək fikrində olduğunu açıq təbəssümü ilə bildirdi.
- Sonra, sonra danışaram, - Əsəd əlinin işarəsilə də lətifəni sonraya saxlayıb üzbəüz nömrədən dəhlizə çıxmış cütlüyə yol vermək üçün kənara çəkildi.
Firuzə əvvəlcə başını, sonra çiyinlərini, sonra da yavaş-yavaş bədənini irəli verərək, sonda sarı qəbiristanlıq palçığı tam təmizlənməmiş çəkməsini dəyərli "ÜEBO" malı kimi qapıdan içəri keçirdi.
Afət də öz otağında bir dövrə vurub, sanki məhz bunun üçün yonulmuş ücbucaq burnu ilə künc-bucağı iyləyəndən sonra çamadanını dəhlizdən içəri dartdı. Bir gecə yatmaq üçün kirayələnmiş hotel otaqları elə bil özlüyündə nəsə daha vacib tələbat və ehtiyacların ödənilməsi obyektinə çevrilməyə başladı. Qonaq qəbul edən sükut dolu, yumşaq xalılı dəhliz yuxudan ayılmış kimi əsnəyib işığını artırdı, bu gecə qonaqlar yatmayınca çimir vurmayacağı haqda dörd ulduzun dördünə də and içdi.
Afət bir azdan Əsədin yanına gəlib pəncərədən yağışa, qaranlığa bürünmüş dağa, sonra da ilk dəfə belə yaxından görürmüş kimi onun üzünə diqqətlə baxdı.
- Duş qəbul edək, sonra görək, nə fikirləşirik, - ağır günün yorğunluğunu zərrə qədər də hiss etdirməyən gümrahlıqla dedi. Elə bil gedib Bakıdan daha bir ölü gətirib basdırmağa hazırlaşırdı. O yalnız uzun ətəyinə palçıq çilənmiş paltosunu soyunmuşdu, gen, qara donu bədənini də, qol-qıçını da, boyun-boğazını da beş dəqiqə əvvəlkindən daha uzun, daha sanballı, daha işgüzar və mehriban göstərirdi. - Belə qəşəng hoteldə işığı söndürüb uzun gecəni yatmaq, sizcə, israfçılıq olmazmı?
- Bəli, payız axşamıydı, hava qaranlıq... - Əsəd milli poeziyanın zarıncı muğama çevrilməsində rekordlar qırmış ən bayağı misranı da bayaq lətifəni gizlətdiyi yerə tulladı.
- İmenno! - nədənsə rusca deyən Afət pərdəni çəkib çöldəki qaranlığa baxdı.
Bu an elə bil onları eşitdilər: gur işıqlı projektorlar bir göz qırpımında qaranlığı yararaq, daranmış meşənin arası ilə dağın başına dümdüz xətlə qalxan ağ pilləkənləri, onların qırağındakı gecə fənərlərini və kanat yolun trosundan sallana qalmış şəffaf kabinələri işıqlandırdı. Bu mənzərəyə göyün xeyir-duası kimi gələn narın yağışın arxasından, hətta zirvənin də bir neçə fənər işığı kadra sıçradı. Qara, təlatümlü qübbənin altında bu işıq və yağış sidiməsinə qərq olan aylı-ulduzlu hotel, elə bil açıq dənizə çıxmış çoxmərtəbəli gəmi kimi üzməyə başladı.
Gözlərini yumub vannada uzananda divarın arxasında suyun şırıltısından bildi ki, Afət də eyni işlə məşğuldur. Ona elə gəldi ki, kafeli davamlı çıqqıldatmaqla xanım onun cavab verməsini, keçən günün ağırlığının bir hissəsini elə bu morze oyunu ilə atmaq istədi. Ancaq o, cavab vermədi, özünü elə apardı ki, guya qonşu nömrənin hamamında ona dəxli olmayan bu təsadüfi çıqqıltı nazik divarın o üzündən deyil, çox uzaqlardan, gənclik illərinin qarlı bir şəhərindən gəlir. Onlar vannada uzanıb konyak içirdilər. Bütün məsələ, əlbəttə, alkoqolun təsirində idi, amma şam işığında krandan axan suyun fınxırtı dolu gur şırıltısı dağı-daşı lərzəyə gətirən yaz seli kimi onları basırdı, yuxarı qalxan dolaşıq əl-ayaq kölgələri divarlardan keçib şəhərin pəncərələrinə dırmaşır, soyuğun evlərə doldurduğu adamlarla məzələnərək geri qayıdırdı. Onlara elə gəlirdi ki, bu qapalı məkandan bezəndə gözlərini yumub çöldəki qarın üstünə tullanır, qar kürüyən qadınların da zəhləsini tökəndən sonra uçub uzaqlardakı isti ölkələrə gedirlər. Xanım danışırdı ki, bir dəfə o, vannanı südlə doldurub içində çapalayanda südün üzünə əl qalınlığında, sapsarı yağ çıxmışdı. "Onda biz tələbə yataqxanasında ac qurd kimi ulaşırdıq. Çağıraydın, o yağı yığıb kartof qızardardıq", - o demişdi və bir tava qızardılmış kartofun bütün arzulardan gözəl göründüyü vaxtları xatırlamışdı.
