senetaz

Həsən Əliyev 80 D

09 Avqust 2023 4732

Qoğalın rəsmi - Şəfa Vəlinin hekayəsi

Qoğalın rəsmi - Şəfa Vəlinin hekayəsi

Bacım Hicrana... 

Noyabrın rəngbərəngliyi bu gün də üstündəydi; amma ha bu gün, ha sabah bozluğunu bütün möhtəşəmliyiylə gözlər önünə sərəcəyindən əmin idi. Yoxsa nəsə düz olmazdı... Yoxsa Nəbi kişi əlindəki çəliyinə söykənib, başını fağır-fağır bulamaz: 

-Rəhmətlik Xallı başını divara çevirəndən bəri noyabr yaslı keçir.-deməzdi. 

Hər dəfə Nəbi kişi belə deyib, baxışlarını qaloşlarının ucuna dikən kimi, o, üst qonşunun oğlu Eldardan eşitdiklərini xatırlayır, təsəvvüründə yas yerini, uşaqları olmadığına görə, “sonsuz” sayılaraq elin xeyrinə-şərinə yaraşdırılmayan iki insandan birinin digərini bu dünyada, bu amansız insanların arasında Tanrı umuduna qoyub,  torpağın altına tələsdiyini bircə-bircə fikir dolaylarından ötürür, geri dönüb baxdığında  Nəbi kişinin yerində bir ovuc qəm topağı görürdü. Özünə dəfələrlə söz vermişdi ki, bir gün bu topağı sözləriylə eşəcək, içindəki, özəyindəki qəmin əsl rəngini tapacaq, yalnız o zaman ən möhtəşəm əsərini yaradacaq... Sadəcə, o rəngə fırçasını deyil, duyğularını, düşüncələrini batıracaq... 

Dayandı... Dodaqlarının ucunda bükülən təbəssümündəki ümidi qınasınmı, qınamasınmı, anşırdammadı.  Dərindən nəfəs alıb üzüyuxarı bir neçə addım da atdı. Bu dəfə də ürəyindən bir şair dostunun dediyi cümlələr keçdi: 

-Şəkinin payızı gözəl olur... Şəkinin havası nəmişlik olur... 

Başını buladı və Şəkinin Yuxarıbaş məhəlləsində yaşamağı seçdiyi üçün özünə bir dəfə daha “afərin!” dedi. Yaşadığı iki il ərzində Şəkinin təkcə payızının deyil, yazının da, yayının da, qışının da özünəməxsus olduğunu anlamışdı. “Dəmirçi bulağı”nın yanından sağa burularkən bir də dönüb arxaya-Xan sarayının arxa divarının başı üstündə xəyala dalmış ağaclara baxdı. Onların xəyallarını ümumiləşdirənləri heç vaxt səmimi qəbul edə bilmirdi. Necə ola bilərdi ki, bir daş parçasına baxarkən belə, fərqli xəyallar quran insanlar ağacların qış yuxusuna getməzdən əvvəl eyni xəyallar qura bildiyinə inanırdılar?! 

-Yox, bu, mümkün deyil! Mümkün deyil! –Ucadan deyə-deyə addımlarını yeyinlətdi, bir də darvazasına çatanda dayanıb nəfəsini dərdi. 

“...mən yaşayanı, gəl, sən də yaşa...
...dəyməzmiş...
...dəyməz...” 

Telefon zənginə sevdiyi mahnının məhz bu hissəsini qoymuşdu.  Tələsmədən sağ əlini şalvarının, əvvəlcə sağ, sonra da sol cibinə saldı. Alt dodağını irəli uzadıb qaşlarını dartdı-bu, bədəninin naçarlığına verdiyi instinktiv reaksiya idi. Birdən sinəsinin sol tərəfindəki titrəyişin fərqinə vardı, dilinin ucunu üst dodağı ilə dişlərinin arasına salıb hərlədi, sol əliylə burnunu ovdu və sağ əliylə  cins gödəkçəsinin sol cibindəki telefonu çıxarıb ekranına baxdı. “Bacı 1” yazılmışdı. Amma telefonu açmağa imkan tapmadı; zəng kəsildi. Telefonun yuxarı, sol küncündəki “vi-fi” işarəsinə baxıb sevindi və darvazanı açmaq fikrindən əl çəkdi, bacısına votsapla görüntülü zəng edərək, öz hasarının dibində var-gəl eləməyə başladı. 

-Bacın qurban, qaqa, necəsən? –Böyük bacısının cır səsində bir şənlik vardı. 

-Sən söylə ey! Həkim nə dedi? 

-Heçcə nə!

-Necə yəni, heçcə nə, ay Reyhan? Bəs, dünən deməmişdinmi ki, bu gün  əməliyyat edəsidi səni? 

-Hə, elə demişdi. Yox ey, ay Nadir, əməliyyat yox ey... Bir dəqiqə dayan görüm, bu uşaq nə istəyir.

Bacısı telefonun qarşısından qalxdı, ekranda söykənəcəyinə hamam dəsmalı atılmış stul göründü. Ağlından keçdi ki, nə yaxşı anam evdə yoxdu. Yoxsa o dəsmal orda ola-ola stola yemək gəldiyini görsəydi,  hirslənərdi. Ayağının altındakı daşın xırçıltısı yenicə eşidilmişdi ki, bacısının çığırtısıyla diksindi:

-Bir dayan görüm, ay uşaq! Qazı da kəsiblər yenə,  insafsızlar. Bir dayan, ay uşaaaqqq!

Telefonu bacardıqca özündən uzağa tutdu, sonra bir az qorxmuş, bir az da utanmış baxışlarla dölməni aşağı-yuxarı süzdü ki, görsün, qonşulardan kiminsə bu bağırtını eşitmək fürsəti olub, ya yox? Gözünə dəyən olmadısa da, ürəyi rahatlanmadı, tələsə-tələsə darvazanı açdı, özünü içəri təpdi. 

-Qaqa, hara getdin sən? Orda neynirsən? Bıy, bacın qadan alsın, yenə zibili yığırsan darvazanın dalına? Bəs, iylənmir? Gəl, gəl, ay uşaq, gəl görüm! Aldığım qoğaldan birini ye, üstündən də termosdan çay süzəcəyəm. Tez ol, otur! 

Alışmışdı bacısının sualları qatarlamağına, amma onu da bilirdi ki, bütün bu suallarına bircə-bircə, ayrı-ayrı cavab almadıqca rahatlayan deyil. Telefonun ekranını üzünə çevirib, evin qapısını açdı, gözucu həyətə səpələnmiş xəzəllərə baxdı. Bu gün mütləq yarım saatlıq da olsa fırçasını əlinə almalı, bu rəngləri kətana yaraşdırmağa çalışmalıydı. Noyabr günəşi qıt olurdu, bu qıtlıqda rənglərin canlılığını “oğurlamaq” üçün saatlar nədi, anlar qiymətliydi... 

-Nadir?! 

Bacısı onu adıyla çağırdısa, demək, ciddi-ciddi telefonu üzünə yaxınlaşdırmağını, onun hər bir sözünə, üz ifadəsinə belə, reaksiya verməyini gözləyirdi, hətta tələb edirdi. 

-Hə, bacı. Bax, bax, keçib divanda otururam. Aha... İndi de, görüm, həkim sənə neylədi? 

-Həkim də ki...-Bacısının üzündə bir rahatlama yarandı, telefonun ekranına doğru uzatdığı başını geri çəkdi və danışa-danışa əlindəki rəngli çantanı eşələməyə başladı:-Dörd cür analiz yazdı. Öz işlədiyi xəstəxanada 51 manat oldu analiz, amma gəlib aşağıda, “Ailəli” klinikasında verdim analizi. Tanıyırsan oranı?-diqqətlə ekrana baxdı.

-Hə, tanıyıram. “Yasəmən” gül dükanının yuxarısı, binanın altı, qarşısında da “Şəfa” apteki var. 

-Yolu univermağa tərəf gedəndə gözəllik salonu var, o da yadındadımı? 

-Hə, yadımdadı.-dedi və o salonun adını çəkmədiyinə görə özünü qınadı. 

-Salonda da Tamara nənə vardı ey, “Poçt qəsəbəsi”ndə, Səhlabın dükanının yanında olan, bax, onun nəvəsi işləyir. 

Başını təsdiq mənasında yellədi, ürəyində isə özünü söydü: “Başın batsın, ay Nadir, çək də o salonun adını! Çək!” 

-Saç kəsir görənlər desin, bax, bax, gör, keçən ay saçımı nə günə qoyub, bax! –Bacısı bir əli çantanın içində ola-ola, o biri əliylə saçının ucunu çiyninin üstündən sinəsinə atdı və iki barmağıyla qayçı işarəsi göstərdi:-Demişəm, düppədüz kəs, biri aya baxır, biri çaya. Bax, görürsənmi? 

-Hə... Səhv edib. Sən də, bir daha ora getmə, bacı. Əsəbiləşmə, sən mənim canım. 

-Necə əsəbiləşməyim, ay qaqa?! Pul vermişəm ey! Aparıb əlimlə pul  verirəm, bir saçın ucunu kəsəmmir. Bəs, nə gəzirsən orda?! Hə? Adama deyərlər bu sözü, di gəl, Tamara nənədən ayıb eləyirəm. İtə yiyəsinə görə hörmət qoyurlar ha, bax, ondan! 

-Elə bil ki, təcrübə qazanmısan da, bacı. Əsəbiləşmə, təcrübə kimi qəbul elə, gül, keç.  Analizin cava...

-Bıyyy! Bu qoğalı hara qoydum ey mən? Ay Zakir, sən görmədin, mən qapıdan girəndə qoğalı hara qoydum? 

Bacısının yeddi yaşlı oğlunun mızıltısı eşidildi: 

-Avtobusda əlindəydi, ay ana. Ondan sonra görmədim. 

-Başıma xeyir! Əlimdən qoymadım axı torbanı heç yerdə. Hardadı bu qoğal? 

Bacısı yenə ekranın qarşısından çəkildi, Nadir sol əlini üzünə çəkdi, barmaqlarının ucuyla alnını döyəclədi... Yadına dünən bişirdiyi heyva kompotu düşdü, telefonu divana qoydu, ayağa durub, mətbəxə keçdi. Soyuducudan çıxardığı 1 litrlik su qabından balaca, tək qulplu qazançaya kompot tökdü, qaz ocağının ən kiçik gözünü yandırdı, qazançanı odun üstün qoydu və  su qabını təkrar soyuducuya yerləşdirmək üçün geri çevrildi. Birdən bacısının yenə qışqırdığını eşitdi, su qabını qaz ocağının yanınaca qoyub,  qonaq otağına yüyürdü. 

-Təkcə avtobusda yanımdakı oturacağa qoydum torbanı, vəssalam! Başqa yerə qoymadım axı! Noldu ey bu qoğala? İki dənə almışdım özü də, birini manat yarımdan. Zakir! Hardasan? Qaqa, sən hara getmisən?  Qaqa? 

-Burdayam, bacı. Mətbəxə keçdim ki, özümə azca kompot isidim. -Telefonu əlinə götürüb, ekrandan gözünü çəkmədən mətbəxə  döndü. 

-Hə?-Bacısının telefona yaxınlaşan girdə,  işıqlı sifətində bu dəfə bir əndişə vardı: -Bacın qadanı alsın, nə kompotudu elə? 

-Dünən ağacın altından dörd heyva tapdım, hərəsinin də bir tərəfində yara-xora vardı, elə arıtladım, doğradım, atdım qazana.   Kompot elədim. 

-Şəkər tozunu çox eləmədin ki? Kəmşirin yaxşıdı, qaqa. O günü internetdə də yazmışdılar,  alimlər deyir, kompot kəmşirin yaxşıdı, cana-qana faydalıdı. 

-Hə, düz deyirlər. -dedi və dodağındakı gülümsəməni gizlətmək üçün fincana təkəlli tökdüyü kompotdan bir udum aldı.

İndi desəydi ki, bacısının  hər sözünü “qudsal kəlam” kimi oxuduğu o yazıları rus dilindən məhz o, tərcümə edir,  “məşhur” sayta da elə özü yerləşdirir,  bacısı ondan küsər, ən azı, bir həftə telefonunu açmaq nədi, heç votsap statusuna da baxmaz. 

-Ana, kolbasa yeyirəm mən. Pendir də dadlıdı. Təndir çörəyi də almışam əlimə, bax. –Zakirin səsinə sellofan xışıltısı qarşmışdı:-Eybi yox, ana, qoğalı da sonra taparıq. 

-Ay sağ ol, ağıllı balam! Ye, kolbasanı da, çörəyini də axıracan ye. Pendirdən qalsa da olar, duzludu, çox yemə, sonra susuzluqdan yatammazsan. Anan canına qurban, ye, ağıllı balam. Görüm, bu qoğalı hara qoydum axı mən?! 

-Bacı...Analizin axırı noldu? Götürə bildin cavabını? Yoxsa sabaha qaldı?-Gözlərini qıyıb, ekrana diqqətlə baxdı. 

Stulun söykənəcəyindəki hamam dəsmalının üstündən sellofan torba asılmışdı. Torbanın içində ağımtıl, yumru iki şey vardı. “İndi uşaq toxunsa, o yumurta qırılsa, bacım yenə yeznə tərəfin bütün pis cəhətlərinin Zakirdə zühur etdiyini yada salacaq.”-deyə düşündü, qeyri-ixtiyari başını buladı, gözünü yumdu. 

-Bu da quruddu, elə bahalaşdırıblar ha, kilosu 7 manat! Bu ikicə quruda, daha doğrusu, qurud qırığına 3 manatımı çəkib alıblar.

Heyrətlə gözünü açdı və bacısının  qurudları ovcunda oynatdığını gördü. Dəfələrlə belə olmuşdu; Gəncə ilə Şəki arasındakı məsafə bir yana, telefonda belə, bacısı, sanki, onun ağlından keçənləri oxumuş, anında onun düşüncələrini yanlış cığırın başından geri haylamışdı. Çarəsizliklə, bir az da utanaraq, sözü yenə mətləbinə çəkməyə çalışdı:

-Analizin axırı noldu? 

-Saat neçədir?-Bacısı təlaşla soruşdu və başını o yan-bu yana çevirdi. 

-Üçə işləyib. Nədi ki? 

-Ohh... -Bacısı sinədolusu nəfəs alıb başını buladı:-Nolacaq, bacın qadanı alsın?! Nənəm rəhmətlik yaxşı deyirdi belə yerdə, “pul təlidi” hamısı. Dünən yarıməməliyyat deyən həkim bu gün analizə göndərdi ki, əməliyyat lazım döy. “Get.”-dedi: “Analizi ver,  cavabı gətir, müalicə yazacağam.” 

-Yəni, əməliyyata ehtiyac qalmadı, hə? 

-Dediyindən elə çıxdı, mən nə bilim ey! Başım qaçıb...-Bacısı qurudlara baxa-baxa yenə telefonun qarşısından çəkildi, səsi də  sözbəsöz öləzidi:-Hara qoydum ey mən bu qoğalı? İki dənəydi, elə də qəşəng idilər ki! Aldıqlarımın hamısını çıxardım mən çantadan. Ayrı harda ola bilər axı? Dəqiq avtobusda gördün sən qoğalı əlimdə, ay Zakir? 

-Hmmm....-Hiss olunurdu ki, uşağın ağzı doludu. 

-Ye, anan qurban, ye, ağıllı balam. Yenə kolbasa doğrayımmı? Yaxşı, qadan alım. Ye...

Zakirin ovurdları dolu şəkildə başını “yox” mənasında yelləməyini xəyal edib gülümsədi, boşalmış fincanına baxdı, amma qalxıb mətbəxə keçməyə ürək eləmədi, fincan əlindəcə üzünü yenidən telefona tutdu: 

-Analizin cavabını haçan alacaqsan, ay bacı? 

-“Saat dörddə gəl” deyiblər ordan da. 

-Çata biləcəksənmi xəstəxanaya, bəs? Saat beşdə bağlanırdı bildiyim qədər ora. 

-Hara çatıram ey?! Gərək, sabah bir də, bu uşağı ac-susuz yanıma salım, obaşdan özümü yetirim xəstəxanaya. Bu gün də ac-yalavac nə qədər növbə gözləmişik. Elə qoğalı da ona görə almışdım ki, evə çatan kimi yeyək. Hara qoydum mən bu... Aaaaa...

Bacısı telefonun önünə keçəndə iki əliylə ağzını tutmuş, heyrətlə qaşlarını qaldırmışdı. Onu ən çox bu saf, sadəlövh heyrətinə görə sevirdi desə, daha səmimi olardı. Ətrafında gördüyü insanların çoxundan fərqli  idi bacısı; kim nə desə inanırdı, istəməsə belə, bazarda, dükanda əlinə uzadılan malı geri qaytarmağa ürəyi gəlməzdi. Bütün bunlar azmış kimi, bircə anın içində hirslənir, söyür, ardınca da söydüyünü günahsız çıxarmaqçün min bəhanə sayırdı. Beləcə, onun dünyasında günahkar həmişə gözə görünməyən “fələk” olurdu. Və nədənsə, “fələk” Tanrısız idi;  din tanımırdı, kitaba biət etməzdi, haqqı-nahaqqı gözləməz, yazıq-fağır eyninə gəlməzdi. 

-Deyəsən, qoğal olan sellofanı yolun harasındasa əlimdən salmışam.-Başını boynuna əymiş, ala gözləri yenə dumduru yağış suyunun yığıldığı qaya oyuğuna dönmüş bacısı əlini üzündən çəkərək, məlul-məlul dedi. 

-Eybi yox, o da kiminsə payıymış, kimsə tapıb yeyəcək, savabın artacaq. 

-Birdən binanın həyətində salmış olaram, itlər yeyər. 

-İt də candı də, Tanrı yaradıb. Yeyər, yeyər, nolacaq?! O da savabını artıracaq, dərd eləmə, ay Reyhan. 

-Mən də qoşulum Zakirə, kolbasadan, çörəkdən yeyək, görək, qaz haçan gəlir, makaron süzək. 

-Qurudlu makaron? -Sırf bacısını qoğal dərdindən qurtarmaq üçün səsinə şənlik qatdı. 

-Bıyy... Hə... Yaxşı yadıma saldın ey, qaqa, qurudun birini isladım, sonra gəlim, oturum stola. 

Bacısı yenə telefonun önündən çəkildi.  Bəyaz hamam dəsmalının üstündəki mavi aslan şəklinə baxa-baxa anasının evə saat 6-dan tez gəlməyəcini hesablayır, o gələnədək bacısının bu dəsmalı stulun başından götürəcəyinə ümid edirdi. Yoxsa anası dəsmalı paltaryuyan maşına atacaq, gecəylə stulu qızılgül qoxulu əl sabunuyla sürtəcək, ən azı, beş dəfə də nəmli dəsmalla silərək, durulayacaqdı. Yadına nənəsinin anasına qoyduğu ad düşdü: “işdən doymaz zülmkeş”. 

Telefon yerindən oynadı, üzü sağa döndü, bacısıyla Zakir göründülər; boşqaba qalaqlanmış kolbasa dilimlərinin və sağ küncdə görünən çörək səbətinin arxasından ekrana sığdıqları qədər.  

-Bacın qadanı alsın, belə, indi sən danış görüm, nə var, nə yox? Şəki halvası yeyirsənmi? Çıxıb arada gəzirsənmi? 

-Sağlığın, yaxşılıqdı. Gecələr Xan sarayında yatıram, səhər də yuxudan durub, həyətdən halva yığıram boşqaba, üstündən də zəfəranlı, darçınlı çay içirəm. 

-Çay da krandan gəlir, eləmi? -Bacısı əlindəki çörək tikəsinin üstünə qoyduğu kolbasa yerə düşədənək atıla-atıla güldü. 

-Bəs nə?! 

-Dayı, ay dayı, noğul  da ağacda bitir? -Zakir balaca əllərini bir-birinə çırparaq gülürdü. 

-Hə, noğul ağacda bitir burda, şirinçörəyi göyərçinlər, qoğalları da qarğalar gətirir. Ha-ha-ha...

-Amma elə göyçək qoğal idilər ha!

Bacısının qəfildən ciddiləşən üzündəki təəssüf gülüşünü yarıda kəsəndə yenə ürəyində özünü danlamağa başladı: “Qoğal sözünü də mütləq deməliydin də, ay Nadir?! Hə?!” 

-Durum, bir aynadan həyətə baxım, bəlkə, elə həyətdə salmışam?-Bacısı əlindəki çörəyin arasına kolbasa dilimi bükə-bükə ayağa qalxdı və aynaya tərəf getdi. 

Zakir ağzındakı tikəni udub bir gözü anasında dedi: 

-Dayı, mən heç qoğal xoşlamıram ey... 

-Bəs, nə xoşlayırsan? Şokoladı bilirəm, onu demə. Ayrı nə? 

-Bu dəfə  sən Gəncəyə gələndə mənə zibilyığan maşın ala bilərsən? Görmüşəm, “Sərçə bazarı”nda varıydı dünən. Boz rəngdəydi, üstündə mavi... Yox, yox, göy, gömgöy cızıqları vardı. 

-Alaram, ağıllı Zakir, alaram. Sən özünü yaxşı aparsan, yaxşı oxusan, gələn dəfə danışanda mənə ingiliscə mahnı oxusan, düz o gördüyün maşından alaram. 

-Yox ey, yox! Həyətdə də gözə dəymir.-Bacısı ağzındakı tikəni çeynəyə-çeynəyə qayıdıb, yerində oturdu: -Bu, sənə yenə nə sifariş edir, bacın qadanı alsın? 

-Kişi söhbəti edirik biz, sən qarışma, ay anası!-deyib, Zakirə göz vurdu. 

Zakir xoşbəxtliklə gülümsədi:

-Ana, dünən “Sərçə bazarı”nda gördük ey, zibilyığan maşın, ondan alacaq dayım mənə. 

-Bəs nə?! Dayı Gəncəyə çatanadək siyahın hələ çox uzayacaq, bilirəm.-Bacısı gözlərində məsum bir parıltıyla telefona baxdı, sonra üzünü oğluna tutub, şən səslə danlamağa girişdi:-Di, söz ver ki, daha dayıdan heç nə istəməyəcəksən. Söz verirsən? 

-Hə!-Zakir ürəklə dedisə də, həm bacısı, həm də o, bu “hə”nin ehtiva etdiyi naxışlı arzuların sayındakı qeyri-müəyyənlikdən əmin idi. 

-Zibilinizdən danış, görək, bayaq gözümə dəydi, o nə boyda zibil çıxarmaqdı tək canına, ay qaqa? 

-Nə bilim...-Çiyinlərini çəkdi, burnunun üstünü qırışdırdı:- Həftədə bir gəlir zibil maşını, o da dölmənin aşağısından-küçədən keçir. Bazar günü gecə daşıyıram aşağı, obaşdan da maşın gəlib aparır. 

-Tək adamsan da, yəqin,  bişirdiyindən bir boşqab qalır, aldığının yarısı xarab olur. Bacın qadan alsın, getdin çıxdın dağın başına, nədi-nədi, burda  yaxşı şəkillər çəkəmmirəm. İki il üç aydı ordasan, neçə şəkil çəkmisən? Hay? 

Bacısının ayda bir dəfə təkrarlanan bu suallarına yalnız ilk eşitdiyində-bura köçməyinin ilk ayında cavab verməyə çalışmışdı. Onda da aralarındakı küsülülük küllərin içində gizlənən kösöv kimi qəfildən közərmiş, duyğu sarmaşıqlarının yarpaqlarının ucunu qarsalamışdı. Bu sarmaşığın zoğunu, tumurcuqlarını qoruyan aradakı doğmalıq olmuşdu. Ürəyində əmin idi ki, növbəti  dəfə həmin kösövü ya o, ya bacısı üfürsə, doğmalıq bir qat daha naziləcək... Və o, bunu istəmirdi... Heç istəmirdi... 

-Yadında, o vaxt nə demişdim anama? 

-Ha? Nəə? -Bacısı təəccüb və çaşqınlıqla soruşdu.

-Anam hər axşam zibil vedrəsini əlimə verirdi ki, “apar, boşalt”. Bir dəfə də, uşaqlarla top oynadığım yerdə çağırdı məni, hirsləndim. Qayıtdım ki: “Bəs, ayrı vaxt deyirsən dolanammırıq? Kasıbın da bu boyda zibili çıxar?” Ha-ha-ha... 

-Hə... O söhbət... - Bacısı yenə atıla-atıla gülməyə başladı. 

-Ana, məncə, sən o qoğalları elə avtobusda qoydun ey.-Zakir əlini kağız dəsmala silə-silə dedi. 

-Nə? Yoox... Avtobusda sellofanın qulpunu əlimdən buraxmadım axı. 

Bacısı tələsik ayağa qalxıb, əlində çörək, bu dəfə də qapı tərəfə yüyürdü. Bütün cidd-cəhdinə baxmayaraq, əlinin təmizliyindən razı qalmayan Zakir də stuldan qalxdı, telefonun qarşısından çəkildi, amma  az sonra başını telefona uzatdı: 

-Dayı, əlimi sabunla yuyum, gəlirəm.-deyib yenə  yoxa çıxdı. 

Saata baxmağa ürək eləmirdi; bu günlərdə bacısının sağlamlığı hər şeydən önəmliydi. Amma bunu təkcə o, bilirdi. Beyninin bir küncündə  ayağını qatlayıb oturmuş düşüncələr isə inadla yarpaqların rənginin qeyb olmağından qorxurdu. “İnadla qorxmaq...” Növbəti rəsminə məhz bu adı qoya bilərdi. Maraqlı olardı. Onun kimi Şəkiyə təzə köçmüş gerontoloq Riyazi də bu adı bəyənərdi. Mütləq bu adı Riyazi ilə müzakirə edəcəkdi. Amma əvvəlcə, gərək, rəsmi çəksin. 

-Yox ki yox! Elə bil, cinlər apardı, qarnı keçə, burnu biz gəlib yedi, hu baba oğurladı; qoğal yoxdu ki yoxdu! -Bacısı tövşüyə-tövşüyə gəlib yerində oturdu:-Düz beş mərtəbəni aşağı düşdüm, qayıtdım geri çıxdım. Dedim, birdən pilləkənlərdə salmış olaram əlimdən. Necə yoxa çıxdı ey qoğal! Heyif... 

Bacısının qızarmış yanaqlarına, iri, ala gözlərinə, yupyumru sifətini çevrələyən açıq-qəhvəyi saçlarına baxa-baxa ağlına gələn düşüncəyə gülümsədi: “Bacım özü elə qoğala oxşayır ki!” 

-Yaxşı, bacı, rahat ol. Qoğaldı da, analizin cavabını götürməyə gedəndə yenə alarsan. Mən də, söz verirəm ki, sənə qəşəng Şəki qoğalları alıb gətirəcəyəm. Söz! 

-Bıyy... Oyyyy...-Bacısı telefonun başı üstündən harasa baxıb içini çəkdi:-Saat üçü keçib, qaqa! Durum, durum hazırlaşım, gedim analizin cavabını götürüm. Ay Zakir! Hardasan, ay uşaq? 

-Analizin cavabını mənə demək yadından çıxmasın!

Elə bunuca deməyə imkan tapdı; bacısı çeçələ barmağını irəli uzatdı, təəssüflə: 

-Amma elə gözəl qoğal idi ki!-deyərək telefonu keçirdi. 

***

...Axşamtərəfi idi... Noyabr rəngbərəngliyini bozluğun tündlüyü arxasında gizləmək cəhdini utanmadan, çəkinmədən gözə soxur, rəng yarışmasında Yuxarıbaş məhəlləsinin daşlı və dolanbac küçələrinə qalib gəlməyə çalışırdı. Nəbi kişini həmişəki yerində tapacağına ümidi azalırdı hər addımda; bu soyuqda, yəqin ki, “Ağ körpü”nün başında oturmağa ürək eləməzdi. Adət eləmişdi daha, yeridikcə gözünü ayağının altından çəkmir,  naqolay qoyulmuş bir daşa ilişib yıxılmaq ehtimalını sıfıra endirirdi. “Dəmirçi bulağı”nın yanından sola burulan kimi, diqqətlə irəliyə baxmaqdan özünü saxlaya bilmədi. Nəbi kişi yerindəydi. Sevindi və yıxılmaq xofuyla yenidən başını sinəsinə əyərək, üzüaşağı yüyürdü.  

“Ağ körpü”yə çataçatda dayandı. Axşamın özüylə gətirdiyi alatoranlıqda Nəbi kişi daha da içinə yumulmuş, əlçatmaza, ünyetməzə  dönmüşdü.  Bacısının şəhadət barmağının ucundakı günahkar- “fələk” dünyanın bütün həzin sözlərini qoşalaşdırdığı ovcuna yığmış, gətirib onun zehninə boşaltmışdı və o, bu sözlərin hamısını bu an Nəbi kişinin adının əvvəlinə qüsursuz yaraşdırırdı... Gücünü topladı, ürəyinin təpərini çəkdiyi “ah” ilə tərpətdi, qəti addımlarla özünü Nəbi kişiyə çatdırdı və düz onun yanındaca oturdu. Kişi başını ağır-ağır qaldırdı, papağının günlüyünü azca arxaya itələdi, başını tam çevirmədən gözünün ucuyla onu süzdü:

-Səni didərgin salan nədi otağından, ay oğul? 

-Qoğal...-Bu sualın qarşısında verəcəyi bircə cavabı  vardı. 

-Nə? -Kişi yerində dikəldi. 

-Daha dəqiq desəm, qoğalın özü yox,  rəsmi. 

Kişi əlini atıb, onun çənəsindən yuxarı itələdi, gözlərini bəbəklərinə dikdi. O isə heç gözünü qırpmağa belə ehtiyac duymadı. Beləcə, baxışdılar bir az... İki ildi sözüylə eşməyi, özəyinə enməyi arzuladığı topağın içinə çəkildiyini, ya da o topaqdan baxışlarıyla nəsə götürdüyünü hiss edirdi, amma dəqiq hansı baş verirdi, anlayammırdı. 

“...mən yaşayanı, gəl, sən də yaşa...
...dəyməzmiş...
...dəyməz...” 

Mahnı havalandı, havalandı, axşamın alaqaranlığına qarışdı... Amma Nəbi kişinin əlini geri itələməyə, telefonu cibindən çıxarmağa cəsarəti çatmadı. İkinci dəfə eşidildi mahnı; bu dəfə zəng edənin bacısı olduğuna daha şübhə yeri qalmamışdı.  Bayaqdan bəri, ilk dəfə gözünü qırpdı. Nəbi kişi əlini çəkdi, dodaqlarının ucunda mızıldandı: 

-Yox, bala, mən yaşayanı sən yaşama, amandı! Gen gəz məndən, gen! -Ayağa durub, asta-asta üzüyuxarı-Çaqqal dərəsindəki evinə tərəf sürüdü ayaqlarını... 

O, telefonu  açdı və ehtiyatla qulağına apardı:

-Bacın qadanı alsın, dedim, nigaran qalmayasan məndən. Evə indicə girdik, yolüstü elə sən deyən kimi, iki qoğal da aldım. Amma nə yalan deyim, o itən ayrı cür qoğal idi ey! 

-Analizin cavabı nə çıxdı, ay Reyhan? 

-Nə çıxdı? Ay qadan alım, heçcə nə! Nə çıxasıydı ki?! Dağ yox, dəvə yox canımda. Düzdü, sabah həkimə aparasıyam, ətraflı o, deyəcək, amma analizi verən qız da dedi ki,  heçcə nəyin yoxdu. Bir az soyuqlamısan, vəssalam!  Bir də dedi, ac qalma. Ac qalan kimi, mədəndəki o qızartıdı, nədi, oyanacaq dedi. Day tələsirdim,  məndən sonra növbədə burdan univermağa qədər adam varıydı. Yoxsa deyəcəkdim ki, bəs, neyləyim ac qalmayım mən başı daşlı?! Hay?! Bir yandan qazı kəsirlər,  bişirib yemək olmur, bir yandan da baş gedib, aldığım qoğalı hara qoyduğum yadımdan çıxır. Özü də, o cür ha! Qırağı elə qızarmışdı, əlimi vuran kimi xırtıldadı. Üzünə də,  yalan olmasın, bir ovuc  cirə vurmuşdular. Bir qızartmışdılar... Pəh... 

-Ana, ana! Nənəm düşdü  avtobusdan, yolu keçir, gəl, bax! Gəl! Nənəm gəlir! -Zakirin sevincli səsi eşidildi. 

Bacısı tələsə-tələsə:

-Bacın qadan alsın, axşam rahatlanaq, eyləyək, görüntülü danışarıq. Keçirim, anamı yığım, bir də o, baxsın binaya qədərki yola-izə, bəlkə, qoğalı tapdı. -dedi və telefonu keçirdi. 
Gülümsədi... Bir dağların başında qalmış adda-budda narıncı-qırmızı rəngə, bir də barmaqlarının ondan xəbərsiz telefonda açdığı şəklə baxdı. Şəkildən ona eynən həyətdəki xəzəllər rəngdə bir qoğal baxırdı. Sadəcə, bu qoğalın iri ala gözləri, açıq-qəhvəyi saçları da vardı. Bu günədək  ən qısa müddətdə kətana hopdurduğu rəsmin şəklini telefonla çəkmiş, Riyaziyə göndərmək istəmişdi. Amma niyəsə bu şəkli ilk olaraq Nəbi kişinn görməli olduğu fikri  zehnini işğal eləmiş, o da özünü, ruhunu bu əsarətdən xilas etməkdə aciz qalmışdı. 

Başını qaldırdı və üzüyuxarı doğru sürünərək gedirmiş kimi irəliləyən Nəbi kişiyə baxdı. Bir istədi  arxasınca qaçsın, şəkli ona göstərsin, amma  yerindən qalxammadı. Telefondakı şəklə bir də baxdı və bacısının bayaqkı sözlərindən bir cümlə özünü dodaqlarının arasından eşiyə atdı:

-Qoğal ayrı cür qoğal idi... 


Şəfa VƏLİ
Şəki, 2022