senetaz

Həsən Əliyev 80 D

13 Mart 2024 1511

Şair qəlbli maarifçi alim - Anar yazır

Şair qəlbli maarifçi alim - Anar yazır

Azərbaycanın qeyrət və əyilməzlik rəmzi qədim Gəncədə, Rəfibəyli babalarımın, anamın şəhərində yeni inşa olunmuş möhtəşəm Filarmoniyada görkəmli alim, maarifçi Hamlet İsaxanlının yubiley tədbiri keçirildi. Bu unudulmaz gecədə mən də iştirak edirdim.

Müasir mənada maarifçilik hərəkatı Azərbaycanda XIX əsrdə başlamışdır.

Dilçiliyimizin əsasını qoyan Mirzə Kazım bəy, ilk çağdaş tarixçimiz Abbasqulu ağa Bakıxanov, dramaturgiyamızın, ədəbi tənqidimizin banisi Mirzə Fətəli Axundzadə, Rusiyada ilk türk-müsəlman qəzetini nəşr edən və milli teatrımızı yaradanlardan Həsən bəy Zərdabinin işini XX əsrdə maarif sahəsində Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Məmməd Tağı Sidqi, Soltan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Abdulla Şaiq, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli və başqaları davam etdirmişlər. Sovet dövründə maarif işi bütünlüklə dövlətin inhisarında idi. Müstəqillik illərində ayrı-ayrı ziyalıların, iş adamlarının bu sahədə şəxsi təşəbbüslərinə imkan yarandı. Özəl universitetlər, məktəblər meydana çıxdı. Bu sahədə ilklərdən və ən uğurlulurdan biri Hamlet İsaxanlı oldu. Bakıda "Xəzər" universitetini və "Dünya" məktəbini, elə Gəncədə də "Dünya" məktəbini yaradan Hamlet müəllim bu maarif ocaqlarını çoxsahəli biliklər məkanına çevirməyi bacardı. Üç dildə mükəmməl təhsil alanlar eyni zamanda musiqi, rəssamlıq, idmanla da qovuşurlar. "Xəzər" universitetinin öz simvonik orkestri, rəqs ansamblı var.

Hamlet İsaxanlı görkəmli riyaziyyatçı alim olmaqla bərabər tarix, fəlsəfə, ədəbiyat sahəsində geniş erdudisiyaya malik olan nadir ziyalılarındandır. Həm də zəngin biliklərini müxtəlif dillərdə yazdığı məqalələri, kitabları, dünyanın çeşidli ölkələrində çıxışlarıyla insanlara çatdırır.

Ağzınacan dolmuş Gəncə filarmoniyasında Hamlet müəllimin 75 illiyiylə bağlı tədbirdə Bakıdan gəlmiş qonaqlar çıxış etdilər, yubilyarın şeirləri və sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında səsləndi. Şeirlərinə müxtəlif bəstəkarlar mahnılar yazmışlar. Amma ən təsirli mahnıların musiqisini Hamlet müəllimin ömür-gün yoldaşı, mərhum Nailə xanım bəstələmişdir, Hamlet müəllimin dünyadan erkən getmiş Nailə xanımın xatirəsinə münasibəti çağdaş dövrümüzün məhəbbət və vəfa dastanı adlana bilər...

Gəncə tamaşaçılarının hədsiz sevincinə səbəb olan bu tədbirdə mən də Hamlet müəllimi özümçün bir şair kimi kəşf etdim. Yazıçılar Birliyinin üzvü olan Hamlet İsaxanlının şeir yazdığını əlbəttə bilirdim. Amma nə gizlədim, alimlərin şeir yazmalarına bir qədər şübhəylə yanaşıram. O gecə konkret olaraq Hamlet müəllimin istedadlı şair olmağına şübhələrim dağıldı. Bunu onun özünə də dedim. Hətta alimlərin şairliyinə şübhəylə yanaşdığımı da gizlətmədim. Hamlet müəllim:

- Axı mən həyatımı alim kimi yox, şair kimi başlamışam - dedi. Alim sonralar oldum.

Ədəbi və elmi yaradıcılığında, yorulmaz maarifçilik fəaliyyətində Hamlet İsaxanlıya yeni-yeni uğurlar diləyirəm.

ANAR
2 mart 2024
Edebiyyatqazeti.az