Hamamdan çıxanda qarderobda səliqə ilə qatlanıb çinlənmiş dəsmalların yanında paketə qablaşdırılmış ağ xələti geyinmək marağından vaz keçmədi. Kəmərli xələt tiftikli, qalın maxerdən tikilmişdi, ağuşuna hər kəsin məmnuniyyətlə yumbalandığı dərin, yumşaq kreslo kimi rahat idi. Yekə cibinin manjetində hotelin adı yaşıl sapla toxunmuşdu - "Yemişanlı dağ". Fikirləşdi ki, yemişanı bir dəfə Şamaxı meşəsində görüb: təzəcə qızarırdı, yağışın islatdığı qara gövdəli palıdların yanında yeniyetmə qız məsumluğu ilə kolluqdan boylanırdı. Bədənində isti suyun yaratdığı ağırlığı sehrli xələt, sanki bir göz qırpımında özünə çəkib yox elədi, yüngülləşmiş əl-ayağına hərəkət sərbəstliyi, canına güc verməyə başladı. Afət də ağ xələtdə, amma saçlarını dəsmalla əmmamə kimi bürümüş halda gəldi:
- Siz də xələti geydiniz? - dedi. - Mənim də xoşuma gəldi. Gedim, Firuzəyə deyim, o da geyinsin. Yoxsa ağlı kəsməyəcək, - tez otaqdan çıxdı.
Restorana getmədilər, istəyir doqquzda yox, lap on doqquzda bağlansın. Nömrəyə sifariş verdilər. Örtüklü, kəcavə kimi uzun araba altı-üstü dolu gəldi.
- Doğma torpağın nemətlərindən dadlısını heç yerdə görmədim, - Afət təamları masaya düzə-düzə dedi.
- Doğma torpağın kişilərinin dadından xəbərin yoxdur! - Firuzə soyuducudan çıxardığı ətir şüşəsi kimi balaca butulkaların üzərində yazılanları diqqətlə oxuya-oxuya, sanki öz-özünə mızıldandı.
- Firuzə, sən ciddisən? - Afət bu mühüm məsələyə görə servirovkanı dayandırıb ayağa qalxdı.
- Əlbəttə.
- Bizimkilərin dadı ayrı cür olur?
- O-o-o! - ani baxışla Əsədi süzüb qaşının birini dartdı. Əsədə elə gəldi ki, xanım göz də vurdu.
- Əsəd bəy, zəhmət olmasa, ayağa qalxın, - Afət başındakı əmmaməni kənara tullayıb saçlarını bir-iki dəfə süpürgə kimi havada yelləməklə nizama salmağa çalışdı. Əsəd qalxıb onunla yanaşı dayandı. - Məni qucaqlayın, görüm!
Əsəd bəy qızardı:
- Mən çoxdan belə imtahanlar vermirəm, - dedi.
- Bu imtahan deyil, zaçotdu. Qucaqlayın. Mən həssas qadınam, dadı belə də duyacam. Ancaq hisslə qucaqlayın.
Əsəd yüngülcə qucaqladı, Afət özünü ona sıxdı. Xələtin altından ayaqlarını toxundurdu. Saçlarından gələn acı ot iyi naşatır spirti kimi qıcıqlandırıcı idi. Düyməsiz xələtin qucaqlaşmaq üçün də rahatlığı bütün hisslərdən qabaq özünü büruzə verdi.
Nar əla idi, qutabla ləzzət eləyirdi. Üzümü motal pendiri və isti təndir çörəyilə elə yeyirdilər, elə bil ehsandan yox, uzun yolçuluğun səhra aclığından çıxmışdılar. Yedikləri hər tikəyə, içdikləri hər qurtuma görməmiş kimi sadəlövhlüklə sevinirdilər. Hiss olunurdu ki, qayıdandan sonra da bu xatirələrlə özlərini xeyli müddət sevindirməyə çalışacaqlar. Hətta baxmadıqları televizorun üyütdüyü qurşaqdan aşağı goplamalar belə doğma nitqin ştampları ilə onlara ləzzət verirdi. Rasimdən sonra onlar, sanki bir-biriylə, buralarda doğma nə varsa, hamısı ilə vidalaşıb ayrılırdılar.
