İstər "Divan" da, istər IX-XI əsrlər oğuznamələrindəki, bu mənbələrin hər biri artıq türk-tanrıçılıq mədəniyyətinin ərəb-islam mədəniyyəti nöqteyi-nəzərindən "redaktə"yə məruz qalmış təzahürləri idi, türklər "islamın qılıncı (ordusu)" kimi təqdim olunur, onların diferensiasiya prosesinə bir də ona görə laqeyd yanaşılırdı ki, həm ərəbləri, həm farsları, həm də türkləri "bir millət" ətrafında birləşdirdiyinə heç bir şübhə etməyən İslam dini (ideologiyası!) belə əmr edirdi. Və beləliklə, türklər orta əsrlərin sonuna artıq türk yox, müsəlman cəmiyyətinin diferensiasiya- inteqrasiya probleminin həllində məsul olan bir etnos kimi gəlib çıxmışdılar. Yuxarı təbəqə XI-XII əsrlərdən etibarən, türk olduğunu yalnız məişət səviyyəsində xatırlatmağa başlamışdı, hətta oğuznamələr də artıq yarandıqları dildəki əhəmiyyətini o qədər itirmişdi ki, ərəbcəyə, farscaya çevrilirdi.
Dini-ideoloji ehkamlar etnokulturoloji inersiyadan ona görə güclü olmuşdu ki, XI-XII əsrlərdə türk etnosunun diferensiasiya enerjisi hələ öz kreativ hissələrinin (oğuzlar, karluqlar və qıpçaqlar) timsalında (xatırlayaq ki, türklərin müəyyən hissələri dini dünyagörüşü etibarilə "keçmiş"də qalmış, təcrid olunmuşdular) "müsəlman birliyi"nə güzəştə getmiş, İslama, hətta ərəblərin özündən belə daha ardıcıl, daha böyük etiqadın mükafatı olaraq türklər (Osmanlılar!) nə az-nə çox, birbaşa xəlifə tituluna layiq görülmüşdülər ki, bu, nə qədər paradoksal görünsə də, türklərin məhz Məhəmməd peyğəmbərin nəslindən gəlməsi demək idi. Belə olan halda, digər türklərin (Səfəvilərin) Həzrət Əli nəslinə mənsub olduqlarını iddia etmələri gərək elə də böyük heyrət doğurmasın.
Əslində, tarixə nağıl yox, dastan yox, elm (tarixşünaslıq) kimi yanaşsaq, türk diferensiasiyasının ləngiməsində islam amilinin göstərdiyi maneəni bir neçə baxımdan aydınlaşdırmalıyıq: birincisi, əgər türklərin doğma dini olan Tanrıçılıq gəlmə dinin təcavüzünə məruz qalıb türk ruhunun "periferiya"larına sıxışdırılmasaydı (əslində türklər Tanrıçılığı müdafiə edib inkişaf etdirə bilsəydilər), onların (etnik-etnoqrafik, siyasi, mənəvi-mədəni və s.) diferensiasiya prosesləri daha təbii şəkildə gedə bilərdi; ikincisi, türk diferensiasiyasına İslam dini-ideoloji amil olaraq fərqli təriqətlər şəklində gəldi, hələ bir-birindən yenicə ayrılmağa (bölünməyə) başlamış qardaş etnoslar arasında elə ziddiyyətlər yaratdı ki, həmin ziddiyyətləri bu kəskinlikdə heç ərəblərin özləri də təsəvvür etmirdilər; üçüncüsü, türk cəmiyyətinin "beynəlmiləl" yüksək müsəlman təbəqəsinin formal stabilliyinə rəğmən, həmin cəmiyyətin alt qatlarında daim elə intensiv (və çoxşaxəli) diferensiasiya prosesləri gedirdi ki, həmin proseslər orta əsrlərin sonlarından etibarən bütün "dini-ideoloji inteqrasiya" maneələrini yarıb Türk məkanında yeni millətlərin yarandığı barədə təkidlə xəbərdarlıq etməyə başladı.
***
Azərbaycanda hakimiyyəti qazanmaq üçün münbit tarixi şəraitin yaranmasını səbirsizliklə gözləyən, fürsət düşdükcə öz imkanlarını (və bəxtlərini) sınamaqdan geri durmayan "Ərdəbil şeyxləri"nin - Səfəvilərin gənc Şah İsmayıl şəxsində iqtidara gəlməsi, artıq qeyd olunduğu kimi, ən azı, üç sahədə böyük istedad təzahür etdirdi: 1) ideologiya, dini rəhbərlik, mürşid nüfuzu.
2) Sərkərdəlik, dövlətə rəhbərlik, diplomatiya. 3) Yerli türkcədə (oğuz-Azərbaycan türkcəsində) ünsiyyət, yaradıcılıq, ədəbi-mədəni özünüifadə ki, hər birinin milli (diferensial) səciyyə daşıdığı üzərində biz təsadüfən təkid etməmişdik. Şeyx Səfiəddindən (1252-1334) başlayan bu sülalə özünü Həzrət Əli ilə Fatimənin törəməsi hesab edirdilər. XIV-XV əsrlərdə Azərbaycan, İran və Kiçik Asiyada onların sünni hakimlərə qarşı apardıqları ideoloji təbliğat şiəliyin mövqeyinin möhkəmləndirilməsinə hesablanmışdı. Və Şah İsmayıl hakimiyyət uğrunda aparılmış təxminən iki əsr yarımlıq bir mübarizə tarixinin yetirməsi olaraq dünyaya gəlmişdi. Həmin tarix bizə onu da diktə edir ki, şiəlik Səfəvilərin əlində müəyyən siyasi məqsədlərə çatmaq, nəticə etibarilə, hakimiyyətə gəlmək üçün bir vasitə idi. Və XIII, XIV, XV əsrlərdə Mərkəzi Asiyadan Kiçik Asiyaya qədər geniş coğrafiyadakı hərc-mərclik (bunun əsasını isə daha əvvəlki əsrlərdən başlayan Mərkəzi Asiya - Kiçik Asiya türk axınları qoymuşdu) həmin hakimiyyət arzusunun o qədər də əlçatmaz olmadığına əminlik yaradırdı. Hakimiyyəti o qədər də uzun sürməyən cahangirlərin hərbi şıltaqlıqları artıq Ön Asiyanın, demək olar, bütün xalqlarını təngə gətirdiyindən Səfəvilər dinc mübarizə (ideoloji təbliğat, mürşid-mürid münasibətləri) yoluna üstünlük verirdilər, ancaq bu da yalnız müəyyən həddə qədər effekt verdi, sonra isə Səfəvi müridləri də silaha qurşanmağa vadar oldular.
Türk etnosunun Şah İsmayıla qədərki diferensiasiya prosesinə ərəb istilası qədər olmasa da, monqol-tatar istilası da müəyyən təsir göstərdi. Mərkəzi Asiyanın içərilərindən - türklər üçün heç də yad olmayan coğrafiyadan qəfil bir vulkan kimi püskürən monqol-tatar fütuhatı XIII-XIV əsrlər Türk məkanında, ümumən Avrasiyada etnosiyasi hadisələri öz ağuşuna aldı. Və bu, çox maraqlıdır ki, tədricən monqolların yox, tatarların (türklərin) "daxili işləri" olaraq qəbul edildi, monqol-tatar hərəkatı isə türklərə münasibətdə tarixə məhz "daxili oyanış" olaraq yazıldı. Sonrakı türk hökmdarlarının, dünya (ümumtürk) hökmranlığı xəyalına düşən fatehlərin (onların ən möhtəşəmi, əlbəttə, Əmir Teymur idi) öz mənşələrini Çingiz xana bağlamaq istəməsi, xan nəslindən gəldiklərini iddia etməklə, özləri də fərqinə varmadan, monqol və ya türklüyü bu günə qədər, əslində mübahisəli olan Çingiz xanın türk tarixindəki mövqeyini elə bir səviyyəyə yüksəldirdilər ki, onun da Əmir Teymur qədər türk olduğuna şübhə yeri qalmadı. Və təbii ki, nəinki türklərin, eləcə də Rusiyanın, Çinin, Hindistanın, İranın, Ərəbistanın (bu coğrafiyaları bütün miqyası ilə əhatə edə bilməsə də, siyasi nüfuzunu bu və ya digər dərəcədə bütünlüklə qəbul etdirən) Çingiz xanın nümunəsi XIV-XV, hətta XVI əsrlərdə də fatehlərin (daha çox isə, fatehlik iddialarının!) meydana çıxmasını həvəsləndirdisə də, artıq bütün xalqların, o cümlədən də, türklərin tarixi geniş miqyasda diferensiasiya, yalnız dar (milli) miqyasda inteqrasiya dövrünün astanasında idi.
İlk Səfəvi hökmdarını fateh, işğalçı təyinlərilə "mükafatlandırmaq" cəhdlərinə rast gəlinsə də, Əmir Teymurdan fərqli olaraq, bu, onun missiyasına daxil deyildi. Və Əmir Teymurla Osmanlı sultanı İldırım Bəyazidi qarşı-qarşıya gətirən səbəb Şah İsmayılla Sultan Səlimi Çaldıranda döyüşə məcbur edən səbəblə ona görə eyni ola bilməz ki, birinci halda iddia, ən azı, Əmir Teymur tərəfindən, "dünyanı yalnız bir padşah idarə edə bilər, ikincisi artıqdır" qənaətindən irəli gəlir, ikinci halda isə, tərəflər formalaşmaqda olan xalqların (və əgər belə demək mümkünsə, milli dövlətlərin) hüdudlarını müəyyənləşdirmək uğrunda mübarizə aparırlar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, türk etnosunun diferensiasiyası və nəticə etibarilə müstəqil türk dövlətlərinin təşəkkülü biri digəri ilə bağlı iki ciddi "daxili" maneə ilə rastlaşır ki, həmin maneələr, öz növbəsində, dövlətlərarası münaqişələr də yaradır... Bunlardan biri, sözügedən təşəkkül prosesində etnik sərhədlərin mübahisəli olmasıdırsa, ikincisi, etnik diferensiasiyanın heç də həmişə lazımı keyfiyyətdə təzahür etməməsidir. Və artıq qeyd elədiyimiz kimi, həmin problemlərin özünü daha qabarıq göstərməsində (hətta bəzən həlledilməz görünməsində) dinin təsiri müstəsna olduğu kimi, iqtisadiyyat-təsərrüfat sisteminin Asiya tipi də təsirsiz qalmamışdır.
Azərbaycan Səfəvilər dövlətinin öz tarixinə Təbriz paytaxt olaraq başlaması, heç şübhəsiz, onun milli xarakterinin əsas əlamətlərindən biridir, ancaq Azərbaycanın istər Şərq, istər Qərb, istər Şimal, istərsə də, Cənub hüdudlarının harada qurtarması daim mübahisə doğurmuşdur ki, bu mübahisəlilik istər-istəməz Azərbaycanın, maraqlıdır ki, daha çox türk mənşəli qonşu xalqlarla haqq-hesab çəkməsinə gətirib çıxarmışdır. Şərqdə özbəklər, Qərbdə isə osmanlılarla baş verən toqquşmalar nə Şimalda, nə də Cənubda müşahidə olunmur ki, bunun səbəbi XIII-XV əsrlərdə olduğu şəkildə XVI-XVIII əsrlərdə də məhz türk passionarlığı ilə izah edilə bilər. Fərq isə ondan ibarətdir ki, birinci dövrdə həmin passionarlıq Türk məkanındakı fütuhatları, ikinci dövrdə isə, milli özünütəşkilin ilk mərhələlərini əks etdirirdi. Və yalnız yanlış olaraq belə görünə bilər ki, ya Şah İsmayılın Türkiyəyə, ya da Sultan Səlimin Azərbaycana hücumları hər iki ərazini ehtiva edən az-çox, davamlı bir siyasi birlik yaratmaq iqtidarında idi. Ancaq həmin münaqişənin uzanmasını, şahlarla sultanların yüz illər boyu üz-üzə gəlməsini, sadəcə, xarici imperialist güclərin təhriklərinin diplomatik uğuru saymaq doğru deyil. Hər şeydən əvvəl ona görə ki, təşəkkül tapan müstəqil türk dövlətləri arasındakı münaqişələr qaçılmaz olmuşdur. Və bu qaçılmazlıq nə Şah İsmayılın, nə də Sultan Səlimin iradəsindən asılı deyildi, burada yeni yaranan dövlətlərin etnosiyasi maraqları daha öndə olub, ümumiyyətlə "insan nəsli"nin sosial-siyasi təkamül ehtiraslarının türk miqyasını əks etdirirdi... Həmin miqyaslar slavyanlarda, romanlarda, germanlarda da vardı. Ona görə də millətlərin özünütəsdiq dövrünün başladığı orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən bu günə qədər tarixin adət olunmuş xronologiyasına daim elə bir qeyri-müəyyən nəzər nöqtəsindən baxırıq ki, hər birimizi indi gəlib çıxdığımız mövqeyin stabilliyi baxımından narahat etməyə bilməz. Şah İsmayılın (və onun mənsub olduğu xalqın) neçə əsrlərdən sonra qurduqları Azərbaycan Səfəvilər dövlətinin tarixi qanunauyğunluğuna rəğmən, XVIII əsrin ortalarından başlayan hadisələr (Nadir şahın özfəaliyyəti, xanlıqlara parçalanmalar, Rusiya istilaları və s.), əslində tarixi prosesin təbii məntiqinə elə bir əsassız "redaktələr"dir ki, tarixin məhz tarixşünaslıq olmağına daim müqavimət göstərir.
***
Şah İsmayılın ideologiyası, qılıncı və qələmi ilə cızılmış Azərbaycan sərhədləri ondan sonra məlum siyasi dəyişikliklərə məruz qalsa da, etnik-etnoqrafik özünəməxsusluqlarını bu günə qədər mühafizə etməklə, dahi millət (və dövlət!) xadiminin öz tarixi missiyasını nə qədər böyük məharətlə yerinə yetirdiyini göstərir.
Nizami CƏFƏROV
Akademik
Edebiyyatqazeti.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub