senetaz

Həsən Əliyev 80 D

12 Sentyabr 2017 401

Salam, dar ağacı... - Rüstəm Behrudi

Salam, dar ağacı... - Rüstəm Behrudi

a3fe325a4ba45a0d6f52e1c094a6ed7a

Müasir Azərbaycan poeziyasının dəyərli nümayəndəsi Rüstəm Behrudinin bu gün 60 yaşı tamam olur.  Poeziyası Azərbaycanda və Türk dünyasında çox sevilən şairin əsərləri bir çox dillərə çevrilib və müəllifini istedadlı söz adamı kimi geniş tanıdıb. Senet.az saytı olaraq, Rüstəm Behrudini 60 illik yubileyi münasibətilə təbrik edir, şairə möhkəm sağlamlıq, uzun ömür və yeni yaradıcılıq uğurları diləyir, bu əlamətdar gündə şeirlərindən bir neçəsini oxucuların diqqətinə çatdırırıq.

Salam, dar ağacı... Yolumu gözlədin hər səhər-axşam, Salam, Dar ağacı! Əleyküm-salam. Əcəllə ölməyə doğulmamışam, Salam, Dar ağacı! Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir? Yüz adla bölündü, yenə də birdir! Məni hüzuruna bu dərd gətirdi, Salam, Dar ağacı! Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm, Gördüm can üstədir, yaralı gördüm. Tanrını bəndədən aralı gördüm, Salam, Dar ağacı! Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının, Turan kölgəsində budaqlarının. Rəngi bayrağımda yarpaqlarının, Salam, Dar ağacı! Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli Buymuş, bilməmişəm bunu mən dəli. Qorxum yox! Nə olsun boyun göy dəlir?! Salam, Dar ağacı! Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə? Boynumda ağ kəfən, dilimdə tövbə... Dərsini tərs bilən, mənimdi tövbə! Salam, Dar ağacı! Əleyküm-salam!

Səni mən əkmişəm... Mənə sən qənim, Səni suvarmağa halaldı qanım; Yarpağın rəng alsın qanımdan mənim, Salam, Dar ağacı! Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?! Ya səni yendirrəm, ya sənə yennəm. Ya da budağında yarpağa dönnəm, Salam, Dar ağacı! Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm, Başqırdam, kərkürəm, elə görk mənəm. Sənin gözlədiyin qərib türk mənəm! Salam, Dar ağacı! Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm, Mənim canım səndə, bil, canın mənəm. Elə qürrələnmə, hər yanın mənəm, Salam, Dar ağacı! Əleyküm-salam. Vətən!

Qarşı yatan qara dağı-yaylağım, Düzənləri, ormanları-oylağım. Əyilməyəm çinarları-bayrağım - Vətən!

Bax, gör, sevgim təzədimi, tərdimi? Hər doğulan oğuldumu, ərdimi? Daşlarına yazdım min il dərdimi - Vətən!

Ağ alnıma Araz qara yazıdı, Varaq, yol uzaqdı-qar ayazıdı, Kərkükdü, Göyçədi, Qarayazıdı - Vətən!

Hər ağrılar, hər acılar ötəndi, Əl uzatsam, Ərzuruma yetəndi, Füzulinin məzarı da Vətəndi - Vətən!

Mənə üz tut - yurda ocaq qurana, "Turan" - deyib Boz qurd kimi durana. Sonun yoxdu, çevrilməsən Turana - Vətən!

Mənim andım "Ya bütövlük, ya qandı", Zalım dostlar, qəbul edin bu andı: Qara başım bu yol üstə qurbandı, - Vətən!

Vida türküsü Mən yalqızam bir qurd kimi, Mənnən birgə qalan gəlsin. Talanmışam bir yurd kimi, Qisasımı alan gəlsin.

Bir sevda var ləçək-ləçək, Sən bilməsən, kim biləcək?! Cəhənnəmdə bir kafir tək Nə çəkirəm: bilən gəlsin.

Qeyrətdisə qanındakı, Nə öndəki, nə sondakı?! Mənim Tanrı dağındakı Qismətimi bölən gəlsin.

Bu gün şaman imanını, Öz içində Turanını, "Damarında Türk qanını Zərrə-zərrə bulan gəlsin".

Uymayıb düşmən sözünə, Güzgülər geyib dizinə, Namazını qurd üzünə Yarpaq üstə qılan gəlsin.

Nə kafirəm, nə də asi, Sevdim haqqa yenən kəsi. Məkkəsiylə Mədinəsi Ulu Altay olan gəlsin.

Gedin Çinə vara-vara Xəbər verin Uyğurlara. Tikə-tikə, para-para Olunmuşam talan, gəlsin.

Nə veribdi tövbə mənə?! Tövbə etmək tövbə mənə. Gəlib çatıb növbə mənə Mənnən birgə ölən gəlsin.

Boz qurd

Şair yuxusuna gül-çiçək girər, Yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm?! Onun əlindən. Nə çəkdim... İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda Çadırı dağılmış, ocağı sönmüş, Tanrı qarğışıyla taleyi dönmüş, Taleyi dönəndən qəm sərhəddinin Bir ucu günbatan, biri gündoğan - Dağından, daşından, adamlarından, Hətta otundan da qəriblik yağan; Qara torpağına nə toxum əksən, Yenə də baharda ayrılıq bitən Bölünə-bölünə yox olub itən - Sevgili bir yurd. Sevgili bir yurd - Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda Bu yurdla yanaşı, bu yurd boyunca Ulaya-Ulaya dolaşıb gəzən, Obu, Yeniseyi, İtili keçib Altaytək, Ağrıtək dağ aşıb gəzən Üzü mavi, Gözü göydən daha mavi, Ağzı atəş kimi bir qurd. Ağzı atəş kimi bir qurd - Hər gecə, hər gecə yuxularımda. Üstümə qəm gələr əjdahalartək, Yuxumda bir ağız qurd ular, keçər. Nədənsə həmişə yuxularımdan Önündə qurd duran ordular keçər. İndi gizli gəlir yuxuma bir vaxt Ulaşa-ulaşa ordular basan. Uluslar, "Bay göllər", Göyçələr səni Məndən soruşurlar, Boz qurd, hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan, Gəl, çıx uğuruma qaba ağactək. Məni bu yuxudan alıb getməyə Qaraquş oyunlu boz atlar gərək. Məni bu yuxudan alıb getməyə Qaraquş oyunlu boz atlar üstə Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?! - Qara qazlıq atların Kişnərtisi gəlir misralarımdan. Nə olsun səsimə yox qulaq asan? Dalınca getməyə hazır durmuşam, Səni gözləyirəm Boz qurd, hardasan?! Hər gecə, hər gecə yuxularımda, Üzü mavi, Gözü göydən daha mavi, Ağzı atəş kimi bir qurd Və sevgili bir yurd - Hər gecə, hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər, Yenər yuxusuna göydən mələklər. Yuxumda nə gördüm, Onun ucundan. İlahi, nə çəkdim... Bilməyəcəklər.