- Heyif ki, mən bir də buralara gəlməyəcəm. Həyatımın çox hissəsini keçmişəm, atam, anam, yeganə qardaşım - hamısı torpağın altında, daha nəyə gəlim? Ölünün ruhunu anmaq üçün onun qəbri üstünə gəlmək vacib deyil.
- Mən elə düşünmürəm, - Firuzə astaca etiraz elədi. - Ölü bizim üçün təkcə ruh deyil, çox şeydir. Doğma adamların nə ölüsünü, nə də dirisini unutmaq olar. Çünki onlar bizim həyatımızın bir parçasıdır. Biz də onların...
- Sarıca kəndinin yarısı mənim atamın, yarısı da anamın qohumlarıdır, - Afət dedi. - Ona qalsa, gərək mən ayda bir dəfə duram Ammandan bura, ya toya, ya da yasa gələm. Yox, mən patriaxatla qurtarmışam. Rəhmətlik Rasim də elə düşünürdü, ona görə ikinci seçimində də buranı yox, Avropanı seçdi.
- Bəs niyə axırda bura qayıtdı? - Firuzə soyuq və tikanlı tərzdə davam etdi. O, rəfiqəsinə qarşı səmimiyyətin, bəlkə də ötən gecəki mübahisələrindən doğan açıq etirazın astanasında dayanırdı. Hər dəfə onun addım atıb astananı keçməyinə, əl uzadıb ortadakı pərdəni yırtmağına nəsə mane olurdu. Bu, açıq danışmağı, hər şeyə aydın nəzərlə baxmağı sevən, İordaniyadan bütün dünyanı olduğu kimi görən Afəti yenə bezdirməyə başlamışdı.
- Dedim axı, verəcəm sənə etibarnamə, niyə burnunu sallayırsan? - Afət onu qınadı. - Get, macar məhkəmələrində sənədləşdir, Rasimin nəyi var, sənin olsun. Mən daha bundan artıq nə edim bunun üçün, Əsəd bəy?
- Nəsə ciddi bir şey qalıbmı Rasimdən? - Əsəd bəy tələbəlik dostu, həmkarı və yaşıdının dünyanın tamam başqa bir səmtində qazandıqlarını, sanki özünün burada qazandıqları ilə müqayisə etmək üçün soruşdu.
- Evi qalıb, maşını, kiçik biznesi qalıb. Kartları, telefonu bloklanıb onlarda nə qədər pul-parası, alıb-verəcəyi var, mən bilmirəm. Mənim heç nəyə ehtiyacım yoxdur, götürsün, nə istəyir, eləsin. Özgə neyləyim mən bunun üçün, Əsəd bəy?
Firuzə öz rəssam beyni ilə düşünüb bunların cavabında nəsə rəngli bir şey deyə bilərdi, ancaq dinmədi, susdu. Elə bil Atilla nəvələrinin Macarıstanı öz Balaton gölü, Tuna çayı, qəhrəman İmre Nade qarışıq, daha onu maraqlandırmırdı.
- İstəmirəm, - Firuzə boğaz acışması ilə qısaca deyib öskürməyə başladı. Sonra da mövzunu tərk etdiyini qəti bildirmək üçün keçib hündür çarpayıda dizlərini qarnına yığaraq uzandı. Qısa xələtin altından görünən, yay qaralması hələ tam keçməmiş baldırlarının təqdimatına yüngülvarı dizayn verdi. - Gəncədə mənim xalam yaşayır, səhər gedib ona baş çəkəcəm. Yüz ildir görmürəm, bəlkə də ölüb.
- Bizi tərk eləyir, - Afət eyhamla Əsədə dedi. - O lətifənin sonunu bayaq danışmadınız axı, - Afət də mövzunu dəyişməyi aşkarca qət etdi.
- Elə lətifələr var ki, onları danışmaq üçün psixoloji və ekoloji mikromühit yetişməlidir, yoxsa, gülmək çətin olur, - Əsəd bəy süfrədəkilərə işarə ilə dedi.
- Səhərə kimi yetişərmi?
- Bilmirəm.
- Yox, maraqlıdır axı, üç kişinin gecəni bir çarpayıda yatması.
- Əsəd bəy, danışın, toxtasın, - Firuzə gözlərini açmadan mızıldandı. - Yoxsa, səhərə kimi sizi yatmağa qoymayacaq.
- Yaxşısı budur, mən Misirə turist səfərimi danışım, - Əsəd dedi. - Şarm əş-Şeyxə.
- Misirdə mən on dəfə olmuşam, - Afət dedi. - Misiri istəmirəm. Üç kişini istəyirəm! - Afət şaqqanaq çəkib güldü.
- Yox, danışın, Əsəd bəy, maraqlıdı, - Firuzə elə bil rəfiqəsinin acığına dedi.
Safari söhbəti Ərəbistan səhralarını keçib Nil çayı boyunca yavaş-yavaş Afrikaya doğru qalxanda Firuzəni yuxu apardı. Xələtin altından xeyli sürüşmüş dizindən yuxarıda cərrah iynəsinin ağız əyrisi kimi tikiş yeri qalmışdı. O, Əsədin geniş çarpayısının bir qırağında yatmış dişi ceyrana bənzəyirdi, sanki bədəninin yuxuda başlanacaq hövr çağırışından qəflətən oyanıb indiyədək olmuş bütün söz-söhbəti unudacaq, yalnız özünün instinktiv fiziki tələbatları ilə məşğul olacaqdı. Əsl həngamə də yəqin ki, onda başlanacaqdı...
Lətifənin ardı üçün mikromühitin bəlkə dağın başında daha tez yetişəcəyinə ümid etdiyini deyən Afət aşağı zəng vurub kanatın işə salınmasını sifariş verdi. Onlar tələm-tələsik xələtin üzərindən paltolarını geyinib yuxarı, dağın başına qalxdılar. Şıltaqlığı ilə adamları incitdiyinə görə vicdan əzabı çəkən yağış, nəhayət, susmuşdu. Yuxarıda bədənin paltarsız yerlərilə güclü radiodalğa kimi tutulan sazaq olmasaydı, gülöyşə narıtək tərtəmiz bu havanı səhərədək udmaq üçün oradakı bağlı kafenin çardağı altında oturmaq, hətta lətifə də danışmaq olardı. Ancaq bədən qəbul edib-etmədiklərini özü müəyyən edir, heç kimdən heç nə soruşmur. Lətifə tələb edilmirdi.
Dağın başından kəndlərin uzaq işıqları, yolboyu şütüyən maşınların tez-tez itib yox olan işıq axınları payız qaranlığı ilə cırmaqlaşma kimi görünürdü.
- Sarıca bu tərəfdədi, - Afət az qala dirsəyə qədər paltonun qolundan çıxan əlilə qara dağların harasınısa göstərdi.
Açığı, axşamın bu qarışıq vədəsində soyuqdan və dördgözlə onlara baxan hotel sifətindən başqa heç nəyi olmayan dağ zirvəsində dayananda Sarıcanın, hətta Rasimi öz ağuşuna almış qəbiristanlığın da harada, hansı tərəfdə olması vacib deyildi. Həyat oyunla doludur, hərdən onlardan bəzilərini, mənasından, məzmunundan asılı olmayaraq, axıradək oynamaq lazım gəlir.
- Bu yol da, yəqin ki, Gəncə yoludur, - Əsəd maşın yoluna işarə ilə dedi.
- Əşşi, sözüydü da dedi, - Afət üşüyən əllərini yekə ciblərinə basıb bədənilə ona qısıldı və gözlədi ki, Əsəd güclü qolları ilə onu bayaq hoteldə qucaqladığı kimi qucaqlasın. - Gəncəyə gedəndi o?
Səhər Firuzəni otağında tapmadılar. Onları vestibülün ortasında qarşılayan qarson dedi ki, xanım sarı taksilərindən birini götürüb Gəncəyə getdi. Kağız da yazıb qoymuşdu. "Məni gözləməyin".
Bu an pilləkəndən səs-küylə uşaqlar aşağı tökülüşməyə başladı. Ancaq mərmər sütunlu, güllü-çiçəkli foye onlara boş və səssiz göründü. Döşəmənin bir qırağına uca pəncərələrin monumental şəklini çəkmiş lazımsız gün işığı da öz həniri və səxavətilə onları sevindirmədi.
Səfər ALIŞARLI
2023
Edebiyyatqazeti.az
* Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır.
** Onu gizlində versəniz, daha yaxşı olar.
*** Sonra onların yanına qarşıdan və arxadan gələcəyəm...
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub