Qara qoyunun aqibəti haqqında hekayə
1
... Sonra o son yaz günlərinin birində gecə boyu dənizdən əsən sərin meh səhərin gözü açılmamış tamam kəsdi - bu il Abşeronda istilər tez başlamışdı və Nuhbalagilin həyətində toyuq-cücədən başqa, bir qara qoyun da var idi və o qara qoyun da mələdi.
Nuhbala eləcə gözüyumulu ürək dolusu gərnəşdi, fikrindən də keçəndə ki, bu gün də Bakıya getməyəcək, iş günü deyil, bu gün də evdədi, hələ yuxudan tamam ayılmamış kişinin kefi açıq-aşkar kökəldi - o, taksidə işləyirdi, bir sutka iş, iki sutka evdə istirahət. Nuhbala yenə ürəkdən gərnəşib, gözəl bir ovqatla gözlərini açdı və üzbəüz pəncərəyə baxdı. Dənizdən qalxan günəşin şüaları pəncərədən onun gözlərini qamaşdırdı, bir-iki dəfə kiprik çalıb, təzədən baxdı, elə bil nəsə hiss etmişdi və doğrudan da, bircə anın içində kişinin gözləri bərəldi - onu qara basırdı, nəydi? - başını dikəldib, bir də diqqətlə pəncərəyə baxdı, ürəyi də döyünməyə başladı.
Sonra da Nuhbala bərəlmiş gözlərini pəncərədən çəkməyərək, qeyri-iradi arvadının çılpaq qolundan yapışıb silkələdi və Tuba o saat oyanaraq, başını qaldırıb, səksəkə içində Nuhbalaya baxdı:
- Nədi? Nolub?
Nuhbala elə bil, danışa bilmirdi, əlini qaldırıb, barmağı ilə pəncərəni göstərdi və Tuba eləcə səksəkə içində pəncərəyə baxdı:
- A-a-a!.. - dedi. - Bu nə oyundu belə? - və təzədən ürkək-ürkək Nuhbalaya baxdı.
Məsələ burasında idi ki, Nuhbala ilə Tubanın yatdığı çarpayı həyətə baxan pəncərə ilə üzbəüz idi və düz pəncərənin qabağında da qollu-budaqlı qoca bir tut ağacı var idi.
Həmin yaz səhəri indicə mələyən qara qoyun o tut ağacına dırmaşmışdı.
Necə yəni dırmaşmışdı? Qoyun da ağaca dırmaşar?
Ancaq bu, qara qoyunun qarası kimi bir qarabasma deyildi və o qara qoyun hər ayağını bir budağın üstünə qoyub, pəncərədən onlara baxırdı, elə bil, Nuhbalanın da, Tubanın da oyandığını başa düşüb, yenə mələdi.
Tuba:
- Vaxsey... - dedi, - bu nədi, Nuhbala?..
Tubanın o "vaxsey"indən sonra qara qoyun bir də mələdi və elə bil, qara qoyunun mələməyinin səsi ondan yox, Nuhbalagilin həyətinə başqa bir dünyadan gəlib çıxırdı.
Tuba:
- Allah, sən saxla... - pıçıldadı.
Nuhbala gözlərini yaxşıca yarpaq açmış o tut ağacının ortasında dayanmış qara qoyundan çəkə bilmirdi və nəhayət, özünü ələ alıb, tələsik ayağa qalxdı, tələsik də şalvarını əyninə keçirib, həyətə çıxdı.
Qara qoyun ağacın hündürlüyündən aşağı boylanıb, Nuhbalaya baxa-baxa yenə mələdi.
Onu kim götürüb, ağaca qaldırmışdı? Nuhbala ilə kim belə zarafat edə bilərdi? Kim ona belə sataşa bilərdi?
Həyət həmişəki həyət idi, üç-dörd gün bundan qabaq yumurtadan çıxmış cücələr ala-torandan anac toyuğun dalına düşüb həyətdə gəzişə-gəzişə, oranı-buranı dimdikləyirdi, darvaza bağlı, həyət-baca, hər şey qaydasında idi, bir dırnaq ucu belə şübhələnəcək bir şey yox idi və ürəyində də özü-özünə deməyə bir söz tapmayan, matı-qutu qurumuş Nuhbala o tut ağacının yanında dayanıb, altdan yuxarı qara qoyuna baxırdı. Yay vaxtı günortalar bu tut ağacı geniş və sərin kölgə salırdı və Nuhbala evdə olduğu vaxtlar o gözəl kölgəlikdə oturub, əncir mürəbbəsi ilə çay içməyi xoşlayırdı, ancaq indi Nuhbalanın ürəyində narahatlıq, nigarançılıq, anlaşılmazlıq - hamısı bir-birinə elə qarışıb-qatışmışdı ki, nə o kölgə yada düşürdü, nə də o çay dəstgahı.
Qara qoyunun deyəsən, yeri möhkəm idi və qara gözlərini Nuhbaladan çəkib, ətrafındakı yarpaqları, təzəcə çırtlamış yaşıl tut dənələrini yeməyə başladı. Nuhbala bir-iki dəfə əllərini şappıldatdı və qara qoyun quş idi, nə idi, Nuhbalanın əlinin şappıltısı ilə uçub gedəcəkdi? Qara qoyun bir anlıq aşağı, Nuhbalaya baxdı, sonra yenə təzə-tər yarpaqlarla məşğul oldu, Tuba da eləcə tələsik geyinib, həyətə çıxdı və ağacın ortasında, budaqların üstündə gözgörəti yerini rahatlayıb, iştahla yarpaqları yeyən qara qoyuna baxa-baxa, mat-məəttəl:
- Allahıma qurban olum, - dedi. - Nuhbala, bu nədi belə?
Nuhbala bir söz demədi.
Necə olacaqdı? Nuhbala o qara qoyunu ordan necə düşürdüb kəsəcəkdi?
Məsələ burasında idi ki, ət gün-gündən bahalaşdığı üçün Nuhbala keçən yazın əvvəllərində uç toğlu alıb, həyətdə saxlayırdı və onların ikisini qışda, payızda kəsmişdilər, qara qoyun da o toğluların axırıncısı idi. Dünən bax, bu tut ağacının kölgəsində oturub, üçü də - Nuhbala, Tuba və Balacaxanım - bir yerdə çay içəndə Nuhbala həyətdə otlayan qara qoyuna baxa-baxa:
- Sabah bunu da kəsəcəyəm, - dedi.
Balacaxanım ağzını büzdü:
- Eh, ay ata... - qızın bir-bir kəsilən o toğlulara sidq-ürəkdən yazığı gəlirdi, ancaq nə etmək olardı, gərək ət yeməyəsən, quş yeməyəsən, balıq yeməyəsən?
Tuba gözlərini tuta dırmaşmış o qara qoyundan çəkdi və qara qoyunun qarasına:
- Şoğərib, elə bil, keçidi... - dedi.
2
Bu Abşeron kəndinin bir xüsusiyyəti var idi: kimin həyət-bacasında nəsə bir hadisə baş versəydi, bu hadisə heç bir saat - bir saat nədi, yarım saat keçmirdi ki, bütün kəndə yayılırdı və qara qoyunun Nuhbalagilin həyətindəki o məşhur tut ağacına dırmaşmağının xəbəri də çox keçmədi ki, kəndə yayıldı. Kənd camaatı buna inanmırdı, bunun da bir zarafat olduğunu deyirdi, ancaq Nuhbala ciddi adam idi, belə bir zarafat ona yaraşan iş deyildi, bir başqası da onunla belə zarafat edə bilərdi? - ancaq kor-kor, gör-gör, məhəllənin cavanları, qız-gəlin, hətta Nuhbalagilin həyətinin yanından ötən adamlar da hasarın üstündən boylanıb baxanda, budaqların üstünə çöməlib, yerini rahatlayaraq, yarpaqların kölgəsində mürgüləyən qara qoyunu gözləri ilə görürdü və hamı da bu işə məəttəl qalırdı.
Nuhbala ilə Tubanın yeganə övladı Balacaxanım - ondan sonra Tubanın uşağı olmadı, elə Balacaxanımın özü də gec anadan olmuşdu - artıq yekə qız idi, on birinci sinfə keçmişdi, ancaq böyüdükcə də adının köhnəliyindən utanmağa başlamışdı və Nuhbala evdə olmayanda hərdən anasına:
- Camaat Günay, Aygün, Aybənizdi, mən də Balacaxanım!.. - deyirdi, Nuhbalaya isə heç nə demirdi, çünki Balacaxanım Nuhbalanın rəhmətlik anasının adı idi və Balacaxanım yuxudan durub, qara qoyunu tuta dırmaşmış görəndə, doğrusunu deyim ki, mat qalmağına elə də mat qalmadı, yəqin ona görə ki, qızın elə vaxtı idi ki, fikri başqa fəzalarda dolanırdı. Hətta əvvəlcə Balacaxanım tuta dırmaşmış qara qoyunu görəndə, az qaldı onu gülmək tutsun, ancaq bir Nuhbalaya, bir də Tubaya baxanda, gülüş onun boğazında qurudu və hasardan boylananları görəndə isə, bu, açıq-aşkar onun abrına toxunurdu. Bu da görünməmiş bir iş idi ki, Balacaxanım telefonunu da söndürmüşdü ki, rəfiqələri ona zəng eləyib, sorğu-suala tutmasınlar, zəhləsini tökməsinlər və qara qoyunun ağaca dırmaşmağından çox, telefonunu söndürməyi onun qanını qaraldırdı.
Nuhbala həmin yaz günü tut ağacının altında dayanıb, üzüyuxarı qara qoyuna baxırdı: o qara qoyuna daş tullayıb, ya ağac uzadıb düşürtmək istəsə, o boyda hündürlükdən qopub, boynunu-belini sındıracaqdı, ancaq başqa nə etmək olardı? Kim bu boyda ağaca dırmaşıb, onu ordan düşürdəcəkdi və necə düşürdəcəkdi? Bəlkə yanğınsöndürən çağırsın ki, gəlib bu qara əcinəni aşağı düşürtsünlər və uşaq-muşaq yığışıb, baxsın ki, yanğınsöndürənlər onu necə düşürdür, bütün kənd də desin ki, Nuhbala qoyun üçün yanğınsöndürən çağırıb?
Həyətində bu ağlasığmaz həngaməyə baxmayaraq, Nuhbala evdə olanda Tuba necə qəlyanaltı süfrəsi açırdı və üçü də bir yerdə necə qəlyanaltı edirdisə, həmin səhər də o cür süfrə açdı, ancaq üçü də süfrə arxasında oturanda, əvvəlkilərdən fərqli olaraq, heç kim heç nə demirdi və tərs kimi, o qara qoyun da hərdən ağacın ortasından mələyirdi. Qara qoyun mələyəndə, Nuhbala Balacaxanıma baxırdı və kişinin ürəyindən bir nigarançılıq keçirdi ki, qoyun kəsiləndə Balacaxanım qaçıb gedirdi ki, qoyunun başının kəsilməyini, dərisinin soyulmağını, qarnını yarıb, içalatının çıxarılmasını görməsin. İndi də birdən bu qara qoyun əhvalatından qorxar-eləyər.
Nuhbala zarafatyana:
- Birdən qorxarsan a? - dedi və gülümsəməyə çalışdı.
Balacaxanım:
- Yox, nöş qorxuram... - dedi.
Balacaxanım "yox" deyirdi, ancaq sözlü adama oxşayırdı və Nuhbala:
- Elə bil, nəsə sözün var, həri? - soruşdu.
Balacaxanım:
- Bilirsən... - Bir balaca tərəddüd elədi, ancaq sonra sözünü dedi. - O Azaddı-nədi, var e? - Qız "Azaddı-nədi" sözlərini bir az qəribə dedi. - Rəşidovun nəvəsini deyirəm də... Birdən yazar sosial şəbəkələrə ki, qoyun ağaca dırmaşıb.
Nuhbala:
- Hara yazar? - soruşdu.
- Sosial şəbəkəyə də... Müxbirlərə də elə bu lazımdı də...
Və Nuhbala bu sözləri elə bir qətiyyət və qəzəblə dedi ki, elə bil, qara qoyun ağaca dırmaşmağının acığını Azaddan çıxır:
- Qələt eləyər yazır! - dedi və Balacaxanımın da ürəyindən giziltili bir xətt ötdü, çünki kənddə hamıya məlum idi ki, lazım olanda Nuhbalanın yağlı bir şapalaq ilişdirməyi də var və Balacaxanım ürəyinin gizlinində istəmirdi ki, Azad da belə bir sillə yesin, hətta qızın fikrindən keçdi ki, gərək bu barədə atasına bir söz deməyəydi. Bəs, necə olsun, Bakı müxbirləri tökülsün həyətə və yazsınlar ki, Balacaxanımgilin qoyunu ağaca dırmaşıb, biabırçılıqdı, ya yox?
Bundan sonra yenə qəlyanaltını dinməz-söyləməz yedilər və Nuhbala: - Çıxıb bir az gəzişim, gəlirəm... - deyib, həyətdən çıxdı.
Tuba ağaca dırmaşmış qoyun barədə heç nə soruşmadı, çünki Nuhbalanı ondan, yəni Tubadan yaxşı kim tanıya bilərdi? - heç kim - Nuhbala fikirli idi və Tuba da heç vəchlə onun qayğısını daha da artırmazdı, özü də yaxşı bilirdi ki, Nuhbala bu həyasız qoyunun məsələsini həll edəcək, geci-tezi var.
Elə həmin vaxt Kor Əbdül Kərim kişinin gəlini Səkinə arvad həmişəki kimi darvazalarının qabağına taxta kətil çıxartmışdı və Kor Əbdül Kərim də həmişəki kimi o kətildə oturub, çənəsini əsanın üstündən əlinə söykəmişdi. Kor Əbdül Kərim heç nə görmürdü və görməyə-görməyə də kənddə nə olurdu-olmurdu, bundan xəbər tutanlardan biri, birincilərdən biri olurdu - bu da elə dünyanın sirri-xudalardan biri kimi bir iş idi ki, küçədə gəlib-gedən kənd camaatını da - uşaq-muşaq heç - ayaq səsindən tanıyırdı. Həmin yaz günü də dənizə tərəf gedən Nuhbala yaxınlaşanda, Kor Əbdül Kərim başını qaldırıb, salamsız-kəlamsız:
- Alə, Nuhbala, sənsən? - dedi, - Alə, bu nə işdi belə?
Nuhbala:
- İşdi də, - dedi və Kor Əbdül Kərimin qabağından ötüb keçdi.
Kor Əbdül Kərim Nuhbalanın səsindən hiss etdi ki, kişinin qanı qaradı, söz-söhbətə həvəsi yoxdu və sorğu-suala başlamadı, telefonu götürüb, bu dəfə də barmağı ilə düymələri saya-saya nömrə yığdı. Bu da yəqin dünyada görünməmiş bir iş idi ki, Kor Əbdül Kərimin də telefonu var idi və onun bir-bir diktə etdiyi özünə simsar kənd adamlarının - təxminən, 10-12 nəfər idi - nömrəsini Rəşidovun nəvəsi Azad bir-birinin ardınca Kor Əbdül Kərim kişinin telefonuna yazmışdı. Kor Əbdül Kərim də əzbərləmişdi ki, barmağı ilə telefon düymələrini sayıb, 3-ü basanda, bu, filankəsdir, ya 9-cu düyməni bassa, bu da filankəsdir və indi də sayıb, Milisioner Ələkbərin düyməsini basdı. Milisioner Ələkbər sovet vaxtı milis nəfəri idi, sonra pensiyaya çıxmışdı və Sovet İttifaqı dağılsa da, adı elə o cür də qalmışdı: Milisioner Ələkbər.
Kor Əbdül Kərim yenə salam-kəlamsız:
- Alə, Ələkbər, - dedi. - Alə, Nuhbalanın qoyunu ağaca dırmaşıb, xəbərün var? Alə, dünya çaşıb də!.. Birinin armud ağacından on cürə meyvə sallanır. O birinin nəvəsi kənddə otura-otura, nə bilim, Amerikada lotereya oynayır. Qoyun da ağaca dırmaşar? Əlqərəz, belə də dünya olar?
Milisioner Ələkbər:
- Day demə, qədeş!.. - dedi və bu sözləri aşkar bir yanğı ilə dedi, çünki Milisioner Ələkbərin hamam dərdi var idi və bu hamam dərdi heç cürə həll olunmurdu ki, olunmurdu.
Kənddə bir hamam var idi, ona "Gəldi-gedər hamamı" deyirdilər, yaşı 300 il idi, 400 il idi? - hərə bir tarix deyirdi və nə üçün "Gəldi-gedər" idi, kim gəlmişdi, kim getmişdi? - heç kim bilmirdi. Ancaq o hamam 7-8 il bundan əvvələcən işləyirdi. Milisioner Ələkbər Sovet İttifaqı dağılandan sonra "Gəldi-gedər hamamı"nı özəlləşdirmişdi və ocaqçı Vanya hamamı əla qızdırırdı, kisəçi Vera da kənd arvadlarını əla kisələyirdi. Bir sözlə, hamam Milisioner Ələkbərin çoxuşaqlı ailəsini dolandırırdı, ancaq onun, yəni Milisioner Ələkbərin bəxtindən, kənddə bu hamamdan da qədim ovdan var idi və o ovdan gözə gəldi, nə idi, birdən-birə qurumağa başladı, axırda da qurudu. Bundan sonra Milisioner Ələkbər hamamı satmaq istədi, kimin pulu var, təmir elətdirsin, saxsı borularını təzələsin, su çəkdirsin, kimin də əli gəlsə, söksün, yerində nə istəyir, tiksin, ancaq bu zaman da məlum oldu ki, hamam hökumətin qədim abidələr siyahısındadır və onu satmaq olmaz. Milisioner Ələkbərin ailəsi böyük, pensiyası isə kiçik idi, bir az korluq çəkirdi və Milisioner Ələkbər hələ sovet vaxtı milis nəfəri olanda da mərdiməzar adam deyildi, xeyirə-şərə yarayan idi, kənd camaatına bacardığı qədərində əl uzadan idi, buna görə də onun xətrini istəyirdilər, yeri düşəndə, ona kömək də edirdilər.
O ki, qaldı, Kor Əbdül Kərim kişinin "armud ağacından on cürə meyvə sallanır" sözlərinə, bu yerdə söhbət, aydın məsələydi ki, Rəşidovun həyətindən gedirdi və Rəşidov botanika müəllimi və həvəskar seleksioner idi - həyətlərindəki bir armud ağacının budaqlarının birində iki növ alma, o birində Ordubad albuxarası, birində də Quba alması yetişdirmişdi. Rəşidovun nəvəsi Azad - Kor Əbdül Kərimin telefonundakı nömrələri quraşdıran oğlan - Bakıda universitetdə oxuyurdu, hər gün səhər dərsə gedib, axşam qayıdırdı və kənddə telefon-internet işlərini ondan yaxşı bilən yox idi - kimin ki, bu yöndə bir problemi yaranırdı, Azaddan xahiş edirdi, o da bir dəqiqənin içində problemi həll edirdi. Rəşidovun da seleksiya sahəsindəki uğurlarını, o cümlədən, həmin armud ağacının fotolarını Feysbukda, İnstaqramda yayırdı, videosunu Yutuba yükləyirdi və Rəşidov məşhur rus seleksioneri, professor Petrovski ilə elə nəvəsinin sayəsində qiyabi tanış olmuşdu, məktublaşırdılar, hətta Petrovski xususi olaraq, bu armud ağacına baxmaq üçün, Moskvadan kəndə gəlmişdi. Kəndin adamları və yemək-içməyi professor Petrovskinin o qədər xoşuna gəlmişdi ki, arvadını və yaşları 20-ini keçmiş iki qızını yayda Rəşidovgilə qonaq göndərmişdi. Petrovskinin arvadı da, qızları da səhərdən axşamacan dənizdə çimirdilər və kəndin cavanları da o qızlarla dostluq edirdi, bir yerdə dənizə girirdilər, bir yerdə qumda uzanıb özlərini günə verirdilər, hərdən də kefləri kök, damaqları çağ, deyib gülə-gülə dəniz kənarında bir az aralıdakı gözdən uzaq, könüldən iraq Zaqulba qayalıqlarına çəkilirdilər. Rəşidov da hərdən Kor Əbdül Kərimin yanından keçəndə Kor Əbdül Kərim kişi:
- Alə, Rəşidov, Petrovskinin arvadından muğayat ol! - deyirdi və həmin vaxt yoldan keçən arvad-uşaq da bu sözləri eşidib, xısın-xısın gülürdü.
3
Elə bil, o qara qoyun Nuhbalanın yadından çıxmışdı və elə bil, dünən idi, Balacaxanım - söhbət Nuhbalanın anası Balacaxanımdan gedir - tut ağacının altına böyük çit sərmişdi, qonşu arvad-uşaq da həmişəki kimi, təzə tutun nübarına yığışmışdı. 13 -14 yaşlı Nuhbala bir göz qırpımında meymun kimi o tut ağacına - qara qoyunun dırmaşdığı həmin tut ağacına dırmaşıb, var gücü ilə budaqları silkələyirdi və yetişmiş tut dənələri tappatapla çitin üstünə tökülürdü, adama da elə gəlirdi ki, tut yağışı yağır. Nuhbala hər dəfə daha artıq bir güclə budaqları silkələyə-silkələyə o arvad-uşağın arasındakı Tubaya elə şəstlə baxırdı ki, açıq-aşkar deyirdi: görsən də məni və elə Nuhbala yaşında olan Tuba ona baxmamağa çalışsa da, hərdən özünü saxlaya bilməyib, Nuhbalaya gözucu, oğrun bir nəzər salıb, yenə gözünü çəkirdi.
Bir dəfə də - bu yadına düşəndə qara qoyunun tuta dırmaşdığı həmin yaz günü Nuhbalanın dodaqları qaçdı - Balacaxanım təzəcə bişirdiyi o tutun doşabından bir banka Nuhbalaya verib, Tubagilə pay göndərdi və qapını Tuba açdı. Nuhbala o yarımlitrlik bankadakı doşabı Tubaya elə verdi, elə bil qıza doşab yox, bir dəstə gül verir və Tuba da o payı elə götürdü ki, elə bil Nuhbaladan doşab yox, gözəl bir gül dəstəsi götürür.
O yaz günü dənizdə heç kiçicik bir ləpə də yox idi və belə vaxtlarda, yəni hərdən dənizi bu cür lal-dinməz görəndə, Nuhbalaya elə gəlirdi ki, dəniz də yorulub. Rəşidov düz deyirdi, dəniz də adam kimidi, qəzəblənməyi var, sevinməyi var, gülməyi var. Yəqin yorulmağı da var də...
Hələ dəniz mövsümü başlamamışdı, sahildə heç kim yox idi, yalnız uzaqda kiçik bir qayıq var idi və yəqin kimsə balıq tutmağa çıxmışdı. Günəş hərdən seyrələn, hərdən də çoxalan ağappaq yüngül buludların arasından dənizdə işıldayan bir zolaq salmışdı və o tənha balıqçı da avar çəkə-çəkə qayığı o zolağa doğru aparırdı, yəqin balıqlar o zolaq boyu işığa aldanırdılar. Rəşidov görəsən, o pambıq kimi ağ, pambıq kimi də yüngül buludlar barədə nə deyirdi?
Ağ buludlar göy üzü ilə Cənuba axırdı və elə bil, göydə gözdən itmirdi, güclə sezilən üfüq boyu dənizdə yox olurdu. Yox olurdu, yoxsa, dənizdə batırdı? Bu sakit, səssiz-səmirsiz dəniz o ağ buludları udurdu? Nuhbala çox da qəlbi incə bir adam deyildi, ancaq o anlarda onun ürəyində birdən-birə bəlkə də təhtəlşüur olaraq bir qüssə yaranmışdı və bəzən işdə də belə olurdu: müştəri taksiyə oturub ünvanı deyirdi, Nuhbala da maşını o ünvana tərəf sürə-sürə ürəyində beləcə səbəbsiz bir qəm-qüssə hiss edirdi.
Uzaqda görünən o qayıq da yavaş-yavaş gözdən itirdi.
Səbəbsiz də qəm-qüssə olar?
Qəribədir, birdən-birə o "Gəldi-gedər hamamı" Nuhbalanın yadına düşdü: ada bax də, "Gəldi-gedər"?
Niyə "Gəldi-gedər"?
Nuhbalanın bu suala cavab verməyə, bu barədə fikirləşməyə həvəsi yox idi və sahilin qumluğunda oturub, uzaqdakı o qayığa baxa-baxa Nuhbalanın içinə belə bir nigarançılıq çökdü ki, elə bil, evdə doğma bir adamını xəstə qoyub, bura gəlib.
4
Axşam düşədüş idi və o qara qoyun tut ağacında oturub, tənbəl-tənbəl o tərəf-bu tərəfə baxırdı.
Nuhbala bütün həyatında, bəlkə də ilk dəfə idi ki, çaşbaş qalmışdı və bilmirdi nə etsin. Az qala, 60 yaşı olacaqdı, ağaca dırmaşıb, qara qoyunu ordan aşağı salaydı, ya nə edəydi? Nuhbalanın əlacsızlığını görən Tuba da bilmirdi nə eləsin, üzdə bir söz demirdi, ancaq şikayətini ürəyində edirdi: " - Ay Allah, bu nə işdi, düşmüşük? Belə də bəla olar?" və Tuba qorxusundan başını qaldırıb, qara qoyuna baxmırdı, çünki qara qoyun özünü budaqların üstünə elə yaymışdı, o tərəf-bu tərəfə elə baxırdı ki, elə bil qoyun yox, yepyekə murdar bir qara pişikdir.
Balacaxanımın isə həmin axşam 17 illik həyatında qəflətən elə bir hadisə baş vermişdi ki, bundan heç kimin, hətta Tubanın da xəbəri yox idi və düzdür, Tuba həyətdə o baş-bu baş gəzişən Balacaxanımın sifətində, gözlərində nəsə bir həyəcan hiss edirdi, ancaq bu, yaxşı həyəcana oxşayırdı. Səbəb nə idi? - Tuba bunu bilmirdi. Bir də ki, Tuba ağacdakı o qara qoyuna görə, dediyim kimi, bilmirdi nə eləsin və necə olsun ki, Nuhbala da bu zillətdən qurtarsın?
Balacaxanım elə gözəl bir təbəssümlə onlara nəzər saldı ki, elə bil, ağaca dırmaşmış qara qoyunun iztirabını çəkən adamlara yox, dünyanın bəxtəvər insanlarına baxır, sonra da qara qoyunla üzbəüz dayanmış Nuhbalanın və Tubanın yanına gəldi və o yaz axşamı öz hiss-həyəcanlarının ucalığından:
- Vanyanı çağırın, gəlsin də... - dedi, sonra da barmağını ağacdakı qara qoyuna tuşlayıb, elə məlahətli və mehriban bir duyğuyla Nuhbalaya: - Amma söz ver ki, onu kəsməyəcəksən, - dedi ki, Tubanın fikrindən keçdi: "görəsən, Balacaxanıma nə olub belə?"
Nuhbala bir az susdu, sonra Tubaya baxdı, sonra da Balacaxanıma:
- Yaxşı də... - dedi. - Kesmərəm.
Maraqlısı bu idi ki, Nuhbalanın bu sözləri ki, qara qoyunu kəsməyəcək, bəlkə də Balacaxanımdan da çox, Tubanın ürəyindən oldu, çünki o yaz günü Tubanın o qara qoyundan o qədər zəhləsi getmişdi ki, onun ətinə əlini vursaydı, ürəyi bulanardı.
Balacaxanım yenə onlardan uzaqlaşdı, özü də elə addımlarla uzaqlaşdı ki, elə bil quşdu, yerdə addım atmır, göydə uçur.
Necə olub ki, səhərdən bəri Vanya yada düşməyib və Nuhbala Tubaya:
- Veraya zəng elə, - dedi. - Denən, Vanya gəlsin.
Vanya sadə, ürəyi təmiz və sakit bir rus kişisi idi və arvadı Vera da malakan rusu idi. Sovet zamanı kəndin kənarından elektrik qatarı keçirdi və Veranın orda kiçik bir Dəmir yolu köşkü var idi. Vera əlində bayraq, elektrik qatarları qarşılayıb, yola salırdı və Vanya da relslərə baxan idi, ancaq Sovet dağılandan sonra qatarlar işləmədi, o dəmir yolu da sıradan çıxdı, o köşk də kimsəsiz qaldı, amma Vanya elə həmin köşkə əməlli-başlı əl gəzdirdi, elə orda da qaldılar - dediyim kimi, Vanya ocaqçı oldu, Vera da kəndin qadınlarına əla kisə çəkən. O vaxt ki, ovdan qurudu və Milisioner Ələkbərin hamamı da bağlandı, Vanya da, Vera da işsiz-gücsüz qalmadı, onlara nə varıydı ki, - Vanyanın əlindən gəlməyən iş yox idi və kənddə kimin işığı sönürdü, kimin krantı axıdırdı, ya da qazı tutulurdu, ya plitəsi xarab olurdu - "Vanya, gəl" - Vanya da gəlib düzəldirdi. Vera da kənd arvadlarının evlərindəki yır-yığış işlərinə kömək edirdi və Vanyagil bir ər, bir də arvad idi, vəssalam. İki övladları da var idi - oğlan Rusetə getmişdi, evlənib orda da yaşayırdı, qızı da Bakıda bir zənci tələbəyə ərə getmişdi, indi Madaqaskarda yaşayırdı və Kor Əbdül Kərim kişinin sözü olmasın, əlqərəz, bu ər-arvad keçmiş hamiləri Milisioner Ələkbər kimi elə də korluq çəkmirdi.
Mən dedim ki, Vanyanın əlindən gəlməyən bir iş yox idi və həyatında ilk dəfə ağaca dırmaşmış qoyunu düşürtdüyünə baxmayaraq, Vanya bu işin də öhdəsindən çox asan gəldi: böyük bir bez kisə gətirdi, cavan oğlan kimi tuta dırmaşaraq, hürküb mələyə-mələyə harasa atılmağa macal tapmayan o qara qoyunun yunundan yapışıb, onu bir anın içində qamarladı və torbanın içinə basıb, kəndirlə aşağı salladı - qurtardı, getdi.
Qara qoyun ayaqları ilə torbanı döyəcləyə-döyəcləyə içindən çıxıb, özünü xilas etməyə çalışırdı və əhvalatın bu cür bir sürətlə sona çatmağına məəttəl qalmış Tuba Nuhbalaya baxdı. Vanya da qara qoyuna rusca:
- Ne staraysya!.. - dedi, yəni ki, torbanı təpikləyib, özünü yorma, bir şey çıxmayacaq.
Nuhbala da gözünü qara qoyunun təpiklədiyi o torbadan çəkib, bir Tubaya, bir də eləcə gözəl addımlarla gəlib onların yanında durmuş Balacaxanıma, sonra da tapşırığı yerinə yetirib, daha nə edəcəyini gözləyən Vanyaya baxdı və dedi:
- Yaxşı də... Çox sağ ol. - və başı ilə qara qoyuna işarə edib, yenə Vanyaya: - Götür, apar, - dedi. - Onu sənə bağışlayıram. - Təzədən Balacaxanıma baxdı və yenə Vanyaya: - Ancaq onu kəsməyəsən! Eşitdin?
Vanya da, Vera da Azərbaycan dilini öyrənmişdilər və kəndin camaatı ilə azərbaycanca danışırdılar və bir anın içində açıq-aşkar sevincək olmuş Vanya cəld torbanın ağzını büzüb:
- Oldu, qadeş! - dedi.
Qara qoyun, yəqin torbanın içində nəfəsi darıxdığı üçün daha artıq vurnuxurdu, təpik atırdı və Vanya güc verib, o torbanı çiyninə alaraq:
- Sağ olun!- dedi. - Payuvuz artıq olsun! - və torbanın içində sakit ola bilməyən qara qoyun da arxasında, həyətdən çıxaçıxda Nuhbala təkrar etdi:
- Kəsməyəsən a!.. Eşitdün, nə dedim?
Vanya:
- Eyib döyül? - dedi, yəni arxayın ol.
O ki, qaldı Balacaxanımın ürəyində bəslədiyi sirrə, o yaz axşamı hələ düşməmişdi, hələ ağaca dırmaşmış qara qoyunun məsələsi həll olmamışdı, yəni hələ Vanya gəlib, Nuhbala ilə Tubanı bu müşkül əhvalatdan xilas etməmişdi, telefonsuzluğa dözə bilməyən Balacaxanım telefonu açdı və çox çəkmədi ki, birdən-birə, yəni həyatında ilk dəfə Balacaxanımın telefonuna cəmi-cümlətanı ikicə, ancaq gözəl sözlərdən ibarət bir yazı gəldi.
O yazını Rəşidovun nəvəsi Azad göndərmişdi: "Səni sevirəm!.." və bir dənə də gül.
5
O axşam çox isti idi, kiçicik bir meh də desən, əsmirdi və Nuhbalagilin həyəti tamam bir sakitlik içində idi. Nuhbala da, Tuba da, Balacaxanım da şam yeməyinə oturmuşdular və hərdən də pəncərədən tut ağacına tərəf baxırdılar, elə bil, həyətdəki o sakitliyi qara qoyunun xiffəti yaratmışdı.
Balacaxanım şam yeməyini necə yedi, heç özünün də xəbəri olmadı, sonra həyətdə gəzişdi, qara qoyun da tamam yadından çıxıb getmişdi və yəqin haçansa onların, yəni Balacaxanımla Azadın toyu olacaqdı və o zaman bütün kənd bu həyətə yığışacaqdı.
Bəlkə də Azadla gedib Bakıda yaşayacaqdılar?
Balacaxanım təzə-təzə gül açmağa başlamış badam ağacına yaxınlaşıb:
- Bakıda yaşasaq, mənim üçün darıxacaqsan, hə? - dedi. - Əgər getsək, yayda gələcəyik də...
O yaz gününün səhəri isə Nuhbalanın iş günü başlayırdı və Nuhbala avtobus dayanacağına gedəndə, tərs kimi Vanyanı gördü - dayanacaq Vanyagilin evinin yaxınında idi.
Nuhbalaya elə gəldi ki, Vanya onu görəndə qaçıb, gizlənmək istədi:
- Vanya! - çağırdı.
Vanya guya onu indi görürmüş kimi:
- Aaaaa! - elədi və yaxına gəldi.
Nuhbala:
- Noldu? - soruşdu.
Vanya cavab vermədi.
Nuhbala:
- Qoyunu deyirəm, neyləyir? - soruşdu.
Vanya cavab vermədi və Vanya nəfəs alıb-verdikcə, gecə nə qədər araq içmişdisə, spirtin iyi ətrafa yayılırdı.
Məsələ məlum idi və Nuhbala gözlərini qıyıb:
- Alə, bəs demişdün ki, onu kəsmiyeceksən? - dedi.
Vanya başı ilə təsdiq etdi, yəni, "hə, demişdim".
Araya sükut çökdü və Vanya gözlərini yumub, boynunu qısmışdı, elə bil şapalaq gözləyirdi.
Nuhbala deyəsən, başqa bir söz tapmadı və özündən asılı olmayaraq, mənasız bir sual verdi:
- Heç olmasa, kəsəndə başını Qibleyə tərəf tutdun?
Vanya gözlərini açıb, boynunu düzəltdi və rus dilində:
- Da, koneçno! - dedi və Vanya çətinə düşəndə rusca danışırdı.
Nuhbala ürəyində: "Yalançının atasına lənət!" - dedi, sonra Vanyaya: - Getginən, ətdən Milsaner Ələkbərgilə pay ver. Bildün? - dedi və bu sözləri elə zəhmlə dedi ki, Vanyanın qaçıb gedib evdə qara qoyunun ətindən yaxşı bir parça kəsib, Milisioner Ələkbərgilə aparacağına şübhə yox idi.
Vanya hərbiçilər kimi sağ əlini qulağının dibinə aparıb:
- Est! - dedi.
Və Nuhbala iti addımlarla Vanyadan uzaqlaşıb, avtobus dayanacağına getdi ki, Bakıda işə gecikməsin.
Həmin vaxt Kor Əbdül Kərim kişi gəlini Səkinənin həmişəki kimi gətirib, darvazanın küçə ağzına qoyduğu kətildə oturub, telefonla elə Milisioner Ələkbərlə danışırdı:
- Alə, Ələkbər, xəbərün oldu də? Nuhbala dünən qoyunu Vanyaya peşkəş etdi.
Milisioner Ələkbər də:
- Həri, qədeş, - dedi. - Xəbərim oldu...
...Ancaq doğrudan da, o qara qoyun ağaca necə dırmaşmışdı?
Ağılkəsən bir iş deyildi.
Elə bil, qeybdən bir əl uzanıb, qara qoyunu qaldırıb, Nuhbalagilin həyətindəki o tut ağacının ortasına qoymuşdu.
Ancaq o əl də qara qoyuna kömək edə bilmədi.
ELÇİN
12 iyul 2024
Bilgəh
Edebiyyatqazeti.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub