
O zamanlar atam sanatoriyalardan, kurortlardan qayıdanda bizə cürbəcür hədiyyələrlə yanaşı, üstü yazılı qablar, suvenirlər də gətirərdi. Uşaqlıq xatirələrimin içində üstü zərli hərflərlə yazılmış iki fincan da var.
Bu fincanlar həmişə servantın üstündə olurdu. Birinin üstündə “Oğlum Həsənə atasından hədiyyə”, o birisinin “Qızım Reyhana atasından hədiyyə” sözləri yazılmışdı. Lap aşağıda “Qaqra” sözü və mənim doğum tariximdən iki il əvvəli göstərən tarix qeyd edilmişdi. Servantın alt gözündə üzərində zərlə anamın adı və yenə həmin tarixin qeyd olunduğu bir dəst nəfis boşqab da vardı. Mənim işim isə o boşqablarla deyil, servantın üstündəki həmin o iki fincanla idi. Tez-tez gedib onları əlimə alar, üstündəki yazıları oxuyar və qibtə ilə köks ötürərdim…
Mən hərfləri çox tez öyrənmişdim deyə harada nə yazı görsəydim, oxuyurdum. Fincanların üstünü ilk dəfə oxuyanda cəld anamın yanına qaçıb ondan soruşdum ki, bəs atam mənə niyə üstünə adım yazılmış fincan gətirməyib?
Anam dedi:
- Qızım, sən onda hələ anadan olmamışdın axı.
Mən bu cavabla razı düşməyib dedim:
- Nolsun ki?.. O yazdırıb gətirəydi, iki ildən sonra anadan olasıydım da mən.
Anam mənim bu sözlərimə ucadan güldü, məni bərk-bərk qucaqlayıb bağrına basdı, saçımdan öpdü. Elə bildim, məni ovutmaq üçün belə edir.
Amma mən ovunmayıb şikayətləndim:
- Qaqaşnan bacının üstündə adları yazılmış fincanları var, amma mənim yoxdur. Niyə?!..
Bu sözləri deyərkən ağlamağa dolurdum. Mənə elə gəlirdi ki, atam böyük bacı-qardaşımı məndən daha çox istədiyinə görə onların şəxsən adına xüsusi hədiyyə alıb, mənə isə yox (bəzi böyüklərin belə başa düşmədiyi bir həqiqəti balaca uşaq olan mən necə anlaya bilərdim ki, sevginin böyüyü, kiçiyi, çoxu, azı olmur, sevgi müstəsna bir duyğudur: o ya var, ya da yoxdur, atanın sevgisi isə olmaya bilməz).
… Sonralar atam səyahətdən qayıdanda yenə hamımıza üstü yazılı-yazısız suvenirlər, aksesuarlar alıb gətirərdi. Mən də bir az böyüyəndən sonra anamın o vaxt mənim sözlərimə niyə güldüyünü, mənim uşaq saflığıma qarşı o sevgi, o riqqət dolu davranışının mənasını anlamışdım. Amma bununla belə mənim üstünə adımın yazıldığı fincan həsrətim eləcə ürəyimdə qaldı. Ondan sonra mənə hər il üstünə zərlə adım yazılmış bir fincan bağışlasaydılar belə, bu, yenə ürəyimdəki o həsrəti əridə bilməzdi. Çünki o həsrət mənim fincanların sırasında özümə aid olan birini görmədiyim zaman cızılmış uşaq könlümün çatları arasına dolub orda bərkimişdi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür